Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1233/2023 16.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: əmlak və pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-171/2023 saylı iş üzrə 08 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 16 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Mülki işin materiallarında olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)- 1316/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Emay qızı ilə X4 arasında xx.xx.2011-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 15 nömrə ilə qeyd edilmiş nikahı pozulması qət edilmişdir.
2. Mülki işin materiallarında olan X1 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər X1 sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər.
3. Mülki işin materiallarında olan 10 iyun 2017-ci il tarixli qaimədən görünür ki, İddiaçı Dünya Qapıları adlı mağazadan 870 manat dəyərində qapı almışdır.
4. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, X2 məxsus olan mebel və ev əşyaları sayılıb, sıyahısı tutulmuşdur. Aktın doğruluğunu öz imzaları ilə Zaur Ələkbərov, Günay İbayeva, İlham Tağıyev və Əfsanə Sadıqova imzalamışlar.
5. Mülki işin materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2022-ci il tarixli, 10/4689 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Gəncə şəhəri, H.Əliyev prospekti 586 nömrəli evin mübahisəli 3 otağının təmirinə (həmin otaqların divarlarının, tavanının yenilənməsinə, qapıların və pəncərələrinin dəyişdirilməsinə) çəkilən xərcin dəyəri bazar qiymətlərinə uyğun olaraq 5886 manat məbləğində müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəyəri 500 manat olan 2 ədəd konfet qabı, dəyəri 600 manat olan 2 ədəd böyük konfet qabı, dəyəri 150 manat olan 1 ədəd qazan dəsti, dəyəri 50 manat olan 1 ədəd padnos, dəyəri 100 manat olan 1 ədəd çəngəl qaşıq dəsti, ümumilikdə 1400 manat oğlan evinin ona verdiyi zinət hədiyyələri dəyəri 2000 manat olan 1 ədəd briliyant komplekti 583 əyarlı, dəyəri 2200 manat olan 1 ədəd qolbağı briliant 583 əyarlı, dəyəri 600 manat olan 1 ədəd qızıl boyunbağı 750 əyarlı, dəyəri 1000 manat olan 1 ədəd briliyant klon, dəyəri 1000 manat olan 1 ədəd qızıl 5 qaş nişan üzüyü, dəyəri 800 manat olan 1 ədəd tək qaş ağ qızıl üzük (ümumilikdə 7600 manat), evlilik müddətində onun özü tərəfindən alınan qızıl-zinət əşyaları dəyəri 500 manat olan briliyant 583 əyarlı, dəyəri 550 manat olan qızıl sırğa 585 əyar 7,8 qram, dəyəri 320 manat olan qızıl boyunbağı 585 əyar, dəyəri 200 manat olan qızıl açar formalı klon, dəyəri 220 manat olan qızıl balıq formalı klon, dəyəri 200 manat olan qızıl nazik boyunbağı, dəyəri 2300 manat olan qızıl komplekt 23 qram 750 əyarlı, dəyəri 150 manat olan qızıl klon balaca, dəyəri 250 manat olan qızıl yantar klon, dəyəri 500 manat olan briliyant sırğa, dəyəri 1500 manat olan qızıl bilərzik 15 qram - 750 əyar, dəyəri 600 manat olan qızıl yantar üzük 550 əyar, dəyəri 200 manat olan qızıl nazik balaca tək qaş üzük, dəyəri 600 manat olan briliyant tək qaş üzük, dəyəri 600 manat olan briliyant gül formalı, dəyəri 500 manat olan tək qaş briliyant üzük, dəyəri 800 manat olan briliyant mirvari, dəyəri 700 manat olan briliyant saat, dəyəri 140 manat olan 2 ədəd qızıl qolbağı (göy-qırmızı), dəyəri 1000 manat olan qızıl onluq, dəyəri 800 manat olan tək qaş iri qaşlı sibir briliyantı, dəyəri 100 manat olan nazik 585 əyar, dəyəri 120 manat olan rus qızılı halqa , dəyəri 1000 manat olan komplekt,dəyəri 200 manat olan nazik üzük (ümumilikdə 14050 manat) şəxsi və zinət əşyalarının cavabdehlərdən alınıb ona verilməsinə, bu mümkün olmadıqda əşyaların dəyərinin əvəzi olaraq 23050 (iyirmi üç min əlli manat), Gəncə şəhəri, H.Əliyev prospekti 586 ünvanında yerləşən evin təmiri üçün onun tərəfindən xərclənmiş 12000 (on iki min) manat məbləğində pulun, ümumilikdə 35050 (otuz beş min əlli) manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehin oğlu Qurbanov Vüsal ilə el adəti ilə toy edərək ailə qurmuş və onların nikahı Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 03.2011-ci il tarixdə 105 nömrə ilə qeyd edilmişdir. Ailə qurduqdan sonra onlar cavabdehə məxsus Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev pr. 586 ünvanında yaşamışlar. O, cavabdehə məxsus evdə yaşadığı müddətdə, 2017-ci il ərzində cavabdehin evini əsaslı təmir etdirmişdir. Daha sonra onun ilə cavabdehin oğlu arasında ailə münasibətləri pozulmuş, cavabdehin oğlu Qurbanov Vüsal cinayət məsuliyyətinə cəlb edilərək həbs edilmiş, hal-hazırda da azadlıqdan məhrumetmə cəzasını çəkməkdədir. Bundan sonra cavabdeh daim sonuncunun evdən çıxıb getməyini tələb etmiş və özünə məxsus evdən zorla çıxarmaq istəmişdir. Sonuncu dəfə 2020-ci ilin 16-17 dekabr tarixdə cavabdeh ilə onun arasında kəskin mübahisə olmuş, cavabdeh onu öz evindən qovmuş və hətta onun evdən çıxarılması üçün “102 Qaynar Xətti”nə müraciət etmiş, ərazi üzrə polis əməkdaşları gəlmiş, polis əməkdaşlarının təklifi ilə o, cavabdehin evindən çıxmışdır. Onun cavabdehlə kəskin mübahəsinin nəticəsində evdən qovulduğu vaxt ona evlilik zamanı və evlilikdən sonra hədiyyə edilmiş, öz qazancı ilə aldığı qızıl-zinət əşyalarını özü ilə götürə bilməmişdir. Daha sonra o, cavabdehin evində olan cehiz əşyalarının bir çox hissəsini çıxarmışdır. Onun keçmiş əri oğurluğa görə həbs edilmiş və 1-2 dəfə qızıl oğurlamışdı, o, da ehtiyat edərək özünə məxsus qızılları saxlaması üçün cavabdehin arvadına, onun keçmiş qayınanası Gülnarəyə vermiş, sonuncu da onun qızıllarını cavabdehə məxsus seyfə qoymuşdur. O, gündəlik olaraq qızıl əşyaları taxmamış, bijuteriya istifadə etmişdir. O, cavabdehin evini təmir elətdirərəkən Vaqif usta ilə birlikdə materialların alınmasında iştirak etmişdir. Cehiz əşyaları çıxarılarkən o, cavabdehə məxsus evin təmirinə xərclədiyi pulu və özünə məxsus qızıl-zinət əşyalarını cavabdehdən tələb etsə də, sonuncu imtina etmişdir. O, dəfələrlə özünə məxsus cehiz və zinət əşyalarını cavabdehdən tələb etsə də, cavabdeh tərəf bu tələbə bir mənalı münasibət bildirməmiş, müxtəlif bəhanələrlə ona məxsus cehiz və zinət əşyalarını verməkdən boyun qaçırmışdır. İddiaçı cavabdehə Mediasiya təklifi göndərmiş, lakin cavabdeh iddiaçının mediasiya təklifini qəbul etməmişdir.
8. Gəncə Şəhər Məhkəməsinin 2(125)-171/2023 saylı iş üzrə 08 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim K.Hüseynov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 2943 (iki min doqquz yüz qırx üç) manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə 20 (iyirmi) manatın alınaraq, İddiaçı ödənilməsi, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaitinin 50 (əlli) manatının İddiaçı, 50 (əlli) manatının Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-171/2023 saylı iş üzrə 08 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam şəkildə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin oğlu ailəli olmuş və aralarında olan nikah sonradan pozulmuşdur. İddiaçı cavabdehə məxsus evdə yaşadığı müddətdə 2017-ci il ərzində cavabdehin evini təmir etdirmiş, iddia etdiyi məbləğdə pul xərcləmişdir. Cavabdehin oğlu Vüsal Qurbanov cinayət törətmiş və həbs edilmişdir. Bundan sonra cavabdeh iddiaçının evdən çıxmasını tələb etmişdir. Sonuncu dəfə 2020-ci ilin dekabr ayında cavabdeh iddiaçını evdən qovmuşdur. İddiaçı evdən çıxarkən özünə aid olan qızıl-zinət əşyalarını özü ilə apara bilməmişdir. Apellyator şikayətində həmçinin, təmir xərclərinin məbləğinin düzgün müəyyən edilmədiyini, həm də onun tərəfindən çəkilmiş həmin xərclərin yalnız onun tərəfindən çəkildiyini, həmin xərclərin yarı hissəsinin işdə iştiraka cəlb olunmayan Vüsal Qurbanovun vəsaiti hesabına çəkilmiş xərclər kimi qiymətləndirilməməli olduğunı iddia etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat vermiş və bir daha qeyd etmişdir ki, özünə məxsus olan qızıl əşyaları saxlaması üçün cavabdehin arvadına, yəni, keçmiş qayınanası Gülnarəyə vermişdir. Sonda iddiaçı şikayətin təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətində göstərilənlə etirazını bildirərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
14. Maddə 1096.1.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
15. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
16. Maddə 32. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
17. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
19. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 24 Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
27. MPM-in 372-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası aparılmış araşdırmalar nəticəsində hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməyən hissələrində işin faktiki hallarına düzgün hüquqi qiymət verilmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur..
29. Belə ki, irəli sürülən iddianı qızıl zinət və sair əşyaları tələbi hissədə təmin etməyərkən məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı qızıl-zinət əşyalarının və bəzi cehiz əşyalarının cavabdehdə olduğunu bildirsə də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən tutarlı əsas gətirilmədən qızıl-zinət əşyalarının və cehiz əşyalarının cavabdehdə olduğunu bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini qızıl-zinət əşyaları və cehiz əmlak tələbinə dair hissədə əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaətləri ilə razılaşır və göstərir ki, işə birinci instansiya məhkəməsində baxilarkən iddiaçı izahatında göstərmişdir ki, özünə məxsus olan qızıl əşyaları saxlaması üçün cavabdehin arvadına, onun keçmiş qayınanası Gülnarəyə vermişdir. İşə apellyasiya qaydasında baxılarkən də iddiaçı eyni məzmunlu izahat vermişdir.Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri müzakirə edərək, kollegiya hesab edir ki, həmin dəlillər məhkəmə qətnaməsinin iddianın təmin edilməyən hissələrində ləğv edilməsi və irəli sürülən iddianın həmin hissələrdə təmin edilməsi üçün əsas sayıla bilməz.
31. Belə ki, məhkəmə kollegiyası belə qənaətə gələrkən nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur.
32. MPM-in sübutlarla bağlı tələblərinə əsasən İddia edilən əşyaların cavabdehdə qaldığını sübut etmək yükü iddiaçının üzərinə düşür. İddiaçı bunu məhkəməyə bildirsə də, məhkəməyə öz izahatından başqa bu halı təsdiq edə bilən heç bir mötəbər sübut növünü təqdim edə bilməmişdir. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Kollegiya bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə olan halda iddiaçının izahatında göstərdiyi xüsusatları təsdiq edə bilən, əlaqəli, başqa sübutlar da olmalıdır və artıq yuxarıda qeyd edildiyi kimi, iddiaçı iddia edilən əşyaların cavabdehdə qaldığı barədə heç bir mötəbər sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya onu da qeyd edir ki, işə məhkəmədə baxilarkən iddiaçının özü də izahatında göstərmişdir ki, özünə məxsus olan qızıl əşyaları saxlaması üçün cavabdehin arvadına, keçmiş qayınanası Gülnarəyə vermişdir. Yəni, iddiaçının özü də etiraf etmişdir ki, iddia etdiyi qızıl zinət əşyaları cavabdehdə qalmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, irəli sürülən iddianı qızıl zinət və sair əşyaları tələbi hissədə təmin etməyərkən məhkəmə sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
33. Bundan əlavə, məhkəmə irəli sürülən iddia tələbini cavabdehə məxsus evə çəkilmiş təmir xərci ilə bağlı hissədə qismən təmin etmiş və gəldiyi bu nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin və evdə usta işləmiş şahidlərin məhkəmə iclasında verdikləri izahatlardan iddiaçının cavabdehə məxsus evin təmirinə xərc çəkdiyi müəyyən olunmuşdur. Bununla da cavabdeh qanuni əsas olmadan iddiaçının hesabına əsassız varlanmışdır. Belə ki, iddiaçı cavabdehə məxsus evdə cavabdehin oğlu, keçmiş əri Vüsal ilə birlikdə yaşadığı nikah dövründə əldə edilmiş birgə qazanc hesabına evi təmir eləmiş, təmirə çəkilmiş xərci cavabdehə bağışlamamış və ya hər hansı başqa əsasla verməmişdir. Belə olan halda cavabdeh əldə etdiklərini iddiaçının tələbi ilə ona qaytarmalıdır. Lakin, iddiaçının evin təmirinə çəkdiyi 5886 manat məbləğində xərc cavabdehin oğlu, keçmiş əri Vüsal Qurbanovla onun nikah dövründə əldə etdiyi birgə qazanc hesabına olduğu üçün çəkilmiş xərcin yarısı olan pul məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. 34 Apellyator şikayətində təmir xərclərinin məbləğinin düzgün müəyyən edilmədiyini də iddia etmişdir.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili üzrə iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehə məxsus evə çəkilmiş təmir xərclərini 5886 manat məbləğində müəyyən etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir.
36. Belə ki, iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi cavabdehə məxsus evə çəkilmiş təmir xərclərinin məbləğini müəyyən etmək üçün xüsusu bilik tələb olunduğunu nəzərə almaqla ekspertiza təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2022-ci il tarixli, 10/4689 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Gəncə şəhəri, H.Əliyev prospekti 586 nömrəli evin mübahisəli 3 otağının təmirinə (həmin otaqların divarlarının, tavanının yenilənməsinə, qapıların və pəncərələrinin dəyişdirilməsinə) çəkilən xərcin dəyəri bazar qiymətlərinə uyğun olaraq 5886 manat məbləğində müəyyən edilmişdir. Həmin ekspert rəyinin tədqiqat hissəsindən müəyyən olunur ki, ekspertiza mübahisəli evə tərəflərin iştirakı ilə baxış keçirilməklə aparılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, həmin ekspert rəyinin işin faktiki hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur. Məhkəmə də məhz həmin rəyə əsasən cavabdehə məxsus evə çəkilmiş təmir xərclərinin məbləğini müəyyən etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehə məxsus evə çəkilmiş təmir xərclərinin məbləğinin düzgün müəyyən edilmədiyi barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır.
37. Apellyatorun şikayətinin digər dəlilləri iddiaçı tərəfindən cavabdehə məxsus evə çəkilmiş təmir xərclərinin ikidə bir hissəsinin cavabdehin oğlu-X3 vəsati hesabına çəkilmiş xərclər kimi qiymətləndirilməsi və X3 işdə iştirak etmədiyi halda məhkəmənin bu xərcləri bölməsi barədə məhkəmənin gəldiyi nəticənin doğru olmadığı barədədir.
38. Məhkəmə kollegiyası cavabdehə məxsus evə çəkilmiş təmir xərclərinin cavabdehin oğlu-X4 ilə iddiaçının birgə nikahda olduğu zaman ərzində aparıldığı barədə işin faktiki hallarını diqqətdə saxlayıb hesab edir ki, apellyasiya şikayətinin həmin dəlilləri də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin mətn və məzmununa əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar onların ümumi birgə mülkiyyəti sayılır. Həmin qanun normasının hazırki işin yuxarıda qeyd edilən faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, cavabdehə məxsus evə çəkilmiş təmir xərclərinin ikidə bir hissəsi məhz cavabdehin oğlu-X3 vəsati hesabına çəkilmiş xərclər kimi qiymətləndirilməlidir. X3 işdə iştirak etmədiyi halda məhkəmənin bu xərcləri bölməsinin düzgün olmadığı barədə iddiaçının dəlillərini kollegiya əsaslı saymır, çünki bu qayda qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Doğrudur ki, işə baxan birinci instansiya məhkəməsi həmin hissə ilə bağlı mübahisəyə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37-ci maddəsini tətbiq etmişdir. Buna baxmayaraq məhkəmə həmin hissədə iş üzrə düzgün nəticəyə gəlmiş, cavabdehə məxsus evə çəkilmiş təmir xərclərinin ikidə bir hissəsinin cavabdehin oğlu-X3 vəsati hesabına çəkilmiş xərclər kimi qiymətləndirmiş və haqlı olaraq həmin hissədə iddianı qismən təmin etmişdir.
39. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin2(125)-171/2023 saylı iş üzrə 08 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-171/2023 saylı iş üzrə 08 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.