Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9534/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı Cayabo X10inin etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh vəkili Vəkil2 Hüseyn qızının iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3857/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı Cayabo X10inin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cayabo X10in Bakı şəhəri 14 saylı Notariat Ofisini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etməklə Cavabdeh qarşı “etibarnamənin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi və s. tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 26 sentyabr 2018-ci il tarixdə Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu X7 tərəfindən təsdiqlənmiş iddiaçı X9 Cayabo tərəfindən Cavabdeh verilmiş AR-İ seriyalı 656921 saylı etibarnamənin etibarsız hesab edilməsi, satıcı X3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həzi Aslanov küçəsində yerləşən 3 saylı evin 8 nömrəli mənzilin 05.10.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiqlənmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsində alıcı kimi Cavabdeh adının qeyd edilməsi hissəsinin qismən etibarsız hesab edilməsi və iddiaçı X10 Cayabonun həmin mənzilin alıcısı kimi tanınması, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Həzi Aslanov küçəsi, ev 35, mənzil 8 üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 24.01.2018-ci il tarixdə 1105 nömrəli reyestr kitabının 10002 nömrəli vərəqində aparılmış ********** nömrəli qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, Kanada Respublikasının vətəndaşıdır. O, Cavabdeh ilə 2016-cı ilin sonlarında internet vasitəsilə sosial şəbəkədə tanış olmuş, tanışlıqlarından sonra onlar arasında səmimi münasibət başlamış və nəticədə birlikdə yaşamaq qərarı almışlar, iddiaçı X10 Cayabo 26 sentyabr 2018-ci il tarixdə Cavabdeh onu "xxxx" ASC-də və ya istənilən filialında təmsil etməsi, onun adına olan hesablar üzərində sərəncam verməsi barədə AR-İ № 656921 reyestr nömrəli etibarnaməni 29 saylı notariat kontorunda təsdiqləmiş, iddiaçının xarici vətəndaş olmasına və Azərbaycan dilini bilməməsinə baxmayaraq, etibarnamə rəsmiləşdiriləndə notarius onu tərcüməçi ilə təmin etməmiş, etibarnamənin mətni iddiaçı üçün tərcümə olunmamışdır. Həmin etibarnamənin əsl mətni yalnız Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-822/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsini aldıqda iddiaçıya məlum olmuşdur. Belə ki, iddiaçının vəkili qətnamənin məzmununu müvəkkilinə izah etdikdə məhkəmənin etibarnamə ilə bağlı gətirdiyi əsaslandırmanı müvəkkilinə izah etmişdir. İddiaçı qeyd edilən etibarnaməni cavabdehə verərkən cavabdehə iddiaçının bank hesabından pulun çıxarılmasını etibar etmək niyyətində olmuşdur. Lakin, iddiaçı həmin pullara sərəncam verilməsini cavabdehə etibar etmək niyyətində olmamışdır. Cavabdeh iddiaçının Azərbaycan dilini (notariat hərəkətin aparıldığı dili) bilməməsindən sui-istifadə edərək, onu aldatmış və etibarnamənin mətninə iddiaçının iradəsini əks etdirməyən səlahiyyətləri daxil etmişdir. İddiaçının iradəsi yalnız cavabdehə pul vəsaitini hesaba mədaxil etmək və hesabdan çıxarmaqla bağlı səlahiyyətrin cavabdehə verilməsinə yönəlmiş, həmin pul vəsaitlərinə sərəncam vermək hüququnu cavabdehə etibar etmək niyyətində olmamış, cavabdeh və notarius iddiaçıdan xəbərsiz həmin səlahiyyətləri qanunsuz olaraq etibarnaməyə daxil etmişdilər. İddiaçının bankda təmsil etməklə bağlı məhdud dairədə səlahiyyətlərin cavabdehə etibar edilməsinin səbəbi ondan ibarət olmuşdur ki, iddiaçının üzərində 27.09.2018-ci il tarixdə “City hospital” şəhər xəstəxanasında hər iki baldır sümüklərində İlizarov üsulu rekonstruktiv cərrahi əməliyyatı hər iki qamış sümüklərinin osteotomiyasi və ilizarov apparatlarda fiksasiya cərrahi əməliyyatı aparılmışdır. İddiaçının baldır sümüklərinə bərkidilmiş İlizarov apparatları ilə küçəyə çıxması, banka getməsi böyük çətinlik yaradırdı. Məhs bu səbəbdən həmin cərrahi əməliyyatından bir gün əvvəl 26.09.2018-ci il tarixdə iddiaçı 29 saylı notariat kontorunda etibarnaməni imzalamışdır. Cavabdeh iddiaçı ilə olan səmimi münasibətlərdən istifadə edərək, 04 oktyabr 2018-ci il tarixində AR-İ № 656921 reyestr nömrəli 26 sentyabr 2018-ci il tarixli etibarnamə əsasında iddiaçı X10 Cayaboya məxsus olan bank hesabından 10.506 ABŞ dolları, 10.000 AZN və 23.661 ABŞ dolları olmaqla cəmi 68.000 manat məbləğində pulu çıxarmış, çıxarılan pulları gətirib iddiaçıya təhvil vermək əvəzinə 05 oktyabr 2018-ci il tarixində həmin puların hesabına ünvan 1 ünvanında yerləşən mənzili öz adına almışdır və bu yol ilə iddiaçının pul vəsaitini mənimsəmişdir. İddiaçı bununla bağlı cavabdehə irad tutanda cavabdeh bu hərəkətini xaricə getmək üçün özünə və anasına viza almaq məqsədilə etdiyini bildirmişdir. Cavabdeh bildirmişdir ki, həmin mənzilin üzərində mülkiyyət hüququnun ona məxsus olması onun üçün xarici ölkələrin (ABŞ, Kanada) konsulluqlarından vizaların alınmasını asanlaşdıracaq. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3857/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cayabo X10in müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 14 saylı Notariat Ofisini işə cəlb etməklə Cavabdeh qarşı “etibarnamənin etibarsız hesab edilməsi, alğı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi və s. tələbinə dair” iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı Cayabo X10inin nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər 06 may 2019-cu il tarixində Gürcüstan Respublikasında nikaha daxil olmuşlar. Cavabdeh ona iddiaçı tərəfindən Bakı şəhəri 29 saylı notariat kontorunda verilmiş AR-İ № 656921 saylı, 26 sentyabr 2018-ci il tarixli etibarnamədən sui-istifadə edərək iddiaçının bank hesabından əldə etdiyi 68.000 manat məbləğində pulla mübahisəli mənzili almış və xaricə getmək üçün güya viza almaq məqsədilə mənzili öz adına rəsmiləşdirmişdir. Cavabdeh dəfələrlə iddiaçıya vədlər vermişdir ki, tezliklə özünə və anasına xaricə getmək üçün vizalar alacaq və bundan sonra mənzili iddiaçının adına keçirəcək. Sonradan iddiaçı onun bank hesabından əldə etdiyi 68.000 manatı cavabdehdən istədikdə cavabdeh müxtəlif bəhanələr gətirərək onu qaytarmaqdan imtina etmişdir. Həmçinin birinci instansiya məhkəməsinin mövqeyi ilə bağlı qeyd edir ki, iddiaçı X10 Cayabo tərəfindən vəkili kimi onun adına etibarnamə verilməmişdən əvvəl iddiaçı ilə vəkil bürosu arasında hüquqi xidmətlərin göstərilməsi barədə müqavilə bağlanmış, müqavilə ingilis dilində tərtib edilmiş, iddiaçı həmin müqavilənin mətni ilə tanış olduqdan sonra imzası ilə təsdiq etmiş, sonradan iddiaçı məhs həmin müqaviləyə əsasən nümayəndəyə məhkəmədə təmsil etmə barədə etibarnamə vermişdir. Həmin etibarnamədə iddiaçı nümayəndəyə heç bir əmlak hüquqlarının icrasını etibar etməmişdir. İddiaçı notariusa getmişdir və məhkəmədə təmsil etmə səlahiyyətlərini əks etdirən etibarnamənin standart mətnini təsdiq etmək arzusunda olduğunu bildirmişdir. Bu zaman iddiaçının yanında Azərbaycan dilini bilən dostu da olmuşdur. Beləliklə, etibarnamənin məhs məhkəmədə təmsil etmə məqsədilə verildiyini, onun mətninin notariusda olduğunu nəzərə alaraq iddiaçı həmin etibarnaməni tərcümə etdirilməsinə ehtiyac duymamışdır. Bundan əlavə, vəkilin adına verilmiş etibarnamə vəkilin iştirakı olmadan təsdiqlənmişdir. WhatsApp yazışmalarından görünür ki, iddiaçı mənzilin cavabdehin adına qeydiyyata alındığını bilirdi. Lakin, bu qeydiyyatın hansı səbəbdən, hansı sənədə əsasən aparıldığını, necə mümkün olduğunu bilmirdi və hesab edirdi ki, burada hansısa yanlışlıq baş verib. Cavabdeh isə dəfələrlə onu inandırırdı ki, mənzili iddiaçının adna keçirəcək. Bu səbəbdən WhatsApp yazışmaları iddiaçının etibarnamənin mətni ilə tanış olduğunu sübut etmir. Bundan başqa, məhkəmə qətnamədə yazır ki, iddiaçının ingilis dilində etibarnamədə AGREED sözünü yazması onun etibarnamənin mətni ilə razılaşdığını sübut edir. Bu dəlil də əsassızdır. Belə ki, iddiaçı Azərbaycan dilini bilsəydi etibarnamədə AGREED deyil Azərbaycanca RAZİYAM yazardı. İkincisi, AGREED sözü etibarnamənin sonunda, imza icra olunan yerdə deyil, etibarnamənin ortasında, “Etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz” cümləsindən sonra icra olunmuşdur və buradan görünür ki, iddiaçı AGREED yazaraq məhs bu cümləyə münasibət bildirmişdir. İddiaçı 26 sentyabr 2018-ci il tarixdə cavabdehə onu "xxxx" ASC-də və ya istənilən filialında təmsil etməsi, onun adına olan hesablar üzərində sərəncam verməsi barədə etibarnamə vermişdir. Cavabdeh iddiaçı ilə olan səmimi münasibətlərdən istifadə edərək, 04 oktyabr 2018-ci il tarixində həmin etibarnamə əsasında iddiaçıya məxsus olan bank hesabından cəmi 68.000 manat məbləğində pulu çıxarmış, sonra ona verilmiş etibarnamədən sui-istifadə edərək 05 oktyabr 2018-ci il tarixdə mübahisəli mənzili almış və adına 18 oktyabr 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. İddiaçı tərəfindən cavabdehin adna verilmiş etibarnamənin tərcümə edilməməsi iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Bu səbəbdən məhkəmə iddiaçının vəkili kimi ona verdiyi etibarnamə ilə cavabdehə verdiyi etibarnamədə tərcümə barədə qeydin olmamasını bərabərləşdirməsi əsassızdır. Məhkəmə hesab etmişdir ki, notariat fəaliyyəti üzrə kargüzarlığın dilinin aparılması qaydası “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində nəzərdə tutulmuşdur ki, kargüzarlığın aparıldığı dili bilmədiyi təqdirdə müraciət etmiş şəxsin xahişi əsasında notariusun arzu edilən dildə tərtib etməyi və ya mətnin tərcüməçi tərəfindən tərcümə edilməsi nəzərdə tutulmuşdur, yəni kargüzarlığın aparıldığı dili bilməyən şəxs üçün etibarnaməni onun bildiyi dildə tərtib edilməsi və ya mətnin tərcüməçi tərəfindən tərcümə edilməsi notarius üçün məcburi deyildir.” Notarius qeyd edilən etibarnaməni təsdiq edərkən Mülki Məcəllənin 347-ci maddəsinin tələbini pozmuş, bunun nəticəsində iddiaçı cavabdeh tərəfindən aldadılaraq etibar etmək niyyətində olmadığı səlahiyyətlərin cavabdehə etibar edilməsi barədə qanunsuz, etibarnaməni imzalamışdır. Bu anda cavabdeh onunla iddiaçı arasında olan səmimi münasibətlərdən sui-istifadə etmiş, qanunsuz etibarnamə əsasında iddiaçının bank hesabından əldə etdiyi pul vəsaiti götürüb iddiaçının adına daşınmaz əmlakı (mənzili) almaq əvəzinə, tərəflər arasında olan razılaşmaya zidd olaraq həmin mənzili öz adına almışdır. Cavabdeh Mülki Məcəllənin 359.3-cü maddəsinin tələbini də pozmuşdur və etibarnaməyə əsasən iddiaçının bank hesabından çıxardığı pullarla özünə ev almışdır. Beləliklə, etibarnamədə pullara sərəncam vermək hüququ nəzərdə tutulmamış, etibarnamədə hesaba sərəncam verilməsi ilə bağlı müəyyən sənədlərin imzalanması səlahiyyəti nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, cavabdeh bu etibarnaməyə əsaslanaraq yalnız iddiaçının bank hesabındakı pulları hansısa başqa hesaba köçürə bilərdi, lakin cavabdeh hesabdan çıxardığı pullara öz mülahizəsinə görə sərəncam vermiş, belə səlahiyyət isə etibarnamədə nəzərdə tutulmamışdır. Məhkəmə bu hüquq pozuntusuna hüquqi qiymət verməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3857/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq iddiaçı Cayabo X10in və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı Cayabo X10inin etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış etdi, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3857/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh vəkili Vəkil2 Hüseyn qızı iddiaçı Cayabo X10inin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3857/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Hazırki halda iddiaçı Cayabo X10inin nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Bakı şəhəri 29 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən verilmiş AR-İ № 656921 saylı, reyestrdə 7E-9254 nömrəsi ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş 26 sentyabr 2018-ci il tarixli Etibarnamənin surətindən görünür ki, X1 "xxxx" Bank ASC-də və ya istənilən filialında təmsil etməyi, onun adına olan hesablar üzərində sərəncam verməyi cavabdehə etibar etmiş, bu etibarnamə ilə nəzərdə tutulan hüququn həyata keçirilməsi üçün etibarnamə alan Cavabdeh aşağıdakı səlahiyyətlər verilmişdir: yeni cari hesabının, yeni kart hesabının açılması, hesaba (hesablara) nağd pul vəsaitini mədaxil etmək, göstərilən hesabdan (hesablardan) nağd pul vəsaitini (həm əsas məbləği, həm də faizləri) çıxarmaq, göstərilən hesabdakı pul vəsaitini digər hesaba (və ya hesablara) köçürmək, göstərilən hesaba sərəncam verilməsi ilə bağlı zəruri sənədləri (yeni plastik kartını almağı, müqavilələri, ödəniş tapşırıqlarını, çekləri və s.) imzalamaq və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün digər zəruri hüquqi əhəmiyyətli hərəkətləri etmək.(İ.v. 77) İş matеriallarında olan, satıcı X2 ilə Cavabdeh arasında bağlanmış AN-İ № ******* saylı, reyestrdə 4Ə-920 nömrəsi ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş 05 oktyabr 2018-ci il tarixli Daşınmaz əmlakın alqı-satıqı müqaviləsinin surətindən görünür ki, X6 Bakı şəhəri, Yasamal rayonu, Həzi Aslanov küçəsi, 37 ünvanda yerləşən, M2, 4 saylı mənzili 68.000 (altmış səkkiz min) manata Cavabdeh satmışdır.(İ.v. 6 - 8) İş materiallarında olan, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin PB/FBŞ-241 saylı, 04 sentyabr 2020-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh tərəfindən etibarnamə əsasında Cayabo X10inin "xxxx" ASC-də olan bank hesablarından 04.10.2018-ci il tarixdə 10.506 ABŞ doları, 10.000 manat və 23.661 ABŞ dolları məbləğlərində pul vəsaiti çıxarmışdır.(İ.v.13) İş materiallarında olan, Whatsapp yazışmalarından görünür ki, Cavabdeh iddiaçı Cayabo X10inə məxsus bank hesabından 68.000 manat pul vəsaitini çıxaracağı və mənzil almaq üçün notariusa gedəcəyi barədə iddiaçı Cayabo X10inə məlumat vermiş, sonuncu cavabında “Əla” cavabını vermişdir.(İ.v. 61) Birinci nistansiya məhkəməsi təqdim edilmiş sübutların tədqiqi ilə belə nəticəyə gəlmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin əsası kimi istinad olunan 26.09.2018-ci il tarixli 656921 saylı Etibarnaməni iddiaçı cavabdehə verməklə etibarnamənin mətni ilə razı olduğunu ingilis dilində öz xətti ilə “AGREED” sözü ilə təsdiq etmiş və imzalamışdır. Həmçinin iddiaçının bank hesabından çıxarılacaq pul vəsaitlərinə sərəncam vermək səlahiyyətinin cavabdehə verməsi, cavabdehin həmin pul vəsaiti ilə mənzil alacağı və bunlardan məlumatlı olması Whatsapp yazışmaları ilə də təsdiq olunur. Eyni zamanda, birinci nistansiya məhkəməsi iddiaçının dili bilməməsi, etibarnamədəki səlahiyyətlər barədə iddiaçıya tərcümə olunmaqla məlumat verilməməsi və bu barədə etibarnamədə hər hansı qeydin olmaması barədə dəlillərini iş materiallarına əsasən əsassız hesab edir. Yəni, tərcüməçinin məcburi olması barədə qanunvericilikdə imperativ normanın olmasıda müəyyən edilməmişdir. Belə ki, notariat fəaliyyəti üzrə kargüzarlığın dilinin aparılması qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində nəzərdə tutulmuşdur ki, həmin maddədə kargüzarlığın aparıldığı dili bilmədiyi təqdirdə müraciət etmiş şəxsin xahişi əsasında notariusun arzu edilən dildə tərtib etməyi və ya mətnin tərcüməçi tərəfindən tərcümə edilməsi nəzərdə tutulmuşdur. Yəni kargüzarlığın aparıldığı dili bilməyən şəxs üçün etibarnaməni onun bildiyi dildə tərtib edilməsi və ya mətnin tərcüməçi tərəfindən tərcümə edilməsi notarius üçün məcburi deyildir. Bundan əlavə, birinci nistansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə tədqiqatı zamanı etibarnamənin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmiş, eyni zamanda iddiaçı etibarnamənin etibarsız hesab edilməsi üçün hər hansı əsas olan sübutu məhkəməyə təqdim etməməklə iddiasını sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası birinci nistansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası iddiaçı Cayabo X10inin nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətində göstərdiyi dəlilləri ilə bağlı aşağıdakiları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin qeyd edilən hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normasının tələblərini nəzərə alaıb iddiaçı Cayabo X10inin nümayəndəsi və vəkili Nümayəndə apеlyasiya şikayətinin mübahisələndirilən etibarnamədə cavabdehə pullara sərəncam vermək hüququnun nəzərdə tutulmadığını, etibarnamədə hesaba sərəncam verilməsi ilə bağlı müəyyən sənədlərin imzalanması səlahiyyəti nəzərdə tutulduğunu, cavabdehin bu etibarnaməyə əsaslanaraq yalnız iddiaçının bank hesabındakı pulları hansısa başqa hesaba köçürə bilməsi, cavabdehə hesabdan çıxardığı pullara öz mülahizəsinə görə sərəncam verməsi barədə səlahiyyət etibarnamədə nəzərdə tutulmadığı barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı məs bu halları, yəni etibarnamədə cavabdehə hesabdan çıxardığı pullara sərəncam verməsinə dair səlahiyyətin qadağan olunmasını təsdiq edən sübutları nə birinci instansiya məhkəməsinə, nədə ki, apelyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Halbu ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının verdiyi etibarnamə əsasında cavabdeh iddiaçının"xxxx" ASC-də mövcud olan hesabından pul vəsaiti məxaric etməsi və həmin pul vəsaiti ilə cavabdehin mənzil alması barədə iddiaçı nəinki məlumatlı olmuş, həmdə həmin mənzilə köçüb cavabdehlə birgə həmin mənzildə uzun müddət yaşamış, lakin həmin müddətdə bunu mübahisələndirməmiş, yalnız cavabdehlə münasibətləri pisləşdikdən sonra hazırki iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.1-ci maddəsinin tətbiq edilməsi barədə dəlilini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.1-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.7-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Qeyd edilən maddi hüquq normasını hazırki mübahisəyə tətbiq edən məhkəmə kollegiyası hesab edir ki, iddiacı cavabdehə etibarnamə verərkən yanılmanı təsdiq edən halları sübuta yetirə bilməmiş və onun dəlilləri işin yuxarıda qeyd olunan halları ilə təkzib olunur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki işdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, 346, 347-ci maddələrinin (əqdin etibarsızlığı) tətbiqi üçün də qanuni və faktiki əsaslar mövcud olmadığından apelyasiya şikayətinin həmin dəlilləri də əsassızdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası iddiaçı Cayabo X10inin nümayəndəsi və vəkili Nümayəndə apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3857/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: İddiaçı Cayabo X10inin etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3857/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9534/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9534/2021
19.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver