Məhkəmə qərarları › İş №2(103)-9547/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9547/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9547/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-15/2021 saylı işi üzrə 12 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və İsmayılov Mühazim Hidayət oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, 27 fevral 2014-cü il tarixdə Cavabdeh1 ilə "Gəncəbank” ASC arasında 03 saylı kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən Borcluya 200000 manat məbləğində, 24 aylıq güzəştlə, 60 ay müddətinə, illik 7 faiz olmaqla kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 ilə Bank arasında 27 fevral 2014-cü il tarixdə 03İ saylı ipoteka müqaviləsi bağlanmış, girovqoyan Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, ev 62, mənzil 16 ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 309-cu və İpoteka haqqında Qanunun 10.4 maddələrinə uyğun olaraq ipotekanın dövlət qeydiyyatı aparılmışdır. Bununla bağlı 05.03.2014-cü il tarixdə DƏDRX tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən əmlakın Bankın xeyrinə yüklü edilməsi barədə ******* №-li Çıxarış verilmişdir. Lakin Borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin 08 may 2018ci il tarixinə Banka 198405.38 manat məbləğində əsas borc, 11551.56 manat məbləğində faiz borcu, 0 (sıfır) manat cərimə üzrə borc olmaqla, ümumilikdə 209956.94 manat məbləğində borcu qalmışdır. Borclu müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün “Gəncəbank" ASC Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317-ci və İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36-cı maddələrinə əsasən tələbin ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 442 nömrəli, 17 mart 2018-ci il tarixli bildirişi ipoteka qoyana göndərərək ipoteka predmetinə tutmanı yönəltməyə başlamışdır. Tutmanın yönəldilməsi haqqında bildiriş ərizə ilə birlikdə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmiş və 15.04.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Eyni zamanda, cavabdeh tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi Banka zərər dəyməsi ilə nəticələnir. Bu səbəbdən də öhdəliyin tam icra olunması gününədək hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Qeyd edilənləri nəzərə alaraq, borclu Cavabdeh2 198405.38 manat məbləğində əsas borc, 11551.56 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 209956.94 (iki yüz doqquz min doqquz yüz əlli altı manat, doxsan dörd qəpik) manat məbləğində vəsaitin, 31 (otuz bir) manat dövlət rüsumunun, 31 (otuz bir) manat DƏDRX rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına, tutmanın ipoteka predmeti olan girovqoyan Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, ev 62, mənzil 16 yönəldilərək hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, ev 62, mənzil 16 satıldıqdan və mülkiyyətçi dəyişdikdən sonra əmlakın 1 (bir) ay ərzində boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-15/2021 saylı işi üzrə 12 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27.02.2014-cü il tarixli, 03 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 198405.38 manat məbləğində əsas borc, 11551.56 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 209956.94 (iki yüz doqquz min doqquz yüz əlli altı manat, doxsan dörd qəpik) manat və 31 (otuz bir) manat dövlət rüsumu, 31 (otuz bir) manat "LPO İddiaçı ASCnin xeyrinə tutulması, tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, əmlakın ilkin satış qiyməti 240.000 manat müəyyən ediməklə açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun ləğv prosesində olan "LPO İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil satıldıqdan 1 ay sonra boşaldılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.4-cü maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilməlidir. Apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdən (iş v. 192) dövlət rüsumunun ödənilməsinin təyinatı kimi Bakı Apellyasiya Məhkəməsinə ödənilməsi göstərilmişdir. Həmçinin “Məhkəməyə ödənilmiş dövlət rüsumunun yoxlanılması” sistemindən rüsumun hansı məhkəməyə ödənilməsini müəyyən etmək ümumiyyətlə mümkün olmamışdır. Beləliklə müəyyən edilir ki, Cavabdeh1 tərəfindən dövlət rüsumu təyinatına uyğun olaraq ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadıqda apellyasiya şikayəti geri qaytarılır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-15/2021 saylı işi üzrə 12 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400, 402, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-15/2021 saylı işi üzrə 12 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar