Məhkəmə qərarları › İş №2(103)-9618/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9618/2021

17.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9618/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(001)-734/2021 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi və dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz hesablanmış 403,20 manat borcun silinməsi və 5000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri, Novxanı bağları, Babək küçəsi 22 ünvanında yerləşən bağ sahəsi 20 ildən artıqdır ki, iddiaçıya məxsusdur. Təqribən həmin müddətdən iddiaçının cavabdehlə bağladığı müqavilə əsasında bağ sahəsi qazla təmin edilmişdir. İddiaçının cavabdehlə bağladığı 30 may 2017-ci il tarixli müqaviləyə əsasən, cavabdehin işçiləri tərəfindən küçədə, bağın darvazasının yaxınlığında yeni smart kart tipli qaz sayğacı quraşdırılmışdır. Həmin tarixdən iddiaçı qaz təchizatı üçün xidmət haqqını smart kart vasitəsilə ödəməyə başlamışdır. Əvvəlcə pul vəsaitini həmin plastik karta, sonra isə kartı sayğaca daxil edərək vəsaiti sayğaca yükləyirdi. Sonradan smart karta yüklədiyi vəsaitin hamısının sayğaca yüklənmədiyini aşkarlamış və bu barədə cavabdehin ərazidə olan əməkdaşlarına müraciət etmişdir. Onlar da bildirmişlər ki, bir neçə vətəndaş bununla bağlı onlara müraciət edib, bu sayğacın istismar müddətin bitməsi ilə bağlıdır, lakin narahat olmağa dəyməz çünki, həmin sayğac yenisi ilə dəyişdirildikdə bu hal tam nəzərə alınacaq. 2020-ci ilin iyun ayında özünü cavabdehin əməkdaşları kimi təqdim edən şəxslər smart kart tipli qaz sayğaclarının istismar müddətinin başa çatması səbəbindən onların mexaniki sayğaclarla əvəzlənəcəyini bildirdilər və sayğacı dəyişdirdilər. 28 iyul 2020-ci ildə özünü cavabdehin əməkdaşı kimi təqdim edən şəxs yeni mexaniki qaz sayğacından son ayın borcu ilə bağlı bildiriş çıxararaq iddiaçıya təqdim etmiş və iddiaçıya məlum olmuşdur ki, ona əsassız olaraq borc yazılmışdır. Bu barədə dərhal “Azəriqaz” İstehsalat Birliyinin qaynar xətti vasitəsilə cavabdehə məlumat verilmişdir. Bundan əlavə qanunsuz borcun silinməsi ilə bağlı cavabdehin Bakı X4 Departamentinə ərizə ilə də müraciət edilmişdir. İddiaçının müraciətinə dair Bakı X4 Departamentinin rəis müavini Mehralı Quluyevin imzası ilə verilmiş 18 avqust 2020-ci il tarixli cavabda qeyd olunmuşdur ki, ərizə araşdırılaraq Bakı şəhəri, Novxanı bağları, Babək küçəsi 22 ünvanında olan evə yazılmış ******* nömrəli aktın ləğv olunması məqsədilə toplanmış materiallara “Azəriqaz” istehsalat Birliyinin “İstehlakçılardan daxil olmuş müraciətlərin araşdırılması ilə bağlı daimi fəaliyyət göstərən komissiya”sı tərəfindən baxılaraq abonent hesabında düzəliş olunması məqsədəmüvafıq hesab edilməyib. Araşdırma zamanı iddiaçının iştirakı təmin edilməyib və onun ümumiyyətlə araşdırmanın hansı formada və hansı sənədlər, faktlar əsasında aparılması barədə heç bir məlumatım yoxdur. Cavabdeh iddiaçının məlumatı olmadan, tamamilə qanunsuz olaraq abonent hesabına borc yazmaqla əslində iddiaçının qazdan qanunsuz istifadə etdiyini, qaz sayğacına müdaxilə etdiyini, qazı oğurladığını, dövlət əmlakına ziyan vurduğumu iddia edir. Cavabdehin iddiaçını ağır cinayət əməllərində ittiham etməsi qanunsuz və qəbuledilməz olmaqla yanaşı o, bu hərəkətləri ilə iddiaçıya mənəvi zərər vurmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(001)-734/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı (abonent kodu: **********04260) əsassız hesablanmış 403,20 (dörd yüz üç manat iyirmi qəpik) manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(001)-734/2021 saylı qətnaməsinin tam ləğv edilib, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması yolu ilə qəbul edilmişdir. İş üzrə iddiaçı X1 və cavabdeh “Azəriqaz” İB-ə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki apellyator qətnamənin tam olaraq ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlillərində iddianın rədd edilən hissəsini mübahisələndirməmiş, həmçinin iddiaçı həmin hissədən apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.03.2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent kodu **********04260 olan İddiaçı məxsus Abşeron rayonu, Novxanı bağları ünvanında quraşdırılmış sayğacın plombunun sındırıldığının aşkar edilməsi aktlaşdırılmış və həmin akt İddiaçı tərəfindən imzalanmamışdır. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin Bakı X4 Departamentinin 30.03.2018ci il tarixli qərarının surətindən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 60 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 60 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 60 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmış və qaz paylayıcısı tərəfindən sayğacın yivli birləşməsinə vurulmuş plombun qırılması nəticəsində 2016 m3 qaz itkisinin yaranması müəyyən edilmişdir. İş materiallarında olan abonent kodu **********04260 olan İddiaçı “abonentin saldosu”ndan görünür ki, 2018-ci ili mart ayından abonentə qalıq və aktlar üzrə 403,20 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digrə təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı məhkəməyə təqdim olunmuş sübutlarda iddiaçının hər hansı hüquq pozuntusuna yol verdiyi halı öz əksini tapmamışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə müvafiq olaraq, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Göründüyü kimi, qaz sayğacı iddiaçının evində deyil, ümumi istifadədə olan küçədə quraşdırılmış və ona iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı sübut mövcud deyil. Sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylacıyıcısı olan cavabdeh daşıyır. Sayğaca vaxtında baxış keçirilməməsi isə birbaşa cavabdeh tərəfin səhlənkarlığıdır və baş vermiş nəticələrə görə məsuliyyət də cavabdehə aiddir. İddiaçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qeyd olunan prosessual hüquq normalarının məzmunundan göründüyü kimi, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində hər bir tərəfin öz tələbinin əsası kimi istinad etdiyi halı sübut etmək vəzifəsi müəyyən edilsə də, həmin maddənin ikinci bəndində tərəflərdən birinin dövlət orqanlarının, icra və s. olması və həmin orqanın qəbul etdiyi qərarın mübahisələndirilməsi zamanı prosessual statusundan asılı olmayan sübutetmə vəzifəsini dövlət müəssisə, idarə və ya təşkilatının üzərinə qoyulması müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(001)- 734/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar