Məhkəmə qərarları › İş №2(103)-9621/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9621/2021

22.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9621/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədirlik edən və məruzəçi), X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(001)- 297/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddiası məhkəmənin 25 fevral 2021-ci il tarixli, 2(001)-297/2021 saylı qətnaməsi ilə təmin edilməmişdir. 15 iyul 2021-ci il tarixdə Cavabdeh məhkəməyə apelyasiya şikayəti ilə müraciət etmiş, lakin məhkəmənin 22 iyul 2021-ci il tarixli, 2(001)-297/2021 saylı qərardadı ilə apelyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Hazırda cavabdeh məhkəmənin 22 iyul 2021-ci il tarixli, 2(001)-297/2021 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini, 25 fevral 2021-ci il tarixli, 2(001)-297/2021 saylı qətnamədən verilmiş apelyasiya şikayətinin qəbul edilməsini əks təqdirdə hazırkı şikayəti baxılmaq üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin 22 iyul 2021-ci il tarixli, 2(001)- 297/2021 saylı qərardadı qanunsuzdur və ləğv edilməlidir. Belə ki, o, qətnaməni şəxsən imza etməklə əldə etdikdən sonra apelyasiya şikayəti vermək üçün 1 aylıq müddəti buraxmışdır. Halbuki, 25 fevral 2021-ci il tarixli qətnamə heç vaxt ona təqdim edilməmişdir. İşin içərisində qətnamənin ona təqdim olunması barədə imza varsa da həmin imza saxtadır. O, qətnaməni bu ilin iyul ayında əldə edib dərhal ondan şikayət vermişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli 2(001)- 297/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı şikayətə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən digər tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(001)-279/21 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(001)-297/2021 saylı qətnaməsi xəbərnaməli poçt vasitəsi cavabdehin qeydiyyatda olduğu ünvana göndərilmiş və qətnamə 26 fevral 2021-ci il tarixdə şəxsən cavabdehin özü tərəfindən qəbul edilmişdir. Cavabdeh apelyasiya şikayətini 14 iyul 2021-ci il tarixdə “Məleykə Express” poçt xidmətinə təqdim etmiş, 15 iyul 2021-ci il tarixdə isə poçt xidməti tərəfindən məhkəməyə çatdırılmışdır. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(001)- 297/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Hakim: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar