Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9648/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(002)-2591/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı çıxarışın ləğv olunması və mənzilə köçürülmə tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(002)-2591/2021 saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçı tərəfindən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(002)-2591/2021 saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin 01 sentyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəfindən verilmiş şikayət iddia tələbi ilə eynilik tələb etməklə, qeyd olunur ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməli və iş icraata qəbul edilməlidir. İddiaçı və cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 13 avqust 2021ci il tarixli, 2(002)-2591/2021 saylı qərardadı qismən ləğv edilməli, mənzilə köçürülmə hissəsində iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli Qəraraında qeyd edilmişdir ki, bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Belə ki, iddia ərizəsində iki və daha çox müstəqil tələb irəli sürüldükdə, hər bir iddia tələbinin hüquqi təbiəti araşdırılaraq onların birləşdirilməsi və ya ayrılaraq fərqli məhkəmə icraatı qaydasında baxılması nəzərdən keçirilməlidir. İddia tələblərinin birləşdirilməsi mümkün olmadığı halda, məhkəmə hər hansı iddia tələbinə baxılmasına dair səlahiyyətinin olmaması barədə qərardad qəbul edərək həmin iddia tələbini müvafiq səlahiyyətli məhkəməyə göndərməkdə və ya iddianı qeyri-mümkün hesab etməkdə haqlıdır. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 nömrəli Qərarının 17-ci bəndinə əsasən: -“Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli ələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. -Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alğı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır; -Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. -Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.” Məhkəmə qeyd etmişdir ki, hazırki mülki iş üzrə iddiaçının iddia tələbi məhz müvafiq inzibati orqan tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi (onun razılığı alınmadığına görə) tələbinə aiddir. Göründüyü kimi, hazırki mülki iş üzrə iddiaçı iddia tələbinin əsası kimi məhz inzibati orqanın müvafiq inzibati aktı qəbul etməsi nəticəsində (onun razılığı alınmaması ilə bağlı) onun hüquq və mənafelərinin pozulması halına istinad etmişdir. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbinin predmetini məhz inzibati orqanın müvafiq inzibati aktı qəbul etməsi ilə bağlı hərəkətindən irəli gələn inzibati xarakterli hüquq münasibəti təşkil edir. Qeyd edilən halları nəzərə alaraq, müvafiq Qərarın tələbini əsas götürərək, məhkəmə hesab etmişdir ki, hazırki mülki iş üzrə iddia ərizəsi məhkəmə icraatına qəbul edilə bilməz və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Həmçinin, məhkəmə qeyd etmişdir ki, iddiaçıya qeyd edilən məsələnin həlli ilə bağlı ilk növbədə müvafiq inzibati orqana (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin nəzdində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə) müraciət etməli, həmin orqan tərəfindən bundan imtina olduğu halda, yaranmış mübahisənin həllli ilə bağlı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah olunmalıdır. Kollegiya məhkəmənin çıxarışın ləğv edilməsi tələbi ilə bağlı iddia ərizəsinin AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmədə baxılmalı olmaması əsası ilə qəbul etməkdən imtina edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Belə ki, qeyd olunan çıxarış inzibati akt əsasında aparılmaqla, çıxarışın ləğvi ilə bağlı iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil edir. Kollegiya iddiaçının mənzilə köçürülməsi tələbi ilə bağlı iddia ərizəsinin AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmədə baxılmalı olmaması əsası ilə qəbul edilməsindən imtina edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Kollegiya hesab edir ki, mənzilə köçürülmə tələbinə mülki iddia icraatı qaydasında baxılmalıdır. Buna görə də, şikayət qismən təmin edilməli, qərardad qismən- mənzilə köçürülmə hissəsində iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlaraəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(002)- 2591/2021saylı qərardadı qismən-mənzilə köçürülmə ilə bağlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad qalan hissədə-çıxarışın ləğv edilməsi tələbi ilə bağlı iddia ərizəsinə məhkəmədə baxılmalı olmaması əsası ilə qəbul etməkdən imtina edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-9648/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9648/2021
22.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver