Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1195/2024 13.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Şəmkir X4 İdarəsinə qarşı mülki iş üzrə Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Şəmkir X4 İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(076)-420/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 avqust 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin rəsmiləşdirilməsi barədə əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu ildən Şəmkir X4ı İdarəsinin Şəmkir rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmiş və əmrin verilməsi üçün əsas xx.xx.2019- cu il tarixli 1 il müddətinə bağlanmış müddətli əmək müqaviləsi olmuşdur;
2. xx.xx.2023-cü il tarixli 14-2-2-13/3-1K-852023 nömrəli əmrin surətindən görünür ki, Cavabdeh İB-nin Şəmkir X4ı İdarəsinin Şəmkir rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsində çalışan İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli 14 nömrəli müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq əmək müqaviləsinin müddətinin qurtarılması ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdən xitam verilmişdir;
3. xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, 50 manat məbləğində olan mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir;
4. 047452 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı İİ dərəcəli əlildir;
5. xx.xx.2023-cü il tarixli 14-2-2-132-490/2023 nömərli məktubda qeyd edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus əmək kitabçasının əslinin götürülməsi üçün Şəmkir RQİİ-nin İnsan resursları şöbəsinə yaxınlaşması təklif edilmişdir;
6. xx.xx.2023-cü il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı işlədiyi dövrdə son 1 illik aylıq əməkhaqqısı cədvəldə qeyd edildiyi kimi, cəmi 636.84 manat hesablanmışdır.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsinin 06 iyul 2023-cü il tarixli 3-17-5/2-1-24576/2023 nömrəli məktubuna əsasən müəyyən olunur ki, İddiaçı Cavabdeh Şəmkir X4 İdarəsi tərəfindən qanunsuz olaraq işdən azad olunduğunu əsas göstərməklə 05 iyul 2023-cü il tarixdə həmin orqana müraciət etmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh Şəmkir X4 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində cavabdeh tərəfindən verilmiş əmrin ləğv olunması, əvvəlki vəzifəsinə bərpa olunması, qətnamə icra olunan vaxta kimi məcburi iş buraxma müddəti üçün əməkhaqqının verilməsi, 51 manat mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-ci ilin fevral ayından xx.xx.2019cu il tarixə kimi cavabdeh təşkilatda müvəqqəti nəzarətçi-çilingər vəzifəsində işləmişdir. xx.xx.2019-cu il tarixdən 2023-cü ilin iyun ayına kimi idarədə daimi olaraq nəzarətçi çilingər vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddətdə heç bir qayda pozuntusuna yol verməmişdir. Cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan 2023-cü ilin iyun ayının 25-də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi ilə əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. Dəfələrlə cavabdehə müraciət etməyinə, vəkil sorğusu təqdim etməyinə, mediasiyaya müraciət etməyinə baxmayaraq, işdən çıxmağı haqqında, işə qəbul haqqında, orta aylıq əməkhaqqı barədə və xasiyyətnamə ala bilməmişdir. Buna görə də iddia ərizəsində barəsində verilən əmrə istinad edə bilməmişdir. Cavabdeh tərəfindən işdən azad olunarkən hesab edir ki, qaydalar pozulmuşdur. Əvvala ona görə ki, o, işlədiyi müddətdə heç bir qanun pozuntusuna yol verməmişdir. Əgər hər hansı qayda pozuntusuna yol vermişdirsə, bəs nə üçün onun izahatı alınmayıb? Onun vəzifəsindən azad olunmağı işlədiyi kollektivdə, həmkarlar təşkilatında müzakirə olunmayıb? Onların bu barədə fikirləri soruşulmayıb və rəsmi olaraq münasibəti öyrənilməyib? Eyni zamanda işdən azad olunacağı barədə ona qabaqcadan rəsmi xəbərdarlıq olunmamışdır.
10. Cavabdeh Şəmkir X4 İdarəsi iddiaya etiraz verərək qeyd etmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixli 73-k nömrəli əmrlə Şəmkir rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmiş və xx.xx.2023-cü il tarixə qədər əmək fəaliyyətini davam etdirmişdir. İşlədiyi müddətdə peşə öhdəliklərinin icrasında çoxsaylı nöqsanlara yol verdiyindən dəfələrlə idarə rəhbərliyinin qərarı ilə barəsində intizam icraatı açılaraq intizam məsuliyyətinə cəlb edilmiş və intizam tənbehi tədbirləri tətbiq olunmuşdur. Belə ki, İddiaçı işlədiyi müddətdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq müvafiq əmrlərlə 8, o cümlədən 3 töhmət, 3 sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməklə, 2 (iki) aylıq əmək haqqının ¼ miqdarında cərimə edilməklə intizam məsuliyyətinə cəlb edilmişdir. Lakin, görülmüş islahedici tədbirlərə, edilmiş xəbərdarlıqlara, tətbiq olunmuş intizam tənbehi tədbirlərinə baxmayaraq İddiaçı əmək müqaviləsi üzrə vəzifə öhdəliklərini icra etməməyə davam etmişdir. Bilərəkdən etinasızlığa və vəzifə səhlənkarlığına yol verdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndini (əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək), “b” bəndini (əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək), “t” bəndini (əmək qanunvericiliyinin tələblərinə əməl etmək) dəfələrlə pozmuşdur. İddiaçı barədə toplanmış materiallar qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsini şərtləndirməsinə baxmayaraq, araşdırmalar zamanı əlavə edilmiş fakt təsdiqləylci sənədlərlə və səhv etirafedici izahatlarla onun səmimi etirafı, əmək fəaliyyəti, sosial vəziyyəti, yol verilmiş nöqsanın xarakteri nəzərə alınaraq rəhbərlik tərəfindən əksəriyyət işlərdə ona güzəşt olunması qərara alınmışdır. Buna baxmayaraq, İddiaçı yenə də hərəkətsizlik göstərərək çoxlu sayda təkrarlanan nöqsanlara yol verdiyinə, eləcə də bunları davam etdirdiyinə görə Şəmkir RQİİ tərəfindən müddəti bitmiş əmək müqaviləsinin uzadılmaması barədə qərar qəbul edilmişdir. Ona görə də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-73-cü maddələrinin tələblərinə uyğun olaraq, xx.xx.2023-cü il tarixdə 14-2-2-13/3-1K-85/2023 saylı əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş (əmək müqaviləsi müddətinin qurtarması ilə əlaqədar) və iddiaçı işlədiyi peşədən azad edilmişdir. Bundan başqa, İddiaçı əmək hüquqlarının mübahisələndirməsi hərəkətlərini gecikdirərək qanunla müəyyən edilmiş müddəti də ötürmüşdür. Belə ki, xx.xx.2023-cü il tarixli 14-2-2- 13/3-1 K-85/2023 nömrəli əmrlə işdən azad olunmuş İddiaçı həmin tarixdə əmrlə tanış olmuş, lakin müvafiq qaydada imza qeydi etməkdən və əmək kitabçasının əslini qəbul etməkdən imtina etmişdir. Bu barədə müvafiq qaydada sənədləşmə aparılaraq xx.xx.2023-cü i! tarixdə poçt vasitəsilə rəsmi qaydada məktub da göndərilmişdir ki, əmək kitabçasının əslini təhvil götürsün. Eyni zamanda, İddiaçı xx.xx.2023-cü il tarixdə bu barədə teleqramında, eləcə də yazdığı şikayət ərizəsində işdən azad olunduğunu, əmrin tarixini və.s məlumatları bildirmiş, hətta bu barədə rayon İcra Hakimiyyətinə xx.xx.2023-cü il tarixdə ətraflı izahat da vermişdir. Odur ki, iş üzrə toplanmış rəsmi məlumatlandırma sənədləşmələri, eləcə də İddiaçı özünün etirafedici sənədləşmələri fonunda onun həm işdən azad olunma əmrindən, həm də iş üzrə bütün sənədləşmələrdən tam məlumatlı olduğu müəyyən olunur. Belə olan halda iddia tələbinin qaldırılması mümkünlüyü araşdırılaraq müvafiq hüquqi qiymət verilməli, bundan sonra mahiyyəti üzrə araşdırma aparılmalıdır.
11. Şəmkir Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(076)-420/2024 nömrəli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova) İddiaçı Cavabdeh X2 X4 İdarəsinə qarşı “işə bərpa və məcburi proqul müddətində əmək haqqı” tələbi barədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 14, 43.3, 45.1, 45.3, 45.4, 45.5, 47.1, 68.1, 68.2, 73.1, 83.2, 296.2 və 296.3cü maddələrinə, həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.5 və 35.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onun işdən azad olunmağı həmkarlar təşkilatında müzakirə olunmamışdır. Hansı səbəbdən bu məsələ barədə həmkarlar təşkilatının fikri öyrənilməyib? Məhkəmə qətnamədə göstərir ki, o, qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət etməmişdir. Məhkəmənin gəldiyi bu qənaətlə razı deyil. Çünki, işə bərpa olunmağı ilə bağlı Əmək Müfəttişliyinə, Cavabdehnə və müxtəlif inzibati orqanlara, o cümlədən mediasiya şurasına müraciət etmişdir və bu səbəbdən iddia verilməsi üçün müddəti ötürməmişdir. Bu barədə müvafiq sübutları məhkəməyə təqdim etsə də, qətnamədə həmin sübutlara qiymət verilməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iki ixtisas üzrə ali təhsili vardır. Müsabiqə yolu ilə tutduğu vəzifəyə təyin edilmişdir. Əlilliyi var və bu səbəbdən xüsusi diqqətə ehtiyacı vardır. Əmək funksiyalarını icra etdiyi zaman hər hansı nöqsana yol verməmişdir. İstəyir ki, işə bərpa olunmasında köməklik göstərilsin. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı ikinci qrup əlildir. Hazırkı tələb üzrə qanunla müəyyən edilmiş iddia müddəti ötürülməmişdir. Belə ki, iddiaçı işdən azad olunduqdan sonra Cavabdehnə, X3 Xidmətinə, o cümlədən mediasiya təşkilatına müraciət etmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmr hələ sə onun özünə rəsmi qaydada verilməmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsindən məlumatlı olmuşdur, lakin bu barədə əmr ona verilməmişdir. İddiaçı 27 iyul 2023-cü il tarixdə mediasiya təşkilatına müraciət etmişdir və mediasiya prosesi 07 sentyabr 2023-cü il tarixdə bitmişdir. Hazırkı iddia ərizəsi 20 noyabr 2023-cü il tarixdə məhkəməyə verilmişdir. 04 sentyabr 2023-cü il tarixdə bu iddia ilə məhkəməyə müraciət edilsə də, məhkəmə iddia ərizəsini geri qaytarmışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qyadada məlumat verilməsinə baxmayaraq, cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
19. Maddə 68.2 b) bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
20. Maddə 83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
21. Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.
22. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
23. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
24. Maddə 296.7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu:
25. Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.
26. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
27. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
29. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
30. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
31. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
32. Maddə 379.1.6. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır.
33. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına əmək qanunvericiliyinə və əlaqəli hüquq normalarına əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı ilə cavabdeh təşkilat arasında xx.xx.2019-cu il tarixdə müddətli əmək müqaviləsi bağlanmış və iddiaçı Şəmkir X4ı İdarəsinin Şəmkir rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə işə qəbul edilmiş və əmək müqaviləsinin müddəti 1 (bir) il müəyyən edilmişdir. Şəmkir X4ı İdarəsinin xx.xx.2023-cü il tarixli 14-2-2- 13/3-1K-852023 əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq əmək müqaviləsinin müddətinin qurtarılması ilə əlaqədar olaraq iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrin qəbul edilməsi barədə İddiaçı məlumatı olmuşdur. Hətta, əmək kitabçasının götürülməsi barədə cavabdeh təşkilat tərəfindən iddiaçıya məktub göndərilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə mediasiyaya müraciət etmiş və mediasiya prosesi 07 sentyabr 2023-cü il tarixdə yekunlaşmışdır. İddiaçı 20 noyabr 2023-cü il tarixdə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə vermiş, birinci instansiya məhkəməsi də iş üzrə iddia müddətini tətbiq edərək iddia tələbini təmin etməmişdir.
46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
47. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki tələblərlə yanaşı əmək mübahisələrində də iddia müddətləri tətbiq olunur. Məsələn, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsində göstərilən hallardan başqa (yəni müəssisədə həmkarlar ittifaqı təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanlar yaradıldığı haldan başqa) qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
48. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərhinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddətinin əhəmiyyəti barədə göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət güstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.
49. İddia müddətlərinə riayət olunmasını aydınlaşdırmaq üçün həmin müddətin başlanğıcının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir.
50. Əmək Məcəlləsinin 296-cı maddəsinin birinci hissəsinə görə, iddia müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən başlanır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, işçinin hüququnun pozulmasını aşkar etdiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
51. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarında əmək kitabçasının və son haqq-hesabının ona nə vaxt verilmiş olması barədə məlumat mövcud olmasa da, işin hallarından görünür ki, iddiaçı müvafiq əmrlə tanış edilmiş, bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsinə, 27 iyul 2023cü il tarixdə Mediasiya Təşkilatına, daha sonra isə məhkəməyə müraciət etmişdir.
52. İşdən aydın olunur ki, iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı verdiyi izahatında bildirmişdir ki, 25 iyun 2023-cü il tarixdə cavabdeh tərəf onu çağırmış və işdən azad edilməsini bildirərək, əmrin surətini və əmək kitabçasının verilməsini təklif etmişdir, lakin o, buna inanmadığından əmri və əmək kitabçasını qəbul etməkdən imtina etmişdir (bax səhifə 55 məhkəmə iclas protokolu).
53. Digər tərəfdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanladığı 06 iyul 2023-cü il tarixli məktuba əsasən müəyyən olunur ki, sonuncu 05 iyul 2023-cü il tarixdə cavabdeh təşkilat tərəfindən qanunsuz olaraq işdən azad olunduğunu əsas göstərməklə həmin orqana müraciət etmişdir.
54. İşin göstərilən halları belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı 05 iyul 2023-cü il tarixdə artıq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə məlumatlı olmuşdur ki, bununla da Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş 1 (bir) aylıq iddia müddətinin axımı başlanmışdır.
55. Kollegiya həmçinin qeyd edir ki. İddiaçı 27 iyul 2023-cü il tarixdə, yəni iddia müddətinin axımının 22-ci günündə Mediasiya Təşkilatına müraciət etmiş və beləliklə iddia müddətinin axımı dayanmışdır. Mediasiya prosesi 07 sentyabr 2023-cü il tarixdə başa çatmışdır ki, bununla da qalıq (8 gün) iddia müddətinin axımı davam etməyə başlamış və 16 sentyabr 2023-cü il tarixdə iddia müddəti bitmişdir.
56. Buna baxmayaraq İddiaçı isə 06 oktyabr 2023-cü il tarixdə, yəni iddia verilməsi üçün qanunla müəyyən edilmiş müddət bitdikdən sonra cavabdeh təşkilata qarşı işə bərpa tələbi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 06 oktyabr 2023-cü il tarixli 2(076)-3248/2023 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Bundan sonra da iddiaçı 20 noyabr 2023-cü il tarixdə yenidən hazırkı tələblə ilə məhkəməyə müraciət etmişdir.
57. Göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə hazırkı tələblə məhkəməyə müraciət etmiş, cavabdeh tərəf də iş üzrə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.
58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
59. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
60. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
61. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
62. İddiaçının apellyasiya şikayətində göstərdiyi “işə bərpa olunmağı ilə bağlı Əmək Müfəttişliyinə, Cavabdehnə və müxtəlif inzibati orqanlara, o cümlədən mediasiya şurasına müraciət etmişdir və bu səbəbdən iddia verilməsi üçün müddəti ötürməmişdir” barədə dəlilini də kollegiya əsassız sayır.
63. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.3-cü maddəsinə görə, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir.
64. Əmək Məcəlləsinin 294.1-ci maddəsinə görə isə, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
65. Əmək Məcəlləsinin 294.4-cü maddəsinə əsasən, məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.
66. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə əmək mübühisələrinə məhz mediasiya prosesi şamil olunur. Mediasiya prosesinin nəticəsi müsbət olmadıqda isə, mübahisəyə Əmək Məcəlləsinin 294.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən baxılır. Ona görə də məhkəmə kollegiyası iddiaçı tərəfin göstərilən dəlilini əsassız sayır.
67. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(076)-420/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.