Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9792/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “borc tələbinə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2919/2021saylı, 06.07.2021-cil tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 10.000 (on min) manat borcun və vurulmuş mənəvi zərərə görə 5000 (beş min) manat təzminatın və cavabdeh, Cavabdeh2 6000 (altı min) manat borcun və vurulmuş mənəvi zərərə görə 3000 (üç min) və 4000 (dörd min) manat təzminatın cavabdeh, Cavabdeh3 6000 (altı min) manat borcun və vurulmuş mənəvi zərərə görə 3000 (üç min) manat təzminatın tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o hər üç cavabdehlə çoxdan tanışdır. Yaxşı münasibətləri olub. Onlar bilirdilər ki, onun maddi vəziyyəti pis deyil. İddiaçı 2014-cü ildə torpaq sahəsi satmışdır. 20.000 (iyirmi min) manat məbləğində vəsaiti var idi. Qazancı da pis deyildir. İddiaçı ixtisasca jurnalistidir. Kitab çapından, əlyazmaların redaktəsindən müəyyən qədər vəsait qazanmışdır. İddiaçı dostları ilə tez-tez, Sabunçu rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında yerləşən kafedə görüşərdilər. Kafe birnci Cavabdeh1 məxsus idi. Onunla dost olmuşlar. Bir dəfə söhbət əsnasında bildirdi ki, yaxşı bir kafe var. Şərikli götürərək aya 10% qazanc olacaq. 10.000 (on min) manat versin, 10 aya qoyduğu vəsaiti götürəcək. Sonra onunla şərik olacaqdır.İddiaçı ona inanmış və 05.09.2015-ci il tarixdə kafeyə şərik olmaq məqsədilə 10.000 (on min) manat məbləğində vəsait vermişdir.Sonra müxtəlif bəhanələr etməyə başlamışdır. Dedi ki, başqa kafe var. 3 il get-gəldən sonra dedi ki, hələlik ayda 200 (iki yüz) manat verəcəkdir. Sonra yaxşı olacaq. 2018-ci ilin fevralından, 2020-ci ilin may ayına
3. qədər hissə-hissə 800 (səkkiz yüz) manat qaytardı. Sonra kafedən çıxdı. Telefon nömrəsi (055) ***-**-** əlaqə saxlanılsa da sonradan cavabdehi tapa bilməmişdir. Əvvəlcə telefona cavab versə də son vaxtlar telefonu açmadı. İddiaçı başa düşmüşdür ki, cavabdeh onu aldadmışdır. İkinci cavabdehlə bir neçə ildir ki, tanış olmuşdur. İşi ilə əlaqədar tez-tez elmlər akademiyasına gedir. Cavabdeh2 akademiyanın qarşısında parkda küçə ticarəti ilə məşğuldur. Həmişə ondan mal alırdı. Əslən Şamaxı rayonundandır. Paltar ayaqqabı və s. malların satışı ilə məşğuldur. Bildirmişdir ki, onun 20-30% qazancı var. Amma mal almağa vəsaiti çatmır. İddiaçı soruşmuşdur ki, nə qədər vəsait lazımdır? Bildirdi ki, 5000-10.000 manat civarında pul vəsaiti lazımdır. Onların şərti belə olmuşdur ki, hər ay iddiaçıya məbləğin 20%-i həcmində qazanc vercəkdir. Onlar razılaşdıqdan sonra 2019-cu ilin may ayının 20-də, Cavabdeh2 6000 (altı min) manat vermişdir. Lakin bu günə qədər heç nə qaytarmayıb. Hər dəfə bir bəhanə etmişdir. İddiaçı xahiş etmişdir ki, qazanc lazım deyil. Heç olmasa verdiyi pulu qaytarsın. Cavabdeh bildirmişdir ki, onun imkanı yoxdur. Get hara istəyirsən şikayət et. Telfonunu isə (055) ***-**-** heç vaxt söndürmür. Üçncü Cavabdeh3 keşlə bazarında meyvə alveri ilə məşğuldur. İddiaçı onun daimi müştərisidir. Təxminən 2010-cu ildən onu tanıyır. Qəbələ rayonundandır. İddiaçıya bildirmişdir ki, meyvə alveri çox sərfəlidir. Onun yaxşı qazancı olur. O iddiaçıya bildirmişdir ki, arvadı təcili cərrahi əməliyyat olunmalıdır. İddiaçıdan 1000 (min) manat məbləğində borc pul istəmişdir. İddiaçıya pulun qaytarılması üçün dəqiq vaxt deməmişdir. İddiaçıya söz vermişdir ki, tezliklə pulu qaytaracaqdır. Bir müddət sonra təklif etdi ki, onunla şərik işləsin. Əvvəlcə iddiaçı ona oxşar təklif vermişdir. Qəbələnin Nohurqışlaq kəndindəndir. Bakı şəhərində bacısının evində yaşayırdı. Cavabdehin bacısı Nərimanov rayonu 212 saylı orta məktəbdə tarix müəliməsi vəzifəsində işləyirdi. Cavabdeh3 telefon nömrəsi (050) ***-**-** bacısının ev telefonu (012) 564-32-63-dür. İddiaçı ona 5000 (beş min) manat vəsait vermişdir. Cavabdeh iddiaçıya bildirmişdir ki, onunla 30% şərikdir. 2 ay iddiaçı cavabdehi narahat etməmişdir. Sonra cavabdeh ona təşəkkür edərək bildirmişdir ki, arvadını əməliyyat etdirib. Hər dəfə onunla alver edirdi. Söz soruşmağa utanırdı. Bir müddət sonra cavabdeh ona bildirmişdir ki, onu tələsdirməsin. Bacısı xəstədir. 2017-ci ilin noyabr ayında 500 (beş) yüz manat vermişdir. 2018-ci ilin may-dekabr aylarında hissəhissə 400 (dörd yüz) manat məbləğində vəsait vermişdir. Sonradan isə telefon zənglərinə cavab verməmişdir. İddiaçı dəfələrlə ondan xahiş etmişdir ki, pulu qaytarsın. İddiaçı cavabdehin bacısına tez-tez zəng edirdi. Cavabdeh 2020-ci ilin may ayında iddiaçıya bildirmişdir ki, bacısını narahat etməsin. Bacısı vəfat etmişdir. Sonunucu dəfə iddiaçı borclu ilə 2021-ci ilin əvvələrində əlaqə saxlamışdır. İddiaçıya demişdir ki, onun pulu yoxdur. Qəbələdə ona 600 m2 torpaq sahəsi verə bilər. İddiaçı ona bildirmişdir ki, o torpaq sahəsi istəmir. Satsın və pulunu versin. Sonra isə telefon zənginə cavab verməmişdir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2919/2021 saylı, 06.07.2021ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı “borc tələbinə” dair iddiası təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Vüqar Quliyev).
5. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir . Apellyasiya şikayəti və dəlilləri:
6. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,2018-ci ilin fevral ayında cavabdeh Kəmaləddin Mirzəyev ona 200 manat pul vermişdir.İş yerini dəyişsə də 2020-ci ilin may ayına kimi mütəmadi olaraq telefonla əlaqə saxlamışlar və Cavabdeh1 borcu qaytarmaqdan imtina etməmişdir.Hissə-hissə ödənişləri davam etdirmişdir. Bu səbəbdən də iddia müddətinin axımının 2020-ci ilin may ayından başladığını bildirmişdir.
7. Kollegiya iclasında İddiaçı iştirak edərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini xahiş etmişdir.
8. Cavabdehlərə kollegiya iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmişlər və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Sübutların tədqiqi:
9. İş materiallarında olan 05.09.2015-ci il tarixli qəbzdən görünür ki, X1 Həsənliyə verəcəyi 10000 (on min) manatı 2015-ci ilin dekabr ayının 25-ə qədər tam şəkildə ödəyəcəyini bildirmişdir.
10. İş materiallarında olan 26.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir.
11. İş materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 04.05.2021- ci il tarixli arayışdan görünür ki, X2 xx.xx.1952-ci il tarixdə Naxçıvan MR, Şərur, Qarabağlar kəndində doğulmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. Hüquqi dəyərləndirmə:
12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 05.09.2015-ci il tarixli qəbzə əsasən X1 Həsənliyə verəcəyi 10000 (on min) manatı 2015-ci ilin dekabr ayının 25-ə qədər tam şəkildə ödəyəcəyini bildirmişdir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
14. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
15. Həmçinin məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, tərəflər arasında şifahi borc müqaviləsi üzrə münasibətlər yaranmışdır. 05.09.2015-ci il tarixli qəbzdən görünür ki, borcun qaytarılması üçün son müddət 25 dekabr 2015-ci il tarixi müəyyən edilmişdir. Cavabdeh X2 isə məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, 15 sentyabr 2015-ci il tarixdə iddiaçı cəmi 1000 manat məbləğində pul vermiş və həmin pulun 800 manatını hissə-hissə 15 yanvar 2016-cı il tarixədək iddiaçıya qaytarmışdır.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətl ərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
19. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
20. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
22. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır.
25. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər.
26. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.
27. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Göründüyü kimi, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmış, həmin müqavilənin bağlanmasından və müqavilənin icra müddətinin 25 dekabr 2015-ci il tarixində bitməsindən və son ödənişin 2016-cı ilin yanvar ayında olmasından iddiaçının da tam olaraq xəbəri olmuşdur. Buna baxmayaraq, iddia ərizəsi 16 may 2021-ci il tarixdə məhkəməyə daxil olmuş, poçtla göndərilmənin daha əvvələ aid olduğunu təsdiqləyən sübutlar təqdim edilməmiş, ötürülən müddət ərzində borcun qaytarılması məhkəmədə mübahisələndirməmişdir.
28. İddiaçı apellyasiya şikayətində, cavabdeh Kəmaləddin Mirzəyevin borcunun bir hissəsini 2020-ci ilin may ayına qədər qaytardığını bildirmiş və buna görə də iddia müddətinin axımının 2020-ci ilin may ayından başlanmalı olmasının nəzərə alınmasını xahiş etmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətinin qeyd edilən dəlilinə münasibətdə bildirir ki, borcun 2020-ci ilin may ayına kimi hissə-hissə ödənilməsi ilə bağlı iddiaçı hər hansı bir sübutu nə birinci instansiya məhkəməsində, nə də ki apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir. MPM-nin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda müddətin ötürülməsinin üzrlü sayılması üçün hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı məhkəməyə müraciət edərkən müqavilə tələbləri üzrə üç illik iddia müddətini ötürmüşdür. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir.
29. MPM-nin14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə əsasən, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. MPM-in 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, apellyasiya instansiyası məhkəməsi tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 360 və 362, 398-400, 405ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2919/2021 saylı, 06.07.2021 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.