Məhkəmə qərarları › İş №2(104)-1155/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1155/2024

12.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1155/2024 12.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı mülki iş üzrə Açar sözlər: cehiz və qızıl-zinət əşyalarının qanunsuz sahiblikdən qaytarılması. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı cehiz və qızıl-zinət əşyaları tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(125)-333/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 12 avqust 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Fotoşəkillərdən görünür ki, tərəflərin toy mərasimlərində İddiaçı toy hədiyyəsi kimi bir cüt sırğa, üzük, klon, qolbağıdan ibarət dəst, qızıldan hazırlanmış nazik sep, qızıldan hazırlanmış onluq klon, qızıldan hazırlanmış “buta” komplekt hədiyyə edilmişdir;

2. «Gəncə univermaq» qızıl-zinət əşyalarının qiymətləndirilməsi mütəxəssisi Elmar Kərimli tərəfindən verilmiş rəydən görünür ki, qızıl-zinət əşyalarının qiymətləndirilməsi həyata keçirilmişdir və hal-hazırkı dövrdə orta bazar qiymətləri 583 əyarlı qızıldan hazırlanmış 25 qram çəkidə bir cüt sırğa, üzük, klon, qolbağıdan ibarət dəst (6 karat) - 6000 manat, 585 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan nazik sep - 650 manat, 750 əyarlı qızıldan hazırlanmış 4,5 qram çəkidə olan 1,10 karat brilyant qaşları olan nişan üzüyü - 1200 manat, 585 əyarlı qızıldan hazırlanmış 4 qram çəkidə 1 karat brilyant qaşlı üzük - 700 manat, 583 əyarlı qızıldan hazırlanmış 18 qram çəkidə “buta” komplekt - 1500 manat, 886 əyarlı qızıldan hazırlanmış 8,6 qram çəkidə olan onluq klon- 1100 manat məbləğində müəyyən edilmişdir;

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Whatsapp yazışmalarından görünür ki, yazışmaların bir qismi iddiaçının anası Səidə ilə, bir qismi isə Sevil adlı üçüncü şəxslədir. Həmin Whatsapp yazışmalarının Səidə ilə olan hissəsində Səidənin adından 03 mart 2020-ci il tarixdə yazılan hissədə qeyd edilir ki, “cəmi qızılınız 10 min pul tutar. Anan şişirib ki, 1800 min qızıla pul vermişik. Yalançının atasına lənət. O qızılı kəbinə zaloq qoymasınız? Utanmaz utanmaz, görməmiş kimi hər dəfə qızılın adını çəkirsiniz. Haram olsun sizə. Harda görmüsünüz ay yazıqlar”. Whatsapp yazışmalarının digər hissəsi isə Sevil adlı şəxslə olan yazışmalardı. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə olan yazışmalarda cavabdeh bir neçə dəfə təkrar edir ki, “2 gün keçmədi evə girdi qızılları apardı”;

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2023-cü il tarixli 5/149 nömrəli ekspert rəyindən görünür ki, rəyin “Tədqiqi hissəsin”nin 1-ci bəndində göstərilən səbəblərə görə “WhatsApp” proqram təminatında qeydiyyatdan keçmiş istifadəçilər tərəfindən “WhatsApp” mesajlaşma sisteminin yenilənmiş son versiyasında göndərilən və qəbul edilən mesajların redaktə olunması üçün texniki imkan olmadığından mesaj göndərən və ya qəbul edən şəxsin “WhatsApp” mesajlaşma sistemi və ya proqram təminatı ilə mesajları redaktə etməsi mümkün deyil. “WhatsApp” proqram təminatına dair məlumat bazasının (server) informasiya təhlükəsizliyinə müdaxilə edilərək və ya xüsusi vasitələr (proqram təminatlarına müdaxiləni və dəyişiklikləri təmin edən proasra... . ə ivləri) istifadə olunaraq kiberhücumlarla hakerlər tərəfindən proqram üzərində cər ASL. müdaxilənin və redaktələrin mesajlar üzərində edilməsi halları ola bilər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1 ədəd divan-kreslo, 1 ədəd mətbəx mebeli, 1 ədəd qarderob, 1 ədəd zal üçün, 2 ədəd yataq üçün, 1 ədəd mətbəx üçün, 1 ədəd dəhliz üçün olmaqla ümumilikdə 5 ədəd çılçıraq, 1 ədəd tablo, 1 ədəd jaluz pərdə, 3 ədəd karnizin alınıb ona verilməsi, 1 ədəd Brilyant komplekt – 6600 manat, 1 ədəd qızıl komplekt – 1800 manat, 1 ədəd qızıl nişan üzüyü – 1300 manat, 1 ədəd brilyant qaşlı üzük – 1800 manat, 1 ədəd qızıl onluq – 740 manat, 1 ədəd qızıl boyunbağı – 250 manat, 1 ədəd qızıl üzük – 350 manat dəyərində olmaqla qızıl-zinət əşyalarının, bu mümkün olmadıqda qızıl-zinət əşyalarının maddi dəyəri olaraq 12.840 (on iki min səkkiz yüz qırx) manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, el adəti üzrə 2018-ci ilin sentyabr ayında toy edərək Cavabdeh ilə Gəncə şəhəri Yeni Gəncə yaşayış massivi, Hərbi şəhərcik blok e1 ünvanında yerləşən 21 nömrəli mənzildə birgə yaşamışdır. Həmin mənzil onun anası tərəfindən təmir edildikdən sonra, özünə məxsus cehiz əşyalarını həmin mənzilə yığmışdır. Cavabdehlə aralarında kəskin mübahisələr və sonuncunun ona zorakılıqla nümayiş olunan hərəkətlərindən sonra ailə münasibətləri pozulmuş və ayrılmışlar. Ona toy zamanı hədiyyə edilən qızıl-zinət əşyaları cavabdeh tərəfindən götürülüb və indiyə qədər də ona qaytırılmamışdır, əvəzində isə bildirilmişdir ki, yaşamış olduqları mənzil satıldıqdan sonra qızılların dəyəri ödəniləcək. Cehiz əşyalarına 4200 manat dəyərində divan-kreslo, 3500 manat dəyərində mətbəx mebeli, 1800 manat dəyərində qarderob, 860 manat dəyərində zal otağı üçün çılçıraq, 420 manat dəyərində yataq otağı çılçıraq, 380 manat dəyərində yataq otağı çılçıraq, 360 manat dəyərində dəhliz üçün çılçıraq, 280 manat dəyərində tablo, 200 manat dəyərində mətbəx üçün jaluz pərdə, 160 manat dəyərində 3 ədəd karniz, qızıl zinət əşyalarına 1 ədəd brilyant komplekt – 6600 manat, 1 ədəd qızıl komplekt – 1800 manat, 1 ədəd qızıl nişan üzüyü – 1300 manat, 1 ədəd brilyant qaşlı üzük – 1800 manat, 1 ədəd qızıl onluq – 740 manat, 1 ədəd qızıl boyunbağı – 250 manat, 1 ədəd qızıl üzük – 350 manat daxildir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, İddiaçı onun qızıdır. Qızına toy zamanı hədiyyə edilmiş brilyant komplekt qızıl onun iştirakı ilə alınmışdır. 2020-ci ildə iki dəfə cehiz əşyalarını götürmək üçün getmişlər. Bir dəfə evdən cehiz əşyalarının yarısını çıxartmışlar, lakin sonradan evin kilidini dəyişdiklərindən digər əşyalar və qızıllar həmin evdə qalmışdır. Onlar həmin evdən qızıl götürməmişlər.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Cavabdeh onun bacısı oğludur. Üç il əvvəl Novruz bayramı ərəfəsində bacısı Tükəzban ilə anasıgilə getmiş, oradan da çıxanda bacısı onu ünvan 2 ünvanında yerləşən evlərinə qonaq dəvət etmiş, o da onunla bərabər həmin evə getmişdir. Həmin vaxt onlarla bacısının baldızı Mehriban və xalası oğlu Elşən də getmişdir. Bacısı onlara evin otaqlarını göstərmiş, həmin vaxt məlum olmuşdur ki, qızıllar evdə yoxdur. Turala zəng etdikdə isə Tural onlara qızılları qız evinin götürdüyünü demişdir.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, X1 baldızıdır. Üç il əvvəl Novruz bayramı ərəfəsində Tükəzban onu evlərinə qonaq dəvət etmiş, o da onunla bərabər ünvan 3 ünvanına getmişdir. Orada olarkən Tükəzban qızılların evdə olmadığını demiş, evi axtarmağa başlamışlar. Qızılların oğurlandığını fikirləşmiş, Turala zəng etmişlər. Tural isə onlara qızılları qız evinin götürdüyünü demişdir;

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, X3 onun xalası, Cavabdeh isə xalası oğludur. 2019-cu ilin mart ayında xalası onu Turalın evinə dəvət etmiş, o da getmişdir. Otaqları göstərərkən xalası qızılların evdə olmadığını görmüş və onlara deyəsən evə oğru girdiyini bildirib Turala zəng eləməsini demiş, Tural isə ona söhbət zamanı qızılları qız evinin götürdüyünü demişdir.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, Cavabdeh onun dostudur. 2019-cu ilin mart ayında İlhamla bir yerdə olarkən Tural onlara zəng edib evə oğru girdiyini bildirmiş və onlar birlikdə Turalın yaşadığı evə getmişlər. Onlar evə daxil olmamış, həyətdə Turalla görüşmüşlər. Tural onlara demişdir ki, qızılları oğurlayıblar. Onlar bir az gözləyib, nəsə lazım olduğunu soruşduqdan sonra getmişlər;

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Cavabdeh onun dostudur. 2019-cu ilin mart ayında Zaurla bir yerdə olarkən Tural onlara zəng edib evə oğru girdiyini bildirmiş və onlar birlikdə Turalın yaşadığı evə getmişlər. Onlar evə daxil olmamış, həyətdə Turalla görüşmüşlər. Tural onlara demişdir ki, qızılları oğurlayıblar. Onlar bir az gözləyib, nəsə lazım olduğunu soruşduqdan sonra getmişlər.

13. Gəncə Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(125)-333/2023 nömrəli qətnaməsi ilə (hakim Mustafa Mustafayev) iddia qismən təmin edilərək, Cavabdeh divan-kreslo dəsti-4200 manat dəyərində, mətbəx mebeli-3500 manat dəyərində, qarderob-1800 manat dəyərində, listura (zal)-860 manat dəyərində, listura (yataq otağı)- 420 manat dəyərində, listura (yataq otağı)-360 manat dəyərində, listura (mətbəx)- 270 manat dəyərində, listura (dəhliz)-360 manat dəyərində, tablo-280 manat dəyərində, jalüz pərdə (mətbəx)-200 manat dəyərində, 3 ədəd karniz-160 manat dəyərində olmaqla cehiz əşyaları, 6000 manat dəyərində 1 ədəd briliant komplekt, 1500 manat dəyərində 1 ədəd qızıl komplekt, 700 manat dəyərində 1 ədəd qızıl üzük, 1200 manat dəyərində 1 ədəd briliant qaşlı nişan üzüyü, 740 manat dəyərində 1 ədəd qızıl onluq, 250 manat dəyərində 1 ədəd qızıl boyunbağı olmaqla qızıl zinət əşyaları, bu mümkün olmadıqda həmin əşyaların dəyəri alınıb İddiaçı verilməsi; İddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi; Cavabdeh 128.52 manat dövlət rüsumu alınıb İddiaçı verilməsi qət edilmişdir.

14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2 və 666.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə iclasında çox saylı şahidlər dindirilmişdir. Həmin şahidlərin ifadələrindən görünür ki, mübahisə edilən qızılzinət əşyaları iddiaçı tərəfindən onun anasına məxsus mənzildən götürülmüşdür. Şahidlərin ifadələri ilə yanaşı iddiaçı və onun ailə üzvləri özü də yaxşı bilir ki, anasına məxsus mənzilin açarları ailə qurmamışdan əvvəl onlarda olmuşdur. İddiaçı və onun ailə üzvləri cehiz yığılması ilə əlaqadar mənzilin açarlarını ondan istəmiş, o da həmin açarları onlara vermişdir. Hazırkı iş üzrə iddiaçının yalnız anası X6 şahid qismində ifadə vermişdir. X6 ifadəsində cehiz əşyalarının yarısını çıxardıqlarını, lakin sonradan mənzilin kilidinin dəyişdirildiyi səbəbindən cehiz və qızıl əşyalarının mənzildə qaldığını, həmçinin onun whatsapp yazışmalarına müdaxilə olunduğunu bildirmişdir. İlk öncə qeyd edir ki, X6 iddiaçının anasıdır. Onun məhkəmədə vermiş olduğu şahid kimi ifadəsi sübut hesab oluna bilməz. Çünki, heç bir ana övladının ziyanına ifadə verməz. Deməli, həmin şəxs maraqlı şəxs olmuşdur. Bundan başqa, iddiaçının anası məhkəmə iclasında onun telefonunda whatsapp yazışmalarına müdaxilə olunduğu bildirmişdir. Sual olunur ki, görəsən mobil telefon X4 olduğu halda, onun whatsapp yazışmalarına onun tərəfindən necə müdaxilə edilmişdir? Hər kəsə bəllidir ki, bu mümkün deyil. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı iddia etdiyi qızıl-zinət əşyalarının bir qismi anasına məxsus olmuşdur. Həmin əşyalar ona istifadə olunması üçün müvəqqəti verilmişdir. Lakin, məhkəmə həmin əşyaların da iddiaçıya hədiyyə olunduğu qənaətinə gəlmişdir. Ümumiyyətlə, qızıl zinət əşyalarının iddiaçı tərəfindən aparılması kifayət qədər sübut olunduğu halda, məhkəmə qətnaməsində iddiaçıya aid olmayan və onun tərəfindən aparılmış əşyaların da ona məxsus olmasını qeyd etmişdir. Birinci instansiya məhkəməsində işə baxılan zaman tərəfindən məhkəməyə vəsatətlər verilmişdir. Bu vəsatətlərin əksəriyyəti mövcud mübahisənin şahidlərinin dindirilməsi ilə bağlı olmuşdur. Məhkəməyə təqdim edilmiş vəsatətlərin bəziləri təmin olunaraq bir neçə şahid dindirilmişdir. Lakin, həmin şahidlərin ifadələri düzgün qiymətləndirilməmiş və ümumiyyətlə vermiş olduqları ifadələri sübut hesab edilməmişdir. Məhkəməyə bu faktları təsdiq edən “Whatsapp” yazışmaları təqdim etmişdir. İş üzrə yeganə şahid qismində ifadə verən iddiaçının anası bu yazışmaların olmadığını və ona müdaxilə edildiyini bildirmişdir. Bu yazışmaların həqiqiliyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin olunmuşdur. Ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, həmin yazışmalara müdaxilə edilməmiş və yazışmalar həqiqidir. Deməli, təqdim olunmuş yazışmalar məhkəmə tərəfindən sübut kimi qəbul edilməli idi. Lakin, məhkəmə bu hissədə də qeyd olunan sübutları onun xeyrinə dəyərləndirməmiş və ümumiyyətlə sübut kimi qəbul etməmişdir. Bu səbəbdən də hesab edir ki, yekun qərar qəbul edilən zaman düzgün nəticəyə gəlinməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. 04 iyun 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı qızıl-zinət əşyalarını birgə yaşamış olduqları evdən aparmışdır, əsassız olaraq həmin əşyaları yenidən ondan tələb edir. Gəncə şəhəri Yeni Gəncə qəsəbəsindəki hərbi şəhərcikdə yerləşən mənzildə o və iddiaçı birgə yaşamışlar. Həmin mənzilin bir açarı onda, digər açarı isə iddiaçıda olmuşdur. 2019-cu ilin mart ayının 20-də qaynanası onlara təklif etmişdir ki, getsinlər qaynanasının evinə və Novruz bayramını orada birlikdə qeyd etsinlər. O da bu təkliflə razılaşmayaraq bildirmişdir ki, bayramı öz evlərində keçirtsinlər. Bundan sonra qaynanası gəlib iddiaçını birgə yaşamış olduqları evdən aparmışdır, beləliklə də iddiaçı ilə ailə münasibətləri pozulmuşdur. İddiaçı bayramı qeyd etmək üçün öz valideynlərinin evinə getdiyindən, o da iddiaçı ilə birgə yaşamış olduqları evi tərk edib atasıgilin yaşadığı evə getmişdir. Həmin gündən sonra günaşırı iddiaçı ilə birgə yaşadığı evə baş çəkmişdir. 2019-cu ilin mart ayının 20-25 tarixi aralığında anasıgil həmin evə gedəndə qızılların evdə olmadığını görüb onu da oraya çağırmışlar. Əvvəlcə DİN-nin 102 qaynar xəttinə zəng edərək qızılların oğurlandığını bildirmək istəmiş, lakin anası onun qaynanasına zəng edərək qızılların evdə olmadığını bildirmişdir. Qaynanası isə onun anasına bildirmişdir ki, qızılları onlar götürmüşlər, Məkanə onları toya taxıb sonra geri qaytaracaq. Bir müddət barışmaq üçün aralarında danışıqlar olmuşdur. Məkanənin cehizlərinin bir qismini götürmüşlər. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, İddiaçı birgə yaşamış olduqları evdən gedəndən sonra yenidən oraya qayıdaraq qızılları aparmışdır. Həmin evin açarının biri Məkanənin çantasında, digər biri isə onun avtomobilində olurmuş. Qaynanası onun anasına demişdir ki, qızılları götürüblər, amma qaytaracaqlar, sonradan isə bildirmişlər ki, “Turala qızıl düşmür, qaytarmayacayıq”. İddiaçı ilə birgə yaşadıqları evdə həm onun qızılları, həm də anasının aldığı qızıllar olmuşdur. Məkanəgil gəlib həm öz qızıllarını, həm də onun anasının aldığı başqa qızılları götürüb aparmışlar. Lakin, anasının qızıllarının geri qaytarılmasını onlardan tələb etməmişlər. 2020-2021-ci illərdə iddiaçı ilə birgə yaşamış olduqları evin açarını bir neçə dəfə dəyişdirmişdir. Ona görə ki, iddiaçıya əşyalarını evdən götürməsini təklif etdikdə polislə evin qapısını açacağını bildirmişdir. Qızılların evdə olmadığı aşkar edilən gün anasının yanında başqa qohumları da olmuşdur. Çünki, qohumları həmin gün onun evinin yaxınlığında satılan evə baxmağa gediblərmiş. O, öz anasına təklif etmişdir ki, qızılları götürüb iddiaçının evlərinə aparsınlar. Anası isə bununla razılaşmayaraq bildirmişdir ki, iddiaçı və ailəsi başqa cür başa düşər. Onun iddiaçı ilə boşanmaq fikri olmayıb. Whatsapp yazışmaları olan Sevil adlı şəxs iddiaçı tərəflə ortaq tanışlarıdır. İddiaçının cehiz əşyalarının son hissəsinin nə vaxt aparıldığını dəqiq xatırlamır.

19. 14 iyun 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı və sonuncunun anası onun anası və xalalarına bildiriblər ki, iddiaçıya məxsus qızıllar onlardadır, toya taxmaq üçün götürüblər. İddiaçının cehiz əşyalarını götürəndə həmin qızıl-zinət əşyalarını da qaytaracaqlar. Lakin, bu danışıqları sübut edəcək dəlili yoxdur. İddiaçı ilə birgə yaşamış olduqları evdə iddiaçıya məxsus cehiz və qızıl-zinət əşyaları olmuşdur. Hətta, ona məxsus qol saatı, üzük də həmin evdə olmuşdur. Bundan başqa, anasına məxsus qızıl-zinət dəsti də həmin evdə olmuşdur. Anası həmin qızılları müvəqqəti istifadə üçün iddiaçıya vermişdir. İddiaçı nəyinki öz qızıl-zinət əşyalarını, hətta onun anasına məxsus qızıl dəstini, onun özünün qol saatını və üzüyünü də götürmüşdür. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, anasına məxsus qızıl dəst buta şəklində olmuşdur. İddia ərizəsindəki birinci sıradakı qızıl iddiaçının özünün olub. Həmin dəstdə klon olmuşdur, boyunbağı olmamışdır. Klon taxmaq üçün iddiaçıya boyunbağı almışlar. İddiaçı onunla birgə yaşamış olduqları evdən 2019-cu ilin mart ayının 21-22-si tarixlərində çıxıb getmişdir, sonra isə bir daha oraya qayıtmamışdır. İddiaçı öz cehizlərinin bir hissəsini 2019-cu ildə Novruz bayramından bir neçə gün sonra aparmışdır. Təklif etmişdir ki, cehizlərin hamsını çıxartsınlar, lakin iddiaçı tərəf qalan cehizləri gəlib aparmamışdır. Yaşadıqları evi kirayə vermək istədiyi üçün qalan cehizlərin də çıxarılmasını tələb etmişdir. İddiaçının anası dəfələrlə ondan maddi dəstək üçün pul istəyib, bununla bağlı “whatsapp” yazışması var. Həmin yazışmalarda iddiaçının anası hər hansı qızılı tələb etməyib, çünki qızılları aparmışdılar. İddiaçı tərəf cehiz əşyalarını hissəhissə, təxminən 2-3 dəfəyə aparmışlar və ilk dəfə cehiz aparmaqları ayrıldıqları vaxtdan təxmini 1 ay sonra olmuşdur.

20. 14 iyun 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı öz qızıl-zinət əşyalarını aparmış olmasına baxmayaraq, təkrarən həmin əşyaları cavabdehlərdən tələb edir. İddiaçının qızılzinət əşyaları cavabdehlərdə qalmış olsaydı, iddiaçı evdən getdikdən 4 il sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdi.

21. 14 iyun 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, onunla Cavabdeh toyu 2018-ci ilin sentyabr ayında olmuşdur. İddia ərizəsində qeyd etdiyi brilyant üzüyü həmin gün cavabdehin anası Tükəzban Qurbanova ona hədiyyə etmişdir. Toylarından 3 gün sonra qaynanası Tükəzban Qurbanova qızıl dəstini ona hədiyyə etmişdir. 2019-cu ilin mart ayının 20-də Tural onu evdə qoyaraq anasıgildə Novruz bayramını qeyd etmişdir. Həmin günün sabahı isə Cavabdehlə birgə yaşamış olduqları evdən çıxıb getmişdir. Çünki, həmin gün Tural onu əsəbləşdirmişdir. O da anasına zəng etmişdir ki, gəlib onu aparsınlar. Anasıgil də gəlib onu aparmışlar. Evdən çıxanda yalnız şəxsiyyət vəsiqəsi, mobil telefonu və pul qabını özü ilə götürmüşdür. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, 2019-cu ilin mart ayının 21-dən sonra Cavabdehlə barışmamış və sonuncu ilə birgə yaşamış olduqları evə qayıtmamışdır. Bir ildən sonra cehizlərini həmin evdən çıxartmışdır. Çünki, babası vəfat etmiş, daha sonra isə uşağı dünyaya gəlmişdir. Onunla Cavabdeh arasındakı ilk mübahisə 2019-cu ilin yanvar ayının 4-də olmuşdur, həmin vaxt Tural onu hamilə vəziyyətdə döymüşdür. O da qızıllarını da götürərək cavabdehlə birgə yaşamış olduqları evi tərk edib getmişdir. Bu barədə cavabdehlərə də məlumat vermişdir, barışandan sonra isə qızıllarını da özü ilə geri gətirmişdir. Cavabdehlə birgə yaşamış olduqları binanın blokunda kamera var, kamera görüntüləri əldə edilərsə, onun və yaxud ailə üzvlərinin həmin evə getmədiyi və qızılları götürmədikləri ortaya çıxar. Whatsapp sosial şəbəkəsi vasitəsilə göndərilmiş mesajları anası X6 Cavabdeh ünvanlamışdır.

22. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Whatsapp sosial şəbəkəsi vasitəsilə iddiaçının anası tərəfindən göndərilmiş mesajlar subut edir ki, mübahisə predmeti olan qızıllar iddiaçı tərəfdə olub. Çünki, yazışmaların heç birində iddiaçının anası qızılları tələb etməmişdir. Sevil adlı xanımı məhkəməyə şahid qismində dəvət etsələr də, lakin iddiaçı tərəfin təzyiqlərinə görə həmin şəxs məhkəməyə gəlməkdən imtina etmişdir. O, şifahi şəkildə bildirmişdir ki, iddiaçının anası Səidə ona zəng edərək qızılları götürdüklərini, həm də qızılları, hətta özlərinin hədiyyə etdikləri qızıl saatı da Turala qaytarmayacaqlarını dediyini bildirmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, iddiaçı tərəf birgə yaşamış olduqları evi alarkən onlar tərəfindən pul verildiyini iddia edir. Dəfələrlə ondan həmin pulu, evin alınmasında vasitəçi olmuş şəxsə verdikləri pulu tələb etmişlər. Amma, nədənsə keçən 4 il ərzində qızıl-zinət əşyalarından bəhs edən, onu tələb edən olmamışdır. İddiaçının cehiz əşyaları evdən çıxarılarkən ən xırda əşyalar da götürülmüşdür. Əgər qızıllar da onun evində olsaydı, iddiaçı tərəf onları da tələb edərdi, amma qızılları özləri götürdükləri üçün belə bir şey tələb etməmişlər. İddiaçının ailəsi cehizlərin bir hissəsini apardıqdan sonra qalan əşyaların qarşılığında ondan 10000 manat istəmişlər, o isə bunun qarşılığında 3000 manat verə biləcəyini bildirmiş və iddiaçıya 3000 manat pul vermişdir. Həm də, iddiaçının anası deyirdi ki, gəlib evdəki bütün əşyaları məhv edəcək, o da bundan ehtiyat edərək evin açarlarını dəyişdirmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etmədiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, cavabdehlə birlikdə yaşamış olduqları evi alanda o və ailəsi 1000 manat pul vermişlər. Evin təmir xərclərini də onlar çəkmişlər. Ona görə də evdəki bütün əşyaları götürmüşlər. Onların əvvəllər qızıl tələb etmək fikri olmayıb. Həmin vaxtı öz pullarının geri qaytarılmasını istəmişlər. Cavabdeh evdə qalan cehiz əşyalarına görə ona pul verməyib. Evin təmirinin pulunu istəmişdik cavabdehdən vermədi, buna görə də mən də qızılımı tələb etməyə başladım. Cavabdehlə birgə yaşamış olduqları evdən gedəndən bir il sonra cehizlərini oradan götürmüşdür. Sevil adlı şəxs onun və ailəsinin yaxını deyil, onun Turalla şəxsi münasibətləri olmuşdur. Cavabdehlə anası arasındakı yazışmalar o, evdən gedəndən sonra olmuşdur. Anası deyib ki, niyə qızılın qiymətini artıq deyirlər, orada anası qızılların onlarda olması ilə bağlı heç bir söz yazmamışdır. Eşidirdilər ki, cavabdehlər qızılın qiymətini artıq deyirlər, bu ona pis təsir edirdi. Çünki, qızıllar onun yanında alınıb, qiymətləri elə olmayıb. Cavabdeh ona hədiyyə edilmiş saatı bəyənmədiyi üçün nişanlı olanda qaytardı. Buna görə də anası demişdir ki, Turalın saatı istəməyə haqqı yoxdur. Cavabdehlə birgə yaşamış olduqları evdən çıxandan sonra bir daha oraya baş çəkməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdeh X3 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

36. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Cavabdehlərdən isə yalnız Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində qətnamənin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin şikayətin məzmunundan müəyyən olunur ki, qətnamə iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh 2018-ci ilin sentyabr ayında faktiki ailə qurmuşlar. İddiaçı cehiz və qızıl-zinət əşyaları Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi hərbi şəhərcik blok e1 ünvanında yerləşən 21 nömrəli mənzilə yerləşdirilmişdir. Faktiki ailə münasibətləri davam etdiyi dövrdə onlar həmin mənzildə yaşamışlar. Sonradan onların ailə münasibətləri pozulduğundan ayrılmışlar və İddiaçı Cavabdehlə birgə yaşamış olduqları evi tərk edib valideynlərinə məxsus evə getmişdir. İddiaçı Cavabdehlə birgə yaşamış olduqları evdən gedərkən ona məxsus cehiz və qızılzinət əşyaları da həmin evdə qalmışdır. Sonradan iddiaçıya məxsus cehiz əşyalarının bir qismi evdən götürülmüşdür. İddiaçı ona hədiyyə edilən cehiz əşyalarının bir qisminin, habelə qızıl-zinət əşyalarının hamsının Cavabdehlə birgə yaşamış olduqları evdə qaldığını və həmin əşyaların ona qaytarılmadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir. Bu qətnamənin 36-cı bəndində qeyd olunduğu kimi birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılır və məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

39. İşin hallarından göründüyü kimi, İddiaçı tələb etdiyi cehiz və qızıl-zinət əşyalarının ona məxsus əmlaklar olduğuna əsaslanaraq Cavabdeh tələb edir. Kollegiya bununla bağlı qanunvericiliyin aşağıdakı normalarını qeyd etməyi zəruri hesab edir.

40. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

41. Konstitusiyanın 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

42. Bu baxımdan iddiaçıya məxsus əşyaların qaytarılmasına dair tələb, qanunvericiliyin mülkiyyətin müdafiəsini tənzimləyən müddəaları əsasında həll olunmalıdır. İddia ərizəsində göstərilən cehiz və qızıl-zinət əşyalarının qaytarılması tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

43. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd olunan maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə uyğun olaraq mülkiyyətçi, özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi cehiz və qızıl-zinət əşyalarının qaytarılması ilə bağlı olduğundan iddia tələblərinə ayrı-ayrılıqda hüquqi qiymət verilməli və ilk növbədə iddia tələbinin cehiz əşyalarının qaytarılması hissəsi üzrə hüquqi dəyərləndirmə aparılmalıdır.

45. İddia ərizəsində göstərilən divan kreslo dəsti - 4200 manat dəyərində, mətbəx mebeli - 3500 manat dəyərində, qarderob - 1800 manat dəyərində, listura (zal) - 860 manat dəyərində, listura (yataq otağı) - 420 manat dəyərində, listura (yataq otağı) - 360 manat dəyərində, listura (mətbəx) - 270 manat dəyərində, listura (dəhliz) - 360 manat dəyərində, tablo - 280 manat dəyərində, jalüz pərdə (mətbəx) - 200 manat dəyərində, 3 ədəd karniz - 160 manat dəyərində cehiz əşyalarının mövcudluğu, iddiaçıya məxsus olması, habelə tərəflər ayrıldıqdan sonra onların birgə yaşamış olduqları mənzildə qalması işin mübahisəsiz hallarıdır. Qeyd olunan hal Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı verdiyi izahatı ilə öz təsdiqini tapır. Belə ki, Cavabdeh izahatında iddia ərizəsində qeyd edilmiş cehiz əşyalarının iddiaçı ilə birgə yaşamış olduqları mənzildə qaldığını bildirmişdir (bax səhifə 111 məhkəmə iclas protokolu).

46. Cavabdeh tərəfin cehiz əşyaları ilə bağlı dəlili ondan ibarətdir ki, həmin əşyaların əvəzi kimi öz aralarındakı razılaşmaya uyğun olaraq İddiaçı 3000 manat pul vermişdir və bu səbəbdən cehiz əşyaları iddiaçıya qaytarılmamalıdır.

47. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh iddiaçıya məxsus cehiz əşyalarının əvəzində sonuncuya öz aralarındakı razılaşmaya uyğun olaraq 3000 manat pul verdiyini bildirsə də, lakin bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyır. Digər tərəfdən, bu xüsusatın aydınlaşdırılması üçün sədrlik edən tərəfindən verilən suala cavab olaraq İddiaçı da bildirmişdir ki, Cavabdeh evdə qalan cehiz əşyalarına görə ona pul verməyib.

48. Mübahisə predmeti olan cehiz əşyalarının dəyəri ilə bağlı cavabdeh tərəfin arqumenti olmadığından məhkəmə kollegiyası həmin hissə üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab etməmişdir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi).

49. İşin şərh olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cehiz əşyalarının və ya onların dəyərinin Cavabdeh alınaraq İddiaçı verilməsi hissədə iddia tələbinin təmin edilməsi qanuni əsaslara söykənir.

50. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin qızıl-zinət əşyaları ilə bağlı hissəsinə də hüquqi qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq ilk növbədə yoxlanılan hissədə mübahisə predmeti olan 6 adda, yəni 6000 manat dəyərində 1 ədəd brilyant komplekt, 1500 manat dəyərində 1 ədəd qızıl komplekt, 700 manat dəyərində 1 ədəd qızıl üzük, 1200 manat dəyərində 1 ədəd brilyant qaşlı nişan üzüyü, 740 manat dəyərində 1 ədəd qızıl onluq, 250 manat dəyərində 1 ədəd qızıl boyunbağı olan qızıl-zinət əşyalarının mövcudluğu, habelə həmin əşyaların iddiaçının mülkiyyətində olub-olmaması barədə araşdırma aparılmalıdır.

51. İşin halları bu aspektdə araşdırılarkən müəyyən olunur ki, Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı verdiyi izahatında 6000 manat dəyərində 1 ədəd brilyant komplekt, 700 manat dəyərində 1 ədəd qızıl üzük və 250 manat dəyərində 1 ədəd qızıl boyunbağının toy mərasimində onlar tərəfindən, 740 manat dəyərində 1 ədəd qızıl onluğun isə iddiaçının qardaşı tərəfindən iddiaçıya hədiyyə edildiyini bildirmişdir (bax səhifə 111 məhkəmə iclas protokolu).

52. Bununla yanaşı Cavabdeh həmin izahatında 1500 manat dəyərində 1 ədəd qızıl komplekt və 1200 manat dəyərində 1 ədəd brilyant qaşlı nişan üzüyü onun anasına məxsus olmuş, həmin qızılların yalnız toy mərasimində taxmaq üçün iddiaçıya verildiyini bildirmişdir.

53. Məhkəmə kollegiyası cavabdeh tərəfin bu dəlilini əsaslı hesab etmir. Ona görə ki, cavabdeh tərəf irəli sürülən dəlillərini təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında tərəflərin toy mərasimində çəkilmiş foto şəkillər onların iştirakı ilə tədqiq edilmiş və iddia ərizəsində göstərilən 1500 manat dəyərində 1 ədəd qızıl komplekt və 1200 manat dəyərində 1 ədəd brilyant qaşlı nişan üzüyünün İddiaçı üzərində olması müəyyən edilmişdir ki, bu halda həmin qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə edilmiş olması inandırıcı və ağlabatandır.

54. Həmçinin diqqət yetirilməli haldır ki, İddiaçı və Cavabdeh ailə qurduqdan sonra onlar Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi hərbi şəhərcik blok e1 ünvanında yerləşən 21 nömrəli mənzildə yalnız yaşamışlar. Başqa sözlə, Cavabdeh anası onlarla birgə yaşamamışdır. Cavabdeh iddiaçı ilə faktiki ailə münasibətləri davam etdiyi dövrdə, habelə bu münasibətləri pozulduqdan sonra mübahisə predmeti olan qızılların onların yaşadığı evdə qaldığını bildirir ki, bu halda 1500 manat dəyərində 1 ədəd qızıl komplekt və 1200 manat dəyərində 1 ədəd brilyant qaşlı nişan üzüyünün cavabdehin anasına məxsus olduğu təqdirdə bu qızılların həmin şəxsin (mülkiyyətçinin) yaşadığı evdə deyil də, onun oğlu və gəlininin yaşadığı evdə qalması inandırıcı və məntiqli deyil.

55. Halbuki, 1500 manat dəyərində 1 ədəd qızıl komplekt və 1200 manat dəyərində 1 ədəd brilyant qaşlı nişan üzüyünün tərəflərin toy mərasimində İddiaçı üzərində olması və faktiki ailə münasibətləri davam etdiyi dövrdə həmin qızılların onlara məxsus evdə İddiaçı sahiblik və istifadəsində olması barədə işin halları ağlabatan məhkəmə mühakiməsi əsasında sözügedən qızılların iddiaçıya məxsus olması qənaətinə gəlməyə əsas verir.

56. Beləliklə, işin müəyyən olunmuş və faktiki halları ilə mübahisə predmeti olan 6 adda, yəni 6000 manat dəyərində 1 ədəd brilyant komplekt, 1500 manat dəyərində 1 ədəd qızıl komplekt, 700 manat dəyərində 1 ədəd qızıl üzük, 1200 manat dəyərində 1 ədəd brilyant qaşlı nişan üzüyü, 740 manat dəyərində 1 ədəd qızıl onluq, 250 manat dəyərində 1 ədəd qızıl boyunbağı olan qızıl-zinət əşyalarının İddiaçı mülkiyyətində olması öz təsdiqini tapır.

57. Artıq növbəti araşdırılmalı məsələ və işin həlli üçün mühüm əhəmiyyət kəsb edən hal həmin qızıl-zinət əşyalarının tərəflərin hansının sahibliyində qalmasının müəyyən edilməsidir. Çünki, iddiaçı tərəf mübahisə predmeti olan 6 adda qızıl-zinət əşyasının Cavabdeh qanunsuz sahibliyində qaldığını iddia edir. Cavabdeh tərəf isə birgə yaşamış olduqları evdən getdikdən sonra qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparıldığını bildirir.

58. İddiaçı cavabdeh Tural Tarvediyevlə birgə yaşamış olduğu mənzili tərk etdikdən sonra mübahisə predmeti olan 6 adda qızıl-zinət əşyasının həmin mənzildə qalması işin mübahisəsiz halıdır. Qeyd olunan hal Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı (bax səhifə 111 məhkəmə iclas protokolu), habelə apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında verdiyi izahatı ilə öz təsdiqini tapır.

59. Cavabdeh tərəfin qızıl-zinət əşyaları ilə bağlı dəlili ondan ibarətdir ki, 2019-cu ilin mart ayının 20-də iddiaçı novruz bayramını öz valideyinləri ilə birlikdə qeyd etmək üçün onların evinə getmişdir. Bundan sonra aralarında mübahisələri yaranmış bundan sonra o da Məkanənin bu hərəkətlərinə əsəbləşərək iddiaçı ilə birgə yaşamış olduqları evi tərk edib atasıgilin yaşadığı evə getmişdir. Həmin gündən 2-3 gün sonra iddiaçı ilə birgə yaşadıqları evə qayıtmış, həmin vaxtı mübahisə predmeti olan qızıl-zinət əşyaları evdə olmuş , lakin 2019-cu ilin mart ayının 20-25 tarixi aralığında anasıgil həmin evə gedəndə qızıllar evdə olmamışdır, bu barədə qaynanası isə danışdıqda sonuncu onun anasına bildirmişdir ki, qızılları onlar götürmüşlər, Məkanə onları toya taxıb sonra geri qaytaracaq.

60. Göründüyü kimi, cavabdeh tərəf mübahisə predmeti olan 6 adda qızıl-zinət əşyasının 2019-cu ilin mart ayının 20-25 tarixi aralığında, yəni tərəflər faktiki ayrıldıqları vaxtdan bir neçə gün sonra İddiaçı birgə yaşamış olduqları evə gələrək onun tərəfindən aparıldığını bildirir.

61. Kollegiya göstərir ki, mübahisə predmeti olan qızıl-zinət əşyalarının mövcudluğu, habelə tərəflər ayrıldıqdan sonra qızılların Cavabdeh məxsus mənzildə qalması öz təsdiqini tapdığına görə iddiaçının həmin əşyaları sonradan gəlib evdən aparması barədə Cavabdeh tərəfindən irəli sürülən dəlili sübut etmə öhdəliyi də MPM-nin 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

63. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

64. Lakin, cavabdeh tərəf bu sübut etmə öhdəliyin öhdəsindən gələ bilməmiş və mübahisə predmeti olan 6 adda qızıl-zinət əşyasının ayrıldıqdan sonra iddiaçı tərəfindən birgə yaşadıqları mənzildən götürülməsini sübuta yetirə bilməmişdir.

65. Həmçinin birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahid ifadələri ilə də cavabdeh tərəfin bu dəlili sübuta yetirilmir. Belə ki. həmin şahidlər ifadələrində iddiaçı tərəfin qızılları apardıqlarını bildirsələr də, lakin bu ifadəni Cavabdeh tərəfindən onlara ötürülmüş informasiya əsasında bildirmişlər. Ona görə də kollegiya hesab edir ki, həmin şahid ifadələri sübut kimi qəbul edilməməlidir.

66. İddiaçı isə apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında 2019-cu ilin mart ayının 21-dən sonra Cavabdehlə barışmadığını və sonuncu ilə birgə yaşamış olduqları evə qayıtmadığını, ayrıldıqdan xeyli müddət sonra cehizlərinin bir hissəsini həmin evdən çıxartdığını bildirmişdir.

67. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh apellyasiya baxışı zamanı verdiyi izahatında 2019-cu ilin mart ayının 20-25 tarixi aralığında anasıgilin evə gedəndə qızılların evdə olmadığını bildirmiş və beləliklə qızılların həmin vaxt aralığında iddiaçı tərəfindən evdən aparılmış olduğunu göstərmişdir.

68. Lakin, cavabdeh apellyasiya şikayətində “mübahisə edilən qızıl-zinət əşyaları iddiaçı tərəfindən onun anasına məxsus mənzildən götürülmüşdür. Şahidlərin ifadələri ilə yanaşı iddiaçı və onun ailə üzvləri özü də yaxşı bilir ki, anasına məxsus mənzilin açarları ailə qurmamışdan əvvəl onlarda olmuşdur. İddiaçı və onun ailə üzvləri cehiz yığılması ilə əlaqadar mənzilin açarlarını ondan istəmiş, o da həmin açarları onlara vermişdir” barədə dəlil irəli sürməklə qızıl-zinət əşyalarının cehiz əşyaları ilə birlikdə iddiaçı tərəfindən evdən aparıldığını bildirmişdir.

69. Diqqət yetirilməli haldır ki, Cavabdeh 14 iyun 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq iddiaçı tərəfin cehiz əşyalarını hissə-hissə, təxminən 2-3 dəfəyə apardığını və ilk dəfə cehiz aparmaqlarının ayrıldıqları vaxtdan (xx.xx.2019) 1 ay sonraya təsədüf etdiyini bildirmişdir.

70. Beləliklə, Cavabdeh apellyasiya şikayətində qızıl-zinət əşyalarının cehiz əşyaları ilə birlikdə iddiaçı tərəfindən aparıldığını bildirmiş, lakin apellyasiya baxışı zamanı isə verdiyi izahatında şikayətin dəlilləri ilə əhəmiyyətli dərəcədə ziddiyyət yaradan izahat verərək qızıl-zinət əşyalarının ayrıldıqları vaxtdan bir neçə gün sonra (20-25 mart aralığı) aparıldığını göstərmişdir.

71. Məhkəmə kollegiyası işin göstərilən hallarını ağlabatan məhkəmə mühakiməsi əsasında tədqiq edərək iddiaçının səmimi olduğu və həqiqəti bəyan etdiyi qənaətinə gəlir.

72. Bundan əlavə, Cavabdeh mübahisə predmeti olan qızıl-zinət əşyalarının İddiaçı tərəfindən evdən götürülməsini təsdiqləyəcək sübut qismində Whatsapp sosial şəbəkə yazışmalarına istinad edərək bildirmişdir ki, iddiaçının anası Səidə adlı xanımla, habelə digər şəxs Sevil adlı xanımla aralarında olan Whatsapp sosial şəbəkə yazışmalarında qızıl-zinət əşyaları ondan tələb edilməmiş, eləcə də qızılların qaytarılmaması barədə aralarında hər hansı danışıq olmamışdır.

73. Məhkəmə kollegiyası həmin sosial şəbəkə yazışmalarını sistemli şəkildə tədqiq edərək qeyd edir ki, yazışmalar aparılan şəxslərdən biri iddiaçının anası Səidə adlı xanım, digəri isə Sevil adlı iş üzrə tərəf olmayan şəxslədir. İlk növbədə qeyd edilməlidir ki, Sevil adlı şəxs hazırkı mübahisə üzrə tərəf olmadığından onunla Cavabdeh arasında gedən sosial şəbəkə yazışması sübut kimi qiymətləndirilə bilməz.

74. Həmçinin, yazışmaların iddiaçının anası Səidə xanımla olan hissəsində Səidə 03 mart 2020-ci il tarixdə Cavabdeh ünvanladığı mesajda qeyd edir ki, “cəmi qızılınız 10 min pul tutar. Anan şişirib ki, 1800 min qızıla pul vermişik.. O qızılı kəbinə zaloq qoymasınız? Utanmaz utanmaz hər dəfə qızılın adını çəkirsiniz. Haram olsun sizə. Harda görmüsünüz ay yazıqlar”.

75. Məhkəmə kollegiyası qeyd edir ki, sosial şəbəkə yazışmalarının mətni geniş əhatəli olmadığından Səidə adlı xanımın nə demək istədiyini anlamaq olmur. İddiaçının anası Səidə yazışmada “haram olsun” ifadəsini işlədir ki, bununla qızılın onlarda, yaxud cavabdeh tərəfdə olmasını aparılan yazışma əsasında müəyyən etmək olmur. Yazıda qızılla bağlı mübahisənin olduğu, qızılın qiymətinin şişirdildiyi ilə bağlı mübahisənin olduğu nəzərə dəysə də, lakin qızılın kimin sahibliyində olmasını dəqiq müəyyən etmək üçün kifayət qədər dəqiq məlumatların olması müəyyən edilmir.

76. Həmçinin birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahid M.Səidə iddiaçının anasıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin şahidin ifadəsi sübut kimi qiymətləndirilə bilməz. Çünki bu şahid idiaçının anası olmaqla, işin iddiaçının xeyrinə həll olunmasında maraqlı olduğu istisna edilmir.

77. Halbuki, şahid mübahisənin düzgün həlli məqsədilə dindirilir, ona görə də onun ifadəsi sübut növü olaraq mübahisənin ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edən olmalı, həmin sübutun tamlığı, obyektivliyi, mötəbərliyi şübhə altında olmamalıdır.

78. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğvi üçün əsas deyildir.

79. İşin qeyd olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

80. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(125)-333/2023 nömrəli qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar