Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9338/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa və ödənilməmiş məzuniyyət pulunun və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(005)-2913/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdeh "Avto Azərbaycan” MMC-də Təchizat və Təsərrüfat Departamentinin müdiri vəzifəsinə bərpa edilməsi və cavabdehdən 15.600 manat məbləğində ödənilməmiş məzuniyyət pulunun və 10.000 manat məbləğində mənəvi zərərin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı 26 avqust 1992-ci ildən, 22 dekabr 2007-ci ilə kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçərək polkovnik-leytenant hərbi rütbəsinədək yüksəlmişdir. 22 dekabr 2007-ci ildən ehtiyata buraxılmış, ehtiyatda olan polkovnik-leytenantdır. “1-ci Qarabağ Müharibəsinin“ iştirakçısıdır və ”Qüsursuz xidmətlərə görə" medalı və digər təltiflərə layiq görülmüşdür. İşlədiyi müddət ərzində heç bir cəza almamışdır. "Avto Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətin 33 nömrəli, 02 aprel 2008-ci il tarixli əmri ilə “Hunday Avto Azərbaycan“ MMCnin servis mərkəzində servis müdirinin müavini vəzifəsinə işə qəbul olunmuşdur. “Hunday Avto Azərbaycan“ MMC-nin 042 nömrəli, 06 aprel 2009-cu il tarixli əmri ilə servis müdirinin müavini vəzifəsindən təsərrüfat müdiri vəzifəsinə keçirilmiş, “Hunday Avto Azərbaycan“ MMC-nin adı 02 may 2005-ci il tarixdə dəyişdirilərək “Avto Azərbaycan'' MMC kimi dövlət qeydiyyatına alınmışdır. “Avto Azərbaycan" MMC-də 27 yanvar 2014-cü il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq Təsərrüfat və Təchizat Departamenti yaranmış və iddiaçıda həmin Departamentə direktor müavini vəzifəsinə keçirilmiş, bu barədə müdiriyyətlə aralarında 112/3 saylı Əmək Müqaviləsi bağlanmışdır. Yenə “Avto Azərbaycan" MMC-də struktur dəyişikliyi ilə əlaqədar olaraq 16 avqust 2016-cı il tarixli əmrlə Təsərrüfat və Təchizat Departemantinə təsərrüfat müdiri vəzifəsinə keçirilmiş və müdiriyyətlə arasında 112/4 nömrəli Əmək müqaviləsi bağlanmışdır. Yenə “Avto Azərbaycan" MMC-də struktur dəyişikliyi ilə əlaqədar olaraq 22 avqust 2016-cı il tarixli əmrlə Təsərrüfat və Təchizat Departamentinin müdiri vəzifəsinə keçirilmiş və bu barədə aralarında 22 avqust 2016-cı il tarixli 112/5 saylı əmək müqaviləsi bağlanmışdır. “Avto Azərbaycan" MMC-nin təsisçisi - X2 2020-ci ilin dekabrında iddiaçıya şifahi olaraq, onunla işləmək istəmədiyini və onun işdən getməsini istədiyini bildirmişdir. İddiaçı təsisçinin hüquqşünası tərəfindən edilmiş təkliflərə etirazını bildirmişdir. Emil İsmayılov tərəfindən imzalanmış 22 fevral 2021-ci il tarixli “Xəbərdarlıq“ məktubu ona təqdim olunmuşdur. Məktubda göstərilmişdir ki, guya iddiaçı öz razılığı ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli ödənilməklə müvafiq əsasla əmək müqaviləsinə 9 həftə xəbərdarlıq müddəti gözlənilmədən xitam verilə bilər. Halbuki, aralarında nə yazılı, nə də şifahi hər hansı bir razılaşma olmamış və o, şirkətdə işlədiyi müddət ərzində peşə xəstəliyinə tutulmuş və nəticədə 2-ci qrup əlil olmuşdur. Sonda isə "xxxx" MMC-nin idarə heyətinin sədrinin 12-k nömrəli, 26 aprel 2021-ci il tarixli əmri ilə onun "xxxx" MMC-də Təchizat və Təsərrüfat Departamentinin müdiri vəzifəsinə dair 22 avqust 2016-cı il tarixdə bağlanmış 112/5 saylı əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilmişdir. İddiaçı ştat ixtisarı ilə əlaqədar tutduğu vəzifədən azad olunması barədə "xxxx" MMC-nin İdarə Heyətinin sədrinin həmin əmri ilə razılaşmır. Cavabdeh, yəni işəgötürən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməmiş və onun qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Yəni, iddiaçı əmək haqqından məhrum olmaqla maddi itkiyə məruz qalmışdır. Bəzi hallarda əmək məzuniyyətinə buraxılması barədə əmrlər verilsə də, müdiriyyətin göstərişi ilə o, əmək fəaliyyətini davam etdirmişdir. Əmək fəaliyyətini davam etdirməsinə baxmayaraq, ona əlavə əmək haqqı belə ödənilməmişdir. Eyni zamanda cavabdehin qanunsuz hərəkətləri nəticəsində o mənəvi sarsıntılar və iztirablar keçirmişdir, əsəbin, sıxıntının yaratdığı şəraitlə bağlı olaraq tibbi müalicə almışdır. Bütün bu mənəvi əzab çəkməsinin səbəbi cavabdehin onun üstünlük hüquqlarını nəzərə almadan onu işdən azad etməsi olmuşdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(005)- 2913/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçının şirkətdə işlədiyi müddət ərzində xəstəliyə tutulması və nəticədə 2-ci qrup əlil olması və müharibə iştirakçısı olması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bundan başqa, əmrdə "xxxx" MMC-də əməyin təşkilində dəyişiliklər edilməsi zərurəti ilə əlaqədar olaraq təchizat və təsərrüfat departamentinin rnüdiri vəzifəsinin ixtisar edilməsi nəzərdə tutulsa da, ixtisarın səbəbləri əsaslandırılmamışdır. Başqa sözlə, “Avto Azərbaycan “ MMC-də əməyin təşkilində dəyişiliklər edilməsi zərurəti ilə əsaslı struktur dəyişiliklərinin aparılması baş verməmişdir. Ümumiyyətlə, cavabdeh iddiaçının işdə qalmada üstünlük hüquqlarının müqayisəli analizinin nəticələrini, ixtisar aparılacağı barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyi barədə məlumatı və ixtisar zamanı İbrahimova “Avto Azərbaycan“ MMC-də digər vəzifə təklif olunması barədə sənədləri məhkəməyə təqdim etməmişdir. Daha sonra, iddia ərizəsinə əlavə edilmiş rəsmi tibbi arayışdan görünür ki, iddiaçı 27 dekabr 2019-cu il tarixdə iş yerində 2-ci qrup müddətsiz əlil olmuşdur. Əlil olmağına səbəb onun fasiləsiz olaraq illərlə sağlamlığına mənfi təsir göstərən şəraitdə işləməyi olmuşdur. Həmçinin, cavabdeh İddiaçı işdən azad edərkən ƏMnin 80-ci maddəsinin tələblərinə uyğun olaraq bu Məcəllənin 70-ci maddəsinin “b” bəndində göstərilən əsaslarla həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almamışdır. Cavabdeh, yəni işəgötürən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməmiş və onun qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Eyni zamanda cavabdeh İddiaçı 13 il müddətində əmək məzuniyyətinə buraxmamışdır. Bəzi hallarda əmək məzuniyyətinə buraxılmağı barədə əmrlər verilsə də, müdiriyyətin göstərişi ilə o, əmək fəaliyyətini davam etdirmiş, lakin ona əlavə əmək haqqı və məzuniyyət pulu belə ödənilməmişdir. “Avto Azərbaycan“ MMC tərəfindən məhkəməyə təqdim olunmuş 07.07.2021-ci il tarixli Arayış daxili sənəddir və bu sənəd “Bank of Baku“ ASC-dən əldə edilmiş ödənişlər haqqında çıxarışlarla uyğunluq təşkil etmir. “Bank of Baku“ ASC-nin məktubunda 2017-2020-ci illərdə iddiaçının kart hesabına müəyyən məbləğdə pul köçürülmələri göstərilmişdir. Lakin bu arayışdan məlum deyil ki, bu pullar məzuniyyət pullarıdır, yoxsa əmək haqqıdır. Eyni zamanda cavabdehin qanunsuz hərəkətləri nəticəsində İddiaçı mənəvi sarsıntılar və iztirablar keçirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi, vəkili Vəkil1 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Cavabdeh MMC üzrə 26.04.2021-ci il tarixli, 12-K saylı ştatların ixtisar edilməsi haqqında əmrin surətindən görünür ki, "Auto Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətində Təchizat və Təsərrüfat Departamentinin müdiri vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə 26.04.2021-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmiş, İddiaçı işdən azad edilməsi ilə bağlı son haqq-hesab verilərkən istifadə etmədiyi 32.5 təqvim günü əmək məzuniyyəti üçün pul əvəzi ödənilməsinin təmin edilməsi, ştatın ixtisarı ilə əlaqədar ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta əmək haqqının 2 misli miqdarında işdənçıxma müavinətinin ödənilməsi Maliyyə Departamentinin müdiri X1 tapşırılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin 14.06.2021-ci il tarixli, 2087 saylı arayışından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı əmək haqqı kart hesabına 15.01.2021-ci ildə - 536.80 (beş yüz otuz altı manat 80 qəp), 29.01.2021-ci ildə 536.80 (beş yüz otuz altı manat 80 qəp); 15.02 2021-ci ildə 536.80 (beş yüz otuz altı manat 80 qəp); 26.02.2021-ci ildə 536.80 (beş yüz otuz altı manat 80 qəp); 15.03.2021-ci ildə 536.80 (beş yüz otuz altı manat 80 qəp); 31.03.2021-ci ildə 536.80 (beş yüz otuz altı manat 80 qəp); 15.04.2021-ci ildə 536.80 (beş yüz otuz altı manat 80 qəp); 26.04.2021-ci ildə 3348.69 (üç min üç yüz qırx səkkiz manat 69 qəp) vəsait köçürülmüşdir. İş materiallarında olan Cavabdeh MMC-nin 256-51 saylı, 01.08.2014-cü il tarixli əmrinin surətinə əsasən İddiaçı 01.09.2014-cü il tarixdən 08.10.2014-cü il tarixədək, 326- K1 saylı, 15.11.2014-cü il tarixli əmrinə əsasən 02.02.2015-ci il tarixdən 11.03.2015-ci il tarixədək, 11K1 saylı, 27.02.2016-cı il tarixli əmrinin surətinə əsasən 07.03.2016-cı il tarixdən 05.04.2016-cı il tarixədək, 15-K1 saylı, 28.04.2017-ci il tarixli əmrinin surətinə əsasən 01.05.2017-ci il tarixindən 07.06.2017-ci il tarixədək, 20-K1 saylı, 30.04.2018-ci il tarixli əmrinin surətinə əsasən 01.05.2018-ci il tarixindən 07.06.2018-ci il tarixədək, 16-K1 saylı, 30.04.2019-cu il tarixli əmrinin surətinə əsasən 01.05.2019-cu il tarixdən 07.06.2019-cu il tarixədək, 14-K1 saylı, 30.04.2020-ci il tarixli əmrinin surətinə əsasən 01.05.2020-ci il tarixindən 11.06.2020-ci il tarixinədək əmək məzuniyyətində olmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin müxtəlif dövrləri əhatə edən çıxarışların surətinə əsasən İddiaçı hesabına 01.05.2017-ci il tarixdə 352,16 manat; 31.05.2018-ci il tarixdə 352,36 manat; 31.05.2019-cu il tarixdə 496,67 manat; 31.05.2020-ci il tarixdə 527,58 manat pul köçürülmüşdür. Cavabdeh MMC tərəfindən 07.07.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh MMC-də Təchizat və Təsərrüfat Departamentinin müdiri vəzifəsində işləmiş İddiaçı əmək haqqı kartına 01.05.2017-ci il tarixində 2016-2017-ci məzuniyyət ili üçün 352.16 manat, 31.05.2018-ci il tarixində 2017-2018-ci məzuniyyət ili üçün 352.36 manat, 31.05.2019-cu il tarixində 2018-2019-cu məzuniyyət ili üçün 496.67 manat, 31.05.2020-ci il tarixində 2019- 2020-ci məzuniyyət ili üçün 527.58 manat, 26.04.2021-ci il tarixində 2020-2021-ci məzuniyyət ili üçün 1227.22 manat məzuniyyət haqqı ödənilmişdir. İş materiallarında olan Cavabdeh MMC üzrə 27.04.2021-ci il tarixli, 13-K saylı boş olan iş yerinin ləğv edilməsi haqqında əmrinin surətinə əsasən Cavabdeh İdarə Heyətinin sədrinin 14 Yanvar 2021-ci tarixdə təsdiq olunmuş ştat cədvəlindən hazırda boş olan “Təchizat və Təsərrüfat Departamenti müdiri vəzifəsi (ştat vahidi) ləğv edilmiş, struktur baxımından “Təchizat və Təsərrüfat Departamenti”nin tabeçiliyi İdarə Heyətinin sədri müəyyən edilmişdir. Cavabdeh MMC-nin 12.02.2021-ci il tarixli, 05-K saylı iş həcminin azaldılması və ştatların ixtisar edilməsi ilə əlaqədar işçilərin xəbərdarlıq edilməsi haqqında əmrinin surətinə əsasən Cavabdeh MMC-nin İdarə Heyətinin sədrinin 14 Yanvar 2021-ci tarixli təsdiq olunmuş ştat cədvəlində dəyişiklik edilmiş və “Təchizat və Təsərrüfat Departamenti müdir” ştat vahidi ixtisar edilmiş, bir iş həftəsi ərzində ixtisar olunan ştat üzrə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilən əmək müqaviləsinin ləğv olunması qadağan edilən halların araşdırılması, ştatın ixtisarı ilə işdən azad ediləcək işçi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən işdənçıxarma müavinətinin və digər təminatların işəgötürən tərəfindən təmin ediləcəyi nəzərə alınmışdır. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının əmək müqaviləsi işəgötürən tərəfindən qanunla müəyyən edilmiş qaydada və qanunla müəyyən edilmiş əsasla ləğv edildiyindən, onun əmək müqaviləsinin işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qanunidir. Belə ki, cavabdeh tərəfindən işçilərin sayının azaldılması və ştatların ixtisar edilməsi barədə əmr qəbul edilərkən hüquqdan sui-istifadəyə yol verilməsi müəyyən edilmir. İşdən müəyyən olunur ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verildikdən sonra həmin ştata işçi qəbul etməmişdir. Həmçinin, Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsində, ixtisar zamanı işdə saxlanmasına üstünlük verilməli olan şəxslərin dairəsi təsbit edilmişdir ki, iddiaçının həmin kateqoriya şəxslərdən olduğu müəyyən olunmamışdır. Digər tərəfdən, iddia ərizəsində göstərildiyi kimi – işçinin həmin müəssisədə əmək şikəstliyi alması və ya peşə xəstəliyinə tutulmuş olması və əlilliyinin bu səbəbdən verilməsi sübut olunmur. Kollegiya hesab edir ki, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti doğru olmuş, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 3-ci hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən, “müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlil olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən işdə saxlanmasına üstünlük verilməli olan şəxslərin dairəsinə aid olması barədə şikayətin dəlilləri əsassızdır. İddiaçının müharibə iştirakçısı olması və bu səbəbdən onun ixtisara salınmasının qanunsuz olmasına dair dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən maddənin məzmunundan da göründüyü kimi, işçinin belə üstünlüyü yalnız o halda nəzərə alınır ki, işdən azad edilən işçilər bir yox, bir neçə nəfər olsun, onların ixtisas səviyyəsi və ya peşəkarlığı eyni səviyyədə olsun. Hazırkı halda isə müəyyən edilir ki, iddiaçı dpartament müdiri olmaqla, idarəçilik funksiyalarını yerinə yetirmiş və yalnız onun tutduğu vəzifə ixtisara salınmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edir. Bundan başqa, "xxxx" ASC-nin müxtəlif dövrləri əhatə edən çıxarışların surətinə əsasən İddiaçı hesabına 01.05.2017-ci il tarixdə 352,16 manat; 31.05.2018-ci il tarixdə 352,36 manat; 31.05.2019-cu il tarixdə 496,67 manat; 31.05.2020-ci il tarixdə 527,58 manat pul köçürülmüşdür ki, bu dövrlər də Cavabdeh MMC-nin İddiaçı əmək məzuniyyətində olması dövrləri əks etdirən əmrlərinin surətindəki tarixlər ilə eyni dövrü əhatə edir. Həmçinin, iddiaçı göstərilən məbləğlərin ona ödənildiyini qəbul edərək, onların hansı məqsədlə edildiyini cavabdehin sübuta yetirə bilmədiyini göstərmiş, bununla yanaşı, onun özünün həmin ödənişləri hansı qismdə qəbul etməsinə aydınlıq gətirməmişdir. Bu səbəbdən qeyd edilən vəsaitin iddiaçıya cavabdeh təşkilat tərəfindən məzuniyyət haqqı qismində ödənilməsinə dair cavabdehin dəlilini əsaslı sayır və apellyasiya şikayətinin həmin hissədə də əsassız olduğu qənaətinə gəlir. Məhkəmə kollegiyası iddiaçının mənəvi zərərin ödənilməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, həmin hissədə də apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə qanuni və əsaslı olaraq xitam verilmiş, onun tərəfindən işçinin əmək hüquqları pozulmamış, iddiaçıya münasibətdə hər hansı təqsirli hərəkətə yol verilməmişdir.. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(005)- 2913/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9338/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9338/2021
04.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver