Məhkəmə qərarları › İş №2(103)-9631/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9631/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9631/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X5, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı "xxxx" Qapali Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı "əsas borcun və faizin qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsinə" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(006)-64/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı «X7 Edilməsi Agentliyi» MMC Cavabdeh qarşı «əsas borcun və faizin qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18 aprel 2013-cü il tarixli 0946 saylı kredit müqaviləsi əsasən əsas borc üzrə 17.754 ABŞ dolları, faiz üzrə 4595.05 ABŞ dolları, ümumilikdə 22.349,05 ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi; kredit borcunun Cavabdeh mülkiyyətində olan «Hyundai Elentra» markalı **-DP-*** dövlət qeydiyyat nişanlı (2013-cü il buraxılışlı, G4NBDU614174 mühərrik nömrəli, KMHDH41EBDU770499 ban nömrəli, safari rəngli) minik avtomobilinə yönəldilərək, açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti İddiaçı QSCnin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması; satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanı yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan əsl olmayan iddiaçı «X7 Edilməsi Agentliyi» MMC əsl İddiaçı BOKT QSC ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış «tələb hüququnun güzəşt edilməsinə dair» 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC ilə «X7 Edilməsi Agentliyi» MMC arasında 16.09.2016-cı il tarixdə bağlanmış xidməti müqaviləyə əsasən İddiaçı QSC-yə keçmiş, "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüquqlarının idarə edilməsini «X7 Edilməsi Agentliyi» MMC həyata keçirir. Yuxarıda qeyd olunan Xidməti Müqaviləyə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC ilə İddiaçı QSC arasında 22.12.2017-ci il tarixli S-AVK-1768 saylı sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmiş, daha sonra isə İddiaçı QSC tərəfindən borclu şəxs Cavabdeh dair sənədlər təhvil-təslim aktına əsasən «X7 Edilməsi Agentliyi» MMC-yə verilmişdir. "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında 18.11.2013-cü il tarixdə 0946 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18 % tətbiq edilməklə, 60 ay müddətinə 20.730 ABŞ dolları məbləğində ********************211 saylı ssuda hesabı açılmışdır. 24.04.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq 18.04.2013-cü il tarixli 946 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan «Hyundai Elentra» markalı ** DP *** dövlət qeydiyyat nişanlı (2013-cü il buraxılışlı, G4NBDU614174 mühərrik nömrəli, KMHDH41EBDU770499 ban nömrəli, safari rəngli) minik avtomobili ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 18.04.2013-cü il tarixli AA seriyalı 081798 saylı ipoteka müqaviləsinin qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borc verən nəqliyyat vasitəsinin alınması məqsədi ilə borc alana 20.730 ABŞ dolları (Milli Bankın məzənnəsi 18 aprel 2013-cü il tarixə 1 ABŞ dolları = 0,775 AZN) məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür (2.2-ci bənd). Borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən kredit vəsaitinin hərəkəti borc verən tərəfindən borc alan üçün açılan ssuda hesabı ilə təmin edir (5.2-ci bənd). Kredit vəsaitindən istifadə müddətinin axımı borc alanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır (5.3-cü bənd). Borc alana verilən kredit vəsaitindən istifadə müddəti 60 aydır (5.4-cü bənd). Kredit vəsaitindən istifadə müddəti 18.04.2018-ci il tarixdə 12.00 saatda bitir. Bu müddətin uzadılması barədə tərəflər razılığa gəldikdə, belə razılıq bu müqavilənin 14.1-ci bəndində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş gəlirlərinin faktiki sayına görə kredit verənə illik 18 faizlə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan borcu 17.754 ABŞ dolları əsas borc, 4.595 ABŞ dolları 05 sent faiz borcu olmaqla, cəmi 22.349 ABŞ dolları 05 sent təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas borc, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(006)-64/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 17.754 ABŞ dolları əsas borc, 4.595 ABŞ dolları 05 sent faiz olmaqla, cəmi 22.349 ABŞ dolları 05 sent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı BOKT QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan «Hyundai Elentra» markalı **-DP-*** dövlət qeydiyyat nişanlı (2013-cü il buraxılışlı, G4NBDU614174 mühərrik nömrəli, KMHDH41EBDU770499 ban nömrəli, safari rəngli) minik avtomobilinə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, avtomobilin ilkin satış qiymətinin 17.000 manat müəyyən edilməsi, satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləğinin İddiaçı BOKT QSC-yə ödənilməsi, İddiaçı BOKT QSCnin tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun Cavabdeh tutularaq İddiaçı BOKT QSC-yə ödənilməsi qət edilmiş, qalan hissədə iddia ərizəsi təmin edilməmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisə predmeti olan nəqliyyat vəsiləsini 18.04.2013-cü ildə 18.900 manata almışdır. Bu məbləğin 3317 manatını ilkin ödəniş kimi etmiş, yerdə qalan 15.583 manatını isə bankdan kredit götürmək üçün müracət etmişdir. Hətta bununla bağlı məhkəməyə “Auto Azerbaijan" MMC-nin 22.07.2016 və 16.06.2020-ci il tarixli məktubları da təqdim edilmişdir. Həmin dövrdə (18.0- 4.2013) ABŞ dollarının manata məzənnəsi 0.7847 AZN olmuşdur. Hərçənd müqavilədə məzənnə daha aşağı göstərilib (0.7750). Bank bu minvalla borc alana 16.065.75 manat ekvivalentində kredit ayırmışdır. Əslində isə borc alana 15.600,75 manat borc hesablanmalı idi. Beləliklə, ilk kredit ayırması zamanı da bank cavabdehə 465 manat aldadaraq maddi ziyan vurmuşdur. Bu fakta da məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilmiş və bank tərəfindən aşkar pozuntunun, yəni borc alana artıq kredit hesablanmasının hüquqi əsasları araşdırılmamışdır. Bank tərəfindən 18.04.2013-cü il tarixli 0946 nömrəli Kredit müqaviləsinin 6.9.1-ci və 9.1-ci bəndlərinə əməl edilməyib. Belə ki, müqavilənin 6.9.1-ci bəndinə əsasən "Gecikdirilmiş borc yarandığı tarixdən Borc verən qanunvericiliklə müəyyən edilmiş qaydada Borc alanın öhdəliklərinin icrasının təminata yönəldilməsi proseduruna başlayır." Həmin müqavilənin 9.1-ci bəndinə görə '‘Borc alan üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Borc verən öhdəliklərin icrasının təminat üsuluna yönəltmək hüququna malikdir." Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasının məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8, cavabdehin nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş, kredit müqaviləsini mübahisələndirmədiklərini, yalnız borc məbləğinin artıq hesablanmasını bildirmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(006)-64/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş olsa da, iddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Cavabdeh isə apellyasiya şikayətində qətnamənin tamamilə ləğvini xahiş etsə də, şikayətin məzmununda və məhkəmədə verdiyi izahatında qətnaməni yalnız hesablanmış borc məbləğinə dair təmin edilmiş hissədə mübahisələndirmişdir. Bu səbəbdən, hazırkı apellyasiya baxışının predmetini qətnamənin həmin hissəsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 18.04.2013-cü il tarixli 0946 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin «Sənaye» filialı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 20.730 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2019-cu il tarixli 8559 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, arayış və 18 aprel 2013-cü il tarixli 0946 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 18 aprel 2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu ümumilikdə 29.577 ABŞ dolları 16 sent məbləğində müəyyən edilir, o cümlədən: 18.04.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas borc üzrə – 18.007 ABŞ dolları 40 sent; faiz üzrə – 11.569 ABŞ dolları 76 sent. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2020-ci il tarixli 2347 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, arayış və 18 aprel 2013-cü il tarixli 0946 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 18 aprel 2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu ümumilikdə 26.653 ABŞ dolları 94 sent məbləğində müəyyən edilir, o cümlədən: 18.04.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas borc üzrə – 18.007 ABŞ dolları 40 sent; faiz üzrə – 8.646 ABŞ dolları 54 sent. İş materiallarında olan cavabdeh tərəfindən iddia tələbinə etiraz ərizəsinə əlavə edilmiş “X1” MMC-nin 22 aprel 2020-ci il tarixli 217 saylı ekspert rəyindən görünür ki, "xxxx" ASC “Sənaye” filialı ilə bağlanmış 18.04.2013-cü il tarixli, 0946 saylı kredit müqaviləsi şərtlərini, yəni borc ödənişi dəfələrlə gecikdirildiyi, borc alanın ödəniş olmadığı səbəbindən müqavilnin 6.9.1-ci bəndinin tələbləri əsas tutularaq 30.05.2014-cü il tarixdən qanunvericiliklə müəyyən edilmiş qaydada borc alanın öhdəliklərinin icrasının təminata yönəldilməsi proseduru başlayıb əmlaka iddia irəli sürüb faizlərin hesablanması bank tərəfindən dayandırıla bilərdi. Qeyd edilən hallar nəzərə alınmaqla 30.05.2014-cü il tarixdən faizlərin hesablanması dayandırılması şərti ilə 18.04.2018-ci il tarixinə Cavabdeh banka olan borcu 14.238,95 (18.607,36 + 264,81 – 4.633,22) ABŞ dolları məbləğində müəyyən edilir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə iddiaçıdan 20.730 ABŞ dolları məbləğində kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. İş materialları ilə müəyyən edilir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdehə - borc alana krediti versə də, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozmuş, müqavilə üzrə öhdəklərini lazımınca icra etməmişdir. Yəni, vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malik olmuş, cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən borc məbləğinin 22.349 ABŞ dolları 05 sent manat müəyyən edilməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək onları əsassız hesab edir. Belə ki, apellyasiya şikayətində cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsinin 6.9.1 və 9.1-ci maddələrinə istinad etməklə, iddiaçının öz hüquqlarından sui-istifadə etdiyini, öz vəzifəsinə əməl etməyərək zamanında təminat üsuluna tələb yönəltmədiyinə, bununla da borc məbləğinin əsassız şişirdilməsinə nail ollduğunu bildirmişdir. Cavabdehin qeyd etdiyi kimi, müqavilənin 6.9.1-ci bəndi öhdəliyin onun tərəfindən lazımı qaydada icra etməməsi səbəbindən iddiaçının tələbin təminat üsullarından istifadə etməsi gecikdirilmiş borc məbləğinin ödənilməsi üçün ipoteka ilə yüklü edilmiş avtomobin qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi özgəninkiləşdirilməsini, habelə bütün borc məbləğinin birdəfəlik şəkildə cavabdeh tərəfindən ödənilməsini ehtiva edir. Bunun əvəzində, iddiaçının həmin təminat tədbirinə əl atmaması cavabdehə gecikdirilmiş ödənişlərini həyata keçirməyə və bundan sonra qrafik üzrə ödənişlərini etməklə müqavilə münasibətlərini davam etdirməyə imkan yaratmış olur. Bundan başqa, cavabdeh müqavilə üzrə ödənişləri gecikdirməyə başladığı vaxt öz təşəbbüsü ilə banka müraciət etməklə ipoteka predmeti olan avtomobili özgəninkiləşdirərək borcunun və ya onun bir hissəsinin bağlanmasına nail ola bilərdi. Lakin cavabdehin belə bir təkliflə banka müraciət etməsi iş materialları ilə müəyyən edilmir. Belə olan halda, cavabdehin kredit müqaviləsinin şərtinə istinad etməklə iddiaçı tərəfindən ona qarşı vaxtında məcburi tədbirlərin həyata keçirilməməsinin hüquqdan suiistifadə kimi qiymətləndirilməsini məhkəmə kollegiyası düzgün hesab etmir. Cavabdeh tərəfindən təqdim edilmiş X1 tərəfindən tərtib edilmiş məhkəmə mühasibətlıq ekspertizasının rəyi ilə bağlı apellyasiya şikayətinin dəlilini də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, işin mübahisəsiz hallarınedan göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə bankdan 20.730,00 ABŞ dolları kredit götürmüş, ödəniş qrafiki üzrə ödənişlərin aparılacağı təqdirdə, cavabdeh tərəfindən 60 ay ərzində ödənilməli olan əsas və faiz borcunun ümumi məbləği 31586,40 ABŞ dolları təşkil etməli idi. Lakin cavabdehin tərəfindən müqavilə üzrə cəmi 7683,00 ABŞ dolları ödəniş edilmişdir. Bank tərəfindən həmin məbləğin 2722,60 ABŞ dolları əsas borcdan, 4960,40 ABŞ dolları isə faiz borcundan silinmişdir. Təqdim edilmiş X1 tərəfindən tərtib edilmiş rəydə isə cavabdehin banka olan borcunun 14238,95 ABŞ dolları təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən ödənilməli olan ümumi məbləğin 31586,40 ABŞ dolları təşkil etdiyi halda, onun cəmi 7683,00 ABŞ dolları ödəniş etdikdən sonra qalıq borc məbləğinin 14238,95 ABŞ dolları təşkil etməsi, ödənişlərin cavabdeh tərəfindən gecikdirilməsi də nəzərə alınmaqla, işin hallarına uyğun deyildir. Cavabdehin kredit alarkən iddiaçı tərəfindən aldadılması və ona 465 manat maddi ziyan vurulması ilə bağlı dəlilini də məhkəmə əsassız hesab edir və qeyd edir ki, iş materiallarında olan kassa məxaric orderindən görünür ki, cavabdeh 24.04.2013-cü il tarixdə 20.730,00 ABŞ dolları pulu şəxsən imza etməklə bankdan götürmüşdür. Hazırkı iddia tələbi də məhz 20.730,00 ABŞ dolları məbləğində kreditin ödənilməməsi əsası ilə irəli sürülməklə, hesablamalar da həmin məbləğdən çıxış etməklə aparılmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(006)-64/2021 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar