Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1283/2025 25.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2(076)-104/2025 nömrəli qərardadından İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətdə olan torpaq sahəsindən payların naturada ayrılması və torpaq sahəsindən çıxarılma tələbinə iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldırmış və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında üçüncü şəxslər X3 və X2 nümayəndəsi (vəkil) X4 məhkəməyə yazılı vəsatət, daha sonra dəqiqləşmə ərizəsi təqdim edərək göstərmişlər ki, Şəmkir Rayon Məhkəməsində nümayəndəsi olduğu şəxslər, yəni X6 və X5 cavabdehlər İddiaçı, Cavabdeh, Şəmkir rayon 1 saylı Notariat Ofisinə və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş Çıxarışın İddiaçı münasibətdə ləğv edilməsi, alıcının hüquq və vəzifələrinin iddiaçılara keçirilməsi tələbinə dair iddia qaldırmış və iddia ərizəsi məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Odur ki, Şəmkir Rayon Məhkəməsinin icraatında olan həmin mübahisəyə baxılanadək hazırki mülki işin icraatının dayandırılmasını xahiş etmişlər. Şəmkir Rayon Məhkəməsinin xx.xx.20245-ci il tarixli, e-2(076)-104/2025 nömrəli qərardadı (hakim Zaur Allahyarov) ilə, vəsatətin təmin edilməsi, İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətdə olan torpaq sahəsindən payların naturada ayrılması və torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işin icraatı, Şəmkir Rayon Məhkəməsinin icraatında olan iddiaçılar X3 və X2 cavabdehlər İddiaçı, Cavabdeh, Şəmkir rayon 1 saylı Notariat Ofisinə və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş Çıxarışın İddiaçı münasibətdə ləğv edilməsi, alıcının hüquq və vəzifələrinin iddiaçılara keçirilməsi tələbinə dair iddiası mahiyyəti üzrə həll olunanadək hazırki mülki iş üzrə icraat dayandırılması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 şikayət verərək, qərardadın ləğv olunması və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Həmin iddianın perspektivi yoxdur. Məqsədli şəkildə verilmişdir. İşin formal qaydada uzadılmasına xidmət edir. Şəmkir Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(076)-104/2025 saylı qərardadının ləğv edilməsini və işin icraatının təzələnməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-104/2025 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2(076)-104/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Mülki mühakimə icraatında iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Qərardad müşavirə otağında müstəqil akt şəklində qəbul edilir. Məhkəmə mürəkkəb olmayan məsələləri məhkəmə iclasında həll etdikdə, müşavirə otağına getməyib, yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan qərardad çıxara bilər. (Azərbaycan Respublikasının MPM-in 263.1-263.4-cü maddələri). Azərbaycan Respublikasının MPM-in 267.1-ci maddəsində deyilir ki, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətdə olan torpaq sahəsindən payların naturada ayrılması və torpaq sahəsindən çıxarılma tələbinə iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. Şəmkir Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(076)-104/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətdə olan torpaq sahəsindən payların naturada ayrılması və torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işin icraatı, Şəmkir Rayon Məhkəməsinin icraatında olan iddiaçılar X3 və X2 cavabdehlər İddiaçı, Cavabdeh, Şəmkir rayon 1 saylı Notariat Ofisinə və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş Çıxarışın İddiaçı münasibətdə ləğv edilməsi, alıcının hüquq və vəzifələrinin iddiaçılara keçirilməsi tələbinə dair iddiası mahiyyəti üzrə həll olunanadək dayandırılmışdır. Hazırda iddiaçının nümayəndəsi şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir. Məhkəmə kollegiyası göstərir ki, qeyd olunan işə baxılıb qurtaranadək hazırki iddia tələbinə baxıla bilməz. Çünki, qeyd olunan işin nəticəsinin hazırda baxılan işə birbaşa təsiri vardır. Əgər həmin iş üzrə iddia tələbi təmin ediləcəyi halda hazırki iş üzrə işin faktik halları dəyişmiş olacaqdır. Azərbaycan Respublikasının MPM-in 254-cü maddəsində məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi və 255-ci maddədə məhkəməyə belə hüququ verən konkret hallar müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 254.1.4-cü maddəsində qeyd edilir ki, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 256.0.3-cü maddəsinə əsasən, iş üzrə icraat bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, qərardadı qüvvəyə minənə qədər dayandırılmalıdır. «Azərbayacan Respublikası MPM-in 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» AR Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının təsviriəsaslandırıcı hissəsində göstərilmişdir ki, «MPM-in 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərindən kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin həlli sonrakı yəni, iddiaçılar X3 və X2 cavabdehlər İddiaçı, Cavabdeh, Şəmkir rayon 1 saylı Notariat Ofisinə və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş Çıxarışın İddiaçı münasibətdə ləğv edilməsi, alıcının hüquq və vəzifələrinin iddiaçılara keçirilməsi tələbinə dair işlə bağlı olduğundan, hazırkı mülki iş üzrə icraat düzgün olaraq həmin işə baxılıb həll edilənədək dayandırılmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in)139.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsində deyilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Adı çəkilən Qanunun 2.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.3-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinə əsasdır. Göründüyü kimi, hazırki iş üzrə tərəflər arasında torpaqla bağlı mübahisə vardır. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mülki işin icraatının dayandırılmasına əsas olmasını nəzərə almış və qeyd edilən hallara düzgün qiymət verərək mülki işin icraatını bu əsasla dayandırmışdır. Bu hal işin tam, hərtərəfli və obyektiv həll edilməsinə xidmət edir. Nəzərə alınmalıdır ki, Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Eyni zamanda, kollegiya bildirir ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə kollegiyası sadalanan hallara əsasən hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2(076)-104/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalı, həmin qərardaddan verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxdıqda məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyəti vardır. Eyni zaman məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 255, 263, 264, 372, 397, 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2(076)-104/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1283/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1283/2025
25.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver