Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-988/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1975/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu Xocasən Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli qərarı ilə Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin ərazisində fərdi ev tikmək üçün 300 kv.m torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin onun hesabına sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Binəqədi rayon Xocəsən Bələdiyyənin xx xxxxxx 2007-ci il tarixli qərarı ilə Xocəsən Bələdiyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün 300 m2 torpaq sahəsi alqı-satqı yolu ilə onun mülkiyyətinə verilmiş, göstərilən ölçü və ünvana uyğun olaraq cizgi təqdim edilmişdir. Torpağın satış qiymətinə uyğun məbləğ bələdiyyə büdcəsinə ödənilmişdir. Bu günə qədər Xocasən Bələdiyyəsinə torpaq vergisi ödənilir, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx xxxxxxxx 2019-cu il məktubundan görünür ki, sözügedən torpaq sahəsinin ayrılması Dövlət Arxivinin Bakı filialında mövcuddur. Torpaq sahəsinin bir hissəsi hasara alınmış, maddi imkan olmadığından tikinti işləri aparılmamışdır. 2019-cu il tarixdə, müəyyən işlərin görülməsi ilə əlaqədar torpaq sahəsinə baş çəkərkən məlum olmuşdur ki, Cavabdeh həmin torpaq sahəsində razılıq olmadan iddiaçıya məxsus torpaq sahəsində qanunsuz tikililər inşa etmiş, yarı qalmış hasarı tamamlayaraq torpağı zəbt etmişdir. Cavabdeh cizgiplanı üzrə koordinatları və sərhədləri naturada təyin edilmiş 3 sot torpaq sahəsinə girişçıxış yollarını bağlamış, dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh həmin torpaq sahəsindən çıxmır və qanunsuz tikilini sökmür. Qeyd edilən hal ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət olunmuş, araşdırılma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh torpaq sahəsini mülkiyyətçinin razılığı olmadan ələ keçirib özbaşına tutmuş, həmin torpaq sahəsində qanunsuz tikinti işləri apararaq onun torpaq üzərində sahiblik, istifadə, mülkiyyət hüququnu pozmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1975/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı iddia tələbi təmin edilməmiş, həmçinin iş üzrə alınmış mütəxəssis rəyinin dəyərini təşkil edən 75,68 məbləğində vəsaitin İddiaçı tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində vəsaitin İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş, əlavə olaraq izahatında bildirmişdir ki, onlar cavabdehin torpaq sahəsini almasını birinci instansiya məhkəməsinin iclasında öyrənmişlər. Belə ki, bu barədə heç bir sənəd yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 32/02 nömrəli qərarının və qərara əlavə edilmiş cizginin surətindən görünür ki, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 300m2 torpaq sahəsi alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Torpaqların alqı-satqına dair aktın surətindən görünür ki, İddiaçı Binəqədi rayon Xocasən Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 32/02 nömrəli qərarı əsasında ona ayrılmış Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində yerləşən torpaq sahəsi üçün 672 manat haqq ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin xx xxxxxxx 2019-cu il tarixli arayışın surətindən görünür ki, Binəqədi rayon Xocasən Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 32/02 nömrəli qərarına əsasən İddiaçı Xocasən Bələdiyyəsinin ərazisində faktiki istifadə etdiyi fərdi yaşayış evinin tikintisi üçün 300m2 ( hər m2 üçün 2 manat 24 qəpik, cəmi 672 manat ödəməklə) torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 10/88 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 32/02 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m torpaq sahəsinin yerləşmə cizgisində miqyas, hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən mübahisəli torpaq sahəsinin, yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə üst-ütə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin mübahisəli torpaq sahəsi dövlət mülkiyyəti olub, “Binəqədi Oil” Əməliyyat şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinin sərhədləri hüdudlarında yerləşib, sənaye təyinatlı torpaq kateqoriyalarına aiddir. Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 32/02 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m torpaq sahəsinin yerləşmə cizgisində miqyas, hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 32/02 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m torpaq sahəsi ilə hazırki iş üzrə Cavabdeh istifadəsində olan hasarlanmış torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı məhz Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 32/02 nömrəli qərarına istinad edərək mübahisəsini etdiyi torpaq sahəsi üzərində hüquqlarının olduğunu iddia etmiş və Mülki Məcəllənin 152-ci maddəsinə istinadla hazırkı apellyasiya baxışının predmeti olan tələbləri irəli sürmüş, birinci instansiya məhkəməsi isə iddia tələblərini təmin etmədiyi zaman iddiaçının həmin sahənin ona məxsus olmadığına, əksinə mübahisəli torpaq sahəsi dövlət mülkiyyəti olub, “Binəqədi Oil” Əməliyyat şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinin sərhədləri hüdudlarında yerləşib, sənaye təyinatlı torpaq kateqoriyalarına aid olmasına əsaslanmışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, mübahisəsi gedən sahənin iddiaçının mülkiyyətinə verildiyi müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu mənada kollegiyanın qənaətinə görə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə, həmin şəxsdə subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ yaranmadığına görə, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Kollegiya onu da qeyd edir ki, iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də apellyasiya şikayətinin təmin olunması mümkün deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1975/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-988/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-988/2021
25.01.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver