Məhkəmə qərarları › İş №2(103)-965/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-965/2024

17.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-965/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə və Cavabdeh1 ASC-yə qarşı iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi və s) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 17 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı xx.xx.2021-ci il tarixdə DİN-nin 102 xidmətinə, eyni zamanda Nəsimi RPİ-nin 20-ci PB-nə müraciət edərək, 04- 05 noyabr 2021-ci tarixlərində istifadəsində olan Cavabdeh2 ASC-yə məxsus 5417******3191 kartın statusu 541745******3409 nömrə ilə dəyişdirilərək Cavabdeh1 ASC-yə məxsus 416974******4432 nömrəli karta və 553691******6042 nömrəli karta cəmi 6,350.00 ABŞ dolları və istifadəsində olan Cavabdeh2 ASC-yə məxsus 541745******2085 nömrəli kartdan Cavabdeh1 ASC-yə məxsus 416974******4432 nömrəli karta 310,00 AZN və istifadəsində olan Cavabdeh2 ASC-yə məxsus 537439******1262 nömrəli əmək haqqı kartından Cavabdeh1 ASC-yə məxsus 416974******4432 nömrəli kartına 710,00 manat tərəfindən heç bir bank əməliyyatı aparmadığı halda, kart hesablarında olan vəsaitlərin yuxarıda qeyd edilən Cavabdeh1 ASC-yə məxsus kartlara köçürüldüyü barədə məlumat vermişdir.

2. Şahid İ qrup gözdən əlilldir və onun görmə qabiliyyəti yoxdur.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh2 ASC-yə (Cavabdeh1 ASC maraqlı şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən bank hesabları qorunmadığı üçün AZ81AZRT******************** AZN, AZ05AZRT******************** USD, AZ64AZRT******************** AZN saylı bank hesablarında olan pul vəsaitlərindən (əmlakından) məhrum olduğu üçün ona dəymiş 6.350 ABŞ dolları və 1.020 manat zərərin cavabdehlər Cavabdeh2 ASC-dən və Cavabdeh1 ASC-dən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Sonradan, Cavabdeh1 ASC cavabdeh qismində cəlb edilmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhərində yerləşən əmlakını satmaq üçün “Lalafo” sosial şəbəkəsində elan yerləşdirəndən sonra iddiaçı ilə əlaqə saxlanılmış və evin alınması məqsədilə behin ona göndərilməsi üçün kart nömrəsi istənilərkən o, yalnız "xxxx" ASC-yə məxsus 5417 4551 3470 2085 nömrəli debet kartın 16 rəqəmini və yeni nəsil şəxsiyyət vəsiqəsinin surətini çəkərək **********893 nömrəli telefonun WHATSAPP-na göndərmiş, bundan sonra iddiaçının telefonuna sms-lər gəlmiş və iddiaçı sms-lərə baxdıqda görmüşdür ki, kart hesablarından Cavabdeh1 ASC-yə məxsus 416974******4432 nömrəli və 553691******6042 nömrəli kartlara 6,350.00 ABŞ dolları və 1,020.00 manat vəsaitlər köçürülmüşdür. İddiaçı qeyd edildiyi kimi, yalnız 5417 4551 3470 2085 nömrəli debet kartın 16 rəqəmini göndərsə də, digər 5417 4551 3099 3191 nömrəli kartın 16 rəqəmini göndərmədiyi halda, həmin kartdan da 6,350.00 ABŞ dolları vəsait köçürülmüşdür. Göründüyü kimi, cavabdeh iddiaçının bank hesablarının təhlükəsizliyini qoruya bilməmişdir, bu da ondan irəli gəlir ki, cavabdehin proqram təminatı zəifdir və 3-cü şəxslər rahat şəkildə hesablara müdaxilə edə bilir. Proqram təminatının zəifliyi sonda iddiaçıya xeyli miqdarda zərərin dəyməsi ilə nəticələnmişdir və bu zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-203/2023 saylı, 20 sentyabr 2023cü il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia rədd edilmişdir.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçıya məxsus pul vəsaitlərin iddiaçının iradəsinə zidd olaraq məxaric edilməsinin (başqa hesablara köçürülməsi, nağdlaşdırılması və s.) cavabdehlərin hər hansı təqsirli hərəkət, yaxud hərəkətsizliyi ilə bağlı olmasına dair iddiaçı tərəf heç bir sübut təqdim etməmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

13. İddiaçının nümayəndəsi (vəkili) ərizə göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəmə kollegiyası hər hansı üzürlü səbəb müəyyən etmədiyindən vəsatəti təmin etmədi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

20. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

21. Hazırkı iş üzrə iddiaçının tələbi cavabdehlər tərəfindən onun bank məlumatları təhlükəsizliyinin lazımi qaydada təmin olunmaması, bank hesabında olan vəsaitin onun iradəsi əleyhinə çıxarılması barədədir.

22. İddiaçı tələbin qanuni əsası kimi Mülki Məcəllənin 21-ci maddəsinə istinad etmişdir.

23. Cavabdehlər isə iddianı qəbul etməyərək iddiaçının pul vəsaitinin onun tərəfindən və ya onun razılığı ilə istifadə edilməsini göstərmişdir.

24. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının göstərdiklərinə aydınlıq gətirilməsi üçün vəsatəti əsasında İddiaçı istifadəsində olan və Cavabdeh2 ASCyə məxsus plastik kartlarla əməliyyatların aparılması zamanı İnformasiya Təhlükəsizliyinin idarə edilməsi Qaydası»na, «Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları»na Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalar»ına əməl edilib-edilməməsi ilə bağlı sual qoyulmaqla məhkəmə ekspertizası təyin edilmişdir.

25. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə ekspertizasının aparılmasından imtina etmiş, səbəbini onunla əsaslandırmışdır ki, plastik kartlar vasitəsilə həyata keçirilən əməliyyatların hansı standartlar və təhlükəsizlik qaydaları ilə icra edilməsinin müəyyən edilməsi, həmçinin informasiya təhlükəsizliyi üzrə məsələlərin həlli hazırda Mərkəzdə mövcud olan kompüter texniki obyektlərinin tədqiqi ixtisası çərçivəsinin predmetinə aid deyildir.

26. Cavabdeh2 ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirmişdir ki, İddiaçı kart hesabı açılarkən Banka təqdim olunan mobil telefon nömrəsi vasitəsilə 4 noyabr 2021-ci tarixdə saat 15:11-də Banka məxsus «ATB360» mobil tətbiqi yüklənmiş və müvafiq sistemdə qeydiyyatın aparılması təmin edilmişdir. «ATB360» mobil tətbiqində qeydiyyatdan keçmək üçün istifadəçi Mobil Bankçılıqda mobil telefon nömrəsini müvafiq xanaya daxil etməlidir. Mobil nömrə Bankın əməliyyat sistemində aşkar edildikdə, İstifadəçinin mobil telefon nömrəsinə bir dəfə üçün istifadəsi nəzərdə tutulmuş 4 rəqəmli şifrə göndərilir. 4 rəqəmli şifrəni Mobil Bankçılığın müvafiq xanasına daxil etdikdən sonra İstifadəçi Bank tərəfindən emissiya olunan ödəniş kartının 16 rəqəmini, istifadə müddətinin bitmə tarixini və CW kodu müvafiq xanalara qeyd etməlidir. Daxil edilən məlumatlar düzgün olduğu təqdirdə X2 daxil olmaq və əməliyyatları aparmaq üçün 4 rəqəmli şifrəni özü müəyyən edərək, sistemə daxil olur. Müştəri mobil tətbiqdə qeydiyyatdan keçdiyi gün saat 15:23-dən 16:03-dək Banka məxsus **********, **********, ********** PAN nömrəli kartlardan ********** nömrəli karta köçürmə əməliyyatları icra olunmuşdur. Baş Ofis daha sonra 4 noyabr 2021-ci tarixdə saat 16:59-da digər mobil cihaz vasitəsilə nömrəsini, mobil telefon nömrəsinə göndərilən 4 rəqəmli OTP şifrəsi, əməliyyatları aparmaq üçün istifadəçi tərəfindən daha əvvəl təyin olunan 4 rəqəmli şifrə (unudulduqda şifrənin bərpa edilməsi üçün kartının 16 rəqəmini, istifadə müddətinin bitmə tarixini və CW kodu müvafiq xanalara) qeyd edilmişdir. Göründüyü kimi, Bank tərəfindən hesabların təhlükəsizliyinin qorunmaması halı mövcud olmamışdır. İddiaçının pul vəsaiti onun tərəfindən və ya onun razılığı ilə istifadə edilmişdir.

27. Birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Mərkəzi Bankının aparıcı mütəxəssisi X4 məhkəmə iclasında bildirmişdir ki, hazırkı vəziyyətdə Cavabdeh2 ASC-nin tətbiqini yükləmiş və qeydiyyatdan keçməyə çalışmışdır. İndiki vaxt üçün boşluq görməmişdir. 2021-ci ildə baş vermiş hadisənin üzərindən iki il keçmişdir. Həmin tarixdə bankın tətbiqində hər hansısa boşluğun olmasını indi qiymətləndirə bilmir. Əgər bank həmin tarix üçün yükləmələr təqdim etsə, tərəfindən qiymətləndirmə aparıla bilər. İkinci olaraq onu qeyd edir ki, onda müqavilə olmadığı üçün müştəri ilə bank arasında təhlükəsizlik və məlumatların ötürülməsi ilə bağlı öhdəliklər barədə məlumat yoxdur. Pulların çəkilməsi üçün kənar şəxslər tərəfindən əməliyyatlar aparılmalıdır. Həmin əməliyyatların aparılması üçün bir sıra fərdi məlumatların ötürülməsi lazımdır. Məlumatlar təqdim edilməsə idi həmin əməliyyatlar aparıla bilməzdi. İş materiallarında olan sənədlərdən fərdi məlumatların təqdim edilib-edilməməsini aydın etmək mümkün deyildir. Bankın və müştərinin qeyd etdikləri arasında ziddiyət vardır. Əməliyyatların həyata keçirilməsi üçün kartın pin kodu olmasa mobil tətbiqdən qeydiyyatdan keçmək olmur. Materiallarda qeyd edilmişdir ki, müştəri öz telefon nömrəsi ilə qeydiyyatdan keçə bilər. Dələduz iddiaçının telefon nömrəsi ilə qeydiyyatdan keçə bilməz. Bundan başqa fin kod, kartın nömrəsi verilməlidir və nömrəyə gələn sms-lə təsdiq edilməlidir. Qeyd edir ki, indi dedikləri hazırkı dövr üçün belədir. Bankda vəsaitlər cari hesabda saxlanılır. Kart sadəcə cari hesaba giriş üçün istifadə edilir. Mobil tətbiq istifadə edərkən, bankda olan bütün məhsullara bir pəncərə üzərindən çıxış icazəsi vermiş olurlar.

28. Göründüyü kimi, iddiaçının Banklar tərəfindən informasiya təhlükəsizliyinin təmin olunmaması barədəki dəlilləri öz təsdiqini tapmamışdır.

29. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

30. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

31. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 20 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar