Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-965/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin cavabdehlər “xxxx” MMC və Cavabdeh1 qarşı “borc və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)- 9/2020 saylı qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər “xxxx” MMC və Cavabdeh1 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-dən ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə 64.072,20 manat əsas borc, müqavilə müddətinin bitmə tarixinə 0 manat faiz borcu, 356.303,28 manat müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdrilmiş vaxt üçün illik beş faiz olmaqla 11.116,10 manat borc, cəmi 431.491.58 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun hesablanaraq ödənilməsi; tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; həmin mənzilə tutma yönəldildikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC ilə “xxxx” ASC-nin arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 006 nömrəli kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə, illik 18 faiz ödəmək şərtilə 96000 manat məbləğində kredit verilmiş, müqavilənin 2-ci bəndinə əsasən, kreditor bank yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti mal-material alınması məqsədi ilə borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən mənzili “xxxx” ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)- 9/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, LPO “xxxx” ASC ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, N-006 saylı kredit müqaviləsi üzrə “xxxx” MMCdən 64072,20 manat əsas, 1000 manat cərimə, 11116,10 manat 5 %-lik cərimə, cəmi 76188,3 manat və 30 manat dövlət rüsumunun LPO “xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsindəki 3 saylı evin 1 nömrəli mənzilinə yönəldilməsi, əmlakın ilkin satış qiyməti 150.000 manat müəyyən ediməklə açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun LPO “xxxx” ASC-yə ödənilməsi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsindəki 3 saylı evin 1 nömrəli mənzili satıldıqdan 1 ay sonra Cavabdeh1 qeyd edilən mənzildən çıxarılması, mənzilin boşaldılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 140 manat məbləğində pulun “xxxx” MMC-dən tutularaq “Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdehlər apelyasiya şikayəti vermişlər. İddiaçı tərəfin apelyasiya şikayətində qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin cərimə hissəsində tam təmin edilməsi və təkrar qiymətləndirmə ekspertizası təyin edilərək əmlakın likvid dəyərinin müəyyən edilməsi və həmin rəy əsasında ilkin satış qiyməti nəzərə alınaraq yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, ipoteka qoyulmuş əmlakın hazırki bazar dəyəri hərracda satılması üçün qətnamə üzrə müəyyənləşdirilmiş ilkin hərrac qiymətindən dəfələrlə aşağıdır və qətnamə ilə müəyyən edilmiş qiymət əmlakın real dəyərini əks etdirmir. Bankın qiymətləndirmə üzrə mütəxəssisləri tərəfindən aparılmış araşdırmalar nəticəsində mənzilin hazırki ilkin satış qiyməti 82.000 manat, likvid dəyəri isə 69.000 manat müəyyən edilmişdir. Qətnamədə əmlakın hərracda ilkin satış qiyməti müəyyən edilərkən qanunamüvafiq olaraq onun likvid qiyməti nəzərə alınmalı olduğu halda, məhkəmə bazar dəyərini nəzərə almışdır. Odur ki, ilkin satış (likvid) dəyərinin müəyyən edilməsi məqsədilə təkrar qiymətləndirmə keçirilməlidir. İkinci dəlil isə cərimə məbləğinin azaldılması ilə bağlıdır. Məhkəmə cərimə məbləğini azaldarkən kreditorun əmlak mənafeləri, bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Cavabdehlərin apelyasiya şikayətində qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinə görə məhkəmənin tutduğu borc qanunsuzdur. Mühasibatlıq ekspertizası ilə təsdiq edilir ki, müqavilənin müddətinin bitməsi tarixinə faiz borcu demək olar yoxdur, məhkəmə bunu nəzərə almamışdır. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, müqavilənin müddəti bitəndən sonra borclu 2000 manat ödəniş edib və rəydə müqavilə müddətinin sonuna olan tarixə borc hesabladığından, həmin 2000 manat borcdan çıxılmamışdır. Məhkəmə 1000 manat cərimə və 11116 manat 5 faizlik cərimə tutub. Məhkəmə kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı dövr üçün illik 5 faizlik cərimə tutubsa, bu qanunsuzdur, əvvəla əsas borcun illik x xxxxx 11116 manat etmir, digər tərəfdən belə faiz o halda tutula bilər ki, iddiaçı sübut etsin ki, borclu müqavilə müddətindən sonra həmin vəsaitdən fayda götürmüşdür. Hesablamalar səhv aparıldığından dəbbə pulu da yüksəkdir. 150000 manat ipoteka predmetinin ilkin satış qiyməti obyektiv məbləği deyil. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi ASC-nin apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, ipoteka predmetinin dəyəri yüksək məbləğdə müəyyən edilmişdir. Müqavilə müddəti bitdikdən sonra ödənilmiş 2000 manat məbləğində pul çıxılacaqdır. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər (nümayəndələri) gəlmədiklərinə görə, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla yaranmış borc tələbinə və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən xx.xx.2015-ci il tarixli, N-006 saylı kredit müqaviləsi ilə "Kredit verən" 96000 manat məbləğində krediti 12 ay müddətinə illik 18% faizlə "Kredit alan"ın mülkiyyətinə verir və "Kredit alan" isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və bu kredit müqaviləsi ilə müəyyən olunmuş müddətdə və qaydada krediti və ona hesablanacaq faizləri “Kredit verən”ə qaytarmağı öhdəsinə götürmüş, xx.xx.2015-ci il tarixli, N-006-01 nömrəli ipoteka müqaviləsi ilə kredit müqaviləsinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 tərəfindən ünvan 1 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli arayışdan müəyyən olunur ki, “xxxx” MMC-nin 64072,20 manat əsas, 14869,64 manat faiz, 287043,46 manat cərimə və 31893,72 manat dəbbə, cəmi 397879,01 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, iddiaçı ləğv prosesində olan “xxxx” ASC tərəfindən cavabdehlərə banka olan borcunu ödəməsi üçün xəbərdar etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, 571803 nömrəli çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 nömrəli mənzili “xxxx” ASC-nin Proqress filialının adına xx.xx.2015-ci il tarixdə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Xətai Rayon Məhkəməsinin 2(011)-9061/2017 saylı xx.xx.2017 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər “xxxx” MMCyə, Cavabdeh1 oğluna, ləğv prosesində olan “xxxx” ASC-yə və Bakı şəhəri 38 saylı Notariat Kontoruna qarşı - Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsindəki 3 saylı evin 1-ci mənzilinin ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 38 saylı notariat kontorunda bağlanmış ipoteka müqaviləsinin etibarsız sayılması və mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi barədə iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7438/2019 saylı xx.xx.2019 saylı qərarı ilə iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7667/2017 saylı xx.xx.2017 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6335 saylı xx xxxx 2019-cu il tarixli ekspert rəyinə görə iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış xx xxxxxx 2015-ci il tarixli, 006 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh “xxxx” MMC-nin iddiaçı “xxxx” ASC-yə xx xxxxxx 2016-cı il tarixə (kredit müqaviləsinin müddətinin bitmə tarixinə) olan əsas borcu 65030,57 manat, faiz borcu 72,25 manat təşkil edir. Bundan əlavə olaraq, cavabdeh “xxxx” MMC-nin kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2016-cı il tarixdən sonra da “xxxx" ASC-yə ayrı-ayrı tarixlərdə ümumilikdə 2.000,00 manat məbləğində ödəniş etdiyi müəyyən olunur, lakin cavabdehin borcu xx xxxxxx 2016-cı il tarixə hesablanıldığından hazırki ekspertiza zamanı xx.xx.2016-cı il tarixdən sonra aparılan həmin ödənişlər nəzərə alınmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli arayışdan müəyyən olunur ki, “xxxx” MMC-nin 64072,20 manat əsas, 0 manat faiz, 356303,28 manat cərimə, və 11116,10 manat dəbbə, cəmi 431491,58 manat borcu vardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdeh “xxxx” MMC-nin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. İddiaçı apelyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətini və cərimə məbləğini, cavabdehlər isə illik 5%-lə hesablanmış faiz borcu, cərimə və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə qətnaməni mübahisələndirmişlər. Cərimə məbləğinə aid hissədə iddiaçı cərimənin tənasübsüz surətdə azaldıldığını, cavabdeh isə yüksək məbləğdə olduğunu iddia edirlər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq, dəbbə pulunun azaldılması barədə əsaslı nəticəyə gəlmişdir, apelyasiya şikayətlərinin bununla bağlı dəlili əsassızdır. Cavabdehin apelyasiya şikayətində qeyd etdiyi illik 5%-lə hesablanmış faiz borcu, həmçinin ödənilmiş 2000 manatın borcdan çıxılmaması ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Hazırki iş üzrə isə borclu tərəfindən pul məbləğinin ödənilməsi gecikdirilmişdir, belə olan halda o, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Gecikdirilmiş günlərin 1249 (müqavilə müddətinin bitdiyi xx.xx.2016-ci il tarixdən maliyyə arayışının verildiyi xx.xx.2019-cu ilədək), illik 5 faizlə hesablanan gündəlik faiz məbləğinin isə 8,90 manat (64.072,20x5%/360) olduğunu nəzərə aldıqda, həmin borcun (əldən çıxmış faydanın) 11.116,10 manat olduğu aydın olur, yəni bank tərəfindən tələb olunan illik 5%-lik borc məbləği düzgün hesablanmışdır. Lakin məhkəmə illik 5%-lə hesablanmış borc məbləğinə aid hissədə iddia tələbini tam təmin edərkən nəzərə almamışdır ki, müqavilə müddəti bitdiyi tarixdən sonra cavabdeh tərəfindən iki dəfə 1000 manat olmaqla, cəmi 2000 manat ödəniş edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində də müəyyən edilmişdir ki, cavabdehin borcu xx xxxxxx 2016-cı il tarixə hesablanıldığından ekspertiza zamanı xx.xx.2016-cı il tarixdən sonra aparılan 2000 manat ödəniş nəzərə alınmamışdır. Belə olan halda Kollegiya hesab edir ki, iddia tələbi müqavilə müddəti bitdiyi tarixdən sonra illik 5%-lə hesablanmış faiz borcuna (əldən çıxmış fayda) aid hissədə qismən təmin edilməli, tələb edilən 11.116,10 manat borc məbləğindən müqavilə müddəti bitdiyi tarixdən sonra cavabdehin ödədiyi 2000 manat çıxılmaqla, yerdə qalan məbləğ 9.116,10 (11.116,10-2000) manat iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının apelyasiya şikayətinin digər dəlili ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti ilə bağlıdır, həmçinin cavabdehin apelyasiya şikayətində də bu hal mübahisələndirilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı “xxxx” MMC tərəfindən aparılmış əmlakın qiymətləndirilməsi barədə rəyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 3, 1 saylı mənzilin xx.xx.2020-ci il tarixə bazar dəyəri 150000 manat təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, N-006-01 nömrəli ipoteka müqaviləsinin 3.3-ci bəndinə əsasən ipoteka predmetinin bazar dəyəri 165000 manat, likvid dəyəri isə 145000 manat müəyyən edilmişdir. Apelyasiya şikayətlərinin qeyd olunan dəlilinin araşdırılması məqsədi ilə Məhkəmə kollegiyası tərəfindən ipoteka predmetinin qiymətləndirilməsi aparılmışdır. “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatı ilə Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsindəki 3 saylı evin 1 nömrəli mənzilinin xx.xx.2021-ci il tarixinə likvid dəyərinin 131.400 manat təşkil etdiyi müəyyən edilmişdir. Kollegiya hesab edir ki, bu hissədə qətnamə dəyişdirilməli və Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsindəki 3 saylı evin 1 nömrəli mənzilinin ilkin satış qiyməti 131.400 manat müəyyən edilməlidir. Kollegiya hesab edir ki, qətnamə illik 5%-lə hesablanmış faiz borcuna və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməli və cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla yaranmış borc üzrə tutulmalı məbləğ 9.116,10 manat, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsindəki 3 saylı evin 1 nömrəli mənzilinin ilkin satış qiyməti 131.400 manat müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının Ləğv prosesində olan “xxxx” ASC və cavabdehlər “xxxx” MMC və Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla yaranmış faiz borcuna və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilsin. “xxxx” MMC-dən gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla yaranmış borc üzrə tutulmalı məbləğ 9.116,10 manat müəyyən edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsindəki 3 saylı evin 1 nömrəli mənzilinin ilkin satış qiyməti 131.400 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaitinin 100 manatı hissəsi iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-dən, 100 manat hissəsi isə cavabdeh “xxxx” MMC-dən tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN:**********; Hesab №AZ33İBAZ********************; Bank: “xxxx” ASC Yasamal filialı, kod 805562; VÖEN:**********; Müxbir hesab:AZ03NABZ013501**********2944; SWİFT BİK:İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-965/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-965/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver