Məhkəmə qərarları › İş №2(103)-944/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-944/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-944/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı - ləğv prosesində olan "İddiaçı" ASC-nin nümayəndəsi X1, cavabdeh Cavabdeh1 iştirakı ilə Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan “xxxx” (İddiaçı) ASC (bank) Cavabdeh1 qarşı iddia ərizəsi, sonradan isə X3 da Cavabdeh qismində göstərdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bankla Cavabdeh1 arasında xx xxx 2013-cü il tarixdə kredit müqaviləsi bağlanaraq ona illik 18% ödəməsi şərtilə 36 ay müddətinə 84 000 ABŞ dolları məbləğində kredit verildiyini, kredit öhdəliyinin təminatı qismində adı çəkilən şəxsə məxsus “Audi-R8” minik markalı **-UE-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2009, ban WUAZZZ427AN000467, rəngi ağ) nəqliyyat vasitəsinin eyni tarixli ipoteka müqaviləsi əsasında bankın xeyrinə ipoteka ilə yüklü edildiyini, xx.xx.2015-ci il tarixdə həmin kredit müqaviləsi üzrə öhdəliyin Cavabdeh2 keçirilməsinə dair bankla sonuncu arasında müqavilə bağlandığını, bu müqaviləyə görə Cavabdeh2 girovda olan Cavabdeh1 məxsus “Audi-R8” minik markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobili 69 750 ABŞ dollarına alaraq kredit müqaviləsindən yaranan öhdəliyi icra etməyi üzərinə götürdüyünü bildirmiş, buna görə də Cavabdeh2 bankın ləğvedicisinin xeyrinə 55 403 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 24 792,60 ABŞ dolları faiz, 41 607,41 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 4352,54 ABŞ dollarının, yəni cəmi 126 155,55 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 məxsus olan “Audi-R8” minik markalı **-UE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, avtomobilin açıq hərracdan satılmasından əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə edilmiş məbləğ borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, qanunvericiliyi səhv tətbiq etdiyini, Cavabdeh2 xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixinədək 19 331 ABŞ dolları kredit ödənişi həyata keçirmiş olmasını baxmayaraq, öhdəliyin ona ötürüldüyünün sübuta yetirilmədiyi kimi əsassız nəticəyə gəldiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmiş, cavabdeh Ziya Baxışov kredit borcunun ondan deyil, Cavabdeh2 tutulmalı olduğunu bildirmiş, Cavabdeh2 isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini və Cavabdeh1 dinləyib, iş materiallarını araşdıraraq hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə hüququn tətbiq edilməsində səhv buraxmış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, işin müəyyən olunmuş hallarına görə, “xxxx” ASC ilə Cavabdeh1 arasında xx xxx 2013-cü il tarixdə kredit müqaviləsi bağlanaraq Cavabdeh1 “AUDİ-R8” markalı avtomobilin alınması məqsədilə illik 18% ödəməsi şərtilə 36 ay müddətinə 84 000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq adı çəkilən şəxsə məxsus “Audi-R8” minik markalı **-UE-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2009, ban WUAZZZ427AN000467, rəngi ağ) nəqliyyat vasitəsi eyni tarixli ipoteka müqaviləsi əsasında bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, bankın kredit komitəsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixinə qədər uzadılmışdır. İş materiallarından həmçinin aydın olur ki, xx.xx.2015-ci il tarixdə həmin kredit müqaviləsi üzrə öhdəliyin Cavabdeh2 keçirilməsinə dair bankla sonuncu arasında müqavilə bağlanmış, bu müqaviləyə görə Cavabdeh2 girovda olan Cavabdeh1 məxsus “Audi-R8” minik markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobili 69 750 ABŞ dollarına alaraq kredit müqaviləsindən yaranan öhdəliyi (cəmi 90 164,22 ABŞ dolları) icra etməyi üzərinə götürmüş, bununla əlaqədar eyni tarixdə Cavabdeh2 təsdiq etdiyi ödəniş qrafiki tərtib olunmuşdur. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən də, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Birinci instansiya məhkəməsi iddia tələblərinin təmin edilməməli olması barədə qənaətini xx.xx.2013-cü il tarixli 78/2013 saylı kredit müqaviləsi üzrə borc öhdəliyinin Cavabdeh2 keçməsini təsdiq edən sübutların (müqavilənin əslinin və ya təsdiq olunmuş surətinin) təqdim edilmədiyi, eləcə də borclu Cavabdeh1 razılığı olmadan öhdəliyin Cavabdeh2 ötürülməsinin qanunsuz olduğu ilə əsaslandırsa da, kollegiya məhkəmənin bu qənaəti ilə razılaşmır. Belə ki, birincisi, iş materiallarından Cavabdeh2 birinci instansiya məhkəməsindəki icraat barəsində dəfələrlə məlumatlandırıldığı, lakin məhkəməyə gəlməyərək ona qarşı yönəldilən iddiaya etiraz etmədiyi aydın olur; digər tərəfdən, iddiaçı bank məhkəməyə öhdəliyin ötürülməsi barədə müqavilənin surətini təqdim etsə də, iş materiallarında Cavabdeh2 həmin müqavilənin bağlandığı gün təsdiq etdiyi ödəniş qrafikinin əsli mövcuddur və bu sənədin varlığı ağlabatan mühakimə əsasında onun, Cavabdeh1 kredit öhdəliyini üzərinə götürmüş olması nəticəsinə gəlməyə imkan verir. Nəhayət nəzərə alınmalıdır ki, mülki qanunvericilik öhdəliyin üçüncü şəxsə keçirilməsi üçün borclunun razılığını tələb etmir – belə ki, Mülki Məcəllənin 522.1-ci maddəsinə görə, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bankla cavabdehlər arasında kredit (ipoteka) və öhdəliyin ötürülməsi müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı bankın Cavabdeh2 55 403 ABŞ dolları əsas borc məbləğini tələb etməsini və birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə xx xxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə olan faiz borcunun məbləğinin 22 361 ABŞ dolları təşkil etdiyinin müəyyən olunduğunu nəzərə almaqla kollegiya hesab edir ki, müvafiq hissədə iddia tələbi qismən təmin olunmalı, Cavabdeh2 55 403 ABŞ dolları əsas və 22 361 ABŞ dolları faiz borcu bankın xeyrinə tutulmalıdır. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, iddiaçının “Cavabdeh2 müqavilənin müddətinin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 4352,54 ABŞ dolları faiz borcunun tutulması” tələbini də əsaslı hesab edir: Belə ki, iddiaçının sözügedən tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərdən keçirilə bilər; həmin maddəyə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında öhdəlik münasibətləri yaranmış, Cavabdeh2 öhdəliklərini vaxtında yerinə yetirməmişdir; onun 55 403 ABŞ dolları əsas borcuna xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixinə (18 ay 26 gün) qədər illik 5%-lə hesablanacaq faiz isə 4352,54 ABŞ dolları təşkil edir (55 403 x 5% = 2770,15 (illik) x 18 ay 26 gün = 4352,54 ABŞ dolları). Bununla belə kollegiya, iddiaçının “Cavabdeh2 41 607,41 ABŞ dolları cərimə borcunun tutulması” tələbini əsaslı hesab etmir: Belə ki, Cavabdeh2 ilə iddiaçı bank arasında bağlanılmış müqavilədə öhdəliyin yerinə yetirilməməsinə görə cavabdehin penya (dəbbə pulu) ödəməli olduğu razılaşdırılmamışdır. Halbuki, Mülki Məcəllənin 462.1-ci maddəsində təsbit edilmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bu isə o deməkdir ki, tərəflər arasında bağlanılmış müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hallarda cavabdehin həmçinin penya ödəməli olduğu razılaşdırılmamışdırsa, ona qarşı yönəlmiş bu cür tələb təmin oluna bilməz. Məhkəmə kollegiyası iddianın “tutmanın Cavabdeh1 məxsus olan “Audi-R8” minik markalı 10- UE-770 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, avtomobilin açıq hərracdan satılmasından əldə edilmiş vəsait hesabına borcun ödənilməsi” hissəsini də əsaslı hesab edərək vurğulayır ki, “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Mülki Məcəllənin 317-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə kollegiyası həmçinin, şikayətin dəlillərindən asılı olmadan münasibət bildirilməsi zəruri olan hal kimi qiymətləndirərək qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətinin göstərilməli olduğunun müəyyən olunmasına baxmayaraq, hazırkı halda bununla bağlı qərar qəbul edilməməsi qanunvericiliyin pozulması kimi qiymətləndirilməməlidir. Belə ki, qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Tərəflər bununla bağlı hər hansı razılmaşlarını məhkəməyə təqdim etməmişlər; belə olan halda isə avtomobilin texniki vəziyyəti barədə məlumat olmadığından onun təxmini bazar qiymətinin müəyyənləşdirilməsi də qeyri-mümkündür. Nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinin təyinatı, tutma yönəldilmiş ipoteka predmeti olan əmlakın satışının mövcud bazar qiymətinə uyğun olaraq həyata keçirilməsini təmin etməkdən, bununla da tərəflərdən birinin əlverişsiz vəziyyətə düşməsinin qarşısını almaqdan ibarətdir. Qanun yaranmış vəziyyətdə həm ipoteka qoyanın, həm də ipoteka saxlayanın mənafeyinin eyni həcmdə müdafiə edilməsini tələb edir. Bu baxımdan, tərəflər arasında razılaşma olmadan, həmçinin əmlakın real bazar qiymətini müəyyən etmədən, yalnız qanunda nəzərdə tutulduğuna istinad edərək ehtimal əsasında, ipoteka predmeti olan əmlaka tərəflərdən birinin mənafeyinə zidd, əmlakın mövcud vəziyyətinə açıq-aşkar uyğun olmayan ilkin satış qiymətinin qoyulması qanunun məqsədlərinə riayət edilməsi kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, qətnamədə ilkin satış qiyməti müəyyən edilmədikdə, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsində nəzərdə tutulan məqsədlər bu barədə məhkəmə qətnaməsinin icra edilməsi mərhələsində təmin olunur. Belə ki, Mülki Məcəllənin 319.4-cü maddəsinə müvafiq olaraq açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “İcra haqqında” Qanunun 51-ci maddəsinə görə isə, borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Kollegiya iddianın, “satışdan əldə edilmiş məbləğ borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada Cavabdeh2 tutulması” hissəsi ilə bağlı isə qeyd edir ki, bu tələbin müstəqil şəkildə irəli sürülməsinə ümumiyyətlə zərurət mövcud deyildir, çünkü, yuxarıda qeyd edildiyi kimi iddiaçının Cavabdeh2dn tələb etdiyi pul məbləğinin tutulması qənaətinə gəlinmişdir (qismən) və qanunvericiliyin tələbinə görə, ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Başqa sözlə həmin tələb, “cavabdehdən borcun tutulması” tələbinin təkrarı mahiyyətini daşıyır və bununla bağlı yenidən əlavə əsaslandırma aparılmasına ehtiyac da yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 45,80 (qırx beş manat 80 qəpik) manat Cavabdeh2 alınaraq iddiaçı banka ödənilməli, iş üzrə keçirilmiş ekspertiza xərcləri isə tərəflərdən tutularaq müvafiq hesablara köçürülməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-119/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbləri qismən təmin edilsin. Cavabdeh2 55 403 (əlli beş min dörd yüz üç) ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 22 361 (iyirmi iki min üç yüz altmış bir) ABŞ dolları faiz, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə 4352,54 (dörd min üç yüz əlli iki dollar 54 sent) ABŞ dolları faiz borcu olmaqla cəmi 82 116,54 (səksən iki min yüz on altı dollar 54 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) əsas kredit borcu, habelə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 45,80 (qırx beş manat 80 qəpik) manat ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə tutulsun. İpoteka predmeti olan Cavabdeh1 məxsus “Audi-R8” minik markalı 10- UE-770 dövlət qeydiyyat nişanlı (buraxılış ili 2009, ban WUAZZZ427AN000467, rəngi ağ) nəqliyyat vasitəsinə tutma yönəldilsin; avtomobil açıq hərracdan satılsın və Cavabdeh2 tutulmalı olan pul məbləği həmin avtomobilin satışından əldə ediləcək pul vəsaiti hesabına ödənilsin. Kreditin təminatı olan avtomobilin satışından əldə olunacaq pul vəsaiti hesabına iddiaçının tələbi tam ödənildikdən sonra, satışdan qalan məbləğ Cavabdeh1 qaytarılsın. İddia tələbləri qalan hissələrdə təmin olunmasın. Məhkəmə-mühasibatşünaslıq ekspertizalarının xərci olan 345 (üç yüz qırx beş) manatın 245 (iki yüz qırx beş) manatı Cavabdeh2, 100 (yüz) manatı isə ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar