Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9558/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlunun və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili X6 iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs qeyd etməklə, “müəyyən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə” ərizəsi ilə bağlı iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(002)-722/2021 saylı qətnaməsindən ərizəçinin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Qaradağ rayon Qeydyat Şöbəsini qeyd etməklə, “müəyyən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, 24 aprel 1987-ci ildə Bakı şəhərində doğulmuş X2 29 noyabr 1987-ci ildə Bakı şəhərində müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin oğlu X7 24 aprel 1987-ci ildə Bakı şəhərində doğulmuş, anadan olanda xəstə olmuşdur. X3 doğum şəhadətnaməsi alınmış, lakin sonradan naməlum səbəbdən həmin doğum şəhadətnaməsini itirmişdir. X7 29 noyabr 1987-ci il tarixdə vəfat etmişdir. X4 dəfn etsələr də körpə olduğundan ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda evlərini vərəsəliyə görə sənədləşdirmə aparanda müəyyən edilmişdir ki, X7 da sağ kimi həmin evdə göstərilmişdir və həmin evdə qeydiyyatdadır. Halbuki Elməddin 1987-ci ildə vəfat etmişdir. Ərizəçi həmin vaxt ona ölüm haqqında şəhadətnamə almaq lazım olduğunu bilməmişdir. Hazırda bu barədə poliklinkaya müraciət etsələr də, ona ölum şəhadətnaməsi almaq üçün tibbi şəhadətnamə verilməmişdir. X1 müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri, o cümlədən ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(002)- 722/2021 saylı qətnaməsi ilə ərizə təmin edilməmişdir. Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti ərizənin məzmununa uyğun olaraq əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı ərizəçinin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxs iclasda təmsil edilməmiş və bunun səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Ərizəçi arasında 28.03.1983-cü ildə nikah bağlanmışdır. İş materiallarında olan 370837 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 24 aprel 1987-ci il tarixində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 11.06.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Maraqlı şəxs 29.01.2021-ci il tarixli, 05/Q-150/15 saylı məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə, ərizənin təmin edilməsinin mümkün olmadığı bildirilmiş və qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Birinci instansiya məhkəməsində işə baxılan zaman şahidlər X9 və X8 məhkəmə iclasında ifadə verərək bildirmişlər ki, ərizəçinin bacısıdırlar. Təsdiq edirlər ki, bacısının Elməddin adında oğlu 1987-ci ildə doğulmuş, noyabr ayında xəstəlikdən rəhmətə getmişdir. Uşağın harada dəfn edilməsi barədə məlumatları yoxdur, heç kim harada dəfn olunduğunu bilmir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçi ərizədəki tələbini sübut edə bilməmişdir. Belə ki, ərizəçinin oğlu X2 24 aprel 1987-ci ildə anadan olması işin mübahisəsiz halı olsa da, 29 noyabr 1987-ci il tarixdə ölməsi faktını təsdiq edə biləcək ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar yalnız şahid ifadələridir. Hansı ki ərizəçinin yaxın qohumlarıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla ərizə təmin edilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir; 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir; 13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Qərarın 9-cu bəndinə görə, MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, şəxsin ölüm faktı məhkəmə tərəfindən o halda müəyyən edilir ki, müvafiq icra hakimiyyəti orqanı bu faktı qeydə almaqdan imtina edir və ərizəçi bu sənədləri başqa qaydada əldə edə bilmir. Kollegiya qeyd edir ki, ərizəçinin oğlu E.R.Məmmədovun ölüm faktını təsdiq edən müvafiq tibb müəssisəsinin sənədi olmadığı üçün ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə təmin edilməli, 24 aprel 1988-ci ildə Bakı şəhərində anadan olmuş X2 19 noyabr 1987-ci ildə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(002)- 722/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə təmin edilsin. 24 aprel 1987-ci ildə Bakı şəhərində anadan olmuş X2 29 noyabr 1987-ci ildə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9558/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9558/2021
06.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver