Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1147/2025 29.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə Açar sözlər: daşınmaz əmlakdakı payın naturada ayrılması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı daşınmaz əmlakdakı payın naturada ayrılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli 2(076)-29/2024 nömrəli qətnaməsindən qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 29 iyul 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Seriya MA ******* nömrəli xx.xx.2010-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Şəmkir şəhərində yerləşən 0.0297 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi **********08 daşınmaz əmlakın reyestr nömrəsi ilə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X1 paylı mülkiyyətindədir;
2. Seriya MA ******* nömrəli xx.xx.2010-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Şəmkir şəhərində yerləşən 0.1016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi **********09 daşınmaz əmlakın reyestr nömrəsi ilə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X1 paylı mülkiyyətindədir;
3. Seriya MA ******* nömrəli xx.xx.2010-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Şəmkir şəhərində yerləşən 0.9512 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi **********10 daşınmaz əmlakın reyestr nömrəsi ilə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X1 paylı mülkiyyətindədir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 3-16-16/2-10/6620 nömrəli rəyindən görünür ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Seriya MA 0092085, reyestr nömrəsi **********09, qeydiyyat ********** nömrəsi ilə qeydə alınmış Şəmkir şəhərində yerləşən 0,1016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Seriya MA 0092086, reyestr nömrəsi **********10, qeydiyyat ********** nömrəsi ilə qeydə alınmış Şəmkir şəhərində yerləşən 0,9512 ha kənd təsərrüfatı təyinatlı ümumi paylı mülkiyyətdə olan torpaq sahələri üzərində, İddiaçı 1/4 hissədə payına mütənasib surətdə naturada ayrılması texniki cəhətdən mümkündür. Lakin, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Seriya MA 0092084, reyestr nömrəsi **********08, qeydiyyat **********2 nömrəsi ilə qeydə alınmış Şəmkir şəhərində yerləşən 0,0297 ha kand təsərrüfatı təyinatlı torpaq sahəsi bölünən zaman kiçik hissələrdən ibarət torpaq istifadəçiləri (kiçik servitut istifadəçilik) yaranır. Bu isə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin səmərəsiz istifadəsi ilə nəticələnir. Tərəflərin payları naturada ayrılacağı təqdirdə həmin torpaq sahəsinin təyinatı üzrə istifadə olunmasında məhdudiyyət yaranacaqdır. Bu səbəbdən də 0,0297 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bölünməsi mümkün deyildir. Şəmkir şəhəri ərazisində yerləşən 0,1016 ha kənd təsərrüfatı təyinatlı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsi üzərində İddiaçı 1/4 hissədə payına uyğun naturada ayrıldığı halda bölgü yerin cənubi şərqindən şimali qərbinə doğru istiqamətdə, 0,9512 ha kənd təsərrüfatlı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsi üzərində İddiaçı ¼ hissədə payına uyğun ayrıldığı halda bölgü yerin cənubi qərbindən şimali qərbə doğru istiqamətdə aparılmalıdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir şəhərində yerləşən 0,0297 ha, 0,1016 ha və 0,9512 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin cavabdehlərlə aralarında bölünməsi və konkret payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 keçmiş əri, Cavabdeh2 qızı, Cavabdeh3 isə oğludur. Cavabdeh1la aralarında olan nikah xx.xx.2014-cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Şəmkir rayonu ərazisində cavabdehlərlə birlikdə 0,0297 ha, 0,1016 ha və 0,9512 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri almışlar. Həmin torpaq sahələri xx.xx.2010-cu il tarixdə mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, adlarına 0092084, ******* və ******* nömrəli DƏDRX-nin reyestrdən çıxarışlar verilmişdir. Mübahisəli torpaq sahələrinin hər birində onun və cavabdehlərin ¼ hissədə payı vardır. Hazırda o, torpaq sahələrinin ona məxsus olan hissəsini satmaq istəyir. Cavabdehlərə torpaq sahələrinin aralarında könüllü qaydada bölünməsini təklif etməsinə baxmayaraq, onlar buna razı olmamışlar. Ona görə də payının naturada ayrılmasını, mülkiyyətdə olan 0,0297 ha, 0,1016 ha və 0,9512 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər birinin ¼ hissəsinin naturada bölünərək ona verilməsini istəyir. Mübahisənin həll olunması üçün hər üç torpaq sahəsi aralarında real bölünməli hər kəsin payı konkret müəyyən edilməlidir.
7. Şəmkir Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli 2(076)-29/2024 nömrəli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddia qismən təmin edilərək, Seriya MA ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X1 mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 0.1016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və seriya MA ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X1 mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 0.9512 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Vəliyeva (Həsənova) Şərafət İmran qızının payına mütənasib olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3- 16-16/2- 10/6620 saylı ekspertiza rəyinə əlavə edilmiş bölgü layihəsinin sxemlərinə uyğun olaraq iddiaçı Vəliyeva (Həsənova) Şərafət İmran qızının payının 1/4 hissədə naturada ayrılaraq ona təhvil verilməsi; İddianın qalan hissədə təmin edilməməsi; Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərcinin 50 manatının İddiaçı, 50 manatı isə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.1, 220 və 220.6-cı maddələrinə, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına istinad etmişdir.
9. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, 29 oktyabr 2024-cü il tarixli 2(076)-29/2024 nömrəli qətnamənin onun hüquqlarına toxunduğunu bildirmiş və qətnamənin surətinin ona verilməsini xahiş etmişdir. Daha sonra, o, qətnamənin surətini rəsmi qaydada alaraq qətnamədən apellyasiya şikayəti vermişdir.
10. Şəmkir Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli 2(076)-29/2024 nömrəli qərardadı ilə Maraqlı şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)-29/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və hüququ olan şəxs tərəfindən verilmiş hesab edilməsi və baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. Maraqlı şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsini və torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, özü üçün torpaq sahəsi almaq qərarına gəlmiş və Cavabdeh1 torpağını satdığını eşitmişdir. 2009-2010-cu illərdə telefon vasitəsi ilə onunla əlaqə saxlamış və Cavabdeh1 Rusiya Federasiyasında olduğunu və övladına toy etmək məqsədilə torpağını satmaq istədiyini öyrənmişdir. Həmin vaxt Cavabdeh1 ailəli olmuşdur. Oğlu isə hərbi xidmətdə idi. Oğlunun razılıq ərizəsini İddiaçı hərbi hissəyə gedərək ordan almışdır. Cavabdeh1la telefonla danışdıqdan sonra belə qərara gəlmişlər ki, 4700 manat pulu həyat yoldaşı İddiaçı versin, Cavabdeh1 Rusiya Federasiyasından gəldikdən sonra isə sənədləşdirmə işlərini həyata keçirsinlər. O, Cavabdeh1 ölkəyə qayıtdığını gec bilmişdir. Hazırda iddiaçı kimi məhkəməyə müraciət edən İddiaçı iddiası əsassızdır. Tərəflərin ailə məsələləri olduğunu bilməmişdir və hazırki iş üzrə vicdanlı alıcıdır. Bu səbəbdən də hesab edir ki, birinci instansiya məhkəməsi onun vicdanlı alıcı kimi heç bir hüququnu nəzərə almamışdır. Torpağı alarkən hər hansı başqa niyyəti olmamış, yalnız özünə əmlak əldə etmək və torpaqdan təyinatı üzrə istifadə etmək olmuşdur ki, torpağı aldığı vaxtdan təyinatı üzrə istifadə edir. Elə işin bu faktiki halı onu göstərir qətnamədə qeyd olunan maddi hüquq normalarına düzgün istinad edilməmiş, bu da qətnamənin ləğv edilməsi üçün birbaşa əsasdır. Birinci instansiya məhkəməsi işə baxarkən onu üçüncü şəxs kimi işə cəlb etməli və vicdanlı alıcı kimi ona hüquqlarını müdafiə etmək üçün şərait yaratmalı idi.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, on iki ildir keçmiş əri ilə boşanıb, birgə yaşamış olduqları evdən çıxmışdır. Paylı mülkiyyətində olan torpaq sahəsindən özünə düşən payın naturada ayrılmasını istəyir. Heç kimə torpaq satmamışdır. Sədrlik edənin sualına cavab olaraq İddiaçı bildirmişdir ki, əri ilə boşandıqdan sonra əri Rusiya Federasiyasında olduğuna görə torpaqdan öz payını istəyə bilməmişdir. İndi isə torpaqdan özünə düşən payı istəyir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 144.5. Daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır.
17. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
18. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
19. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
20. Maddə 223. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
30. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız maraqlı şəxs birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində qətnamənin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin apellyasiya şikayətinin məzmunundan müəyyən olunur ki, qətnamə iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarışlar əsasında Şəmkir şəhərində yerləşən 0.0297 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Şəmkir şəhərində yerləşən 0.1016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Şəmkir şəhərində yerləşən 0.9512 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X1 paylı mülkiyyətindədir. Paylı mülkiyyətçi İddiaçı torpaq sahələrindən payına düşən hissəsin naturada ayrılması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
33. Məhkəmə kollegiyası yoxlanılan hissədə iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
34. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.
35. İddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 220-ci maddəsi çıxış edir. Həmin normaya əsasən, paylı mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər, paylı mülkiyyətçilər ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
36. Bununla belə, ilk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı).
37. Bununla yanaşı nəzərə alınmalıdır ki, daşınmaz əmlakda mövcud olan payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bunun üçün aydın bir bölgü planının da tərtiblənməsi zəruridir. Əks halda payın naturada ayrılması tələbi təmin oluna bilməz. Ona görə də yaranmış vəziyyətdə daşınmaz əmlak olan torpaq sahəsinin ayrılıqda bölünmə predmeti ola bilməsi üçün ilkin olaraq araşdırılmalı olan hal belə bir bölgünün aparılmasının mümkünlüyüdür. Daşınmaz əmlak üzrə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olub-olmaması isə bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər.
38. İşdən müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı tərəflərin paylı mülkiyyətində olan torpaq sahələrinin naturada bölünüb-bölünə bilməməsinin müəyyən olunması üçün müvafiq ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3- 16-16/2-10/6620 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Seriya MA 0092085, reyestr nömrəsi **********09, qeydiyyat ********** nömrəsi ilə qeydə alınmış Şəmkir şəhərində yerləşən 0,1016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Seriya MA 0092086, reyestr nömrəsi **********10, qeydiyyat ********** nömrəsi ilə qeydə alınmış Şəmkir şəhərində yerləşən 0,9512 ha kənd təsərrüfatı təyinatlı ümumi paylı mülkiyyətdə olan torpaq sahələri üzərində, İddiaçı 1/4 hissədə payına mütənasib surətdə naturada ayrılması texniki cəhətdən mümkündür.
39. MPM-nin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Məcəllənin 103.1-ci maddəsinə görə isə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
40. Məhkəmə kollegiyası hazırki iş üzrə ekspert rəyini Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən araşıdırıb qiymət verərək hesab edir ki, rəydə gəlinən nəticə əsaslıdır və rəy sübut kimi qəbul edilməlidir. Belə ki, ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmiş, mülkün naturada hansı qaydada bölünməsi açıq-aydın göstərilmişdir.
41. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçıya məxsus payların naturada ayrılmasının mümkün olduğu nəticəsinə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi üçün əsas təşkil etmir.
42. Belə ki, apellyasiya şikayətinin məzmunundan göründüyü kimi apellyator mübahisə predmeti olan torpaq sahələrini digər paylı mülkiyyətçi Cavabdeh1 satın aldığını bildirərək iddiaya etiraz edir. Ona görə də, torpaq sahələrinə dair paylı mülkiyyətçilərlə (onlardan biri) apellyator arasında etibarlı alqı-satqı müqaviləsi (əqd) olub-olmaması aspektində araşdırma aparılmalıdır.
43. Bu baxımdan işin halları təhlil olunduqda müəyyən edilir ki, torpaq sahələrinin apellyatora satılması barədə torpaq sahələrinin paylı mülkiyyətçiləri (onlardan biri) ilə onun arasında notariat qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi bağlanmamışdır. Halbuki, mülki qanunvericilik daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair əqdlərin bağlanması üçün ilk növbədə belə müqavilələrin notariat qaydasında (həmçinin xüsusi qanunvericilikdə nəzərdə tutulmuş formaya riayət etməklə) təsdiqlənməsi kimi birmənalı qaydalar müəyyən etmişdir.
44. Digər tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı).
45. Əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı («Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» 14 iyun 2022-ci il tarixli qərardad).
46. Baxılan işdə isə, mübahisəli torpaq sahələrinə dair tərəflərin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hüquqi qüvvəsni saxlayır. Bu halda, iddiaçının həmin torpaqlar üzərindəki mülkiyyət payının naturada ayrılması barədə tələbi qanuni əsaslara söykənir.
47. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli 2(076)-29/2024 nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.