Məhkəmə qərarları › İş №2(104)-1076/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1076/2025

26.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1076/2025 26.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə X5 Dövlət Sosial-İqtisadi Kollecinə qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi (əri) X2 və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə X5 Dövlət Sosial-İqtisadi Kollecinin nümayəndəsi (vəkil) X4 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə X5 Dövlət Sosial-İqtisadi Kollecinə (bundan sonra cavabdeh) qarşı əmrin etibarsız sayılması, işə bərpa və məcburi iş buraxmaya əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(062)-619/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 may 2025-ci il tarixdə tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə X5 Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 80 nömrəli əmrə əsasən, “ibtidai sinif müəllimliyi” ixtisasına 2016-cı ildən tələbə qəbulu dayandırıldığı və həmin ixtisasa uyğun dərs yükü olmadığı üçün xx.xx.2024-cü ildən ibtidai təhsilin pedaqogika və metodika ştatlarının ləğv edilməsi əmr edilmişdir.

2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə X5 Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 028 nömrəli məktuba əsasən, ona “ibtidai sinif müəllimliyi” ixtisası mövcud olmadığından və onun ixtisası “ibtidai təhsilin pedaqogika və metodikası” olduğundan aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən 9 təqvim həftəsi sonra yəni xx.xx.2024-cü il tarixdə xitam veriləcəyi bildirilmişdir. Eyni zamanda şəxsə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbləri izah edilmişdir.

3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə X5 Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 110/P2 saylı əmrinə əsasən, İddiaçı ilə olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilmişdir. Əsas kimi Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli protokolu götürülmüşdür.

4. Tovuz Dövlət Sosial-X3 İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli 14 nömrəli protokolundan görünür ki, direktorun xx.xx.2024-cü il tarixli, 058 nömrəli təqdimatı müzakirə edilmişdir. Təqdimatda nəzərdə tutulan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən 5 ştatın ixtisar edilməsinə və göstərilən şəxslərlə əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 110/P2 saylı əmrin etibarsız hesab edilməsi, onun işə bərpa edilməsi, əvvəlki dərs ilinə uyğun dərs yükü ilə təmin edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Müəllimlər İnstitutunun ibtidai təhsilin pedoqogikası və metodikası ixtisası üzrə bakalavr təhsili almışdır. xx.xx.2010-cu il tarixdə Tovuz Dövlət Sosial-İqtisadi Kollecində müəllim kimi əmək fəaliyyətinə başlamış, qanunsuz olaraq işdən çıxarıldığı, yəni xx.xx.2024-cü il tarixədək həmin iş yerində pedoqoji fəaliyyətlə məşğul olmuşdur. Kollecin direktoru Hicran Əyyubova tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli 110/P2 nömrəli əmrə əsasən, onunla olan əmək müqaviləsinə xitam verilmişdir. Əmr bugünə kimi ona təqdim edilməmiş, əmrdən çıxarışda isə qısaca olaraq işdən çıxarılmanın səbəbi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi göstərilmiş, lakin əmrdən çıxarışda əmrin tərtib edilməsinə əsas kimi həmkarlar ittifaqı komitəsinin xx.xx.2024-cü il tarixli protokolu qeyd olunmuşdur. Ümumiyyətlə kollecdə həmkarlar ittifaqı təşkilatının fəaliyyətinin qanuni olubolmaması, iclasın hansı qaydada keçirilməsi və iclas protokolunun tərtib edilməsi ayrı bir araşdırma mövzusudur. Belə ki, əmr veriləndən bir gün sonra kollecdə olarkən əmrin surəti tərəfindən tələb edilmiş, lakin sadəcə əmrdən çıxarış verilmişdir. Çıxarışda əmrin tərtib edilməsinə əsas kimi həmkarlar ittifaqının protokolu göstərildiyindən protokolla tanış olmaq istəmiş, lakin, əmrdən bir gün keçməsinə baxmayaraq protokolun hazır olmaması əsası ilə həmin protokolla tanış edilməmişdir. Bununla yanaşı həmkarlar rəy verməli olduğu halda birbaşa iclasda direktorun təqdimatı əsasında onların əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Belə olan halda sual doğurur ki, hazır olmayan protokol əsas götürülərək necə əmr verilə bilər? Bundan başqa işdən çıxarılma üçün protokol əsas sayıla bilməz. Bununla yanaşı bildirmək istəyir ki, xx.xx.2024-cü il tarixdə kollecdə rəhbərlik dəyişmiş, yeni direktor vəzifəsinin icrasına başladığı tarixdən o da daxil olmaqla bir neçə işçilərlə əmək qanunvericiliyinə zidd olaraq qərəzli münasibət sərgiləmiş, bir neçə işçinin barəsində əmək qanunvericiliyinin tələbini pozmuş və bununla bağlı özünün barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçının nümayəndəsi (əri) məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, arvadı Aynur İsayeva 15 ilə yaxın bir müddətdir ki, kollecdə müəllim olaraq çalışmışdır. Hansı ki, işə qəbul edilən gündən çıxarılan bir zamana kimi arvadı eyni dərsi tədris etmişdir. Sadəcə qərəzli olaraq işəgötürən onun arvadını və bir neçə işçini işdən çıxarmışdır. Bu zaman isə qanunvericiliyin tələblərini pozmuşdur. Arvadını işdən çıxaran zaman üstünlük hüququnun olub-olmaması barədə araşdırma aparmamışdır. İşəgötürən nəzərə almamışdır ki, himayəsində iki azyaşlı uşağı vardır. Bundan başqa həmkarlar komitəsinin iclasında iştirakı təmin edilməmişdir. Eyni zamanda işəgötürən əmrin qəbul edilməsinə hər hansı əsas olmayan aktlar tərtib etmişdir ki, guya onun arvadı həmin günlərdə işdə olmamışdır. Bu isə tamam yalandır. Çünki arvadı daimi olaraq əmr verilən bir günə kimi işə çıxmışdır. Direktor isə öz növbəsində onun arvadına sms yazdırmışdır ki, işə gəlməsinə ehtiyac yoxdur. Bu smsləri təqdim etmişdir. Göründüyü kimi işəgötürən maksimum çalışmışdır ki, onun arvadını işdən çıxarsın. Habelə, işəgötürənin təşəbbüsü ilə arvadı ikinci təhsil alır və bu barədə arayışı işəgötürənə təqdim etmişdir. Hesab etmişdir ki, verilmiş əmr əsassızdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməmiş və izahatında göstərmişdir ki, ibtidai sinif müəllimliyi ixtisası 2014-cü ilədək mövcud olmuşdur. Həmin tarixdən qeyd olunan ixtisasa tələbə qəbulu dayandırılmış və 2014-cü ildə qəbul edilmiş tələbələr 2016cı il tarixdə məzun olmuşdur. Daha sonra isə həmin ixtisas üzrə kollecdə dərs yükü olmamışdır. 2024-cü ilin sentyabr ayında müəllimlərin ixtisaslarına uyğun dərs saatları hesablanarkən müəyyən əməkdaşların, həmçinin İddiaçı ixtisasına uyğun dərs saatının olmadığı məlum olmuşdur. Bu səbəbdən ştatların ləğvi ilə bağlı qərar qəbul edilmiş və iddiaçının yaşadığı ünvana rəsmi məktub göndərilmişdir. Xəbərdarlıq müddəti bitdikdən sonra isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, əmrin tərtibatı zamanı qanun pozuntusuna yol verilməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

9. Bundan başqa, məhkəmə iclasında verilən suallara cavab olaraq cavabdehin nümayəndəsi onu da göstərmişdir ki, ştatların ləğvi ilə bağlı qərar qəbul edilən zaman həmkarlar komitəsinin razılığının alınıb-alınmasından məlumatı yoxdur. Direktor ona bu barədə rəsmi sənəd təqdim etməmişdir ki, sübut kimi məhkəməyə versin. Ştatların ləğvi ilə Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi ilə şifahi qaydada razılıq əldə edilmişdir. Eyni zamanda işəgötürən ştatların ləğvi ilə bağlı peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılması yönündə təhlil aparılmasına dair bir qayda müəyyən etməmişdir. Təqdim etdiyi Nizamnamədə isə difektorun ştatların ləğvi ilə bağlı səlahiyyətinin olması göstərilmişdir.

10. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(062)-619/2025 nömrəli qətnaməsi (hakim Fərid Əliyev) ilə, iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə X5 Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 110/P2 saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanıb ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə göstərmişdir ki, iddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinin kökündə Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 80 nömrəli əmr dayanır. Hansı ki, həmin əmr əsasında “ibtidai sinif müəllimliyi” ixtisasına 2016-cı ildən tələbə qəbulu dayandırıldığı və həmin ixtisasa uyğun dərs yükü olmadığı üçün xx.xx.2024-cü ildən ibtidai təhsilin pedaqogika və metodika ştatları ləğv edilmişdir. Məhz bu əmr əsasında işəgötürən Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova qəbul etdiyi xx.xx.2024cü il tarixli əmr ilə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə xitam verilmişdir.

12. Əmək Məcəlləsinin 8-1-ci maddəsinə əsasən ştat (ştat vahidi) – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra – elektron informasiya sistemi) yaradılan və yaxud bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda təsdiq edilən cədvəl üzrə vəzifə (peşə) adının və vəzifə (tarif) maaşının əks olunduğu vahiddir.

13. Məhkəmə ştat vahidlərinin ləğv edilməsinin direktor səlahiyyətlərinə aid olubolmaması, habelə, bunun hansı meyarlar əsasında həyata keçirilməsi üzrə müvafiq olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyinə soğru etmiş, lakin, sorğuya cavab gəlməmişdir. Bununla belə məhkəmə tərəfindən cavabdeh orqanın özünə sorğu edilərək Kollecin Nizamnaməsi əldə edilmişdir ki, direktorun səlahiyyətləri müəyyən edilə bilsin. Cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclası zamanı Kollecə məxsus Nizamnamə təqdim edilmişdir və nümayəndəsi bildirmişdir ki, Nizamnamənin 4.14.5-ci bəndi üzrə ştat cədvəli direktor tərəfindən təsdiq edilir. Məhkəmə qeyd edir ki, direktora məxsus səlahiyyətlər Nizamnamənin 4.14.1- 4.14.19-cu bəndlərində əksin tapmışdır. Bu səlahiyyətlər içərisində ştatların ixtisar edilməsi qeyd olunmamışdır. Cavabdehin nümayəndəsinin qeyd etdiyi bənd isə ştat vahidlərinin təsdiq edilməsi ilə bağlıdır ki, burada ixtisardan söhbət getmir. Göründüyü kimi direktorun belə bir səlahiyyətinin olması Nizamnamədə əksini tapmamışdır.

14. Digər tərəfdən direktorun belə səlahiyyəti var idisə, ştat vahidlərinin təsdiq edilməsinin Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi ilə razılaşdırılmalı olduğu kimi, onun ixtisarı da hər bir halda razılaşdırılmalı idi. Bu barədə cavabdehin nümayəndəsi məhkəmə iclasında şifahi razılığın olmasını göstərmişdir. Rəsmi yazılı bir sənəd təqdim etməmişdir

15. Bundan başqa ştatın ləğv edilməsi ilə bağlı əmr Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova tərəfindən verilmiş, xəbərdarlıq məktubu isə direktor Hicran Əyyubova tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaça İddiaçı ünvanlanmışdır. Lakin ştatların ixtisar edilməsi ilə bağlı məsələ Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli iclasında müzakirə edilmişdir. Halbuki, ştatların ləğvi ilə əlaqədar əmr verilməmişdən əvvəl Həmkarlar İttifaqı Komitəsinə yazılı məlumat verməli idi. İşəgötürən isə əksinə ştatları xx.xx.2024-cü il tarixli əmr ilə ləğv etmiş, bu barədə məsələni isə müzakirəyə iki ay sonra yəni xx.xx.2024-cü il tarixdə Həmkarlar İttifaqı Komitəsinin iclasına çıxarmışdır. Bununla da işçinin hüquqları kobud surətdə pozulmuşdur. İşəgötürən tərəfindən yazılı məlumatın verilməsi barədə isə məhkəməyə sübut təqdim edilməmişdir. Nümayəndə isə bu barədə məlumatının olmadığını və razılığın alınmadığını ifadə etmişdir.

16. Qeyd olunmalıdır ki, Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli iclasında isə Komitə işçilərin əmək, sosial, iqtisadi hüquqlarının, qanuni mənafelərini müdafiə edilməsi missiyasından kənara çıxaraq işəgötürənin verdiyi təqdimatı əsaslı sayaraq ştatların ixtisar edilməsinə və bu əsasla adları göstərilən işçilər ilə əmək müqaviləsinə xitam verilməsinə etiraz etməmişdir. Lakin Həmkarlar Komitəsi nəzərə almamışdır ki, ştatların ixtisarı ilə bağlı etiraz edilməməsinə ehtiyac yoxdur. Çünki direktor əvəzi ştatları özü xx.xx.2024-cü il tarixli əmr ilə ləğv etmiş, formal olaraq isə iki ay sonra Həmkarlar İttifaqı Komitəsinin iclasına müzakirəyə çıxarmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, ştatların ləğvi qanunsuz həyata keçirilmiş, Həmkarlar İttifaqı Komitəsinin iclası formal xarakter daşımışdır. Yəni artıq işçinin hüququnun pozulması ilə həllini tapmış bir məsələnin zahiri görüntü üçün qanuni çərçivəyə salınmasına xidmət edən qanunsuz addımlar atılmışdır. Həmkarlar Komitəsi isə təqdimatın verilməsi üçün zəruri olan sənədləri nəzərdən keçirmədiyinə görə formal olaraq işçinin hüququnu pozan qərar qəbul etmişdir.

17. Məhkəmə göstərir ki, işəgötürən olaraq cavabdeh tərəfindən tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılması yolunda real addımlar atılmamış, bunun üçün işəgötürən özünün müəyyən etdiyi bir prosedur həyata keçirilməmişdir. Eyni zamanda iddiaçının digər bir işçi ilə peşəkarlıq səviyyəsi bərabər olacağı halında onun üstünlük hüququnun olub-olmaması da araşdırılmamışdır. Hansı ki, iddiaçının öhdəsində 16 yaşınadək iki uşaq vardır. Cavabdehin nümayəndəsi ilə də məhkəmə iclasında bu hal araşdırılmış və nümayəndə bildirmişdir ki, işəgötürən olaraq təmsil etdiyi qurum bununla bağlı hər hansı müsabiqə və s. təşkil etməmişdir. Göründüyü kimi cavabdeh iddiaçını işçi kimi bu hüquqdan da məhrum etmişdir.

18. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən qəbul edilmiş və mübahisələndirilən əmr qanuni əsaslarla verilməmişdir. Nə qədər ki, ştatların ləğv edilməsi ilə bağlı əmrin verilməsi Tovuz Dövlət Sosial-X1 üzrə direktorun səlahiyyətlərində əksin tapmamış, belə bir səlahiyyət olsa belə Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyinin razılığı alınmamış, əvvəlcədən ştatların ixtisar ediləcəyinə dair Həmkarlar Komitəsi İttifaqına yazılı məlumat verilməmiş, bu zaman ştatların ləğvi barədə əmr qanuni sayıla bilməz. Məhz işçinin işdən çıxarılmasına dair əmr isə həmin əmr əsasında verildiyindən işçi ilə əmək müqaviləsinə xitam verilməsi qanunsuz olmuşdur. Yəni işəgötürən tərəfindən işçini işdən çıxaran zaman Əmək Məcəlləsinin 300-cü maddəsinin tələbləri pozulmuşdur.

20. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 44.3, 68, 83-cü maddəsinin 1-ci hissəsinə, 80, 84-cü maddəsinin 1-ci hissəsinə, 186-cı maddəsinin 1 və 2-ci hissələrinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci hissəsinə, 79, 187, 189 və 310-cu maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 119, 216, 220 və 222.2-ci maddələrinə istinad etmişdir.

21. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə, 3-cü maddəsinin 3, 4-1 və 12-ci hissəsinə, 12-ci maddəsinin b) və c) bəndlərinə, 68.1, 70, 78.2, 80.1, 80.2 və 300-cü maddələrinə, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.29-cu maddəsinə, “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1 və 216-220-ci maddələrinə istinad etmişdir.

22. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək birinci instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edimiş hissəsində ləğv edilməsini və iddianın tam olaraq rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

23. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, işin mahiyyətindən də və iddia tələbindəndə görünür ki, iddiaçının tələbləri bununla bağlı olmamışdır. Məhkəmə isə iddia tələbindən kənara çıxaraq iş üzrə işin mahiyyətinə aid olmayan maddi hüquq normaları ilə təmin etdiyi iddia üzrə qətnaməni əsaslandırmağa çalışmışdır. Belə ki, iddia tələninin əsasını Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsi təşkil etdiyi halda məhkəmə iddia tələbindən kənara çıxmaqla qeyd edilən normaları tətbiq etmişdir. İddia tələbi əmrin etibrsız hesab edilməsi və işə bərpa tələbi olduğu halda məhkəmə tətbiq edilməli olan normanı tətbiq etməmişdir. Digər bir hal isə məhkəmə tətbiq etdiyi bu normalardıda işin hallarına münasibətdə düzgün şərh etməmişdir. Məhkəmə bu cavabdeh təşkilatın 06 sentyabr 2024-cü il tarixli 80 nömrəli əmrinin bu normaların tələblərinə uyğun qəbul edilmədiyini qeyd etsə də nəticədə 14 noyabr 2024-cü il tarixli, 110/2 nömrəli əmri ləğv etmişdir. Hansı ki, iddia tələbi 14 noyabr 2024-cü il tarixli, 110/2 nömrəli əmrin etibarsızlığı olmuşdur. Hansı ki, cavabdeh təşkilat tərəfindən verilmiş hər iki əmr qanunvericiliyin tələblərinə tam olaraq uyğun verilmişdir. Heç bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə bu normanı qeyd etməklə qətnaməsini əsaslndırmağa çalışır ki, cavabdeh təşkilatın nizamnaməsində direktorun şatat ixtisarı aparmaq səlahiyyəti yoxdur və buna dair isə heç bir əsas tapmadığı üçün də qətnamənin əsaslandırma hissəsində qeyd edir ki, nə qədər ki, ştatların ləğv edilməsi ilə bağlı əmrin verilməsi Tovuz Dövlət Sosial-X1 üzrə direktorun səlahiyyətlərində əksin tapmamış, belə bir səlahiyyət olsa belə Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyinin razılığı alınmamışdır. Buda onu göstərir ki, məhkəmə bunula bağlı heç bir araşdırma aparmamış və bu səlahiyyətin məhdudlaşdırılması barədə heç bir əsas tapmamışdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqəqi hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə isə qətnaməsinin əsalandırma hissəsində işin hallarına münasibətdə maddi hüquq normasını düzgün şərh etməmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin mənasına görə, məhkəmələr qanunla nəzərdə tutulmuş müstəsna hallar istisna olmaqla, iddianın predmetinə aid olmayan halları və faktları araşdıra və qətnamədə bunlara hüquqi qiymət verə bilməzlər. Məhkəmə isə iddia tələbindən kənara çıxaraq xx.xx.2024-cü il tarixli əmri araşdırmış və nəticədə 14 noyavr 2024-cü il tarixli əmrin ləğv ediləsini qət etmişdir. Əslində isə iddia tələbi əmrin etibarsız hesab edilməsi və işə bərpa olmuşdur. İddiaçı iddia ərəzəsində cavabdeh təşkilatın direktoru barəsində inzibati xəta haqqında qərar qəbul edildiyini qeyd etmişdir. Məhkəmə bu hallara münasibət bildirməsədə qeyd edilən imzibati xəta haqqında qərar məhkəmə qaydasında mübahiəsləndirilmiş və bu barədə Azərbaycan Respublikası Gəncə Apellyasiya məhkəməsi 18 mart 2025-ci il tarixdə, 3(104)-127/2025 nömrəli qərar qəbul edərək, inzibari xəta haqqında qərarı ləğv etmiş və iş üzrə icraata xitam vermişdir. Bu qərar Tovuz rayon məhkəməsi 11 mart 2025-ci il tarixli, 2(062)- 619/2025-nömrəli qətnaməsi qəbul edildikdən sonra verildiyi üçün bu qərarı məhkəməyə təqdim edə bilməmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, məhkəmə iddia tələbindən kənara çıxaraq xx.xx.2024-cü il tarixli əmri araşdırmış və nəticədə 14 noyabr 2024-cü il tarixli əmrin ləğv ediləsini qət etmişdir. Əslində isə iddia tələbi əmrin etibarsız hesab edilməsi və işə bərpa olmuşdur. Ştat ixtisarı Tovuz Dövlət Sosial İqtisadi Kollecində “ibtidai sinif müəllimliyi” ixtisasına 2016-cı il tarixdən tələbə qəbulu dayandırıldığı və həmin ixtisasa uyğun dərs yükü olmadığı ilə bağlıdır. Burada iddiaçılarla və kollec arasında heç bir problem yoxdur. Məhkəmə araşdırmır ki, bu şəxlər hansı işdə saxlanıla bilər və ya bu şəxslər kimin yerinə işə cəlb edilsin. Axı onların tədrisini apardıqları ibtidai sinif müəllimliyi ixtisası üzrə kollecdə tələbə qəbulu 2016-cı il tarixdən dayandırılıb və həmin ixtisasa uyğun dərs yükü yoxdur. Buna görə də iddiaçının vəzifəsi üzrə olan ştat ixtisar edilmişdir. Həmçinin, bununla bağlı Həmkarlar İttifaqının tərəfindən qərar da qəbul edilmişdir. Eyni zamanda, həmkarların qeyd olunan məsələyə dair qərarın nə zaman qəbul etməsi ilə bağlı qanunvericilikdə dəqiq məlumat yoxdur. Həmçinin, kollec direktoru tərəfindən ştatın ixtisar edilməsi barədə yuxarı qurumla razılaşdırılmasını tənzimləyən hüquqi norma yoxdur. Bundan əlavə məhkəmə həmkarlar ittifaqının iclas tarixi, əmrin ləğv edilməsi tarixindən sonra da olmasının hüquqi nəticəsi yoxdur. Çünki, iddiaçının tutuduğu vəzifə üzrə ştat artıq ixtisar olmaqla mövcud olmamışdır. Nizamnamədəki bənd müəllimlərə yox yardımcı vəzifə tutunlara aiddir. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

26. İddiaçının nümayəndəsi (əri) apellyasiya şikayətinin dəlillərinə əsassız hesab edərək və iddia ərizəsində göstərilən xüsusatlara oxşar izahat verərək, əlavə olaraq göstərmişdir ki, iddia tələblərində əmrin etibarsızlığı qeyd edilsə də, arvadı olan iddiaçı işə qəbul olması barədə əmrinin ləğv edilməsini və onun işə bərpa edilməsini istəyir. Lakin, iddia tələblərində “əmrin etibarsızlığı” yazmışlar və bu barədə isə iddia tələbində dəqiqləşdirmə aparmamışlar. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

27. Maddə 2 Hissə İ. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

28. Maddə 2. Hissə İ. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

29. Maddə 9 (bənd “q”). Əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir.

30. Maddə 12 (bənd c). Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir.

31. Maddə 14. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.

32. Maddə 68. Hissə 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

33. Maddə 68. Hissə 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

34. Maddə 69. Hissə 2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

35. Maddə 70. b bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv oluna bilər.

36. Maddə 71. Hissə 1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

37. Maddə 71. Hissə 3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

38. Maddə 77. Hissə 1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğvedilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda– azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda– azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda– azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda– azı doqquz təqvim həftəsi.

39. Maddə 78. Hissə 1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

40. Maddə 80. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

41. Maddə 300. Hissə 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

42. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

49. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

50. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

51. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

54. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni iddianın təmin edilmiş hissəsində mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını mübahisələndirilən təmin edilmiş hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

56. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(062)-619/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

58. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı Azərbaycan Müəllimlər İnstitutunun ibtidai təhsilin pedoqogikası və metodikası ixtisası üzrə bakalavr təhsili almışdır. xx.xx.2010-cu il tarixdə Tovuz Dövlət Sosial-İqtisadi Kollecində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. İddiaçı ibtidai sinif müəllimi kimi fəaliyyət göstərmişdir, lakin kollecdə 2014-cü ildən həmin ixtisasa tələbə qəbulu dayandırılmışdır. Tovuz Dövlət Sosial- İqtisadi Kollecində 2024-cü ilin sentyabr ayında müəlimlərin ixtisaslarına uyğun dərs saatları hesablanarkən İddiaçı ixtisasına uyğun dərs saatının olmadığı məlum olmuşdur. Tovuz Dövlət Sosialİqtisadi Kollecinin direktoru Hicran Əyyubova tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 80 nömrəli əmr əsasında “ibtidai sinif müəllimliyi” ixtisasına 2016-cı il tarixdən tələbə qəbulu dayandırıldığı və həmin ixtisasa uyğun dərs yükü olmadığı üçün xx.xx.2024-cü ildən ibtidai təhsilin pedaqogika və metodika ştatlarının ləğv edilməsi əmr edilmişdir. Məhz bu səbəbdən iddiaçıya direktor Hicran Əyyubova tərəfindən xx.xx.2024cü il tarixli xəbərdarlıq məktubu ünvanlanmış, daha sonra isə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə 110/P2 saylı əmr əsasında xitam verilmişdir.

59. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

60. Bu isə onu ehtiva edir ki, Əmək Məcəlləsi işəgötürən və işçi arasında olan əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsiplərinə əsaslanır və hər hansı fərqli yanaşmaya yol vermir.

61. Əmək Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdən ibarətdir.

62. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinə əsasən isə əmək münasibətləri sahəsində işəgötürənin ....c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək hüquqları vardır.

63. Eyni zamanda Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; ... e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; ə) işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək; ... və sairdən ibarətdir.

64. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi haqqında qərar qəbul edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol verməmişdir.

65. Belə ki, əmək müqaviləsinə xitam verilməsinin ümumi prinsipləri kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsində deyilir ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

66. Həmin maddənin a) bəndində əmək münasibətlərinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi müəyyən olunmuşdur.

67. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin «c» bəndinə görə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir.

68. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi göstərilmişdir.

69. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə işçilərin sayı və ya ştat vahidlərinin ixtisarı ilə əlaqədar xitam verilə bilər. Lakin, bu müddəanın tətbiqi üçün yalnız ixtisarın faktiki həyata keçirilməsi kifayət deyil, eyni zamanda belə bir qərarın qanuni əsasla, səlahiyyətli orqan və ya şəxs tərəfindən verilməsi və bu zaman əmək qanunvericiliyində nəzərdə tutulan prosedur qaydalarına riayət edilməsi zəruridir.

70. Cavabdeh iddia tələbinə olan etirazlarını onunla əsaslandırırlar ki, ştat vahidlərinin ləğv edilməsinin direktor səlahiyyətlərində olduğunu və buna görə də digər qurumlarla razılaşdırılmalı olmadığını bildirmişdir. Eyni zamanda, iddiaçının fəaliyyət göstərdiyi “ibtidai sinif müəllimliyi” ştatı ixtisar olduğundan və hazırda həmin ştata uyğun dərs saatı mövcud olmadığından əmr ləğv edilmiş və əmək müqaviləsinə xitam verilmişdir.

71. Bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən ştat vahidlərinin ləğv edilməsinin direktor səlahiyyətlərinə aid olub-olmaması, habelə, bunun hansı meyarlar əsasında həyata keçirilməsi üzrə müvafiq olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyinə soğru etmiş, lakin, sorğuya cavab gəlməmişdir. Bununla belə birinci instansiya məhkəməsi tərəfindən cavabdeh orqanın özünə sorğu edilərək Kollecin Nizamnaməsi əldə edilmişdir ki, direktorun səlahiyyətləri müəyyən edilə bilsin.

72. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə Kollecə məxsus Nizamnamə təqdim edilmişdir. Qeyd olunan Nizamnamənin 4.14.5-ci bəndindən görünür ki, müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin sqy həddi daxilində ştat cədvəlini Ağentliklə razılaşdırmaqla, həmçinin daxili intizam qaydalarını və işçilərin vəfifə təlimatlarını təsdiq edilir. Eyni zamanda, Nizamnamənin 4.14.1-4.14.19-cu bəndlərində isə bu səlahiyyətlər içərisində ştatların ixtisar edilməsi qeyd olunmamışdır. Cavabdehin nümayəndəsinin qeyd etdiyi bənd isə ştat vahidlərinin təsdiq edilməsi ilə bağlıdır ki, burada ixtisardan söhbət getmir. Göründüyü kimi direktorun belə bir səlahiyyətinin olması Nizamnamədə əksin tapmamışdır.

73. Digər tərəfdən direktorun belə səlahiyyəti olsa belə, ştat vahidlərinin təsdiq edilməsinin Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi ilə razılaşdırılmalı olduğu kimi, onun ixtisarı da hər bir halda razılaşdırılmalı idi. Lakin rəsmi yazılı bir sənəd məhkəmələrə təqdim edilməmişdir.

74. Eyni zamanda cavabdehin vəkilinin 4.14.5-ci bəndin müəllimlərə aidiyyətinin olmaması ilə bağlı qeyd edilməlidir ki, Nizamnamədə müəllim və ya digər işçi ayırımı aparılmamışdır.

75. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 12-ci maddəsinin b) və c) bəndlərinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək və əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir.

76. Məhkəmə qeyd edir ki, müəllim ştatlarının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi tərəfindən təsdiq edilməsi nəzərə alınmaqla, kollec direktorunun isə ştatların ixtisar edilməsi kimi bir səlahiyyəti müəyyən edilmədiyindən, ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi ilə razılaşdırılmalı, sonuncu tərəfindən ixtisar olmalı olmasına baxmayaraq, qeyd olunan hal iş materialları ilə öz əksini tapmamış, məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Maraqlı şəxs sədrlik edənin suallarına cavab olaraq ştatın ixtisarı ilə əlaqədar onlara məlumat verilmədiyini, bu barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi tərəfindən hər hansı əmr verilmədiyini bildirdi.

77. Nazirlər Kabinetinin 13 fevral 2014-cü il tarixli, 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə ştat cədvəllərinin tərtibi, təsdiqi və tətbiqi Qaydası” bu məsələdə əsas normativ aktdır. Bu Qaydanın əsas müddəaları: Ştat cədvəli müəssisə rəhbəri tərəfindən tərtib edilir, lakin Müvafiq icra hakimiyyəti orqanının (maliyyə, təhsil, səhiyyə və s. nazirliklərinin) razılığı ilə təsdiqlənməlidir. Struktur dəyişikliyi və ştat ixtisarları bir qayda olaraq, təsisçi orqanın və ya müvafiq icra hakimiyyətinin razılığı ilə aparılır.

78. Yəni, kollec direktoru ştat vahidlərini təkbaşına ixtisar edə bilməz. Onun bu qərarı təsisçi orqanla (məsələn, Təhsil Nazirliyi, Agentlik və ya tabeliyindəki regional təhsil idarəsi) razılaşdırılmalıdır.

79. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi və Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə ştat cədvəllərinin tərtibi, təsdiqi və tətbiqi Qaydası”nın müddəalarına əsasən, dövlət hesabına maliyyələşən kolleclərdə struktur dəyişiklikləri və ştat ixtisarı yalnız səlahiyyətli icra orqanının razılığı ilə həyata keçirilə bilər. Belə olan halda, kollec direktorunun müstəqil şəkildə ixtisar apararaq əmək müqaviləsinə xitam verilməsi haqqında əmr imzalaması hüquqi əsasdan məhrumdur və səlahiyyət hüdudlarının aşılması kimi qiymətləndirilməlidir.

80. Göründüyü kimi, direktorun bu cür əhəmiyyətli qərar qəbul etmək - yəni struktur dəyişiklikləri aparmaq, ştat vahidlərini ləğv etmək və ya ixtisar qərarları vermək səlahiyyəti olmadığı müəyyən olunmuşdur. Bu hal kollecin nizamnaməsində də öz təsdiqini tapır; belə ki, nizamnaməyə əsasən direktorun yalnız ştat cədvəllərini təsdiq etmək səlahiyyəti vardır, lakin müstəqil şəkildə ştat ixtisarı aparmaq və bu əsasla əmək müqavilələrinə xitam vermək səlahiyyəti nəzərdə tutulmamışdır.

81. Hüquqi baxımdan səlahiyyət həddini aşmaqla qəbul edilən qərarlar və onların hüquqi nəticələri, o cümlədən əmək münasibətlərinə xitam verilməsi ilə bağlı əmrlər hüquqi qüvvəyə malik deyildir. Bu mənada, ixtisarın hüquqi əsasının olmaması səbəbilə, həmin ixtisar əsasında əmək müqaviləsinə xitam verilməsi qanunsuz hesab edilir.

82. Eyni zamanda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməzdən əvvəl həmkarlar ittifaqının razılığı alınmalı idi. Lakin, təqdim olunan sənədlərdən göründüyü kimi, həmkarlar ittifaqının iclası xx.xx.2024-cü il tarixində keçirilmişdir. Halbuki, ştatların ixtisarı artıq cavabdehin xx.xx.2024-cü il tarixli əmrinə əsasən həyata keçirilmişdir. Ştatların ixtisarının xx.xx.2024-cü il tarixdə həyata keçirilməsi isə onu ehtiva edir ki, artlq həmin tarixdən iddiaçının əmək fəaliyytini həyata keçirdiyi ştat mövcud olmamış, cavabdeh ona formal olaraq 2 aylıq xəbərdaretmə müddəti ilə müraciət etmiş və həmkarlar ittifaqının ştatların ixtisarı ilə bağlı razılığı xx.xx.2024-cü il tarixdə mövcud olmamışdır.

83. Bu isə Əmək Məcəlləsinin 78.1-ci maddəsinin birbaşa pozulması deməkdir. Həmin maddəyə əsasən, həmkarlar ittifaqı təşkilatının razılığı olmadan əmək müqaviləsinə xitam verilməsi, xüsusilə də ixtisar halında, hüquqi nəticə doğura bilməz. İşəgötürən tərəfindən isə yazılı məlumatın verilməsi barədə isə məhkəməyə sübut təqdim edilməmişdir.

84. Əmək Məcəlləsinin 19-cu maddəsinə görə işçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında həmkarlar ittifaqları təşkilatı yaradıla bilər. İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilərlər.

85. Həmkarlar ittifaqlarının hüquqları, vəzifələri və səlahiyyətləri “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu və onların nizamnamələri ilə müəyyən edilir.

86. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə görə həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluğa kömək göstərilməsi tədbirlərin həyata keçirilməsində iştirak edirlər. İşəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmaqla həyata keçirilir.

87. Qeyd olunmalıdır ki, Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli iclasında isə Komitə işçilərin əmək, sosial, iqtisadi hüquqlarının, qanuni mənafelərini müdafiə edilməsi missiyasından kənara çıxaraq işəgötürənin verdiyi təqdimatı əsaslı sayaraq ştatların ixtisar edilməsinə və bu əsasla adları göstərilən işçilər ilə əmək müqaviləsinə xitam verilməsinə etiraz etməmişdir. Lakin, Həmkarlar Komitəsi nəzərə alınmamışdır ki, ştatların ixtisarı ilə bağlı etiraz edilməməsinə ehtiyac yoxdur. Çünki, direktor əvəzi ştatları özü xx.xx.2024-cü il tarixli əmr ilə ləğv etmiş, formal olaraq isə iki ay sonra Həmkarlar İttifaqı Komitəsinin iclasına müzakirəyə çıxarmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, ştatları ləğvi qanunsuz həyata keçirilmiş, Həmkarlar İttifaqı Komitəsinin iclası formal xarakter daşımışdır. Yəni artıq işçinin hüququnun pozulması ilə həllini tapmış bir məsələnin zahiri görüntü üçün qanuni çərçivəyə salınmasına xidmət edən qanunsuz addımlar atılmışdır. Həmkarlar Komitəsi isə təqdimatın verilməsi üçün zəruri olan sənədləri nəzərdən keçirmədiyinə görə formal olaraq işçinin hüququnu pozan qərar qəbul etmişdir.

88. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı azyaşlı övladlara malikdir və bu hal əmək hüququ baxımından xüsusi sosial müdafiə kateqoriyasına aiddir. Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən, ixtisar zamanı azyaşlı uşaqları olan işçilərin işdə saxlanılmasına üstünlük verilməsi qanunla müəyyən olunmuşdur. İşəgötürənin bu meyarı nəzərə almadan ixtisar tətbiq etməsi, işçinin ailə vəziyyətini qiymətləndirmədən əmək müqaviləsinə xitam verməsi qanunvericiliyin ruhuna və məqsədinə ziddir. Hansıki, işəgötürən olaraq cavabdeh tərəfindən tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılması yolunda real addımlar atılmamış, bunun üçün işəgötürən özünün müəyyən etdiyi bir prosedur həyata keçirilməmişdir.

89. Bundan başqa, tərəflərin məlumatları ilə müəyyən edildiyi kimi iddiaçı ilə yanaşı ixtisar edilmiş digər müəllimlər 2016-cı ildə kollecdə başqa sahələr üzrə dərs yükü ilə təmin edilmiş və üzun illərdir ki, yeni ixtisas üzrə çalışırlar. Cavabdeh bu hallara görə ixtisar olunmuş müəllimlərə yeni ixtisasa yiyələnmək üçün təhsil imkanları vermək və üzun illər başqa sahələr üzrə dərs demiş müəllimlərin yeni təhsilini gözləmək əvəzinə onları tədrisdən kənarlaşdırmağa çalışmışdır.

90. Məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 100/1 nömrəli əmrlə xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək iddiaçıya təhsil məzuniyyəti verilmişdir. Belə olan halda iddiaçının yeni peşəyə yiyələnməsi istiqamətində addımların atılmasına baxmayaraq cavabdeh onun bu hərəkətlərini qiymətləndirməmiş və iddiaçının işdən uzaqlaşdırılmasında maraqlı olmuşdur.

91. İşin cavabdeh tərəfindən mübahisələndirilən hallarından biridə ondan ibarətdir ki, müəllimlər icra etdiyi dərs saatlarına görə əmək haqqı alırlar. İddiaçının dərs saatları omadığından ona əmək haqqı verilə bilməz.

92. Bununla bağlı qeyd olunmalıdır ki, cavabdehin xx.xx.2024-cü il tarixli əmri ilə iddiaçıda daxil olmaqla 5 nəfər müəllimin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işə çıxamaları əsası ilə onalara 15 günlük əmək haqqının ödənilməməsi qərarara alınmışdır.

93. Belə olan halda cavabdehin mübahisələndirdiyi hal özünün hərəkətləri ilə təkzib olunur. Belə ki, iddiaçı dərsi olmadığından əmək haqqı almırdısa o zaman cavabdeh onun almadığı əmək haqqısını 15 gün ərzində necə kəsmişdir.

94. Apellyasiya şikayətinin bir dəlilidə ondan ibarətdir ki, birinci instansiyası məhkəməsi tələbdən kənara çıxmışdır.

95. Apellyatorun bu dəlili ilə də razılaşmayan məhkəmə qeyd edir ki, iddiaçının hüquqi marağı əmrin ləğvindən ibarət olmuşdur. Belə ki, bu hal apellasiya məhkəməsinin islasında iddia tərəfi ilə müzakirə edilmiş və iddia tərəfi onların maraqlarının əmrin ləğv olunmasından, iddiaçının isə işə bərpa olunmasından ibarət olduğunu bildirmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi iddia tərəfinin marağını nəzərə alaraq mübahisə predmeti olan əmri ləğv etməkdə haqlı olmuş və bu hal tələbdən kənara çıxma kimi qiymətləndirlə bilməz.

96. Qeyd olunmalıdır ki, mülki prosessual hüquqda “tələbə bağlılıq” prinsipi iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsi anlamına gəlməməklə, hakimin iddiaçının istədiyindən çoxunu və ya istədiyindən başqa bir tələbi təmin edə bilməyəcəyini ifadə edir. İddiaçının istəyinin nə olduğu isə, təkcə iddia ərizəsinin son (xahiş) hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, iddia ərizəsinin ümumi mətni içərisində öz əksini tapan iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Başqa sözlə, bu prinsip məhkəmənin məhz tərəflərin həqiqi məqsəd və istəyini nəzərə almalı olduğunu və bu çərçivədə qərar qəbul etməli olduğunu bildirir. Əks yanaşma, hüquqların məhkəmə müdafiəsi ilə bağlı konstitusion əsaslara, eyni zamanda bu prinsipin sıx bağlı olduğu prosessual qənaət prinsipinə ziddir.

97. Birinci instansiya məhkəməsi tərəfindən iddia predmeti – əmək müqaviləsinə xitam verilməsinin qanunsuz hesab olunması və işə bərpa tələbi – bütünlükdə əmrin hüquqi qiymətləndirilməsini tələb etdiyindən, məhkəmənin əmrin ləğv edilməsi ilə bağlı gəldiyi nəticə tələbə bağlılıq prinsipinə uyğun olmuşdur.

98. Belə ki, işə bərpa tələbi üzrə çıxarılan istənilən qətnamədə işdən çıxarılma səbəbinin mövcudluğu və qanuniliyinə hüquqi qiymət verilməlidir. Əgər məhkəmə əmək müqaviləsinin xitam verilməsinin qanunsuz olduğu qənaətinə gəlirsə, bu, müvafiq əmrin etibarsız hesab edilməsinə və hüquqi qüvvəsinin itirilməsinə gətirib çıxarır. Bu halda məhkəmə iddia predmeti çərçivəsində fəaliyyət göstərmiş sayılır.

99. Bunlardan başqa cavabdehin vəkili məhkəmə iclasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin vəkilin müraciətinə xx.xx.2025-ci tarixli cavab məktubunu məhkəməyə təqdim etmişdir. Cavab məktubunda bildirirlir ki, orta ixtisas təhsil müəssisələrində mövcud ixtisaslar üzrə qəbul planından asılı olaraq pedaqoji heyətin işə qəbulu və ixtisarı müəssisə rəhbərinin səlahiyyətindədir.

100. Lakin məhkəmə cavabdeh tərəfin təqdim etdiyi məktubu ştatların ixtisarının cavabdehin səlahiyyətində olmasını təsdiq edən sübut kimi qəbul etmir. Belə ki, Ağentliyin bu cavabı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Kollecin Nizamnaməsinə ziddir. Agentlik ondan yuxarı olan Elm və Təhsil Nazirliyinin iradə ifadəsini təhrif edə bilməz.

101. Odur ki, apellyatorun irəli sürdüyü kimi, birinci instansiya məhkəməsinin guya tələbdən kənara çıxaraq əmri ləğv etməsi barədə dəlil nə hüquqi, nə də prosessual baxımdan əsaslandırılmış sayıla bilməz, çünki əmrin hüquqi nəticələrinin aradan qaldırılması və etibarsız hesab olunması iddiaçının irəli sürdüyü tələbin ayrılmaz və mütləq tərkib hissəsidir.

102. Bu baxımdan, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən arqumentlər və iddialar hüquqi baxımdan əsaslandırılmamış, onların iş üzrə mövcud sübutlarla təsdiq olunmadığı müəyyən edilmişdir.

103. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

104. Azərbycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

105. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

106. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

107. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.

108. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə X5 Dövlət Sosial-İqtisadi Kolleci tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(062)-619/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar