Məhkəmə qərarları › İş №2(104)-1147/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1147/2024

01.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1147/2024 01.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmlak Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(013)-1220/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 iyul 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-05/2023 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında xx.xx.2019-cu ildə qeydə alınmış nikah pozulmuş, xx.xx.2020-ci ildə anadan olmuş Nihad adlı uşaq anası İddiaçı yanında saxlanılmış və həmin uşağın saxlanılması üçün Cavabdeh hər ay 160 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir.

2. “"xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, İddiaçı tələb etdiyi əmlakların qiyməti onun iddia ərizəsində göstərdiyi qiymətlərlə eynilik təşkil edir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus qızıl-zinət əşyalarının naturada, özü olmadıqda isə dəyəri 6800 manat, cehiz əşyalarının naturada, özü olmadıqda isə 16141 manat, geyim paltarları, olmadıqda isə dəyəri 288 manat, ona məxsus diplom övladının doğum haqqında şəhadətnaməsinin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 26 aprel 2019-cu il tarixdə faktiki olaraq ailə qurmuşlar. Birgə nikahlarından 02 mart 2020-ci il tarixdə Nihad adlı uşaqları anadan olmuşdur. Ağdam Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 2(013)-05/2023 nömrəli qətnaməsi ilə nikahları pozulmuş və birgə nikahlarından doğulmuş uşaq onun himayəsində saxlanılmışdır. Ona məxsus çəkisi 27 qram, əyarı 585, qiyməti 1960 manat olan qızıl boyunbağı, çəkisi 11 qram, əyarı 585, qiyməti 880 manat olan qolbaq (bilərzik), çəkisi 6 qram, əyarı 585, qiyməti 420 manat olan sırğa dəsti, çəkisi 4,5 qram, əyarı 585, qiyməti 360 manat sırğa dəsti, çəkisi 8 qram, əyarı 585, qiyməti 640 manat olan nişan üzüyü, çəkisi 6 qram, əyarı 585, qiyməti 480 manat olan üzük, çəkisi 5,5 qram, əyarı 585, qiyməti 440 manat olan üzük, çəkisi 12 qram, əyarı 585, qiyməti 720 manat olan boyunbağı, çəkisi 13 qram, əyarı 585, qiyməti 900 manat olan iki ədəd klon, qiyməti 58 manat olan üç ədəd köynək, qiyməti 230 manat qış üçün gödəkçə, özünə məxsus diplom, uşağı X7 məxsus doğum haqqında şəhadətnamə, qiyməti 8850 manat olan 1 ədəd şifoner, 2 ədəd servant, 1 ədəd termo, 1 ədəd stol, 8 ədəd stul, televizor altı, qoşa çarpayı, 2 ədəd tumba, 1 ədəd mücrü, künc divan, jurnal stol, mətbəx mebelindən ibarət mebel dəsti, qiyməti 650 manat televizor, 160 manat qoşa döşək, 300 manat 2 ədəd yorğan, 150 manat 4 ədəd yastıq, 140 manat odeyal, 20 manat 2 ədəd döşəkçə, 240 manat böyük xalça, 150 manat olan balaca xalça, 95 manat 2 ədəd yataq dəsti, 54 manat 4 ədəd məhrəba, 24 manat 4 ədəd çay məhrəbası, 400 manat çay və nahar serviz dəsti, 120 manat olan 12 ədəd xrustal bakal, 40 manat xrustal qrafin və 6 ədəd bakal, 20 manat 4 ayaq və oxlov, 34 manat 6 ədəd nəlbəki, 90 manat xrustal stakan dəsti, 110 manat 2 qaşıq dəsti, 60 manat podnos dəsti, 75 manat 12 ədəd rumka, 37 manat 2 ədəd meyvə vazı, 10 manat sarımsaq əzən, 35 manat ləpə qabı, 25 manat çəngəl yığmaq üçün kapron qab, 24 manat 6 ədəd xrustal duz qabı, 55 manat 2 ədəd qənd qabı, 56 manat 8 ədəd mürəbbə qabı, 24 manat 6 ədəd nəlbəki, 8 manat çömçə, 25 manat tefal çaydan, 35 manat oyuncaq ayıbalası, 36 manat saat, 45 manat 2 ədəd gecə lampası, 5 manat 3 ədəd külqabı, 180 manat 2 ədəd çilçıraq, 25 manat çıraq, 160 manat tozsoran, 180 manat ətçəkən, 10 manat çörək qabı, 20 manat soğandoğrayan, 45 manat mikser, 80 manat 60 ədəddən ibarət boşqab dəsti, 70 manat 2 ədəd dəst tava, 82 manat 2 qazan dəsti, 70 manat 2 çaydan dəsti, 72 manat 2 ədəd çaynik, 15 manat aşsüzən, 30 manat 3 ədəd ləyən, 10 manat vanna, 560 manat 2 dəst pərdə, 90 manat ütü, 20 manat qozçəkən, 550 manat paltaryuyan, 50 manat 2 ədəd süfrə, 55 manat 6 ədəd stakan, 20 manat 3 ədəd vedrə, 25 manat 2 ədəd keks qabı dəsti, 55 manat mərtəbə qab, 40 manat 6 ədəd solfetqabı, 35 manat 6 ədəd taxta qaşıq, 1 ədəd qazan altı, 1 ədəd duzqabı, 60 manat ütü altı, 1150 manat olan «Vestel» markalı soyuducu, 180 manat olan elektrik sobası cavabdehlərin yaşadığı evdə qalmışdır.

5. İddiaçı Müşviq qızı qızıl-zinət əşyaları hissədə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək iddia ərizəsinin 4-cü sırada göstərilən və çəkisi 4,5 qram, 585 əyyarli, qiyməti 360 manat olan bir cüt sırğa və 7-ci sırada göstərilən çəkisi 5,5 qram, 585 əyyarlı, qiyməti 440 manat olan bir ədəd üzüyün texniki səhv olaraq yazılmasını bildirmişdir.

6. Ağdam Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(013)-1220/2023 nömrəli qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia təmin edilərək, Cavabdeh çəkisi 11 qram, əyarı 585, qiyməti 880 manat olan qolbaq (bilərzik), çəkisi 6 qram, əyarı 585, qiyməti 420 manat olan sırğa dəsti, çəkisi 8 qram, əyarı 585, qiyməti 640 manat olan nişan üzüyü, çəkisi 6 qram, əyarı 585, qiyməti 480 manat olan üzük, çəkisi 12 qram, əyarı 585, qiyməti 720 manat olan boyunbağı, çəkisi 13 qram, əyarı 585, qiyməti 900 manat olan iki ədəd klon, qiyməti 58 manat olan üç ədəd köynək, qiyməti 230 manat qış üçün gödəkçə, qiyməti 8850 manat olan 1 ədəd şifoner, 2 ədəd servant, 1 ədəd termo, 1 ədəd stol, 8 ədəd stul, televizor altı, qoşa çarpayı, 2 ədəd tumba, 1 ədəd mücrü, künc divan, jurnal stol, mətbəx mebelindən ibarət mebel dəsti, qiyməti 650 manat televizor, 160 manat qoşa döşək, 300 manat 2 ədəd yorğan, 150 manat 4 ədəd yastıq, 140 manat odeyal, 20 manat 2 ədəd döşəkçə, 240 manat böyük xalça, 150 manat olan balaca xalça, 95 manat 2 ədəd yataq dəsti, 54 manat 4 ədəd məhrəba, 24 manat 4 ədəd çay məhrəbası, 400 manat çay və nahar serviz dəsti, 120 manat olan 12 ədəd xrustal bakal, 40 manat xrustal qrafin və 6 ədəd bakal, 20 manat 4 ayaq və oxlov, 34 manat 6 ədəd nəlbəki, 90 manat xrustal stakan dəsti, 110 manat 2 qaşıq dəsti, 60 manat podnos dəsti, 75 manat 12 ədəd rumka, 37 manat 2 ədəd meyvə vazı, 10 manat sarımsaq əzən, 35 manat ləpə qabı, 25 manat çəngəl yığmaq üçün kapron qab, 24 manat 6 ədəd xrustal duz qabı, 55 manat 2 ədəd qənd qabı, 56 manat 8 ədəd mürəbbə qabı, 24 manat 6 ədəd nəlbəki, 8 manat çömçə, 25 manat tefal çaydan, 35 manat oyuncaq ayıbalası, 36 manat saat, 45 manat 2 ədəd gecə lampası, 5 manat 3 ədəd külqabı, 180 manat 2 ədəd çilçıraq, 25 manat çıraq, 160 manat tozsoran, 180 manat ətçəkən, 10 manat çörək qabı, 20 manat soğandoğrayan, 45 manat mikser, 80 manat 60 ədəddən ibarət boşqab dəsti, 70 manat 2 ədəd dəst tava, 82 manat 2 qazan dəsti, 70 manat 2 çaydan dəsti, 72 manat 2 ədəd çaynik, 15 manat aşsüzən, 30 manat 3 ədəd ləyən, 10 manat vanna, 560 manat 2 dəst pərdə, 90 manat ütü, 20 manat qozçəkən, 550 manat paltaryuyan, 50 manat 2 ədəd süfrə, 55 manat 6 ədəd stakan, 20 manat 3 ədəd vedrə, 25 manat 2 ədəd keks qabı dəsti, 55 manat mərtəbə qab, 40 manat 6 ədəd solfetqabı, 35 manat 6 ədəd taxta qaşıq, 1 ədəd qazan altı, 1 ədəd duzqabı, 60 manat ütü altı, 1150 manat olan «Vestel» markalı soyuducu, 180 manat olan elektrik sobası, həmin əmlaklar olmadıqda onların dəyəri alınaraq, İddiaçı məxsus diplom və X7 məxsus doğum haqqında şəhadətnamə, ödənilmiş dövlət rüsumu əvəzində 151 (yüz əlli bir) manat alınaraq İddiaçı verilməsi qət olunmuşdur.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 660.1, 157.2-ci maddələri, Ailə Məcəlləsinin 34.1 maddəsi, Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 220, 227, 233 və 357-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qızıl-zinət əşyaları hissəsində təmin edilməməsi, cehiz əmlak hissəsində isə qətnamənin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, iddia tələbi qızıl-zinət əşyaları hissəsində əsassızdır. İddiaçı 19 iyul 2021-ci ildə evdən çıxıb getmişdir. Ağdam rayonu Evoğlu kəndində iddiaçıya məxsus bir ədəd qoşa çarpayı, 2 ədəd tumba və bir ədəd çıraq qalmışdır. Cehiz əşyalarının əksəriyyəti Abşeron rayonu, Romana Südçülük sovxozu adlanan ərazidə olan fərdi yaşayış evindədir. Fərdi yaşayış evi atası X1. İddia ərizəsində bəzə əmlakların sayıda artıq göstərilmişdir. Belə ki, yastıq dörd ədəd deyil iki ədəd, yorğan iki ədəd deyil bir ədəd, vedrə üç ədəd deyil bir ədəd, solfet qabı altı ədəd deyil iki ədəd, çaydan dəsti iki ədəd deyil bir dəst olmuş, soyuducu Vestel markalı yox, Çin istehsalı Delfadır və qiyməti 280 manatdır. Qızıl-zinət və cehiz əşyalarının qiyməti də iddia ərizəsində yüksək göstərilmişdir.

10. Apellyasiya icraatı zamanı X8 və X3 cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. 27 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsində tərəflər arasında həmin gün həm uşaqla ünsiyyət, həmdə qızıl-zinət əşyaları tələbinə dair işlərə baxılmışdır. Bu iş üzrə protokolda cavabdehin iddianı etiraf etməsi qeyd olunsada, əslində iddianın etirafi uşaqla ünsiyyət barədə olmuşdur. Vəkil sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək iddia ərizəsinin məmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cehiz əşyalarının bir hissəsi Ağdam rayonu Evoğlu kəndindəki evdə, qalan hissəsi isi Abşeron rayonu, Romana qəsəbəsindəki evdədir. Hər iki evlər cavabdehin və onun ailə üzvlərinin sahibliyində və istifadəsindədir. Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evində hazırda heç kəs yaşamır. Qızıl-zinət əşyalarını toydan sonra qaynanası Nazimə əlindən alıb və hazırda da ondadır.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə da apellyasiya şikayətini qəbul etməyərək nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat vermişdir.

15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb olunmuş X8 və X3 məhkəmə iclasına gəlməmişlər. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil ərizə göndərərək iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

16. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 157.2 Mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

19. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

20. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.

21. Maddə 666. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.02. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

31. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı Müşviq qızı iddia ərizəsində adları qeyd olunan qızıl-zinət, (iddia ərizəsinin 4 və 7 sıradakılar istisna olmaq, texniki səhv olaraq yazılıb) eləcədə geyim və cehiz əşyalarının cavabdehin yaşadığı evdə qalmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir. Yuxarıda da qeyd olunduğu kimi qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti vermişdir.

32. Məhkəmə kollegiyasıda apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və bununla bağlı aşağıdakıları qeyd edir.

33. İddia tələbinin qızıl-zinət əşyalarına münasibətdə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı iddianın etirafı barədə ərizə versədə, lakin apellyasiya icraatı zamanı İddiaçı izahatında bildirmişdir ki, toydan sonra qaynanası Nazimə qızılları əlindən almış, həmin əşyalar ondan tələb etsədə verməmişdir. Hazırda da qızılları qaynanasındadır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50-ci maddəsinə görə, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və ya hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilir. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Göründüyü kimi, prosessual qanunvericilik mülki məhkəmə icraatında tərəflərin dairəsini müəyyən edir. Normanın məzmunundan aydın olur ki, tərəflər işdə iştirak edən şəxslərdir. Bu zaman tərəf ifadəsinin işlədilməsi isə təsadüfi deyildir. Mülki məhkəmə icraatının bu iştirakçılarının bir-biri ilə konkret mübahisəli hüquq münasibəti bağlayır və onlar bu münasibətlərdə bir-birinə qarşı olan maraqlara malikdirlər. Tərəf ifadəsi həm də onu bildirir ki, bu iştirakçıların mübahisəsinə baxılması üzrə məhkəmə icraatında hərəsi bir və ya bir neçə nəfərdən ibarət olmaqla iki qarşı-qarşıya duran tərəf mövcuddur. Tərəflər işdə iştirak edən şəxslər üçün nəzərdə tutulmuş ümumi hüquqlara malikdirlər. Mülki prosesdə tərəflər iddiaçı və cavabdeh adlanır. İddiaçı hüquq və mənafelərinin müdafiəsi üçün məhkəmədə iddia qaldırmış şəxsdir. Cavabdeh isə iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur.

35. Göründüyü kimi qızıl-zinət əşyalarına aid hissədə Cavabdeh iddia tələbinə cavab verməli xəxs deyil. Ona görə də həmin əşyaların və ya onların dəyərinin sonuncudan tələb olunması özlüyündə istisna olunur. Bu da onu deməyə əsas verir ki, qızıl-zinət əşyalarına aid hissədə iddianın etirafı barədə cavabdehin ərizəsinin məhkəmə tərəfindən qəbul edilməsi yolveriməzdir.

36. Qətnamə mübahisələndirilən digər hissələrdə isə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, cavabdeh apellyasiya şikayətində yastığın dörd ədəd deyil iki ədəd, yorğanın iki ədəd deyil bir ədəd, vedrənin üç ədəd deyil bir ədəd, solfet qabının altı ədəd deyil iki ədəd, çaydan dəstinin iki ədəd deyil bir dəst olduğunu, eləcədə soyuducunun Vestel markalı yox, Çin istehsalı olan 280 manat dəyərində Delfa olmasını, eləcədə cehiz əşyalarının qiyməti barədə "xxxx" MMC-nin rəyinin sübut kimi qəbul edilməsinin əsassız olduğunu qeyd etsədə, kollegiya onun bu dəlillərini qəbul etmir. Belə ki, Cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında iştirak etmiş və bu barədə hər hansı mübahisə açmamışdır. Əksinə iddianın etirafı barədə ərizə vermişdir.

37. Apellyasiya şikayətinin “Cehiz əşyalarının Romanı qəsəbəsində yerləşən fərdi yaşayış evində olan hissəsinə münasibətdə, Cavabdeh qarşı deyil, X5 qarşı iddia qaldırılmalıydı” dəlilinidə kollegiya əsassız sayır. Belə ki, qeyd olunan fərdi yaşayış evinin Xosrov Əliyevə məxsus olması qeyd olunsada, lakin sonuncunun mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış şikayətə əlavə olunmamışdır.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(013)-1220/2023 nömrəli qətnaməsi “Cavabdeh çəkisi 11 qram, əyarı 585, qiyməti 880 manat olan qolbaq (bilərzik), çəkisi 6 qram, əyarı 585, qiyməti 420 manat olan sırğa dəsti, çəkisi 8 qram, əyarı 585, qiyməti 640 manat olan nişan üzüyü, çəkisi 6 qram, əyarı 585, qiyməti 480 manat olan üzük, çəkisi 12 qram, əyarı 585, qiyməti 720 manat olan boyunbağı, çəkisi 13 qram, əyarı 585, qiyməti 900 manat olan iki ədəd klon, həmin əmlaklar olmadıqda onların dəyəri alınıb İddiaçı Xosrov qızına verilməsi” hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 382, 384, 385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(013)-1220/2023 nömrəli qətnaməsi “Cavabdeh çəkisi 11 qram, əyarı 585, qiyməti 880 manat olan qolbaq (bilərzik), çəkisi 6 qram, əyarı 585, qiyməti 420 manat olan sırğa dəsti, çəkisi 8 qram, əyarı 585, qiyməti 640 manat olan nişan üzüyü, çəkisi 6 qram, əyarı 585, qiyməti 480 manat olan üzük, çəkisi 12 qram, əyarı 585, qiyməti 720 manat olan boyunbağı, çəkisi 13 qram, əyarı 585, qiyməti 900 manat olan iki ədəd klon, həmin əmlaklar olmadıqda onların dəyəri alınıb İddiaçı Xosrov qızına verilməsi” hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar