Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9798/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Qədir Nəcəfovun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST İş Mərkəzinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin 03.02.2020-ci il tarixli əmri ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə - təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə (Siyəzən Kommunal Müəssisələr Kombinatına təhkim olunmaqla) bərpa olunsun, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin və mənəvi zərərə görə 15.000 manat kompensasiya ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, həmin əmr ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun, 03.02.2020-ci il tarixdən etibarən məhkəmə qərarının qanuni qüvvəyə mindiyi günə qədər məcburi işburaxma müdəti üçün minimum əmək haqqı miqdarında əmək haqqı cavabdeh tərəfindən iddiaçıya ödənilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti verib. İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə qismən - mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbin rədd edilməsi hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən hər bir tərəf özünün apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilib. Həmin bənddə qeyd olunub ki, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Hazırkı mübahisəyə görə əmək müqaviləsinin ləğvi barədə təşəbbüsü işçi (iddiaçı) irəli sürüb. Belə ki, iddiaçının adından yazılmış “işdən azad olunma barədə” 22.01.2020-ci il tarixli ərizə iş materiallarına əlavə edilib (iş v. 70). Lakin iddiaçı bildirir ki, həmin ərizə onun tərəfindən yazılmayıb və ərizədəki imza ona məxsus deyil. İş üzrə keçirilmiş məhkəməxəttşünaslıq ekspertizasının rəyi ilə müəyyən olunub ki, həmin imza iddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunub. Bu isə onu təsdiq edir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə işçinin təşəbbüsü olmayıb. Ona görə də məhkəmə Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq əmrin ləğv edilməsini və iddiaçının əvvəlki vəzifəsinə bərpa olunmasını qət edib. Birinci instansiya məhkəməsi məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini qət etsə də qeyd edib ki, həmin əmək haqqı məhkəmə qərarının qanuni qüvvəyə mindiyi günə qədər hesablansın. Bu, düzgün deyil, baxmayaraq ki, iddia ərizəsində də tələb bu cür irəli sürülb. Həmin məsələni Əmək Məcəlləsinin 300-cü maddəsi tənizmləyir, məhkəmə məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini qət edərkən iddia tələbindən asılı deyil, bu məsələni qanunun göstərişinə uyğun həll etməlidir. Məcburi işburaxma müddəti üçün əmək haqqı işçinin işə bərpa olunduğu günə qədər hesablanmalıdır, çünki “məcburi işburaxma” anlayışı təsdiq edir ki, işçi işə bərpa olunduğu günə qədər məcburi işburaxma davan edir. İşə bərpa barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün ilə işə bərpa günü üst-üstə düşməyə bilər. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra vərəqəsi verilir və icra üçün göndərilir, daha sonra qətnamə icra olunaraq işçi işə bərpa olunur. Ona görə də qətnamə dəyişdirilməli, qət olunmalıdır ki, məcburi işburaxma müddəti üçün əmək haqqı iddiaçının işə bərpa olunacağı günə qədər hesablansın. Mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbin rədd edilməsinə aid olan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, əmək müqaviləsinin ləğv edilməsi nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi və ya iztirab çəkməsi təsdiq olunmur. Ona görə də məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci insansiya məhkəməsi bu tələbə aid hissədə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli qətnaməsi məcburi işburaxma müddəti üçün əmək haqqının məhkəmə qərarının qanuni qüvvəyə minəcəyi günə qədər hesablanmasına aid olan hissədə dəyişdirilsin. Məcburi işburaxma müddəti üçün əmək haqqı İddiaçı əvvəlki vəzifəsinə bərpa olunacağı günə kimi hesablansın. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9798/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9798/2021
08.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver