Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1162/2023 16.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəliyin tanınması və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(125)-329/2023 nömrəli qətnaməsindən İddiaçı, həmçinin üçüncü şəxslər X7 və Quliyeva (Rzayeva) Rahilə Qulu qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mərhum X5ndan miras qalmış, saxta sənədlər əsasında Cavabdeh1 tərəfindən Cavabdeh2 adına xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş “A” yaşayış binası ümumi sahəsi 983 kv.m, yaşayış sahəsi 63.2 kv.m, köməkçi sahəsi 35.1 kv.m 3 otaqdan ibarət olan evin bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəliyin tanınması və mirasın bölünüb payın pulla əvəz olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı X7 və Quliyeva (Rzayeva) Rahilə Qulu qızı üçüncü şəxs qismində işə cəlb edilmişlər. Gəncə Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(125)-329/2023 nömrəli (hakim M.Mustafayev) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəliyin tanınması və miras evin bölünüb payın pulla əvəz olunması tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı, həmçinin üçüncü şəxslər X7 və Quliyeva (Rzayeva) Rahilə Qulu qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun qardaşı, digər Cavabdeh2 isə qardaşı oğludur. X5 25 sentyabr 2014-cü il tarixdə, anası X8 isə 01 aprel 2021-ci il tarixdə ölmüşdür. Valideynlərinin vəfatından sonra onların xüsusi mülkiyyətində olmuş ünvan 2 ünvanda “A” yaşayış binası ümumi sahəsi 98,3 kv.m, yaşayış sahəsi 63.2 kv.m, köməkçi sahəsi 35.1 kv.m 3 otaqdan ibarət olan evləri qalmışdır. Qardaşı Cavabdeh1 öz arvadı ilə əlbir olub onun atasının xəstəliyindən sui-istifadə edərək dörd bacısı və digər qardaşlarının xəbəri olmadan gizli olaraq Gəncə şəhər 1 saylı notariat ofisinin vasitəsi ilə saxta sənədlər əsasında vəsiyyətnamə tərtib etdirmiş və 10 avqust 2012-ci il tarixdə reyestrdə 4Ə-2-334 nömrə ilə qeyd olunaraq müqavilə bağlanmış, mərhum X5nun adından mülkün dəyəri 5000 (beş min) manat qiymətləndirilərək qardaşının oğlu Cavabdeh2 adına bağışlanmışdır. O və bacı qardaşları mərhum ataları X1, eləcə də vəfat etdiyi vaxtda bundan xəbərsiz olmuşlar. X3 01 aprel 2021-ci il tarixdə vəfat etmiş və dəfn mərasimi zamanı olanları öyrənmişlər. Bundan sonra aralarında mübahisələr başlamışdır. Onlar notariat ofisinə müraciət etmişlər, lakin notarius vərəsəlik şəhadətnaməsini bilərəkdən verməmişdir. Bundan əlavə, 6 nəfər atalarının vərəsələridirlər, ata-analarının dəfnini onlar təşkil etmiş, onların xəstə olduqları vaxtdan vəfat edənə kimi valideynlərinə dörd bacı olaraq onlar qulluq etmişlər. Cavabdeh1 və onun arvadı onları hər dəfə təqib etsələr də, onlar yenə də valideynlərinə vaxtaşırı qulluq etmişlər. Buna baxmayaraq Cavabdeh1 valideynləri ağır xəstə yatarkən onların, xəstəliyindən, əqli zəifliyindən sui-istifadə etməklə onların xəbəri və məlumatı olmadan mübahisəli bağışlama müqaviləsini bağlamışdır. Cavabdehə müraciət edərək ona düşən miras payın pulla əvəz olunmasını tələb etsə də, sonuncu qərəzli olaraq imtina etmişdir. Bağışlama müqaviləsi saxtadır. Çünki 2012-ci ildən bəri digər vərəsələr bundan xəbərsiz idilər. Mərhum ataları Qulu Rzayev uzun müddət xəstə yatmış, xəstəliyi ilə əlaqədar yersiz fikirlər və hərəkətlərə yol vermiş, əqli zəiflikdən, psixoloji xəstəlikdən əziyyət çəkmişdir. Cavabdeh1 məhz bu vəziyyətdən və bütün imkanlardan sui-istifadə edərək ata mülkünü saxta yolla rəsmiləşdirmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı və üçüncü şəxslər X7 və Quliyeva (Rzayeva) Rahilə Qulu qızı iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Eləcə də məhkəmə çəkişməsi prinsipi pozulmuşdur. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə və iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdehlər mərhum atasını aldadaraq bağışlama müqaviləsini bağlayıblar. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X8 ilə X9 birgə nikahlarından xx xxx 1955-ci il tarixdə İddiaçı, 27 mart 1957-ci il tarixdə X10, 19 iyun 1965-ci il tarixdə X7, 13 iyun 1960-cı il tarixdə X11, 15 noyabr 1967-ci il tarixdə X14 anadan olmuşdur; Gəncə şəhəri 1 saylı notariat kontorunda bağlanmış 4Ə-2-334 saylı 10 avqust 2012-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Gəncə şəhər TİB-nun 14 iyul 1992-ci il tarixli 6353 nömrəli qeydiyyat vəsiqəsinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsinin 09 avqust 2012-ci il tarixli 1608 nömrəli arayışına əsasən X12 məxsus olan ünvan 3 ünvanda “A” yaşayış binası ümumi sahəsi 98,3 kv.m, yaşayış sahəsi 63.2 kv.m, köməkçi sahəsi 35.1 kv.m 3 otaqdan ibarət olan ev X15 tərəfindən Cavabdeh2 bağışlanmışdır; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı, xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanda “A” yaşayış binası ümumi sahəsi 98,3 kv.m, yaşayış sahəsi 63.2 kv.m, köməkçi sahəsi 35.1 kv.m 3 otaqdan ibarət olan ev xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 tam mülkiyyətinə verilmiş və adına dövlət reyestrində 63 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır; Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 659958 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 24 sentyabr 2014-cü il tarixdə Gəncə şəhərində vəfat etmişdir; Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.3, 140, 146.2, 346.1, 666.1 və 1200-ci maddələrinə istinad edərək, iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 666-cı maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır. Həmin Məcəllənin 668-ci maddəsinə əsasən, bağışlama aşağıdakı hallarda etibarlıdır: daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, mərhum X15 (hədiyyə verən) sağlığında Gəncə şəhəri 1 saylı notariat kontorunda 4Ə-2-334 saylı 10 avqust 2012-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlamış və həmin müqaviləyə əsasən, ona məxsus olmuş ünvan 4 ünvanda “A” yaşayış binası ümumi sahəsi 98,3 kv.m, yaşayış sahəsi 63.2 kv.m, köməkçi sahəsi 35.1 kv.m 3 otaqdan ibarət olan evi nəvəsi (hədiyyə alan) Cavabdeh2 bağışlamışdır. Hədiyyə alan hədiyyəni qəbul etmiş və qeyd olunan əmlak bağışlama müqaviləsi əsasında sonuncunun adına qeydiyyata alınmış və bu barədə Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən ******* nömrəli, 01 sentyabr 2012-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Bundan sonra, yəni 24 sentyabr 2014-cü il tarixdə hədiyyə verən X15 ölmüşdür. İddiaçı qardaşı Cavabdeh1 öz arvadı ilə əlbir olub atasının xəstəliyindən sui-istifadə edərək dörd bacısı və digər qardaşlarının xəbəri olmadan atasına məxsus əmlaka dair 10 avqust 2012-ci il tarixli 4Ə-2-334 reyestr nömrəli müqavilə bağladığını və əmlakı Cavabdeh2 adına bağışladığını, anası X4 01 aprel 2021-ci il tarixdə dəfn mərasimi zamanı əmlakın bağışlandığını öyrəndiyini, Cavabdeh1 valideynləri ağır xəstə yatarkən onların, xəstəliyindən, əqli zəifliyindən sui-istifadə etməklə onların xəbəri və məlumatı olmadan mübahisəli bağışlama müqaviləsini bağladığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası ilkin olaraq iddia tələbinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, hüquqi müstəvidə əqdin mövcudiyyətinin əmələ gələ bilməsi üçün tələb olunan təməl şərtlər əqdin qurucu ünsürləri hesab edilir. Əqdin varlığı baxımından əsas qurucu şərt heç şübhəsiz olaraq iradə ifadəsidir. Ancaq nəzərə alınmalıdır ki, iradə ifadəsi müəyyən bir hüquqi nəticəyə yönəlmiş olmalı, həm də hüquq sistemi tərəfindən görünüşdə bu iradə ifadəsinə uyğun hüquqi nəticə bağlanmış olmalıdır. Ümumiyyətlə “iradə” mücərrəd və subyektiv bir anlayış olsa da, lakin burada mahiyyət etibarı ilə hüquqi baxımdan şəxsin müəyyən bir məsələ barəsindəki niyyət və fikrini ifadə edir. Əqdləri əmələ gətirən əsas ünsür kimi “iradə ifadəsi” anlayışı: 1 - əqd bağlamaq barəsində fikir və niyyətin (yəni iradənin) formalaşması, 2 - bu niyyəti açıqlamaq istək və iradəsinin formalaşması, 3 - əqdi bağlamaq iradəsini açıqlayan hərəkətin icra edilməsi mərhələlərinin hamısını əhatə edir. Yəni əqdi əmələ gətirən iradə ifadələri bu üç xüsusatın üçünü də özündə ehtiva etməli olan ünsürlərdir. Nəzərə almaq lazımdır ki, şəxs (şəxslər) istədiyi üçün əqdlər hüquqi nəticə doğurur. Bu baxımdan da əqd arzu olunan hüquqi nəticəni əmələ gətirən iradə ifadəsidir. Ona görə də etibarlı əqddən bəhs olunması üçün iradənin ifadə olunması (bəyan edilməsi), ifadə olunan iradənin müəyyən bir hüquqi nəticəyə yönəldilmiş olması, hüquq sisteminin də bu iradə ifadəsinə uyğun hüquqi nəticəni əmələ gətirmiş olması lazımdır. İşdən müəyyən olunur ki, mərhum X2 öz iradə ifadəsi əsasında mülkiyyətində olmuş ünvan 4 ünvanda “A” yaşayış binası ümumi sahəsi 98,3 kv.m, yaşayış sahəsi 63.2 kv.m, köməkçi sahəsi 35.1 kv.m 3 otaqdan ibarət olan ev barəsində sərəncam verərək, həmin əmlakı nəvəsi (cavabdeh) Cavabdeh2 bağışlamışdır. Hədiyyə alan Cavabdeh2 də öz növbəsində hədiyyəni qəbul etmiş və həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmışdır. Bağışlama müqaviləsi bağlanarkən hədiyyə verən mərhum X9 xəstə olması, bununla əlaqədar yersiz fikirlər və hərəkətlərə yol verməsi, əqli zəiflikdən, psixoloji xəstəlikdən əziyyət çəkmiş olması barədə İddiaçı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər əsassızdır, işin faktiki halları, habelə hər hansı mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 346.1-ci maddəsi fiziki şəxslərin əqdin bağlandığı anda anlaqlılıq halının müvəqqəti itirilməsi vəziyyəti ilə bağlıdır. Belə ki, fiziki şəxsin anlaqlılığını müvəqqəti, keçici olaraq itirməsi həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına hüquqi əsas vermir. Lakin anlaqlılığını müvəqqəti itirən şəxs fəaliyyət qabiliyyətli hesab olunsa da, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, əqdin bağlanması zaman anlaqlılığın olmamasının sübuta yetirilməsi ilə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edilməsi imkanı nəzərdə tutulmuşdur. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar. Beləliklə, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər. Odur ki, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd etibarsızdır və sonradan hüquq sahibi tərəfindən bəyənilmədiyi təqdirdə arzu olunan heç bir hüquqi nəticələri yarada bilməz. Belə əqd üzrə icra edilmiş hərəkətlərin nəticələrinin tənzimlənməsi qaydası əhəmiyyətsiz əqdlərdə olduğu kimidir. Qeyd edilən normanın məqsədi anlaqlılığını müvəqqəti itirən şəxslərin mənafeyini qorumaq olduğundan, həmin şəxslərin bağladıqları əqd sonradan bəyənilməklə etibarlı hala gətirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, əqdlər arzu olunan hüquqi nəticəni əmələ gətirən iradə ifadəsi olduğuna görə, şəxsin birbaşa iradəsinin təşəkkülü ilə bağlı şərtlər də mahiyyəti etibarlı ilə ümumi etibarlılıq şərtlərinə daxildir. Bu baxımdan etibarlı bir əqddən bəhs oluna bilməsi üçün əqdi bağlayan şəxsin anlaqlı olması da lazımdır. Anlaqlılıq insanın şüurlu hərəkət edə bilmək qabiliyyətini ifadə edir. Nəticə etibarilə bir fiziki şəxsin bağladığı əqdin etibarlı hesab olunması mülki qanunvericiliklə həmin şəxsin fəaliyyət qabiliyyəti baxımından hansı kateqoriyaya aid hesab olunmasından və bağlanan əqdin bu kateqoriya üçün nəzərdə tutulmuş fəaliyyət qabiliyyəti şərtlərinə uyğun olmasından asılıdır. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mübahisəli bağışlama müqaviləsi bağlanarkən mərhum (hədiyyə verən) X15 tam fəaliyyət qabiliyyətli şəxs olmuş, yəni etdiyi hərəkətləri öz iradə ifadəsi ilə, habelə şüurlu və anlaqlı halda həyata keçirtmişdir. Beləliklə, mübahisə predmeti olan 10 avqust 2012-ci il tarixli bağışlama müqaviləsi mülki qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmışdır, əqdin etibarsızlığı üçün hər hansı hüquqi əsas yoxdur. Həmçinin məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan ünvan 4 ünvanda “A” yaşayış binası ümumi sahəsi 98,3 kv.m, yaşayış sahəsi 63.2 kv.m, köməkçi sahəsi 35.1 kv.m 3 otaqdan ibarət olan evə dair bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilmədiyindən, digər tələblərə hüququ qiymət verilməsinə zərurət yoxdur. Beləliklə işin sadalanan hallarına məcmu halında hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı, həmçinin üçüncü şəxslər X7 və Quliyeva (Rzayeva) Rahilə Qulu qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(125)-329/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1162/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1162/2023
16.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver