Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9299/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tikilinin sökülməsi, maneələrin aradan qaldırılması və torpaq sahəsinin istifadəyə qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsi geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, ərazi aidiyyətinə görə iddia ərizəsinə Binəqədi RM-də baxılmalı deyil. Hüquqi əsas kimi Mülki-Prosessual Məcəllənin 152.1.3-cü maddəsinin göstərişinə istinad olunub. Həmin maddəyə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət əsassızdır. Belə ki, iddia ərizəsində tələb olunub ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində cavabdehlər tərəfindən 48 kv.m sahədə qanunsuz tikilmiş tikililər sökülsün, maneələr aradan qaldırılsın və 48 kv.m torpaq sahəsi iddiaçının istifadəsinə qaytarılsın. Mülki-Prosessual Məcəllənin 39.1-ci maddəsində müəyyən edilmiş müstəsna aidiyyət qaydasına görə hazırkı iddia ərizəsinə daşınmaz əşyanın (torpaq sahəsinin) olduğu yer üzrə Abşeron RM-də baxılmalıdır. MPM-in 39.1-ci maddəsində müstəsna aidiyyətin şamil olunduğu tələblərdən biri “torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi haqqında iddia” kimi göstərilib. İddiaçı iddia edir ki, cavabdehlər 48 kv.m ərazidə qanunsuz tikinti işləri aparmaqla ona məxsus olan ərazini mənimsəmişlər. Ona görə də hazırkı iddia aidiyyət qaydaları baxımından “torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi haqqında iddia” hesab olunur və ona torpaq sahəsinin olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Beləliklə, Binəqədi RM iddia ərizəsinin geri qaytarılmasını qərara almaqla düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-9299/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9299/2021
17.09.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver