Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1215/2024 17.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Göygöl rayon qeydiyyat .öbəsinə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə Göygöl Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 2(066)-354/2024 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1999-cu ildə Göygöl rayonunda anadan olmuş X1 bədbəxt hadisə (intihar) səbəbindən xx.xx.2023-cü il tarixdə Göygöl şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin oğlu X2 xx.xx.1999- cu il tarixdə Göygöl rayonunda anadan olmuşdur. O, qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşamışdır. Fərid Kərimli xx.xx.2023-cü il tarixdə yaşadığı evin qarşı tərəfində yerləşən avtomobil qarajının arxa tərəfində özünü kəndirlə asaraq intihar etmişdir. X2 xx.xx.2023-cü il tarixdə dəfn edilmişdir. Onun ölümü ilə bağlı Göygöl rayon prokurorluğunda araşdırma aparılmış və xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Ərizəçi oğluna ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin oğlunun ölümünü təstiq edən tibbi sənədlər olmadığı üçün həmin orqan ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ona görə də məhkəmə müraciət etməli olmuşdur. Oğlunun bədbəxt hadisə (intihar) nəticəsində ölməsini qonşuları da təstiq edə bilərlər. Göygöl Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 2(066)-354/2024 nömrəli qərardadı ilə (hakim Rəşad Mustafayev) Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə işin icraatına xitam verilməsi qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan Ərizəçi şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Ərizəçi ərizədə qeyd olunanlarla yanaşı şikayətini onunla əsaslandırmışdır ki, işin icraatına xitam verilməsinin əsası kimi xx.xx.1999-cu ildə Göygöl rayonunda andan olmuş X1 bədbəxt hadisə (intihar) səbəbindən xx.xx.2023-cü il tarixdə Göygöl şəhərində vəfat etməsi faktına görə cinayət işinin başlanılmış olması, meyitə baxış keçirilməklə ölümün səbəblərinin araşdırılması, mərhum oğlunun xx.xx.2023-cü il tarixdə Göygöl şəhərində vəfat etməsi faktının müəyyən edilmiş olması göstərilmişdir. Hesab edir ki, qərardad əsassız olduğundan ləğv edilməlidir. Belə ki, mərhum X1 meyidi ekspertizada müayinə edilməmiş və ekspertiza rəyi alınmamışdır. Ona görə də oğlunun ölümünü qeydiyyat orqanında qeydə aldırmaq üçün ölümə dair həkim arayışı ala bilməmişdir. Məhz buna görə MPM-nin 307.2.8-ci maddəsinə istinad edərək ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmənin hazırki iş üzrə icraata xitam verilməsi barədə qərardadı əsassız olduğundan ləğv edilməli və işə mahiyyəti üzrə baxılmalıdır. X1 vəfat etməsi ilə bağlı ölümün qeydə alınmasının mümkün olmaması onun ölümündə əsas verən kifayət qədər tibbi sənədlərin olmaması olmuş və bu səbəbdən qeydiyyat orqanı tərəfindən imtina verilmişdir. Göygöl Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli 2(066)-354/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarının icraata xitam verilməsi barədə MPM-nin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. MPM-nin 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Buraya mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunması, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması, iddia ərizəsi təmsilçi tərəfindən verildiyi halda onun səlahiyyətlərinin lazımi qaydada rəsmiləşdirilməsi, iddia ərzəsinə əlavə edilmiş sənədlərin siyahısı, iddia ərizəsinin məhkəmə və ərazi aidiyyəti üzrə düzgün məhkəməyə verilməsi və.s kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Məhkəmə kollegiyası göstərir ki, əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı işin mahiyyəti Mülki Prosessual Məcəllənin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsindən bəhs edən 31-ci fəslində əksini tapmış şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsindən ibarətdir. Ona görə də işin hallarına həmin Fəslin müddəaları əsasında, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 nömrəli Qərarında olan hüquqi mövqeyə uyğun qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.-ci və 307.2.8-ci maddələrinə görə, məhkəmə şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə uyğun olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 nömrəli Qərarının 1.2-ci bəndində təsbit edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Eyni zamanda, adıçəkilən Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin Qaydanın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən, şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Yuxarıda göstərilən Plenumun qərarında həmçinin qeyd edilmişdir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası işin icraatına xitam verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. İş materiallarındakı sənədlərdən göründüyü kimi, xx.xx.1999-cu il tarixdə Göygöl rayonunda anadan olmuş X1 bədbəxt hadisə (intihar) səbəbindən xx.xx.2023-cü il tarixdə Göygöl şəhərində vəfat etməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, meyitə baxış keçirilməklə ölümün səbəbləri araşdırılmış, həmin adı çəkilən şəxsin xx.xx.2023- cü il tarixdə Göygöl şəhərində vəfat etməsi faktı müəyyən edilmişdir. Göygöl rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Ərizəçi xx.xx.1999-cu il tarixdə Göygöl rayonunda anadan olmuş X1 bədbəxt hadisə (intihar) səbəbindən xx.xx.2023-cü il tarixdə Göygöl şəhərində vəfat etməsi faktının müəyyən edilməsi faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzadir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli qərarı). Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, ərizəçi ölüm sənədinin verilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, əgər həmin orqan ölüm kağızının verilməsindən imtina etsə, orqanın qərarından və hərəkətlərindən aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ istisna deyildir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir və eyni zamanda kollegiya qeyd edir ki, şikayətdə göstərilənlər qərardadın ləğvi üçün əsas deyil. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və MPM-nin 261, 263-264, 267, 398, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 2(066)-354/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1215/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1215/2024
17.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver