Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-951/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Əjdər oğlunun və Cavabdeh1 MMC-nin nümayəndəsi (direktoru) X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2929/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 MMC-yə ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasında, 1-ci mərtəbəsində, ümumi tikinti sahəsi 43,5 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə onun hüquqlarının tanınması və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək qeyri-yaşayış sahəsinə onun istifadə və sahiblik hüquqarının tanınması və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Cavabdeh2 da cavabdeh qismində cəlb etməklə, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 11.02.2009-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş 02.02.2021-ci il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi, qeyri yaşayış sahəsinə onun istifadə və sahiblik hüquqarının tanınması və əmlakın ona təhvil verilməsi öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2929/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 22 yanvar 2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə iddiaçı tərəfindən dəyəri tam həcmdə ödəməklə alınmış qeyri-yaşayış sahəsində istifadə və sahiblik edə bilməmiş, Cavabdeh1 MMC-nin müqavilə ilə nəzərdə tutulmuş əmlakı təhvil vermə öhdəliyini icra etməməsi nəticəsində külli miqdarda maddi zərərə uğramışdır. Göründüyü kimi, məhkəmə qeyd olunan hüquq normalarını nəzərə almadığından iddiaçıya dəymiş maddi zərərin ödənilməsi təmin edilməmiş, pozulmuş hüquqları bərpa edilməmişdir. Kollegiyanın diqqətinə çatdırılır ki, tərəfimizdən 30.09.2021-ci il tarixində elektron qaydada iddia predmentinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia predmentini dəyişərək Cavabdeh1 MMC-dən 68295 manat əmlakın dəyəri, 23898 manat dəymiş zərər olmaqla, cəmi 92193 (doxsan iki min yüz doxsan üç) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişik. Lakin məhkəmənin iş üzrə yekun məhkəmə aktı olan 2(011)-2929/2021 saylı, 30.09. 2021-ci il tarixli qətnamədə iddia predmentinin dəyişdirilməsi tələbi əks edilməmiş, qətnamə qəbul edilərkən xahişi nəzərə alınmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi (direktoru) X2 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər Cavabdeh2 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Mülki Məcəllənin 337.1-ci maddəsinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli Qərarına istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, qanunun etibarsız əqdlərə verdiyi ümumi anlayışdan isə görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılmasıdır. Bu şərtlər əsasən subyektlə bağlı olan, habelə əqdin forma və məzmununa aid olan şərtlərdir. İş materiallarından da göründüyü kimi, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında yuxarıda qeyd edilən ünvanda yerləşən Qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanmışdır. Müqavilə MMC-nin direktoru (qanuni təmsilçisi) X3 tərəfindən və Cavabdeh2 tərəfindən imzalanmışdır. Tərəflər üzərinə götürdüyü öhdəliklərini icra etmiş, cavabdeh MMC qeyri-yaşayış sahəsini Cavabdeh2 təhvil vermiş, sonuncu isə müqavilədə razılaşdırılmış pul vəsaitini tam olaraq 11 fevral 2009-cu il tarixdə ödəmişdir. Göründüyü kimi, müqaviləni bağlayan şəxslərin müqaviləni bağlamağa subyektiv səlahiyyətləri olmuşdur. Müqavilənin forma və məzmununa dair tələblərə gəldikdə məhkəmə qeyd edir ki, tərəfləri “Alıcı” və “Satıcı” kimi göstərilsə də, 11 fevral 2009-cu il tarixli müqavilə mahiyyət və məzmunca podrat müqaviləsi olmuşdur. Çünki, Cəmiyyətin öhdəliyi Qeyri-yaşayış sahəsinin layihə-smeta sənədlərinə müvafiq olaraq qüsursuz və dövlət tikinti və normalarına, qəbul edilmiş standartlara uyğun inşa edərək təhvil verilməsi, Cavabdeh2 öhdəliyi isə müqavilədə nəzərdə tutulmuş pulun (muzdun) verilməsi olmuşdur. Podrat müqaviləsinin anlayışını verən Mülki Məcəlləni 752.1-ci maddəsində qeyd edilir ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Şərh edilənlərdən də göründüyü kimi, tərəflər arasında podrat müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə isə podrat müqaviləsinin xüsusi formada bağlanmasına dair məcburi şərt nəzərdə tutulmamışdır. Bu halda, məhkəmə hesab edir ki, 11 fevral 2009-cu il tarixli müqavilə qanunla müəyyən edilmiş qaydada bağlanmış, müqavilə Cəmiyyətin rəhbəri tərəfindən imzalanmaqla, möhürü ilə təsdiq edilmişdir. Bu isə Mülki Məcəllənin 405ci maddəsinin birinci cümləsi baxımından (tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır) sözügedən müqavilənin qanunla müəyyən edilmiş qaydada bağlanması barədə qənaətə gəlməyə tam əsas verir. Belə ki, əqdlərin etibarsızlığı şərtlərini ehtiva edən Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbi həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdin etibarsız hesab edilməsini nəzərdə tutur. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəsində yalnız 11 fevral 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbini irəli sürsə də, etibarsızlıq hallarının (faktlarının) nədən ibarət olmasını qeyd etməmiş, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində Qeyri-yaşayış sahəsinə dair cavabdehlər arasında bağlanmış 11.02.2009-cu il tarixli müqavilənin etibarsızlığı faktının olması müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi hissəsində təmin edilməməlidir. İddiaçının tələbinin ikinci hissəsi ilə bağlı məhkəmənin mövqeyi ondan ibarətdir ki, Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Qeyd edilən müddəaya əsasən məhkəmə hesab edir ki, Qeyri-yaşayış sahəsi fərdi müəyyən əşya olduğundan, habelə Qeyri-yaşayış sahəsinə dair cavabdehlər arasındakı müqavilə daha əvvəl bağlandığından, bununla da Cavabdeh2 əmlaka hüququ daha əvvəl yarandığından iddiaçının Qeyri-yaşayış sahəsinə onun istifadə və sahiblik hüquqarının tanınması və əmlakın ona təhvil verilməsi öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması barədə tələbi əsassızdır. Digər bir tərəfdən, Cavabdeh2 Qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ artıq dövlət qeydiyyatına alınmış və o, həmin əmlakın mülkiyyətçisidir. Mülki Məcəllənin 140-cı maddəsi müəyyən edir ki, reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmçinin, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, Cavabdeh2 Qeyri-yaşayış sahəsinə hüququ daha əvvəl yarandığından, onun əmlaka dair mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından və nə qədər ki, Qeyriyaşayış sahəsinə mülkiyyət hüququna dair reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməmişdir, bu halda həmin əmlak barədə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının Qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüquqarının tanınması və əmlakın ona təhvil verilməsi tələbi əsassızdır və təmin oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas deyildir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam hissəsi, yəni iddialarının təmin edilməməsi hissələri (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız mənzilə dair hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İdda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, həm iddiaçı, həm də Cavabdeh2 digər Cavabdeh1 MMC tərəfindən inşa olunmuş eyni qeyri-yaşayış sahəsinə iddia etsə və hər ikisi həmin qeyri-yaşayış sahəsinə dair onlar arasında bağlanmış müqavilələri və dəyərinin ödənilməsi barədə MMC-nin verdiyi maliyyə sənədini məhkəməyə təqdim etsələr də, iddiaçının mübahisəli qeyriyaşayış sahəsinə dair bağlanmış müqaviləsi qanuni və etibarlı sayıla bilməz. Çünki, iddiaçı ilə müqavilə 22 yanvar 2014-cü ildə, Cavabdeh2lə isə 11 fevral 2009-cu ildə bağlanmışdır. Müqavilələrdəki tarixlərin əvvəl yaxud sonra olması həmin müqavilələrin etibarlı olmasını təsdiq edən yeganə əsas olmasa da iddiaçı ilə olan müqavilənin etibarlı müqavilə və məhz mübahisə predmeti olan qeyri yaşayış sahəsinə dair Cavabdeh2 ilə bağlanmış müqavilədən əvvəl bağlanması mötəbər sübutlarla təsdiq olunmalıdır, lakin olunmamışdır. Əksinə, MMC-nin nümayəndəsinin apellyasiya baxışı zamanı verdiyi izahatından bəlli olur ki, mübahisəli qeyri yaşayış sahəsi qanuni əsaslarla Cavabdeh2 məxsusdur. Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin iddiaçının vəkilinə ünvanladığı 01 sentyabr 2021-ci il tarixli məktubun məzmunundan da bəlli olur ki, MMC tərəfindən təqdim edilən 1 saylı binada olan mənzillərin siyahısında Cavabdeh2 adı göstərilmişdir. İkincisi, işdən görünür ki, mübahisəli qeyri yaşayış sahəsinə dair Cavabdeh2 mülkiyyət hüququ artıq 02 fevral 2021-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sonuncu həmin qeyri-yaşayış sahəsinin tam mülkiyyətçisidir. Buna baxmayaraq, iddiaçı həmin qeyri-yaşayış sahəsinin qanuni əsaslarla Cavabdeh2a aid olmadığını düşünür. İddiaçının nümayəndəsi və vəkilinin apellyasiya baxışı zamanı göstərdikləri də onun şikayətinin əsaslı olduğuna dəlalət etmir və qətnamənin ləğvinə səbəb olacaq dərəcədə heç bir əhəmiyyətli təsiri ola bilməz. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusiyanın 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Üçüncüsü, iddiaçı Cavabdeh1 MMC ilə arasında bağlanmış 22 yanvar 2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə dəyərini tam həcmdə ödəməklə alınmış qeyri-yaşayış sahəsində istifadə və sahiblik edə bilmədiyini, Cavabdeh1 MMC-nin müqavilə ilə nəzərdə tutulmuş əmlakı təhvil vermə öhdəliyini icra etməməsi nəticəsində külli miqdarda maddi zərərə uğradığını, məhkəmə isə dəymiş maddi zərərin ödənilməsini təmin etmədiyini və pozulmuş hüquqları bərpa edilmədiyini göstərsə də, bununla bağlı tərəflər arasında olan münasibətlərə bu barədə hansısa iddia tələbi olmadığından hazırki işin çərçivəsində hüquqi qiymət verilə bilməzdi. Düzdür, iddiaçı şikayətində göstərir ki, 30.09.2021-ci il tarixində elektron qaydada iddia predmentinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia predmetini dəyişərək Cavabdeh1 MMC-dən 68295 manat əmlakın dəyəri, 23898 manat dəymiş zərər olmaqla, cəmi 92193 (doxsan iki min yüz doxsan üç) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, lakin məhkəmənin iş üzrə yekun məhkəmə aktı olan qətnamədə iddia predmentinin dəyişdirilməsi tələbi əks edilməmiş, qətnamə qəbul edilərkən xahişi nəzərə alınmamışdır. Əvvəla, işdən görünür ki, iddiaçı 4 dəfə iddia tələbini dəyişdirmiş, məhkəmə iddiaçının 4-cü dəfə iddianın predmetini dəyişdirməsini hazırki tələblə bağlı olmadığına görə qəbul etməmiş, iş üzrə 3-cü dəfə dəyişdiridiyi tələbə mahiyyəti üzrə baxmış və yekun məhkəmə aktı qəbul etmişdir. Demək, bu qətnamədə predmeti və əsası dəyişdirilmiş yeni iddia icraata qəbul qəbul etmədiyi üçün məhkəmə həmin iddiaya da mahiyyəti üzrə baxaraq bu barədə məhkəmə aktı qəbul edə edə bilməzdi. Çünki, Mülki Prosessual Məcəllənin 01 oktyabr 2021-ci ilədək qüvvədə olmuş 53-cü maddəsində iddiaçının məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğu göstərilmişdir. Göründüyü kimi, qanunverici məhkəmə tərəfindən qətnamə qəbul edilənə qədər iddiaçıya iddianın ya əsasını yaxud da predmetini dəyişməyə hüquq vermişdir. İddianın bu iki ünsürünün eyni anda dəyişdirilməsi artıq yeni iddianın yaranmasına səbəb olur ki, mülki prosessual qanunvericilik də bunu qadağan etmişdir. Bununla əlaqədar, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair 27 avqust 2012-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe də mövcuddur. Həmin mövqeyə görə... Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: ● birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; ● ikincisi, iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; ● üçüncüsü, iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (MPM-in 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti -iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. MPM-in 53-cü maddəsinə əsasən iddiaçı iddianın əsasını və ya predmetini dəyişməyə haqlıdır. Bu maddənin mənasına görə eyni zamanda həm iddianın predmetini, həm də əsasını dəyişdirmək olmaz. İddianın bu ünsürlərindən yalnız biri dəyişdirilə bilər. İddianın predmetinin və əsasının eyni zamanda dəyişdirilməsi ona görə yolverilməzdir ki, iddianın belə dəyişdirilməsi artıq tamamilə yeni iddianın olmasını göstərir. O da nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir. MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunçuluğun maraqları dedikdə, baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. MPM-in 372.3-cü maddəsinə əsasən apellyasiya qaydasında işə baxıldıqda tərəflər yalnız iddianın hüquqi əsasını dəyişdirə bilərlər. Qeyd edildiyi kimi, iddianın həm predmetinin, həm də əsasının dəyişdirilməsi yeni iddianın verilməsi kimi qiymətləndirilir. Belə iddia isə birinci instansiya məhkəməsinin baxışının predmeti olmadığı üçün apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin olmasını əsas gətirərək işi yeni iddia üzrə həll etmək və bununla da birinci instansiya məhkəməsini əvəzləmək hüququna malik deyildir. Məhz buna görə də MPM-in 372.4-cü maddəsində nəzərdə tutulmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, qətnamə mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsasən həmin hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2929/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-951/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-951/2022
17.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver