Məhkəmə qərarları › İş №2(103)-935/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-935/2024

06.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-935/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə (Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti, X16, X7, Gahramanov Fuad, X17 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: əmlak) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2845/2023 nömrəli iş üzrə 03 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2, ev 17K fərdi yaşayış evinin paylı mülkiyyət üzrə A tikilisinin 1-ci mərtəbəsindən 2 otaq y/s 28.2 kv.m, k/s 4.4 kv.m olan mənzil X18 xüsusi mülkiyyətində olmaqla ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixində qeydiyyata alınmışdır.

2. AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2, ev 17K fərdi yaşayış evinin paylı mülkiyyət üzrə A tikilisindən qalan hissə X19 xüsusi mülkiyyətindədir. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixində qeydiyyata alınmışdır.

3. AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2, ev 17K fərdi yaşayış evinin paylı mülkiyyət üzrə A tikilisindən qalan hissəsi Qəhrəmanov Fuadın xüsusi mülkiyyətindədir. Bu ******* qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixində qeydiyyata alınmışdır.

4. AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2, ev 17K fərdi yaşayış evinin paylı mülkiyyət üzrə A tikilisinin 2-ci mərtəbəsi X10 xüsusi mülkiyyətindədir. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixində qeydiyyata alınmışdır.

5. 14.12.2017-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanma müqaviləsindən görünür ki, ünvan 2, ev 17K fərdi yaşayış evinin paylı mülkiyyət üzrə A tikilisindən qalan hissəsini X2 Fuadın mülkiyyətinə verir. Hədiyyə verən qrafasında “X27”, Hədiyyə alan qrafasında “Gahramanov Fuad” qeyd edilmişdir.

6. 14.12.2017-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanma müqaviləsindən görünür ki, ünvan 2, ev 17K fərdi yaşayış evinin paylı mülkiyyət üzrə A tikilisinin 2-ci mərtəbəsini X3 Hikmət Vəli oğlunun mülkiyyətinə verir. Hədiyyə verən qrafasında “X27”, Hədiyyə alan qrafasında “X17” qeyd edilmişdir.

7. 14.12.2017-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanma müqaviləsindən görünür ki, X27 ünvan 2, ev 17K fərdi yaşayış evinin paylı mülkiyyət üzrə B tikilisinin 1-ci mərtəbəsini X4, B tikilisinin 2-ci mərtəbəsini X11 mülkiyyətinə verir. Hədiyyə verən qrafasında “X27”, Hədiyyə alanlar qrafasında “X7 və X16” qeyd edilmişdir.

8. 14.12.2017-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanma müqaviləsindən görünür ki, ünvan 2, ev 17K fərdi yaşayış evinin paylı mülkiyyət üzrə A tikilisinin 1-ci mərtəbəsində k/s 4.4 kv.m, yaş. sah. 10.0 kv.m və y/sah 18.2 kv.m olan 2 otağını X6 Yeganə Vəli qızının mülkiyyətinə verir. Hədiyyə verən qrafasında “X27”, Hədiyyə alan qrafasında “İddiaçı” qeyd edilmişdir.

9. AR Bakı şəhəri Nərimanov rayonu İcra hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 281 nömrəli sərəncamından görünür ki, Nərimanov rayon İcra hakimiyyətinin mənzil məsələləri üzrə sahəsi komissiyasının Ə.Əlizadə 17 küçəsindəki 13 nömrəli fərdi yaşayış evinə dair xx.xx.2006-cı il tarixli aktın təsdiq edilməsi, Ə.Əlizadə 17 küçəsindəki 13 nömrəli fərdi yaşayış evinin ümumi sahəsi 199.5 kv.m yaşayış sahəsi 143,4 kv.m köməkçi sahəsi isə 56.1 kv.m olmaqla 8 otaqlı hesab edilməsi, sərəncamın 2-ci bəndinə uyğun olaraq fərdi yaşayış evinin şəxsi maliyyə hesabında müvafiq dəyişiklərin aparılması 37 saylı MKİS-nə tapşırılması, sərəncamın 2-ci bəndinə uyğun olaraq vət. V.F.İbadovun adına olan mülkiyyət sənədlərində müvafiq dəyişikliklərin aparılması Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tövsiyə olunması qərara alınmışdır.

10. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-622/2016 nömrəli qərarından görünür ki, iddiaçı X19 cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinə və torpaq sahəsinə dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinə dair plan-ölçünün verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 281 saylı sərəncamına əsaəsn qəbul komissiyasının aktı ilə təsdiq edilmiş, Bakı şəhəri Ə.Əlizadə küçəsi, 17 saylı evdə yerləşən ümumi sahəsi 199.5 kv.m yaşayış sahəsi, 143.4 kv.m köməkçi sahəsi 56.1 kv.m dən ibarət olan 8 otaqlı 13 saylı fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının X19 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirməklə bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1661/2016 saylı xx.xx.2016-cı il tarixli qərardan görünür ki, cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.

12. AR Ali Məhkəməsinin 2-1(102)-1996/2016 saylı qərarından görünür ki, AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilən kassasiya şikayəti təmin edilməmişdir.

13. 15.05.2014-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, Bakı şəhəri, Ə.Əlizadə küçəsi, ev 17, mənzil 13 ö/t yerləşən ümumi sahəsi 78.90 kv.m, yaşayış sahəsi 51.60 kv.m, köməkçi sahəsi 27.30 kv.m olan ev X20 tərəfindən X1.

14. xx.xx.2021-ci il tarixli 148 nömrəli müqavilədən görünür ki, Cavabdeh ilə X21 arasında müqavilə bağlanmış və sonuncu ünvan 1 ünvanında yerləşən mənzili sökülmək üçün Cavabdehnə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürür. Tikinti şirkəti F.Məmmədov, Ə. Vahid, Təbriz və Ə.Əlizdə küçələrinin kəsişməsi ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 3-cü mərtəbə, 53.92 kv.m, təmirli mənzili əmlak mülkiyyətçisinə geri qaytarmağı öhdəsinə götürür.

15. 03.12.2021-ci il tarixli 222 nömrəli müqavilədən görünür ki, Cavabdeh ilə Gahramanov Fuad arasında müqavilə bağlanmış və sonuncu ünvan 1 ünvanında yerləşən mənzili sökülmək üçün Cavabdehnə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürür. Tikinti şirkəti F.Məmmədov, Ə. Vahid, Təbriz və Ə.Əlizdə küçələrinin kəsişməsi ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada D blok, 6-cı mərtəbə, 74.73 kv.m təmirsiz mənzili əmlak mülkiyyətçisinə geri qaytarmağı öhdəsinə götürür.

16. 14.09.2021-ci il tarixli 203 nömrəli müqavilədən görünür ki, Cavabdeh ilə X17 arasında müqavilə bağlanmış və sonuncu ünvan 1 ünvanında yerləşən mənzili sökülmək üçün Cavabdehnə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürür. Tikinti şirkəti F.Məmmədov, Ə. Vahid, Təbriz və Ə.Əlizdə küçələrinin kəsişməsi ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 5-ci mərtəbə, 74.73 kv.m, təmirsiz mənzili əmlak mülkiyyətçisinə geri qaytarmağı öhdəsinə götürür. - xx.xx.2021-ci il tarixli 149 nömrəli müqavilədən görünür ki, Cavabdeh ilə X7 arasında müqavilə bağlanmış və sonuncu ünvan 1 ünvanında yerləşən mənzili sökülmək üçün Cavabdehnə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürür. Tikinti şirkəti F.Məmmədov, Ə. Vahid, Təbriz və Ə.Əlizdə küçələrinin kəsişməsi ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 3 mərtəbə, 90.32 kv.m, təmirsiz mənzili əmlak mülkiyyətçisinə geri qaytarmağı öhdəsinə götürür.

17. İddiaçı adından AFR Duisburq şəhəri tərəfindən xx.xx.2021- ci il tarixdə verilmiş 747/2021 reyestr nömrəli etibarnam əsasında nümayəndəsi X8 14 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli imzası təsdiq edilmiş ərizədə göstərilmişdir ki, «Mən, İddiaçı ünvan 2 ünvanında yerləşən 17k saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə mənə məxsus olan «A» tikilinin İ mərtəbəsində 2 otaq y/s 28.2 kv.m, k/s 4.4 kv.m olan hissə payının sökülməsinə, sökülüb yerində çoxmərtəbəli binanın inşasına heç bir etirazı yoxdur. Gələcəkdə heç bir iddiası olmayacaq və bu tikili ilə bağlı bütün iddiaların məsuliyyətini öz üzərinə götürəcəkdir.

18. İddiaçı tərəfindən nümayəndəsi təyin etdiyi X9 AFR Duisburq şəhəri tərəfindən xx.xx.2021-ci il tarixdə 3 il müddətinə verilmiş 747/2021 reyestr nömrəli etibarnamə ilə verdiyi səlahiyyətlərə bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, ƏMDK yanında DƏDRX-də Dövlət Miqrasiya Xidmətində, Vergilər Nazirliyində, ƏSM-də, ASAN x/m-də, Xarici ölkələrin səfirlik və konsulluq bölmələrində, Gömrük İdarəsində, Qeydiyyat şöbələrində, Qaz, İşıq, Su idarələrində, Sığorta şirkətlərində, Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı idarəsində onun adından ərizə verməyi, işlər aparmağı, DİN-də polis idarə və şöbələrində, prokurorluqda o cümlədən bütün bankların mərkəzi və ya filiallarında nümayəndəsi olmağı, sənədlərdə düzəlişlərlə əlaqədar bütün zəruri hərəkətləri etməyi, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, qiymətli kağızları, eləcə də sənədləri almağı, bütün idarə və təşkilatlarda adından ərizə verməyi, imza etməyi və digər hərəkətləri etibar etmişdir

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

19. İddiaçı Cavabdehnə qarşı Nərimanov Rayon İcra Hakimiyyəti, X16, X7, Gahramanov Fuad, X17, X27 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının fərdi yaşayış evinin məhv edilməsinin iddiaçının mənzil və mülkiyyət hüquqlarının pozulması hesab edilməsi, maddi zərərə görə, cavabdehin üzərinə iddiaçının evi olmuş ərazidə inşa edilmiş yeni binada iddiaçını şəhərsalma norma və qaydalarına uyğun olan tam təmirli üçotaqlı mənzil ilə təmin etmə vəzifəsi qoyulması, mənəvi zərərə görə, cavabdehdən iddiaçının xeyrinə 10000 (on min) manat məbləğində kompensasiya tutulması, iddiaçının ödədiyi dövlət rüsumu, habelə vəkil xərcləri cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. İddia tələbləri onunla əsaslandırılmışdır ki, ünvan 2ndəki 18K nömrəli fərdi yaşayış evinin A tikilisinin İ mərtəbəsində ikiotaqlı mənzil (yaşayış sahəsi – 28,2 kvadratmetr, köməkçi sahə 4,4 kv.m) xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Onun mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixində verdiyi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış (seriya RX, nömrə 1196006) ilə təsdiq olunub. İddiaçının, onun yaxın qohumlarının və başqalarının daşınmaz əmlakı olan ərazidə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının icazəsi ilə cavabdeh mənzil və ev mülkiyyətçiləri ilə müqavilələr bağlayıb. Həmin müqavilələr əsasında o, yaşayış sahələrini sökülmək üçün təhvil alıb, öhdəsinə götürüb ki, yeni inşa etdiyi çoxmənzilli hündürmərtəbəli yaşayış binasında mülkiyyətçiləri yeni yaşayış sahəsi ilə təmin edəcək. Yeni binanın inşası müddətində cavabdeh mülkiyyətçilərə kirayə haqları ödəməsi öhdəliyi götürüb. Lakin başqalarından fərqli olaraq, iddiaçı ilə belə müqavilə bağlanılmayıb, onun qarşısında nə kirayə haqqı ödənilməsi, nə də mənzil verilməsi öhdəlikləri götürülməyib. Buna baxmayaraq, iddiaçının evi tam olaraq sökülüb, yerində artıq yeni bina inşa edilib. Bina hazır olduqdan sonrakı müddətdə də iddiaçıya nəinki mənzil verilməyib, ona rəsmən heç bir mənzil təklif də olunmayıb.

21. Cavabdeh nümayəndəsi və vəkili etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, iddia ərizəsi formal mülahizələrə əsaslanmış və orada qeyd olunan faktlar həqiqətə uyğun gəlmir. İddia ərizəsində əsas olaraq Bakı şəhəri, ünvan 2ndəki 18 K nömrəli fərdi yaşayış evinin A tikilisinin İ mərtəbəsində iki otaqlı mənzil (yaşayış sahəsi – 28,2 kvadratmetr, köməkçi sahə 4,4 kv.m) xüsusi mülkiyyət hüququ əsasında ərizəçiyə məxsus olması və iddiaçının mülkiyyət hüququnun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixində verdiyi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış (seriya RX, nömrə 1196006) ilə təsdiq olunması göstərilir. Bildirilir ki, İddiaçı sözügedən əmlakın paylı mülkiyyətçilərindən biridir və digər payçılarla yaxın qohumdur. Belə ki, digər payçılar onun anası və qardaşlarıdır. İddianın qəbul edilməməsinin əsası kimi İddiaçı adından verilmiş etibarnamə əsasında çıxış etmiş X12 tərəfindən 16 avqust 2022-ci il tarixdə verilmiş ərizədir. Həmin ərizədə indiki iş üzrə İddiaçı mülkiyyətində olan əmlakın sökülməsinə, yerində çoxmərtəbəli binanın tikintisinə etiraz etmədiyini və gələcəkdə heç bir iddiasının olmayacağını qeyd edir. Etibar edilən şəxs – Şücəhət Məmmmədli İddiaçı doğma xalasıdır. Əvvəlki məhkəmə iclasında şahid kimi ifadə verərək həqiqətən etibarnamənin ona verildiyini və İddiaçı anası Rəfiqə Qəhrəmanova tərəfindən notariat ofisinə aparıldığını və yuxarıda qeyd olunan ərizənin yazılmasına ehtiyac olduğunu bildirmişdir. Burdan belə bir nəticəyə gəlmək olur ki, yaxın qohum olan İddiaçı və anası Rəfiqə Qəhrəmanova öz aralarında paylı mülkiyyətlə bağlı razılığa gəlmişlər. Belə hal olmasaydı Rəfiqə Qəhrəmanova bacısı olan Şücəhət Məmmədliyə belə bir məzmunda ərizənin yazılmasını xahiş etməzdi. Göründüyü kimi, "xxxx" MMC bina sakinlərinə qarşı qanuna uyğun davranmış və onların qanunla qorunan hüquqlarını lazımı qaydada təmin etmişdir. Çox güman yaxın qohum olan paylı mülkiyyətçilər arasında sonradan yaranan narazılıq belə bir iddianın yaranmasına gətirib çıxarmışdır. Cavabdeh tərəf olaraq İddiaçı və digər sakinlərə qarşı heç bir qərəzli mövqe olmamışdır. Belə olduğu halda İddiaçı yaxın qohumları olan anası və qardaşları ilə Cəmiyyət arasında müqavilələr bağlanmazdı.

22. Şahid qismində ifadə vermiş iddiaçının xalası Şücəhət Məmmədli ifadəsində göstərmişdir ki, iddiaçı Almaniya Federativ Respublikasında yaşadığı üçün Azərbaycan Respublikası ərazisində müxtəlif xarakterli işlərini həll etmək üçün etibarnamə vermişdir. Əsasən kommunal ödənişlərlə bağlı və ya bank xidmətlərindən həmin etibarnamədən istifadə etmişdir. Hazırda mübahisə predmeti olan ərizənin yazılma səbəbi iddiaçının anası tərəfindən ona zəng edilib və bildirilib ki, əmlak məsələsi ilə bağlı imza atılmasına ehtiyac yaranıb. Şahid də oxumadan ərizəni imzalayıb. Məzmunundan xəbəri olmayıb.

23. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2845/2023 nömrəli iş üzrə 03 noyabr 2023-cü il tarixli qətnaməsi (hakim Mehriban Əfəndizadə) ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmlak və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 60, 71, 127-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 6.2, 8.2, 21.1, 152.1-152.4, 1096, 1097-ci maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə, «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə, "Broniovski Polşaya qarşı", «Mançini İtaliyaya qarşı», «Sporroq və Lonnrotun İsveçrəyə qarşı», “Zvierzinski Polşaya qarşı” iş üzrə 19 iyun 2001-ci il tarixli, “Depalle Fransaya qarşı” iş üzrə 29 mart 2010-cu il tarixli, “Avşar Türkiyəyə qarşı”, “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına, Ə.M.Həsənovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarına, X.İ.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 107, 119.1, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

25. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun deyil. Belə ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlib. Cavabdehin özbaşına sökdüyü daşınmaz əmlakın ərizəçinin mülkiyyətində olması heç bir şübhə olmadan sübuta yetirilib – belə ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış bunu birmənalı təsbit edir. Cavabdeh isə bunun əvəzində Ərizəçinin başqa şəxsə başqa məqsədlərlə (əsasən əmlak, pul və s. alınması ilə bağlı hərəkətlər üçün) verdiyi etibarnamə əsasında həmin şəxsin imzaladığı ərizəni alqı-satqı müqaviləsinə bərabər tutub, ona da diqqət yetirməyib ki, ərizənin özündə belə yalnız və yalnız imzanın həqiqiliyi təsdiqlənib. Ərizəçinin adından ərizə verənin buna səlahiyyəti olmamasını qeyd edən məhkəmə öz arqumenti ilə ziddiyyət təşkil edən nəticə çıxarıb. Ərizəçi, cəmiyyətin maraqlarına zidd şəkildə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə bir araya sığmayan tərzdə öz mülkiyyətindən məhrum edilib. Belə ki, birincisi, o gördüyü işlərdə öz mal-materialından, texnikasından istifadə edib, subpodratçılarla hesablaşıb. İkincisi, onun tələb etdiyi vəsaiti almağa qanuni gözlənti hüququ olub və var. Cavabdeh təşkilat ərizəçinin daşınmaz əmlakını özbaşına tamamilə məhv etdiyindən, ona dəymiş zərəri ödəməyə borcludur. Məhkəmə bu maddəyə istinad etsə də, o nəticəyə gəlib ki, cavabdeh təşkilat daşınmaz əmlakı sökməkdə haqlı olub. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Hazırki iş üzrə dövlət ehtiyacının mövcudluğu birmənalı istisna olunsa da – bu barədə Nazirlər Kabinetinin qərarı yoxdur, məhkəmə özəl hüquqi şəxsə sonuncunun mülahizəsi ilə istənilən daşınmaz əmlak barəsində sərəncam vermək səlahiyyəti tanıyıb. Bu, qüvvədə olan qanunvericiliyin ifrat dərəcədə pozulmasıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 tərəfindən etiraz təqdim olunmuşdur.

28. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı adından AFR Duisburq şəhəri tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 747/2021 reyestr nömrəli etibarnamə əsasında, iddiaçının nümayəndəsi X8 14 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli imzası təsdiq edilmiş ərizəsində göstərilmişdir ki, «İddiaçı - Bakı ş., Nərimanov r-nu, Ə.Əlizadə küçəsində yerləşən 17 K saylı evdə paylı mülkiyyət hüququ üzrə ona məxsus olan «A» tikilinin 1-ci mərtəbəsindəki 2 otağın (y/s 28.2 kv. m., k/s 4.4 kv. m. olan hissə payının) sökülməsinə və sökülüb yerində çoxmərtəbəli binanın inşasına heç bir etiraz etmir, habelə, gələcəkdə də, heç bir iddiası olmayacaq və bu tikili ilə bağlı bütün iddiaların məsuliyyətini öz üzərinə götürür. Bildiririk ki, İddiaçı nümayəndə təyin etdiyi X9, AFR Duisburq şəhərində, xx.xx.2021-ci il tarixdə, 3 il müddətinə verdiyi 747/2021 reyestr nömrəli etibarnamə ilə, X8 bütün müəssisələrdə, idarələdə və təşkilatlarda - iddiaçının adından ərizə verməyi, işlər aparmağı, sənədlərdə düzəlişlərlə əlaqədar zəruri hərəkətləri etməyi, bütün sənədləri almağı, bütün idarə və təşkilatlarda adından ərizə verməyi, imza etməyi və digər hərəkətləri etibar etmişdir. Cavabdeh həmin etibarnamə əsasında verilən Razılıq ərizəsini əsas tutmuş və iddiaçının digər qohumları ilə müvafiq Müqavilələri bağlamışdır. Bundan başqa bildiririk ki, iddiaçı-yekunda onun qohumları ilə Müqavilə bağlamağa əsas verən ərizəni mübahisələndirməmiş və bunun nəticəsində, öz yaxın qohumları tərəfindən hüquqlarının pozulması ilə bağlı məruz qaldığı zərərin əvəzini ödəmək yükünü, cavabdeh "xxxx" MMC-nin deyil, elə özünün etibar etdiyi şəxslərin daşımalı olduğunu diqqətdən qaçırmışdır

c) Proses iştirakçılarının izahatı

29. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

30. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

31. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyasının

32. 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

33. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

34. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

35. 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

36. 6.1 və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.

37. 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.

38. 6.1 və 6.1.2-cı maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri də mülki hüquq subyektlərinin iradə sərbəstliyidir.

39. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

40. 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

41. 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

42. 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyada) onun faydalı təbii xassələrini hasil etməyin, habelə, ondan fayda götrməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. İstifadədən fayda, gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

43. 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

44. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

45. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz».

46. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

47. "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər.

48. Avropa İnsan Hüquqları Məhkəməsi «Sporroq və Lonnrotun İsveçrəyə qarşı» məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir.

49. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.

50. Avropa Məhkəməsinin Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında müəyyən edilmişdir ki, mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasında proporsionallıq prinsipinin tələblərinə uyğun olaraq fərdin üzərinə qanunun məqsədlərindən kənar olan artıq yük düşməməlidir (§ 71).

51. Mülkiyyət hüququna müdaxilə fərdlə ictimai maraqlar arasında “ədalətli balans” əsasında olmalıdır (Depalle Fransaya qarşı iş üzrə 29 mart 2010-cu il tarixli qərar, § 83)

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 217.4 məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

56. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

57. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

58. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

59. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

60. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

61. Hazırki halda, iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2845/2023 nömrəli iş üzrə 03 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. İş materiallarından görünür ki, ünvan 2ndəki 18 K nömrəli fərdi yaşayış evinin A tikilisinin İ mərtəbəsində ikiotaqlı mənzilin (yaşayış sahəsi – 28,2 kvadratmetr, köməkçi sahə 4,4 kv.m) xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya, B tikilisinin İ, İİ mərtəbələrinin və A tikilisinin İİ mərtəbəsi və qalan hissəsinin paylı mülkiyyət hüququ əsasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məxsus olması işin mübahisəsiz halıdır.

64. Həmçinin 2021-ci ilin may-dekabr ayları ərzində digər paylı mülkiyyətçilərlə "xxxx" MMC arasında imzalanmış müqavilələrə əsasən mülkiyyətçilər öz əmlaklarını cavabdehə təhvil verməyi, cavabdeh isə yeni inşa edilən çoxmərtəbəli binada mənzil təhvil verməyi öz üzərinə götürməsi də işin mübahisəsiz halı olmaqla sonuncularla bağlanmış müqavilələr də mübahisə predmeti deyildir.

65. İşin mübahisəli halı paylı mülkiyyətçi olan iddiaçı ilə belə müqavilə bağlanılmaması, Cavabdeh onun qarşısında nə kirayə haqqı ödənilməsi, nə də mənzil verilməsi öhdəlikləri götürməməsi, payı olan evin tam olaraq sökülüb, yerində artıq yeni bina inşa edilməsinə baxmayaraq, bina hazır olduqdan sonrakı müddətdə də ona mənzil verilməməsi ilə yanaşı rəsmən heç bir mənzilin təklif olunmaması, bununla da ona maddi və mənəvi zərər vurması ilə bağlıdır.

66. Cavabdeh iddiaya etiraz edərək etirazın əsası kimi iddiaının adından etibarnamə ilə hərəkət edən xalası Şücəhət Məmmədovanın İddiaçı evin sökülməsinə etirazınının olmamasını, gələcəkdə hər hansı iddia və tələbinin olmamasına dair notarial qaydada təsdiq edilmiş ərizəsinin olmasına istinad etmişdir.

67. Kollegiya qeyd edir ki, iddiaçı xalası Şücəhət Məmmədovaya verilən etibarnamənin və sonuncunun da Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsinin qanuniliyini mübahisələndirmədən mülkiyyətçi kimi hüquqlarının pozulduğunu bildirərək sökülmüş əmlakın əvəzinə yeni inşa olunmuş binada 3 otaqlı mənzilin təhvil verilməsi vəzifəsinin qoyulması mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 10000 manat məbləğində kompensasiya tutulmasını xahiş etsə də, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya və qohumları olan digər paylı mülkiyyətçilərə də eyni hüquq əsasında məxsus olan fərdi yaşayış evinin yerində çoxmərtəbəli binanın inşası ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq qarşılıqlı razılaşma əsasında mənzillərini sökülmək üçün Cavabdehnə təhvil verilmişdir.

68. Kollegiya bildirir ki, iddiaçı istisna olaraq digər paylı mülkiyyətçilər ilə bağlanmış müqavilələrdə şərtləndirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür.

69. Lakin qeyd edildiyi kimi, iddiaçı ilə onun payına münasibətdə müqavilə bağlanmamışdır. Buna baxmayaraq evin ona məxsus pay hissəsinin sökülməsinə dair nümayəndəsi olan xalasına verdiyi notarial qaydada təsdiq edilmiş və qüvvədə olan etibarnaməsi əsasında cavabdeh həmin pay hissəsini sökmüşdür.

70. Cavabdeh tərəfin izahatlarına əsasən iddiaçıya məxsus pay hissəsinin sökülməsinə dair etibarnamə verildiyi üçün və paylı mülkiyyətçilərin də yaxın qohum olmaları nəzərə alınmaqla iddiaçının pay hissəsinin əvəzinə düşən sahələr digər qohumlarına veriləcək pay hissələrinə düşən paylara artırılmışdır. Buna görə də iddiaçının nümayəndəsi ilə müqavilə bağlanmamışdır.

71. Kollegiya qeyd etməyi zəruri sayır ki, iddiaçının xalasına verdiyi etibarnaməsində onun adından ərizə vermək səlahiyyəti göstərilsə də, konkret olaraq mülkiyyəti üzərində sərəncam vermək səlahiyyətini göstərmədiyi üçün xalasının onun adından Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş ərizəni verməyə səlahiyyəti də olmamışdır. Lakin yuxarıda göstərildiyi kimi həmin ərizənin qanuniliyi mübahisələndirməməklə, hazırki iddianın predmeti olmamasına baxmayaraq qeyd edilən ərizəni imzalamış şahid - iddiaçının xalası ifadəsində bu ərizəni iddiaçının anası olan bacısının xahişi ilə verməsini göstərməsi qohumlar, yəni paylı mülkiyyətçilər arasında hər hansı mübahisəli vəziyyətin olmamasına dəlalət edir və məhkəmənin qənaətinə görə iddiaçının anasının öz bacısından belə bir məzmunda xahiş etməklə, sonuncunun da cavabdeh MMC-yə həmin ərizəni verməsindən məlumatsız olması qətiyyən inandırıcı deyildir.

72. Kollegiya qeyd edir ki, cavabdeh MMC-nin iddiaçı qarşısında hər hansı öhdəlik və ya vəzifə daşıyıcısı olması və ya ziyan vurması halları müəyyən edilməmişdir.

73. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq tərəfə izah etmişdir ki, iddiaçının öz yaxın qohumları tərəfindən hüquqlarının pozulması ilə bağlı məruz qaldığı zərərin əvəzini ödəmək yükünü özünün etibar etdiyi şəxslər daşımalı, onun mülkiyyət payını qanuni əsaslarla sökərək yerində bina inşa etmiş cavabdeh MMC-nin hüquqları xələl görməməlidir.

74. Kollegiya qeyd edir ki, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir.

75. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

76. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər.

77. Göstərilənlərə əsasən məhkəmə kollegiyası Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından bu nəticəyə gəlir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş və cavabdehin onun qarşısında öhdəlik və ya vəzifə daşıyıcısı olmasına dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir.

78. Kollegiya həmçinin qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

79. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, tələbin cavabdeh tərəfindən iddiaçının fərdi yaşayış evinin məhv edilməsi ilə onun mənzil və mülkiyyət hüquqlarının pozulması hissəsi əsassız olduğundan digər törəmə tələbləri (maddi zərərə görə, cavabdehin üzərinə iddiaçının evi olmuş ərazidə inşa edilmiş yeni binada iddiaçını şəhərsalma norma və qaydalarına uyğun olan tam təmirli üçotaqlı mənzil ilə təmin etmə vəzifəsi qoyulması, mənəvi zərərə görə, cavabdehdən Ərizəçinin xeyrinə 10000 (on min) manat məbləğində kompensasiya tutulması, iddiaçının ödədiyi dövlət rüsumu, habelə vəkil xərcləri cavabdehdən tutulması) üzrə əlavə araşdırılmasına lüzum görməmiş və özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğundur.

80. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir»

81. Qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddia tələbi rədd edilməlidir.

82. Kollegiya iddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, tərəflər arasında yaranmış mübahisənin əsasını təşkil edən hal məhz iddiaçının nümayəndəsi X8 14 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli imzası ilə təsdiq edilmiş ərizəsi ilə bağlıdır. Notarial qaydada təsdiqlənmiş ərizənin etibarlılığı ilə mübahisələndirilməmişdir. Belə ki, iddiaçının nümayəndəsinin ərizəni imzalamaq səlahiyyətinin əsasını İddiaçı adından AFR Duisburq şəhəri tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 747/2021 reyestr nömrəli etibarnamə təşkil edir.

83. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

84. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

85. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

86. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

87. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2845/2023 nömrəli iş üzrə 03 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar