Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1115/2023 02.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və Cavabdeh qızının iştirakı ilə, İddiaçı Cavabdeh qızı və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı birgə mülkiyyətdə olan əmlakda payların naturada bölünməsi tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(015)-36/2022 nömrəli qətnaməsindən Cavabdeh qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qızı və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvandakı 0,0772 ha həyatyanı torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 52,5 kv.m olan fərdi yaşayış evinin payına düşən ¾ hissəsinin, tərəfindən inşa edilmiş və tikintisi başa çatdırılmamış fərdi yaşayış evi ilə birlikdə naturada ayrılıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, sahəsi 52,5 kv.m olan fərdi yaşayış evindən payının naturada ayrılması tələbini çıxmaq şərti ilə, yalnız 0,0772 ha həyatyanı torpaq sahəsinin payına düşən ¾ hissəsinin, həmin torpaq sahəsində onun tərəfindən inşa edilmiş tikintisi başa çatdırılmamış fərdi yaşayış evi ilə birlikdə naturada ayrılıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli 2(104)-3508/2021 nömrəli qərardadı ilə Cavabdeh qızının Tovuz Rayon Məhkəməsinin sədri olan hakim Qafil Baxşıyevə etdiyi etiraz təmin edilərək, mülki işin baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ağstafa Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(015)-36/2022 nömrəli (hakim: Z.Rəsulov) qətnaməsi ilə İddiaçı Cavabdeh qızı və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “birgə mülkiyyətdə olan əmlakdan payın naturada ayrılması” barədə iddiasının təmin edilməsi; Tovuz şəhəri İ.Mürşüdov küçəsi 11-də yerləşən 0,0772 ha torpaq sahəsində real bölgü aparılması (ekspert rəyinə əlavə olunmuş plan-sxemə müvafiq olaraq); Mübahisəli torpaq sahəsinin bölünüb ayrılmasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə həvalə olunması; İş üzrə ekspertiza xərcini təşkil edən 100 (bir yüz) manat məbləğində pulun İddiaçı və Cavabdeh qızından müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2022-ci il tarixli 2(104)- 2254/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Ağstafa Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(015)-36/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh qızı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2023-cü il tarixli 2(102)-433/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2254/2022 nömrəli iş üzrə 02 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********10-10301 nömrəli çıxarışa əsasən, Tovuz şəhəri İ.Mürşüdov küçəsi 11 nömrəli üvandakı 0,0772 ha həyatyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 52,5 kv.m olan fərdi yaşayış evinin ¾ hissəsinə onun, ¼ hissəsinə isə Cavabdeh qızının mülkiyyət huququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə həmin torpaq sahəsi üzərində onun tərəfindən inşa edilmiş və tikintisi başa çatdırılmamış fərdi yaşayış evi mövcuddur. Hazırda həmin əmlakdan öz mülkiyyət payının naturada ayrılmasını istəyir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh qızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipi pozulmuşdur. Eləcə də nəzərə alınmamışdır ki, mübahisə olunan ev yalnız bir sanitariya qovşağından ibarətdir. İşə baxan birinci instansiya məhkəməsi gəlmiş olduğu nəticəni müvafiq ekspert rəyi ilə əsaslandırsa da, lakin həmin rəyə görə də belə nəticəyə gəlmək mümkün deyil. Belə ki, mübahisəli yaşayış sahəsi bir otaqdan və bir sanitariya qovşağından ibarət olduğundan tərəflərin payına uyğun bölünməsi mümkün deyildir. Bundan əlavə, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Beləliklə, qeyd edilən müvafiq hüquq normalarından müəyyən olunur ki, ümumi mülkiyyətin bölgüsü üçün üç mərhələ ardıcıl olaraq yoxlanılmalıdır: 1) Ümumi mülkiyyətin naturada faktiki bölgüsü (naturada bölgü müddəası); 2) Ümumi mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsi kompensasiya müddəası); 3) Ümumi mülkiyyətin açıq hərracdan satışı (hərrac müddəası). Müvafiq hüquq normalarının aşkar mənasına görə hərrac müddəasının, yəni ümumi əmlakın açıq hərrac vasitəsilə satılması və satış pulunun mülkiyyətçilər arasında paylara müvafiq bölünməsi üçün vacib şərt naturada bölgü və kompensasiya müddəalarının yoxlanılmasıdır. Əgər naturada bölgü və kompensasiya müddəalarının uğurlu tətbiqi mümkün olmazsa, bu halda hərrac müddəası tətbiq edilə bilər. Lakin kompensasiya müddəasının tətbiqinin mümkünsüzlüyü iş materialları ilə müəyyən edilmir. Beləliklə işə baxan birinci instansiya məhkəməsi kompensasiya müddəasının tətbiqini lazımınca müzakirə etməmiş və buna dair tərəflərin arqumentlərinin olub-olmamasını aydınlaşdırmamışdır. Həmçinin, məhkəmə qətnamədə bölgü müddəasına münasibət bildirsə də, kompensasiya müddəasının tətbiqinin hansı səbəbdən mümkün olmamasına münasibət bildirməmişdir. Bundan əlavə, bu xüsusat da nəzərə alınmalıdır ki, iddiaçının ümumi mülkiyyətdə payı cüzidir. Bu halda məhkəmə üçün Mülki Məcəllənin 220.4-cü maddəsini tətbiq etmək üçün müvafiq hüquqi əsas meydana çıxıb. Belə ki, payın cüzi olması həmin mülkiyyətçinin razılığı olmadan müvafiq kompensasiya ödənilməklə onun payına xitam verilməsi üçün əsasdır. Buna uyğun olaraq məhkəmə iddia tələbindən kənara çıxa və kompensasiya ödənilməklə iddiaçının payına xitam verilməsi barədə qətnamə çıxara bilərdi. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh qızı apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Tovuz Rayon Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli 2(062)2278/2018 nömrəli qətnaməsindən görünür ki, 09 noyabr 2009-cu il tarixdə ölmüş X1 miras qalmış ünvan 2 ünvanda 771,73 kv.metr torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakdan mərhumun birinci dərəcəli vərəsələri olan X2 ¼ hissədən ibarət, X4 ¼ hissədən ibarət, İddiaçı ¼ hissədən ibarət və Cavabdeh qızının ¼ hissədən ibarət vərəsəlik paylarının müəyyən edilməsi; Qətnamənin həmin miras əmlakın vərəsələrinin paylarına uyğun şəkildə adına qeydə alınması üçün əsas olması qət edilmişdir; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvandakı 0,0772 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 52,5 kv.m fərdi yaşayış evinin ¾ hissədə mülkiyyət hüququ İddiaçı, ¼ hissədə isə Cavabdeh qızının adına qeydə alınmışdır; ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ümumi sahəsi 52,5 kv.m fərdi yaşayış evinin ¾ hissədə mülkiyyət hüququ İddiaçı, ¼ hissədə isə Cavabdeh qızının adına qeydə alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2021-ci il tarixli 10/2195 nömrəli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında çıxarış və texniki pasportda göstərilən ümumi sahəsi 52.5 kv metr olan fərdi yaşayış evinin 0,0772 ha həyatyanı torpaq sahəsinin künc hissəsində yerləşdiyini, faktiki vəziyyətini, bir yaşayış otağından, bir yataqxanadan, bir ayaq yolundan ibarət olduğunu, mətbəx və hamamın olmadığını nəzərə aldıqda, ümumi sahəsi 52.5 kv metr olan fərdi yaşayış evinin iki hissəyə, yəni ¼ və ¾ hissədə paylara uyğun şəkildə naturada bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2-ci, 2.4-cü və 2.9-cu bəndlərinin, eləcə də məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarının tələblərinə müvafiq olaraq mümkün deyildir; İş materiallarında olan 0,0772 ha həyatyanı torpaq sahəsinin yerləşmə vəziyyətinə uyğun olaraq hər iki tərəf künc hissəsində tikililərin olduğunu, ümumi sahəsi 52,5 kv metr olan evin paylara uyğun ¼ və ¾ hissələrə bölünməsinin mümkün olmadığı səbəbindən torpaq sahəsinin paylara uyğun şəkildə naturada bölünməsinin mümkün olmadığı müəyyən edilir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əlavə məhkəmə mühəndis-texniki ekspertizasının 18 mart 2022-ci il tarixli, 10/7363 nömrəli rəyində qeyd olunur ki, ünvan 3-də yerləşən 0.0772 ha torpaq sahəsinin mülkiyyətçiləri İddiaçı (3/4 payda) və Cavabdeh qızı (1/4 payda) arasında real-naturada iki hissəyə bölünməsi mümkündür. Bunun üçün tədqiq olunan torpaq sahəsinin küçə tərəfdən 31 metr uzunluqda olan hissədən və həmin hasara paralel vəziyyətdə olan qonşu tərəfə olan sərhəd hasarından 36 metr uzunluqda olan hissədən 17,30 metr uzunluğunda sərhəd hasarı çəkilərək əmələ gəlmiş 579,0 kv.metr torpaq sahəsinə küçə tərəfdən giriş çıxış yolu açılmalıdır. (bax rəyə əlavə olunmuş plan sxemə). Qeyd olunur ki, tərəflərin paylı mülkiyyətində olan ünvan 3-də yerləşən 0,0772 ha torpaq sahəsinin üzərində (sol künc hissəsində) yerləşən A,B,C literli tikililərin planlı yerləşmələrini və yaşayış evinin bir yaşayış otağından, bir hamam və ayaqyolu tikililərindən ibarət olduğunu nəzərə alaraq tədqiq olunan yaşayış evinin tərəflərin paylarına uyğun şəkildə bölünməsi mümkün deyil. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 152, 213.2, 213.5, 223.2, 223.3 və 238.1-ci maddələrinə istinadən hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə müvafiq olaraq, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.5. maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasəm, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 220-ci maddəsinə müvafiq olaraq, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Həmin Məcəllənin 223-cü maddəsinə əsasən, birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 15 sentyabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Bundan əlavə Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “N.A və digərlərinin Türkiyəyə qarşı” iş üzrə 09 yanvar 2007-ci il tarixli qərarında bir daha qeyd etmişdir ki, demokratik cəmiyyətin təməl prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün müddəalarına xasdır. Qanunilik prinsipi onu nəzərdə tutur ki, milli qanunvericiliyin tətbiq edilə bilən hər bir norması kifayət qədər dəqiq, aydın, əlçatan, eyni zamanda tətbiq edilərkən onların nəticələri əvvəlcədən məlum olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri baxımından mübahisəyə hüquqi qiymət verilərkən ilk növbədə sözügedən müxtəlif maraqlar bütünlüklə aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, Konvensiyanın məqsədi “praktiki və səmərəli” hüquqları təmin və müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə diqqət yetirilməli, şikayət edilən məsələnin reallıqları və sair hallar tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. “Broniovski Polşaya qarşı” işdə də (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsüfdən asılı deyil. “Burdov Rusiyaya qarşı” iş üzrə qərarında məhkəmə bir daha xatırlatmışdır ki, “tələb” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə ”mülkiyyət” kimi o halda başa düşülə bilər ki, kifayət qədər müəyyən olunmuş olsun ki, bu tələb hüquqi cəhətdən realizə edilə bilsin. Məhkəmə kollegiyasının iclasında isə müəyyən olunur ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarışlara əsasən, ünvan 3 ünvandakı 0,0772 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 52,5 kv.m fərdi yaşayış evi ¾ hissədə İddiaçı, ¼ hissədə isə Cavabdeh qızının adına qeydə alınmışdır. Mülkiyyətçi İddiaçı qeyd olunan 0,0772 ha həyatyanı torpaq sahəsinin payına düşən ¾ hissəsinin, eləcə də onun tərəfindən həmin torpaq sahəsinin üzərində inşa edilmiş və ona məxsus olan tikintisi başa çatdırılmamış fərdi yaşayış evinin naturada ayrılıb ona verilməsi barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, iş üzrə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 220-ci maddəsi çıxış edir. Həmin normaya əsasən, paylı mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər, paylı mülkiyyətçilər ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İşdən göründüyü kimi mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən 52,5 kv.m fərdi yaşayış evi vahid daşınmaz əmlak kimi tərəflərin ümumi paylı mülkiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 3.7-ci maddəsinə müvafiq olaraq, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, vahid daşınmaz əmlakda mövcud olan payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bu o deməkdir ki, ümumi mülkiyyətdə olan daşınmaz əşyadan, məsələn torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evindən paya uyğun həcmdə ayrılan hissə, özünün müstəqil girişi, köməkçi (sanitar qovşağı, mətbəx və s.) və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gəlməlidir. Yəni, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində reyestrdə qeydə alına bilər. Bunun üçün aydın bir bölgü planının da tərtiblənməsi zəruridir. Əks halda payın naturada ayrılması tələbi təmin oluna bilməz. Ona görə də yaranmış vəziyyətdə vahid daşınmaz əmlaka aid olan torpaq sahəsinin ayrılıqda bölünmə predmeti ola bilməsi üçün ilkin olaraq araşdırılmalı olan hal belə bir bölgünün aparılmasının mümkünlüyüdür. Vahid daşınmaz əmlak üzrə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olubolmaması bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər. Ancaq nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İşdən müəyyən olunur ki birinci instansiya məhkəməsində icraat zamanı ünvan 3 ünvandakı 0,0772 ha torpaq sahəsinin naturada bölünüb-bölünə bilməməsinin müəyyən olunması üçün iki dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hər iki ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 3 ünvanındakı 0,0772 ha həyatyanı torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 52,5 kv metr olan evin tərəflərin mülkiyyət paylarına tənasüb olaraq naturada bölünməsi mümkün deyil. Lakin iş üzrə təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli, 10/7363 nömrəli rəyində qeyd olunmuşdur ki, rəyə əlavə olunmuş plan sxemə əsasən ünvan 3də yerləşən 0.0772 ha torpaq sahəsinin naturada paylara ayrılması mümkündür. İşə baxan birinci instansiya məhkəməsi də məhz həmin rəyi əsas götürərək mübahisəli torpaq sahəsinin tərəflərin mülkiyyətində olan paylara mütənasib şəkildə naturada ayrılması qənaətinə gəlmişdir. Buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin ümumi paylı mülkiyyətindəki ümumi sahəsi 52,5 kv metr olan fərdi yaşayış evi mübahisəli 0,0772 ha torpaq sahəsinin üzərində yerləşir. Nəzərə almaq lazımdır ki, qeyd olunan torpaq sahəsi ilə fərdi yaşayış evi vahid əmlakdır. Belə olduqda isə qeyd olunan torpaq sahəsinin tərəflərin mülkiyyət payı nisbətində paylara ayrılması, əslində torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin də naturada paylara ayrılmasını ehtiva etmiş olur. Belə ki, vahid əşyanı (tamı) əmələ gətirən və ya onunla sıx bağlı olan hissələr əşyanın tərkib hissəsidir və əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisi hesab edilir. Bu baxımdan əşyanın tərkib hissəsi ayrıca mülkiyyət predmeti sayılmır. Qeyd edilənlər onu göstərir ki, ümumi mülkiyyətdəki əşya üzərində payı olan şəxs həmin pay nisbətində əşyanın hansısa bir (tərkib) hissəsinin mülkiyyətçisi deyil, əşyanın tamamı üzərində olan vahid mülkiyyət hüququna öz payı nisbətində şərikdir. Bu səbəbdən əşyanın tərkibinə daxil olan hissə(lər) hansısa pay sahibinin mülkiyyət hüququndakı payına uyğun gəlsə belə, həmin qismi tərkib hissə statusunu itirmədən, yəni ayrıca və müstəqil əşya halına gəlmədən fərdi mülkiyyət predmeti ola bilməz. Əgər həmin reyestrdə qeydə alınmış daşınmaz əşyanın sərhədləri nəzərə alınmaqla belə ayrılma texniki cəhətdən mümkün deyilsə, hətta bu mümkün olsa belə ayrılma əşyaya tənasübsüz surətdə zərər vurarsa və digər paydaşların hüququnu əhəmiyyətli şəkildə pozarsa ayrılmaya yol verilmir. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ünvan 3-də yerləşən 0.0772 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 52.5 kv metr olan fərdi yaşayış evi tərəflərin ümumi paylı mülkiyyətində olduğuna və həmin evin mülkiyyətçilərin payları nisbətində naturada ayrılması mümkünsüz olduğuna görə qeyd olunan torpaq sahəsinin də naturada paylara ayrılması istisna təşkil edir. Həmçinin məhkəmə kollegiyası iddia tələbinin mübahisəli torpaq sahəsinin üzərində inşa edilmiş və tikintisi başa çatdırılmamış fərdi yaşayış evinin naturada ayrılıb verilməsi hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, ümumiyyətlə həmin tikilinin naturada ayrılması məsələsi yolverilməzdir. Belə ki, həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan iş üzrə mühüm əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət vermədən iddianı təmin etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İşdən müəyyən olunur ki, birinci instansiya məkhəməsində icraat zamanı aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri (50+100) 150 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatlarının ümumi dəyəri 150 manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(015)-36/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qızı və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı birgə mülkiyyətdə olan əmlakda payların naturada bölünməsi tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 150 manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1115/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1115/2023
02.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver