Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1294/2023 18.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia tələbinə dair iş üzrə QƏTNAMƏSİ ( Açar sözlər: əmlakın qaytarılması) Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı hüquqi varisi Nümayəndə3 vəkili Nümayəndə1 iştirakı ilə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-1596/2021 nömrəli qətnaməsindən İddiaçı hüquqi varisi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə 18 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1999-cu il tarixli 2-20/99 nömrəli hökmünə əsasən İddiaçı və X2 adlarına olan Gəncə şəhəri, Lermontov küçəsi, 26 saylı fərdi yaşayış evi müsadirə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Gəncə şəhəri üzrə Maliyyə idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 148,4 kv/m dörd yaşayış otağından, 236.6 kv.m. köməkçi sahədən, 188,9 kv.m. zirzəmidən ibarət olan “A” literli yaşayış binasının və 2747 kv.m. torpaq sahəsinin müsadirə siyahısından çıxarılaraq onun mülkiyyətinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə verərək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Gəncə şəhəri üzrə Maliyyə İdarəsini cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bir hissəsi etibarnamə üzrə nümayəndəsi olduğu İddiaçı, digər bir hissəsi isə X2 adına olmuşdur. Mülkün İddiaçı adına olan hissəsi 148,4 kv.m dörd yaşayış otağından, 236,6 kv.m köməkçi sahədən, 188,9 kv.m zirzəmidən ibarət olan “A” literli yaşayış binasından və 2747 kv.m torpaq sahəsindən ibarət olmuşdur. Həmin hissə İddiaçı mükiyyətinə Gəncə şəhəri 1 saylı notariat ofisinin 12 noyabr 1992-ci il tarixli 2-8-1060 reyestr nömrəli bəxşeyiş müqaviləsinə əsasən keçmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 fevral 1999-cu il tarixli hökmünə əsasən İddiaçı və X2 adlarına olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi müsadirə edilmişdir. Sözügedən hökm X1 cinayət işi ilə əlaqədar olmuşdur və bu əmlaklar cinayət yolu ilə əldə edilmiş əmlak kimi müsadirə edilmişdir. Lakin həmin mülk hələ 1992-ci ildə bağışlama yolu ilə İddiaçı mülkiyyətinə keçmişdir və onun Surət Hüseynovun cinayət işi ilə heç bir əlaqəsi olmamışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (hakim: C.T.Tağıyev) 2(043)-1596/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının iddia etdiyi əmlak X1 cinayət işi ilə əlaqədar cinayət yolu ilə əldə olunmuş əmlak olduğundan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən müsadirə olunmuşdur. Həmin əmlak cinayət yolu ilə əldə olunmuş əmlak olduğundan hökmlə müsadirə olunaraq İddiaçı mülkiyyət hüququ itirilmişdir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 212, 203, Mülki Prosessual Məcəllənin 14, 77 və 217-ci maddələrinə istinad etmişdir Apellyasiya instansiya məhkəməsində birinci icraat: İddiaçının hüquqi varisi Nümayəndə3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən hər tərəfli, tam və obyektiv araşdırılma aparılmamış, nəticədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilmişdir. Belə ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13 aprel 2005-ci il tarixli qətnaməsi ilə bu əmlakın bir hissəsi X2 mülkiyyətinə qaytarılmışdır. Mübahisənin predmeti olan evin cinayət yolu ilə əldə edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin və ya bu mülkdən cinayət aləti və vasitəsi kimi istifadə olunması təsdiq edən sübut yoxdur. Həmin vaxt iddiaçı öz payının müsadirə siyahısından çıxarılması ilə bağlı iddia qaldırmamışdır, əgər o da iddia qaldırmış olsaydı, onun da payı müsadirə siyahısından çıxarılardı. Çünki, həmin əmlakın cinayət yolu ilə alınması və əmlakdan cinayətin alət və vasitəsi kimi istifadə olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin hökmündə öz təsdiqini tapmamışdır. Məhkəmə isə bu halları nəzərə almamışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və F.Ə.Mehtiyev) 2(104)-1581/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1999-cu l tarixli hökmünə əsasən həmin əmlak üzərində İddiaçı mülkiyyət hüququ itirilmişdir və hazırki vəziyyətdə həmin əmlakın mərhum iddiaçının mülkiyyətinə qaytarılması tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 203 və 212-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiya məhkəməsində icraat İddiaçının hüquqi varisi Nümayəndə3 (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın təmin edilməməsi barədə qətnamə çıxarmaqla iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Sözügedən qətnaməni çıxarmaqla məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin tələblərini pozmuşdur. Sözügedən əmlak cinayət hadisəsinin törədilməsindən xeyli əvvəl əldə olunmuş və onun törədilən cinayət hadisəsinə heç bir aidiyyəti yoxdur. Belə ki, həmin ev bağışlama yolu ilə İddiaçı mülkiyyətinə keçmiş və onun cinayət işi ilə heç bir əlaqəsi yoxdur. Məhkəmə sözügedən qətnaməni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə zidd olaraq qəbul etmişdir. Məhkəmə tərəfindən həmçinin Mülki Məcəllənin 152.1 və 157.2-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Həmçinin bildirilir ki, mülkün digər hissəsinin mülkiyyətçisi X3 da özünə aid olan hissənin müsadirə siyahısından çıxarılaraq mülkiyyətinə qaytarılması üçün müraciət etmiş və Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 13 aprel 2005-ci il tarixli, 2-272/2005 nömrəli qətnaməsinə əsasən X2 xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Lermontov küçəsi 26 saylı mülkdəki “B” literinə daxil olan, ölçüsü 20 kv.m olan yaşayış otağı, ölçüsü 14 kv.m. olan açıq eyvan, ölçüsü 11.5 kv.m. olan zirzəmi müsadirə siyahısından çıxarılaraq onun özünə və mülkiyyətinə qaytarılması qət edilmiş və hazırda həmin qətnamə qüvvəsindədir. Lakin işə baxan məhkəmə qətnamə çıxaran zaman işin bu halını nəzərə almamış və bununla da MPM-nin 82.3-cü maddəsinin tələbini pozmuşdur. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-355/2023 saylı qərarı ilə (sədrlik edən və məruzəçi Vüqar Həsənov, hakimlər Əhməd Əhmədov və İspəndiyar Şəfiyevdən ibarət tərkibdə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyul 2022-ci il tarixli, 2(104)- 1581/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı hüquqi varisi Nümayəndə3 vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, mübahisənin predmeti olan evin cinayət yolu ilə əldə edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin və ya bu mülkdən cinayət aləti və vasitəsi kimi istifadə olunması təsdiq edən sübut yoxdur. Həmin vaxt iddiaçı öz payının müsadirə siyahısından çıxarılması ilə bağlı iddia qaldırmamışdır, əgər o da iddia qaldırmış olsaydı, onun da payı müsadirə siyahısından çıxarılardı. Çünki, həmin əmlakın cinayət yolu ilə alınması və əmlakdan cinayətin alət və vasitəsi kimi istifadə olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 fevral 1999cu il tarixli hökmündə öz təsdiqini tapmamışdır. Məhkəmənin qətnaməsini qanunsuz hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyul 2022-ci il tarixli, 2(104)-1581/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etdi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 212. Müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Maddə 203. Mülkiyyət hüququnun itirilməsinin növlərindən biri də əmlakın müsadirə olunmasıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi 183.1-ci maddəsinə əsasən xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirinin tətbiq edilməsi barədə yekun qərar çıxarmış məhkəmə həmin qərar qanuni qüvvəyə mindikdən sonra onun surətini, qərarın icrası barədə göstərişi və əmlakın siyahısının surətini icra məmuruna göndərir və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir. 183.2-ci maddəsinə əsasən məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsində tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslərin əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququ müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların səmərəli müdafiəsinin vacibliyini dəfələrlə qeyd edərək bildirmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 5 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). «Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il tarixli qərarına olan mövqeyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması məsələsinə baxılır. Bu zaman mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlərə məhkəmə müvafiq hüquqi qiymət verməlidir. Qeyd edilənlər məhkəmənin hazırlıq iclasında baş vermədiyi halda, məhkəmə baxışı zamanı siyahıya alınmış əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmaması yoxlanılmalı, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməli, gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməlidir.Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun.Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq, cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilər.Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 55.1- ci maddəsinə uyğun həyata keçirilməlidir.Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə əsasən məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisənin xüsusi icraat qaydasında tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisə tövsiyə edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçının apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə və iddiasının təmin edilməsinə yönəldiyindən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyi tam şəkildə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)- 1596/2021 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. İşin faktiki halları ondan ibarətdir ki, ünvan 3 ünvanında yerləşən 148,4 kv.m. dörd yaşayış otağından, 236.6 kv.m. köməkçi sahədən, 188,9 kv.m. zirzəmidən ibarət A literli yaşayış binası və 2747 kv.m. torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında İddiaçı, İradə Məsimovunun və digər şəxslərin paylı mülkiyyətində olmuşdur. Həmin əmlakın göstərilən şəxslərin mülkiyyətində olan pay hissələri Surət Hüseynovun barəsində olan cinayət işi üzrə Ali Məhkəmənin 10 fevral 1999-cu il tarixli hökmü ilə müsadirə olunmuşdur. Müsadirə olunmuş əmlakın digər paylı mülkiyyətçisi olan X2 iddiası əsasında Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 13 aprel 2005-ci il tarixli qətnaməsi ilə ona aid olan hissə müsadirə siyahısından çıxarılmışdır. İş materialları ilə müəyyən olunur ki, mübahisəli əmlak hissəsi İddiaçı adına Kirovabad şəhər 4 saylı Notariat Kontorunun xx.xx.1988-ci il tarixli bölgü müqaviləsi və xx.xx.1992-ci il tarixli bağışlama müqaviləsi əsasında keçmişdir. İddiaçı iddiasının, hüquqi varisinin apellyasiya şikayətinin dəlilləri qanuni qüvvədə olan qətnamə ilə əmlakın digər paylı mülkiyyətçisinin iddiası əsasında ona məxsus hissəsinin siyahıdan çıxarılması, həmin məhkəmə aktının qanuni qüvvədə olması, müsadirə edilmiş əmlakın cinayət törətmiş şəxslə hər hansı bağlılığının olmaması, əmlakın bağışlama müqaviləsi əsasında mülkiyyətinə keçməsi göstərilir. Həmin dəlillərlə bağlı məhkəmə kollegiyası «Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il tarixli qərarına istinad edərək qeyd edir ki, Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə əsasən, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir Həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsində tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslərin əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququ müəyyən edilmişdir. Beləliklə nəzərə alınmalıdır ki, hər iki normadan aydın olduğu kimi irəli sürülməli olan iddia cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olmasının müəyyən edilməsi ilə bağlıdır. İşin mahiyyəti üzrə həll edən məhkəmələr belə qənaətə gəlmişlər ki, iddiaçının iddia etdiyi əmlak X1 cinayət işi ilə əlaqədar cinayət yolu ilə əldə edilmiş əmlak olduğundan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən müsadirə olunmuşdur. Həmin əmlak cinayət yolu ilə əldə olunmuş əmlak olduğundan hökmlə müsadirə olunaraq İddiaçı mülkiyyət hüququ itirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar. Qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığının həmin cinayət prosesində iştirak etməyən şəxslərə şamil edilməsi sonuncuları qanunvericilik ilə müəyyən edilən təminatlardan, o cümlədən məhkəmə icraatında müdafiə hüququndan (Konstitusiyanın 127-ci maddəsinin Vİİİ hissəsi) məhrum etməklə onların Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işlərə baxan məhkəmələr üçün yalnız cinayətin törədilib-törədilməməsi və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsi hissəsində məcburi qüvvəyə malikdir. Bu baxımdan belə nəticəyə gəlmək olar ki, Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə işə baxan məhkəmə üçün qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olub-olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsi hissəsində preyudisial xarakter daşıyır. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi müsadirə olunması müəyyən olunmuş konkret əmlakın hökmdə göstərilməsinin üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüquqlarını sübut etməyə maneə yaratmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı iş üzrə iddianın rədd edilməsinə dair mövqeyi ilə razılaşmır və qeyd edir ki, hazırkı iş üzrə işdə iştiraka cəlb olunmayan şəxs mülki məhkəmə icraatı qaydasında siyahıya alınmış, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunmuş əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmamasının yoxlanılması, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməsi mümkündür. Gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməsi yolverilən hesab olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi. Məhkəmə kollegiyasında müəyyən edildi ki, mübahisəli əmlak hissəsi İddiaçı adına Kirovabad şəhər 4 saylı Notariat Kontorunun xx.xx.1988-ci il tarixli bölgü müqaviləsi və xx.xx.1992-ci il tarixli bağışlama müqaviləsi əsasında keçmişdir. Mübahisənin predmeti olan evin cinayət yolu ilə əldə olunmasını və ya bu mülkdən cinayətin alət və vasitəsi kimi istifadə olunmasını təsdiq edən sübut Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 fevral 1999-cu il tarixli hökmü ilə müəyyən edilməmişdir. Digər tərəfdən, İddiaçı Surət Hüseynov tərəfindən törədilmiş cinayətdə iştirakı həmin hökmdə öz əksini tapmamışdır. Qanunvericiliyin mənasına görə, qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilmiş faktlardan irəli gələn nəticə onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamiş və mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmişdir ki, bu hallar isə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-1596/2021 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı xüsusi mülkiyyətində olmuş ünvan 1 ünvanında olan 2747 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 148.4 kv.m dörd yaşayış otağından, 236.6 kv.m. köməkçi sahədən, 188.9 kv.m. zirzəmidən ibarət olan “A” literli yaşayış binası müsadirə siyahısından çıxarılaraq, onun mülkiyyətinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apllyasiya şikayəti təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-1596/2021 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olmuş ünvan 1 ünvanında olan 2747 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 148.4 kv.m dörd yaşayış otağından, 236.6 kv.m. köməkçi sahədən, 188.9 kv.m. zirzəmidən ibarət olan “A” literli yaşayış binası müsadirə siyahısından çıxarılaraq, onun mülkiyyətinə qaytarılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1294/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1294/2023
18.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver