Məhkəmə qərarları › İş №2(104)-1263/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1263/2025

20.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1263/2025 20.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpağın zəbtdən azad edilməsi və tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)- 90/2024 saylı qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayəti qapalı məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏNETDİ Ərizəçi İddiaçı ərizə ilə məhkəyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-90/2024 nömrəli qərardadına izah verilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-90/2025 nömrəli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-90/2024 nömrəli qərardadına izah verilməsi barədə İddiaçı tərəfindən verilmiş ərizə təmin olunmamışdır. Ərizəçi İddiaçı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-90/2024 nömrəli qərardadından şikayət vermiş və qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Gəncə Şəhər Məhkəməsində Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması və tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi» tələbinə dair iddia qaldırmışdır. Məhkəmə icraatı dövründə cavabdehlə razılığa gələrək, məhkəməyə barışıq sazişi bağladıqlarını bildirmişlər. Məhkəmə barışıq sazişini təsdiq edərək, xx.xx.2024-cü il tarixli, 2(125)-90/2024 nömrəli qərardadı ilə onun Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması və tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi» tələbinə dair mülki iş üzrə icraata xitam vermişdir. Məhkəmə bununla əlaqədar Gəncə şəhəri üzrə İcra İdarəsinə xx.xx.2024-cü il tarixli icra vərəqi göndərmişdir. Barışıq sazişinin birinci bəndinə görə cavabdeh ona məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Qəmərli küçəsində yerləşən 0,06 hektar torpaq sahəsinin 0,02 hektar hissəsini zəbt etdiyinə görə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 15.000 manat məbləğində pul vəsaiti verməyi öhdəsinə götürmüşdür. Sazişin 3-cü bəndi üzrə Cavabdeh 0,02 hektar torpaq sahəsinə görə pulu xx.xx.2024- cü il tarixədək ödəməsə iddia tələbinin icraya yönəldilməsi ilə razılaşmışdır. Lakin, bu günədək Barışıq sazişi icra olunmamış, cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir. Dəfələrlə ondan pulu tələb etməsinə baxmayaraq, cavabdeh xx.xx.2025-ci il tarixdə ona 3.000 manat, xx.xx.2025-ci il tarixdə isə 500 manat məbləğində pul vermişdir. Hazırda o, pulun qalan hissəsinin ödənilməsini istəmir. Cavabdeh verdiyi pul da qaytarır. O, sazişin 3-cü bəndinin göstərişlərinin yerinə yetirilməsini istəyir. Sazişin 3-cü bəndinin şərtinə görə Cavabdeh 0,02 hektar torpaq sahəsinə görə pulu xx.xx.2024-cü il tarixə kimi ödəməsə iddia tələbinin icraya yönəldilməsi ilə razılaşmışdır. O, cavabdehə qarşı «torpaq sahəsinin boşaldılması və tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi» tələbinin icraya yönəldilməsini istəyir. İcra idarəsindən ona bildirilmişdir ki, barışıq sazişində «iddia tələbinin icraya yönəldilməsi» tələbi açıq yazılmadığından qərardadı icra etmək mümkün deyildir, «torpaq sahəsinin boşaldılması və tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi» tələbi açıq yazılmalı idi. Bununla əlaqədar qərardada izah verilməli, «iddia tələbinin icraya yönəldilməsi» tələbi dəqiqləşdirilməlidir. O, məhkəmənin xx.xx.2024cü il tarixli, 2(125)-90/2024 nömrəli qərardadına dair icra işi üzrə icraatın təzələnməsi və məhkəmə tərəfindən təsdiq edilmiş barışıq sazişinin 3-cü bəndində göstərilən «iddia tələbinin icraya yönəldilməsi» tələbini dəqiqləşdirərək, «torpaq sahəsinin boşaldılması və tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi» iddia tələbinin icraya yönəldilməsi kimi göstərilməsi kimi qərardada izah verilməsini məhkəmədən xahiş etmişdir. Lakin Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin məhkəmənin xx.xx.2024cü il tarixli 2(125)-90/2024 nömrəli qərardadına izah verilməsi barədə verdiyi ərizəni əsassız olaraq, təmin etməmişdir. Sonda Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-90/2024 nömrəli qərardadının ləğv olunması məhkəmədən xahiş edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-90/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin heç bir müraciət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)- 90/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası müəyyən etmişdir ki, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 0,06 ha torpağın zəbt edilmiş 0,04 ha hissəsindən məcburi qaydada çıxarılıb tərəfindən tikilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-90/2024 nömrəli qərardadı ilə İddiaçı və Cavabdeh arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1) qarşı «torpaq sahəsinin boşaldılması və tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi» tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardad xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmiş və xx.xx.2025-ci il tarixdə icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-90/2024 nömrəli icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlanılmışdır. İddiaçı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-90/2024 nömrəli qərardadına izah verilməsini xahiş etmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-90/2025 nömrəli qərardadı ilə ərizə təmin olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası şikayətin barışıq sazişinin icra olunmaması və cavabdehin öz öhdəliyini yerinə yetirməməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presidentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 6-cı bəndinin 5-ci abzasında qeyd olunur ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6cı maddəsinə əsasən, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1 və 3.2-ci maddələri). Odur ki, ərizəçi icra sənədinin vaxtında və tam icra olunmasını tələb etmək hüququna malik olsa da, hazırki ərizəsi qərardadın izahı ilə bağlıdır ki, qeyd olunan dəlillər şikayətin təmin edilməsi üçün əsas deyildir. Şikayətin barışıq sazişinin 3-cü bəndində göstərilən «iddia tələbinin icraya yönəldilməsi» tələbini dəqiqləşdirərək, «torpaq sahəsinin boşaldılması və tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi» iddia tələbinin icraya yönəldilməsi kimi göstərilməsi kimi qərardada izah verilməsi ilə bağlı dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, qanunvericiliyə əsasən hakim qərardadın məzmununu dəyişdirmədən ona izah verməyə haqlıdır. Hazırki halda isə tərəflər arasında bağlanmış barışıq sazişinin izah edilməsi ilə bağlıdır ki, Barışıq sazişinin şərtləri tərəflərin özləri tərəfindən müəyyən edilərək razılaşdırılmış və məhkəmə tərəfindən təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci və 881.2-ci maddələrinə görə barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyrimüəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 230.1, 230.2 və 230.3-cü maddəsinə görə, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Məhkəmə kollegiyası qeyd edir ki, tələbin aydın olmasına və qərardadda heç bir şübhə və anlaşılmamazlıq olmamasına baxmayaraq, ərizəçi qərardadın izah olunmasını tələb etmişdir. Halbuki, qərardadda izah verilə biləcək hal müəyyən olunmamışdır. Odur ki, şikayətin dəlilləri ilə razılaşmayan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 10-1, 363 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-90/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-90/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar