Məhkəmə qərarları › İş №2(103)-971/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-971/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-971/2021 26.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh “xxxx” MMC-nin (Cavabdeh1 MMC) nümayəndəsi X2, Cavabdeh2 ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 ASC-yə qarşı (Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun ləğv edilməsi, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli 2(005)-2475/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsi cəlb edilməklə) iddia ərizəsi, daha sonra Cavabdeh2 ASC-ni cavabdeh qismində cəlb etməklə iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində istifadədə olan 0.13732 ha torpaq sahəsində yerləşən 39 saylı ünvanda olan 77.36 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 54 saylı mənzilə dair 29.10.2018-ci il tarixli X4 yekunları barədə 147/1 nömrəli Protokolunun və 29.10.2018-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilənin etibarsız hesab edilməsi və həmin yekun protokol əsasında yaranmış hüquqi nəticələrinin ləğv edilməsi, yəni Cavabdeh2 ASC-nin onun mənzilinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışının ləğv edilməsi və mənzilin üzərində mülkiyyət hüququnun bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-620/2017 saylı, 14.07.2017-ci il tarixli qətnaməsinə əsasən ondan və digər cavabdeh X1 müştərək qaydada 34401,18 ABŞ dolları məbləğində əsas, 4945.64 ABŞ dolları məbləğində faiz borcu, 334 ABŞ dolları cərimə olmaqla cəmi 39680.82 ABŞ dolları (ekvivalent ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaiti, habelə 30 manat dövlət rüsumunun Cavabdeh2 ASC-nin xeyrinə tutulması: tələbin ona məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində istifadədə olan 0.13732 ha torpaq sahəsində yerləşən ev 39 ünvanında olan 77.36 kv.m yaşayış sahəsindən ibarət, 5 otaqlı, 54 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin qiyməti 115000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, mənzil satıldıqdan sonra ipoteka qoyan o və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. Hazırda ona məlum olmuşdur ki, mülkiyyətində olan və yaşadığı həmin mənzil qeyriqanuni yolla açıq hərracdan satılmaqla Cavabdeh2 ASC-nin adına çıxarış alınmışdır. Mənzilin açıq hərracını təşkil edən "Cavabdeh1" MMC-yə verilmiş sorğu nəticəsində 29.10.2018-ci il tarixli X4 yekunları barədə 147/1 nömrəli Protokolun və 29.10.2018-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilənin surətini əldə etmiş, sözügedən 147/1 nömrəli Protokola və Müqaviləyə əsasən mənzili 73312,50 manat məbləğinə səlahiyyətli nümayəndə X7 şəxsində "Cavabdeh2" ASC-yə satılmışdır. Hərracın təşkili və keçirilməsinə dair sifariş Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsi (icra məmuru X11) tərəfindən verilmişdir. Halbuki təşkil edilmiş və keçirilmiş açıq hərrac barədə məlumatı olmamış, ona hər hansı bir rəsmi məlumat daxil olmamışdır. Eyni zamanda "Cavabdeh1" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin maddi hüquq normaları pozulmaqla qəbul edildiyindən qanunsuz hesab edir. Hərrac təşkilatının 29.10.2018-ci il tarixli 147/1 nömrəli Hərracın yekunları barədə Protokolunun mətnindən görünür ki, "Cavabdeh1” MMC tərəfindən keçirilmiş açıq hərrac baş tutmuş və alıcı qismində tələbkar Cavabdeh2 ASC çıxış edərək 73312.50 manat qiymətlə (əmlakın 25% aşağı olan dəyəri) onun əmlakını əldə elmişdir. Lakin təşkil edilmiş açıq hərracın baş tutması və ya baş tutmamasını müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli 2(005)- 2475/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətinə görə, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Poçt xəbərnamələrindəki imzanın kim tərəfindən edildiyini müəyyən etmək üçün ekspertiza keçirilməsini tələb etsə də, məhkəmə ekspertiza keçirilməsinə ehtiyac olmadığını hesab edərək, imtina etmişdir. Hərracın keçirilməsindən məlumatı olmayıb, ona bildiriş təqdim edilməyib, xəbərnaməni də o imzalamayıb, banka olan borcunu tam ödəməyə hazırdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iş materiallarına və apelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, ekspert rəyi ilə müəyyən edildiyi kimi, imza təmsil etdiyi şəxsə aid deyildir, həmçinin iddiaçının ailə üzvləri də həmin ünvanda yaşamır və ailə üzvləri tərəfindən də qəbul edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin (Cavabdeh1 MMC) nümayəndəsi isə iş materiallarına uyğun izahat verərək, apelyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qeyd etdi ki, sifariş məktubunda iddiaçıya aid bir ünvan göstərilmişdir ki, bildirişlər də həmin ünvana göndərilmişdir. Həmçinin vəsatət təqdim edərək, xəbərnamələrdəki imzaların kimə məxsus olmasının araşdırılması və saxtakarlıq edən şəxslər barəsində xüsusi qərardad çıxarılaraq araşdırılması üçün aidiyyəti üzrə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi isə iş materiallarına uyğun izahat verərək, apelyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-620/2017 saylı 14.07.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər İddiaçı və X1 müştərək qaydada 34401.18 ABŞ dolları məbləğində əsas, 4945.64 ABŞ dolları məbləğində faiz borcu, 334 ABŞ dolları cərimə olmaqla cəmi 39680.82 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaiti, habelə 30 manat dövlət rüsumunun Cavabdeh2 ASC-nin xeyrinə tutulması; tələbin cavabdeh İddiaçı məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində istifadədə olan 0.13732 ha torpaq sahəsində yerləşən ev 39 ünvanında olan 77.36 kv.m yaşayış sahəsindən ibarət, 5 otaqlı, 54 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin qiyməti 115000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, mənzil satıldıqdan sonra ipoteka qoyan İddiaçı və onunla birlikdə yaşayan ailə üzvlərinin (qeydiyyatda olanlar) X9, X12, X10, X14, X6 və X8 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. Keçirilmiş ilkin və təkrar hərraclar baş tutmadığı üçün mənzil 73312,50 manat məbləğinə "Cavabdeh2" ASC-yə satılmışdır. İş materiallarında olan hərrac işinin təsdiq olunmuş surətinə görə mənzilin hərracdan satışı Cavabdeh1 MMC-yə icra məmurunun 13.07.2018-ci il tarixli məktubu əsasında sifariş olunmuşdur. Mənzilin 27.08.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı satılması barədə Hərrac təşkilatının 27.07.2018-ci il tarixli 01/87 nömrəli bildirişi İddiaçı oğluna və X3 göndərilmişdir, habelə “Kaspi” qəzetinin 28-30 iyul 2018-ci il tarixli buraxılışında hərracın keçirilməsi vaxtı və yeri barədə elan dərc olunmuşdur. İddiaçı oğlunun yaşayış ünvanı olan, habelə faktiki vermiş olduğu iddia ərizəsində də göstərdiyi ünvan 1 ünvanına göndərilmiş bildiriş onun adından 31.07.2018-ci il tarixdə poçt xəbərnaməsinə imzalanaraq qəbul edilmişdir (i/v 65). Bundan sonra 04.10.2018-ci il tarixə təkrar hərrac təyin olunmuş və bu barədə 04.09.2018-ci il tarixli 01/87-1 nömrəli bildiriş İddiaçı oğluna və X3 göndərilmiş, bildirişdə həmin əmlakın ilkin satış qiyməti 115000 manat, 15 % endirimli satış qiyməti 97750 manat müəyyən olunmuş, habelə “Kaspi” qəzetinin 04.09.2018-ci il tarixli buraxılışında hərracın keçirilməsi vaxtı və yeri barədə elan dərc olunmuşdur. Yenə də İddiaçı oğluna ünvanlanmış məktubu 10.09.2018-ci il tarixdə poçt xəbərnaməsinə imza edilməklə alınmışdır (i/v 69). Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində istifadədə olan 0.13732 ha torpaq sahəsində yerləşən ev 39 ünvanında olan 77.36 kv.m yaşayış sahəsindən ibarət, 5 otaqlı, 54 saylı mənzil ilkin hərracdan 115000 manata, təkrar hərracdan 15 % endirilmiş qiymətlə – 97750 manata satışa çıxarılmışdır. 29.10.2018-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, “Hərracın yekunları barədə” 147/1 nömrəli Protokola və Müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində istifadədə olan 0.13732 ha torpaq sahəsində yerləşən ev 39 ünvanında olan 77.36 kv.m yaşayış sahəsindən ibarət, 5 otaqlı, 54 saylı mənzili 73312,50 manat məbləğinə səlahiyyətli nümayəndə X7 şəxsində "Cavabdeh2" ASC-yə satılmışdır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının faktiki vermiş olduğu qeydiyyyat və yaşayış ünvanı iddia ərizəsindən də göründüyü kimi ünvan 2nzildir, hərracla bağlı bildirişlər 31.07.2018-ci il tarixdə qeyd edilən ünvanda imzalanaraq qəbul edilmişdir. İddiaçının mübahisələndirdiyi kimi rəsmi qaydada bildirişi şəxsən imza etməməsi, lakin bildirişin ünvan 1 ünvanında rəsmi qaydada verilməsi iddiaçının hərrac barədə məlumatlı olması kimi qiymətləndirilir. İddia tələbi əsassız olduğundan rədd edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənəati düzgün olmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinin mübahisə yaranan dövrdə qüvvədə olan redaksiyasına əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinin mübahisə yaranan dövrdə qüvvədə olan redaksiyasına əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43-cü maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir (43.1): hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir (43.2). Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər (43.3). İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir (43.4). Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır (43.5). Həmin Qanunun 46.1-ci maddəsinə görə, ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Göründüyü kimi, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış borcluya (ipoteka qoyana) müəyyən müddət verməklə, məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Hərracın təşkilatçısı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmaması (bildirişin göndərilməməsi və ya lazımi qaydada göndərilməməsi) ipoteka qoyanı qanunvericilik tərəfindən ona verilmiş bu imkandan mərhum edərək, bu normanı əhəmiyyətsiz edir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, hərracın keçirilməsindən məlumatı olmayıb, ona bildiriş təqdim edilməyib, xəbərnamədəki imza ona məxsus deyildir. İddiaçının apelyasiya şikayətinin dəlilinin araşdırılması məqsədi ilə Kollegiyanın 01.02.2021-ci il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.03.2021-ci il tarixli 4/173 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş İddiaçı adına olan ünvan 3 ünvanına göndərilmiş bildirişlərin 31.07.2018-ci il tarixdə və 10.09.2018-ci il tarixdə qəbul edilməsi barədə poçt xəbərnamələrində “Şəxsən” qrafalarındakı imzalar – İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Göründüyü kimi, iddiaçıya müvafiq bildirişlər çatdırılmamışdır, istinad edilən poçt xəbərnamələrindəki imzalar ona məxsus deyildir. Bunun nəticəsində isə iddiaçının hərracda iştirak etmək imkanı (qanunun verdiyi hüququ) itirilmişdir. Kollegiya həmçinin hesab edir ki, “Kaspi” qəzetində keçiriləcək hərrac və təkrar hərrac barədə elan verilməsi də iddiaçının hüquqlarının pozulmaması anlamına gəlməyə əsas vermir, belə ki, həmin elanlar hərraca çıxarılan əmlakı almaq niyyətində olan digər şəxslər üçündür və bu elanların verilməsi mütləq mənada iddiaçının hərracın yeri və vaxtı barədə onu lazımi qaydada xəbərdar edilməsi kimi qiymətləndirilə bilməz, əks təqdirdə qanunverici qəzetdə elan verilməsi ilə kifayətlənər, ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməsini tələb etməzdi. Bundan başqa, hərrac təşkilatı hərracların keçirilməsi zamanı bununla bağlı qanunda müəyyən olunmuş prosedur qaydalara da təm əməl etməmişdir. Belə ki, qanun hərracların keçirilməsinə 15 təqvim günü qalmış ikinci elanın verilməsi, hərraclar baş tutmadıqda isə bununla bağlı elan verilməsini tələb etdiyi halda, hazırki iş üzrə hərrac təşkilatı bu tələblərə əməl etməmişdir. Bunun nəticəsində isə hərracın və təkrar hərracın məhz hansı səbəbdən baş tutmamasını müəyyən etmək mümkün olmur. İş materiallarından müəyyən edilir ki, hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin sadalanan tələblərinə riayət olunmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Belə olan halda, Kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslı hesab edilir, hərrac keçirilərkən hərracın keçirilməsi qaydaları və normativ hüquqi aktların tələbləri pozulmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2475/2020 saylı iş üzrə 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində istifadədə olan 0.13732 ha torpaq sahəsində yerləşən 39 saylı ünvanda olan 77.36 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 54 saylı mənzilə dair Cavabdeh1 MMC-nin 29.10.2018-ci il tarixli Hərracın yekunları barədə 147/1 nömrəli Protokolu və 29.10.2018-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilə etibarsız hesab edilsin və yekun protokol əsasında Cavabdeh2 ASC-nin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarış (dövlət qeydiyyatı) ləğv edilsin və mənzilin üzərində iddiaçının mülkiyyət hüququ bərpa edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 140 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xüsusi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar