Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1345/2025 29.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: əşyanın qanunsuz sahiblikdən qaytarılması; əsl cavabdeh; iddiaya cavab verməli olmayan şəxs Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (atası) X4 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (qardaşı) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 14 aprel 2025-ci il tarixli 2(125)-1867/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 29 iyul 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ƏQ-008/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, xx.xx.2025-cü il tarixə olan real bazar dəyəri: - 1 ədəd Rusiya istehsalı olan 583 əyarlı 8 qram çəkidə olan qızıl boyunbağı 750 manat, 1 ədəd Rusiya istehsalı olan 583 əyarlı 6 qram çəkidə olan qızıl qolbağı 650 manat, 1 ədəd Rusiya istehsalı olan 583 əyarlı 4 qram çəkidə olan brilyant qaşlı nişan üzüyü 900 manat, 1 ədəd Rusiya istehsalı olan 583 əyarlı 5 qram çəkidə olan qızıl üzük 600 manat və 1 ədəd Rusiya istehsalı olan 583 əyarlı 6 qram çəkidə olan qızıl sırğa 650 manat olmaqla, cəmi 3550 manat dəyərində qiymətləndirilmişdir;
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan siyahıda göstərilən daşınar əmlakların, olmadığı halda nağd şəkildə dəyəri 4673 manat məbləğində pulun, mediasiyaya görə ödənilmiş 55 manat, "xxxx" MMC-yə ödədiyi 100 manat və dövlət rüsumu kimi ödənilmiş 66,73 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 2024-cü ilin aprel ayında nikah bağlanmışdır. Sonradan ailə münasibətləri dağılmış və o, ailəsinin yaşadığı evə qayıtmışdır. Samux Rayon Məhkəməsinin çıxardığı qətnamə ilə rəsmi qaydada nikahları pozulmuşdur. Cavabdehlə nikah bağladıqdan sonra nikaha daxil olmamışdan əvvəl əldə etdiyi müəyyən daşınar əmlakı, o cümlədən qızıl-zinət əşyalarını özü ilə cavabdehin ailəsi ilə yaşadığı evə aparmışdır. Apardığı daşınar əmlakın siyahısı aşağıdakı kimidir: 1 ədəd qadın üçün jaket, 1 ədəd qadın üçün yun parçadan yubka, 1 ədəd qadın üçün ağ-qara rəngli komplekt pijama, 2 ədəd qadın üçün idman ayaqqabısı, 3 ədəd qadın üçün ev çəkələyi, 1 ədəd kətan materialdan qara rəngli qadın üçün kofta, 1 ədəd qadın üçün mavi rəngli cins şalvar, 1 ədəd saç qurudulması üçün fen, 1 ədəd saç üçün daraqlı fen, 2 ədəd qadın üçün kofta, 1 ədəd “Samsung Galaxy AS4” markalı mobil telefon, 5 ədəd qadın üçün komplekt alt paltarı, 1 ədəd ziyafət üçün don, 1 ədəd Rusiya istehsalı olan 583 əyarlı 8 qram çəkidə olan qızıl boyunbağı 750 manat, 1 ədəd Rusiya istehsalı olan 583 əyarlı 6 qram çəkidə olan qızıl qolbağı 650 manat, 1 ədəd Rusiya istehsalı olan 583 əyarlı 4 qram çəkidə olan brilyant qaşlı nişan üzüyü 900 manat, 1 ədəd Rusiya istehsalı olan 583 əyarlı 5 qram çəkidə olan qızıl üzük 600 manat və 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 6 qram çəkidə olan qızıl sırğa 650 manat dəyərində. Cavabdeh göstərilən daşınar əmlak üzərində qanunsuz sahiblik edərək ona geri qaytarmaqdan imtina etmişdir. Onun mülkiyyətində olan daşınar əmlak cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılmalıdır.
4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, 2024-cü ilin avqust ayında mebellərini cavabdehin evindən çıxarmışdır. Həmin vaxt boşanmaq fikirləri olmamış, kirayəyə çıxmaq adı ilə mebelleri evdən çıxarmışdırlar. Cavabdeh də ona zəng edib onunla kirayədə qalacağını demiş, paltarlarının öz evlərindən götürülməsini istəmişdir. Mebellərlə birlikdə cavabdehin paltarları, həmçinin də özünün ata evindən gətirdiyi paltarları cavabdehin evindən çıxarıb ata evinə gətirmişdirlər. Mebellər çıxarılan zaman cavabdehin qonşuları şahid olmuş, özünün anası, bibisi, bibisinin yoldaşı da iştirak etmişdir. Tələb etdiyi əşyaları həmin vaxt şkafda olmamışdır, onun adamları ancaq özünün ata evindən gətirdiyi paltarlarını yığıb gətirmiş, digər paltarlarını tələb etməmişdirlər. Cavabdehin ailəsi onun nikah haqqında şəhadətnaməsini belə götürmüş, şəxsiyyət vəsiqəsini yatağın altından tapıb gətirmişdirlər. Bundan sonra cavabdehin fikri dəyişmiş, kirayəyə çıxmaq istəməmiş, boşanacağını demişdir. Buna görə də bibisinin yoldaşı Məhərrəm cavabdehin paltarlarını özünə geri qaytarmışdır. Qızılları həmişə qaynanasında olmuşdur. Toy günündən sonra qaynanası istədiyinə görə qızıllarını ona vermişdir. Bir dəfə iyunun 28-i «Min bir gecə» şənlik evinə toya getdikləri vaxt qızılları qaynanasından alıb taxmış, toydan qayıtdıqdan sonra qaynanası yenə “Ver mən saxlayım, itirərərsən.” dediyi üçün qızıllarını ona vermişdir. Bu hadisədən sonra təxminən iyulun 13-ü atası evinə qonaq kimi getmişdir. Həmin vaxt özü ilə heç nə aparmamışdır, anası xəstə olmuş, ona qulluq etmək üçün getmiş, ata evində də bacısının paltarlarını geyinmişdir. Cavabdehin dedikləri isə ziddiyyətlidir, ona göndərdiyi məktubda toydan qayıtdıqları vaxt onun atası evinə gəldiyini və qızıllarını orda qoyduğunu göstərmiş, nikahın pozulması üçün məhkəmə müraciət etdiyi iddia ərizəsində isə mebellər çıxarılan zaman qızılların da götürüldüyünü demişdir.
5. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, avqust ayında mebellərlə birlikdə paltarlarını da evdən götürmüşdürlər. Hətta onun da paltarlarını aparmış, daha sonra iddiaçının bibisi ilə bibisinin yoldaşı Məhərrəm onun paltarlarını gətirib vermişdir. İyunun 28-i birlikdə «Min bir gecə» şənlik evinə toya getmiş, iddiaçı qızıllarını da taxmışdır. Qızıllar həmişə onun öz otağında şkafın içində olmuşdur, evdən hazırlaşıb çıxmışdırlar. İddiaçının bibisi oğlunun toyu olmuşdur. Toydan çıxandan sonra iddiaçı atasıgildə qalmaq istəmiş, 2 gün sonra öz evlərinə gəldikdə qızıllar üstündə olmamışdır.
6. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dinlənilmiş X3 ifadəsində göstərmişdir ki, tərəfləri tanımır. Usta işləyir. Mebel əşyalarını söküb, maşına yığıb qızın ata evinə gətirmişdirlər. Mebellərin içi boş olmuşdur. Onlar həmişə vaxtları getməsin deyə müştəriyə əvvəlcədən mebelləri boşaltmalarını demişdirlər. Həmin vaxt mebellərdən başqa heç nə görməmişdir.
7. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dinlənilmiş X5 ifadəsində göstərmişdir ki, qonşu kimi tərəflərin toylarında iştirak etmişdir. Cavabdehi də toyda tanımışdır. İddiaçının atası kömək üçün çağırmış, mebelləri maşına daşımağa kömək etmişdir. Divan, kreslo, lüstür, stol və s. ancaq mebel əşyaları olmuş, başqa heç nə görməmişdir.
8. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dinlənilmiş X1 ifadəsində göstərmişdir ki, iddiaçının atası Abbasov Fizuli qaynıdır. Mebellər sökülmüş, maşına daşımışdırlar. Həmin vaxt Əsmərin valideynləri olmamışdır. Mebelləri və qutularda olan qab-qacaqları yığıb gətirmişdirlər. Bundan 5-6 gün sonra Bəxtiyarın paltarlarını aparıb özünə qaytarmışdır.
9. Gəncə Şəhər Məhkəməsinin 14 aprel 2025-ci il tarixli 2(125)-1867/2025 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia qismən təmin edilərək, Cavabdeh 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 8 qr.çəkidə 750 manat dəyərində olan qızıl boyunbağı, 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 6 qr.çəkidə 650 manat dəyərində olan qızıl qolbağı, 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 4 qr.çəkidə 900 manat dəyəri olan brilliant qaşlı nişan üzüyü, 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 5 qr.çəkidə 600 manat dəyərində olan qızıl üzük və 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 6 qr.çəkidə 650 manat dəyəri olan qızıl sırğa, onlar olmadığı təqdirdə dəyəri olan 3550 (üç min beş yüz əlli) manat, 55,50 manat dövlət rüsumu, 50 manat mediasiya xərci və qiymətləndirmə ilə bağlı ödənilmiş 100 manat pul alınaraq İddiaçı verilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2 və 225.2-ci maddələrinə, həmçinin Ailə Məcəlləsinin 34.1-ci maddəsinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı ilə 2024-cü ilin yaz aylarında ailə qurub evlənmişlər. 3 aydan sonra iddiaçının valideynləri gəlib qızlarının onun ata evində sıxıntı keçirdiyini və kirayədə azad yaşamaq istədiyini bildirib, kirayədə yaşamalarını təklif etmişdir. Bu təkliflə razılaşmasa da, valideynlərinin təkidli tələbləri ilə bununla razılaşmışdır. İddiaçı öz valideynləri ilə quraşdırıb onun işi ilə əlaqədar səfərdə olanda kirayəyə çıxmaq adı ilə bütün cehiz əşyalarını, paltarlarını, hətta onun da paltarını öz ata evinə daşıyıb yerləşdirib. Səfərdən qayıdandan sonra bu halı görüb, ya onun ata evinə, ya da kirayəyə çıxmalarını tələb etmişdir. İddiaçı da onu öz ata evinə soxmağa çalışmışdır. Təqribən 3 ay keçmiş, iddiaçı nə onun ata evinə, nə də ki, kirayəyə çıxmamışdır. Kirayəyə çıxacağı təqdirdə boşanacağı ilə onu hədələmişdir. O da çox şad və məmnun olacağını bildirmişdir. Bundan sonra başa düşmüşdür ki, iddiaçı onunla ailə qurmaq üçün yox, mənfəət əldə etmək üçün evlənib. Toy gecəsi qanı dayanmamış işlətdiyim Kamaz markalı yük avtomobilimin kimin adına olmasını soruşması və ailə həyatımızın ilk həftəsi hər gecə məni qılıqlayıb sürdüyüm yük maşınının sənədini ona göstərməyimi xahiş etməsi də bu halısübut edir. Bütün bu baş verənlər sübut edir ki, iddiaçı ilə valideynləri kirayədə yaşamaq adı altında bütün cehiz əşyalarını, palpaltarlarını, hətta onun da paltarını aparıb öz ata evinə yerləşdirməsini qabaqcadan planlaşdırıblar. Əgər iddiaçı və valideynləri bu halı şüurlu olaraq planlaşdırıblarsa, onlar heç bir halda iddiaçıya məxsus qızıl-zinət əşyalarını onun ata evində qoyub gedə bilməzdilər. Hətta qızıl-zinət əşyaları iddiaçının anasının yox, onun anasının saxlancında olmuş olsaydı belə, əgər kirayədə azad yaşamaq adı altında köçüb ata evində məskunlaşmağı öz valideynləri ilə qabaqcadan planlaşdırılarsa mütləq hər hansı bir fəndlə – məsələn qohumlarından kimisə qonaq çağırmasını təşkil edib, qızılları taxıb gedərdi və qızılları ata evində də saxlayardı. İddiaçının nə onunla, nə də valideynləri ilə hər hansı bir mübahisəsi və digər problemi olmayıb. Valideynlərinin müraciətləri əsasında kirayədə azad yaşamaq adı ilə əşyalarını aparıb öz ata evinə yığması və onu öz ata evinə soxmağa cəhd etməsi, bu işin qabaqcadan öz valideynləri ilə planlaşdırılmış olduğunu sübut edir. Bu işin qabaqcadan planlaşdırılması qızıl-zinət əşyalarının da iddiaçının öz ata evində saxlanılmasını zəruri edir. İddiaçı evdən kirayədə yaşamaq adı ilə çıxanda onun da paltarlarını apardığını, onun tələbi ilə bibisi və bibisinin əri vasitəsi ilə göndərdiyini, instansiyada şahid qismində izahat verən bibisinin ərinin etiraf etməsi ilə, onun paltarlarını apardığı halda öz paltarlarını qoyub gedə bilməməzliyi, iddia tələbinin böhtan və yalan üzərində qurulduğunu sübut etdiyindən iddiaçının paltar tələbi təmin olunmamışdır. İddiaçının böhtan atıb yalan olaraq paltar, hətta alt paltarı tələb etməsi qızıl-zinət əşyalarına da şamil olunan haldır. Kirayə adı altında bütün əşyalarını, hətta onun da paltarlarını öz ata evinə aparıb yığan iddiaçı heç bir halda qızıl-zinət əşyalarını onun ata evində qoyub gedə bilməzdi. İddiaçının hətta qanunla əşya adlandırılan qızıl-zinət əşyalarını, geyim şeyləri adlandırılan paltar və çəkələyini, habelə alt geyimini iddia ərizəsində əmlak adlandırması sonuncunun onunla sərvət əldə etmək niyyəti ilə ailə qurmasının bariz sübutlarıdır. Bu halda da sübut olunur ki, çəkələyini və alt paltarını əmlak adlandıran iddiaçı heç vaxt qızıl-zinət əşyalarını qoyub gedə bilməzdi. Hətta qoyub getmiş olsaydı 7-8 ay ərzində susqun qalmayıb tələb edərdi. Mütəxəssis rəyinin birinci səhifəsinin üçüncü abzasından görünür ki, qiymətləndirmə iddiaçı tərəfindən təqdim olunan video görüntü və foto şəkillərə əsasən aparılıb. Ancaq işə heç bir video görüntü və foto şəkil təqdim olunmayıb. Onların toy və nişan kasetlərindən çıxartdırdıqları şəkillərlə iddiaçının tələbindəki ziddiyyətlər tamam fərqli hallar yaradır. İstənilən insanın boynunun diametri və perimetri, biləyinin diametri və perimetrindən ən azı 2 dəfədən artıq olur. Şəkildən görünür ki, boyun sepi iddiaçının boynunun ən nazik hissəsindən yox, sinəsindən olmuşdur. Bilərziyi isə biləyinə kip olmasa da tamam boş da deyil. Bu da onu göstərir ki, bilərzik boyun sepindən azı 2 dəfə gödəkdir, bilərzik sepdən qalın və enli deyil. Əgər sep 8 qramdırsa, bilərzik 4 qramdan artıq ola bilməz. Ancaq 6 qram yazılıb. Nişan üzüyünün qaşı da brilyant yox, fianit adlanan süni brilyant idi. Nişan üzüyü alınanda iddiaçının özünü aparmışlar, barmağında ölçülərək iddiaçının özünün iştirakı ilə alınıb və onun iştirakı ilə də gözlərinin qarşısında brilyant qaşlı üzüyün qiyməti yox, fianit qaşlı üzüyün qiyməti olan 450 manat ödənilib. Sırğanı da univermaqda aldıqları şəxsin yanına gedib şəklini də göstərmişlər. Satıcı onda belə model sırğaların 6 qramlığı yox, 4.4 qramlıqları olduğunu demişdir. Şəkildən də bu görünür. 5 qramlıq yazılan üzük də bibisinin aldığı hədiyyə olmuşdur. O da 180 manata alınan 2 qram civarında olan sadə bir üzük olub. İddiaçının özü də bilir ki, bibisi ailə başçısını itirmiş yanı uşaqlı qadındır. Onun bahalı hədiyyə almaq imkanı da yoxdur. Əşyaların qaytarılması mümkün olmadığı halda dəyərinin alınması kimi yazılmalı olduğu təqdirdə, əşyaların olmadığı halda nəğd şəkildə alınması kimi yazılması da qızılların onun özündə olmasıanlamını yaradır. İddiaçı yaxşı ilir ki, qızıllar onlarda deyil, ona görə də elə yazıb. Məhkəmədə cavabdehin paltarlarını apardığı halda ola bilərdi mi öz paltarlarını aparmayasan barədə hakimin sualına iddiaçı cavab verə bilməmiş və tələbinin yalan və böhtan olması sübut olunmuşdur. Mebel ustası olan digər şahid Xəyyam Məmmədov vaxtı itməsin deyə mebelləri boşaltmasını əvvəlcədən iddiaçı tərəfə dediyini izahatında təsdiqləmişdir. Bununla da şahid iddiaçının mebellərdəki əşyalarını apardığını sübut etmişdir. Məhkəmə qiymətləndirməli idi ki, yalan və böhtanla çəkələk və alt paltarı tələb edən iddiaçı qızıl-zinət əşyalarını daha betər yalan və böhtanla tələb edə bilər. Bu səbəbdən də işi qərəzli olaraq tələm-tələsik iki proseslə yekunlaşdırmayıb, hərtərəfli araşdırıb aydınlaşdırmalı idi. İddiaçı məhkəmə iclasında belə bir dəlil də səsləndirdi ki, guya mebelləri onlar boşaltmışlar, boşaldanda da nikah haqqında şəhadətnaməni götürüb şəxsiyyət vəsiqəsini də döşəyin altına atmışlar. Ancaq o, nikah haqqında şəhadətnamə əsasında iddiaçını evlərinə qeydiyyata saldırmaq istəmişdir. Evin sənədlərində problem olduğuna görə alınmamışdır. Cavabdeh olaraq bildirir ki, onda anadangəlmə unutqanlıq və yaddaş problemi var, yeddi yaşında yerimişdir. Boşanma məhkəməsində onun bu vəziyyətini ona kömək edən şəxs də bilmiş və ona görə qardaşına etibarnamə verdirmişdir ki, məhkəmələrdə qardaşı iştirak etsin. İddiaçı da onun bu vəziyyətini bilmişdir. Bəlkə də iddiaçının tələbi ilə məhkəməyə çağırıldı ki, dolaşığa düşsün. Boşanmaya dair iddia ərizəsini və cavabdehə yazılan məktubu başqa-başqa şəxslər yazıb. İddia ərizəsini yazan atasından soruşub. Atası da deyib ki, qızıllar evdən aparılıb. Daha nə vaxt apardığını soruşmayıb. Ona elə gəlib ki, cehiz əşyalarını aparanda aparıblar. Qızıl-zinət əşyalarının iddiaçının anasında saxlanıldığını atası qətnamə gələndən sonra bilib. Nə qiymətləndirməyə dair mütəxəssis rəyi, nə də boşanmaya dair iddia ərizəsinin işin içində olduğunu bilməmişlər. Məhkəmə həmin sənədləri onlara təqdim etməli idi ki, onlar da buna münasibət bildirsinlər. İddia ərizəsinə də etiraz yazmalı idilər. Yazmalı olan şəxs Gəncədə olmadığına görə ikinci prosesə qədər təqdim edələr.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, cavabdehin məhkəməyə təqdim etdiyi əvvəlki ərizələrdə qızıl-zinət əşyaları ilə bağlı bir-birinə zidd və gerçəkliyi əks etdirməyən ifadələr yer almışdır. Belə ki, cavabdeh birinci ərizədə qızıl-zinət əşyalarının cehiz əşyaları ilə birlikdə onun (özünün) valideynləri tərəfindən ata evinə aparıldığı göstərilmişdir. İkinci ərizədə isə cavabdeh qeyd etmişdir ki, «min bir gecə şadlıq sarayında keçirilən toy mərasiminə gedərkən iddiaçı qızılları yaşadıqları evdə taxıb toydan sonra da öz atasının evinə aparıb qızılları orada qoyaraq birgə yaşamış olduqları evə qayıtmışdır». Bu ifadələr bir-birini tam şəkildə təkzib edir və açıq şəkildə göstərir k cavabdeh məqsədli şəkildə məhkəməni çaşdırmağa və qərarın dəyişdirilməsinə nail olmağa çalışır. Cavabdehin bu cür izahatları inandırıcı deyildir və heç bir sübutla öz təsdiqini tapmır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (qardaşı) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı və qardaşı kirayə evə köçəcəkləri adı ilə birgə yaşamış olduqları evdən getmişlər. İddiaçı evdən çıxarkən isə bütün əşyalarını, hətta qarışıq salıb onun əşyalarını da aparmışdır. Həmin vaxt evdə tək o olmuş, qardaşı isə Bakı şəhərində işdə olmuşdur. Həmin vaxt telefon vasitəsilə çəkiliş etmiş, evdə heç bir əşyası qalmamışdır. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, iddiaçının atası onun atasına qızının sərbəst yaşamaq istədiyini bildirdiyinə görə atası da onların kirayə evə çıxmalarına razılıq vermişdir. Qardaşı Bakı şəhərindən gələndə atası olanları qardaşına dedikdə qardaşı kirayəyə getmiyəcəyini, iddiaçıdan boşanacağını bildirmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, əvvəlcə kirayədə yaşayacaqları barədə cavabdehlə razılığa gəlmişlər. Daha sonra anası xəstələndiyi üçün iki günlük atası evinə getmişdir. İki gündən sonra atası qaynatasına zəng edərək onu aparmaqlarını dedikdə, cavabdehin atası onu aparmayacağını, gedib əşyalarını evdən çıxarmalarını bildirmişdir. Ona görə əşyalarını atasının evinə aparmışlar. Sonra isə cavabdeh zəng edərək kirayədə yaşamayacağını, ondan boşanacağını bildirmişdir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, cavabdehlə birgə yaşamış olduqları evdən öz əşyalarını çıxarmamışdır. Qızıl-zinət əşyaları həmişə qaynanası (cavabdehin analığı) Pəridə olmuşdur. Toya gedəndə qızılları istifadə etmiş, sonra yenidən ona qaytarmışdır. Qızıl-zinət əşyaları cavabdehdə olmamışdır. Qaynanası qızılları öz otağında saxlamışdır. Evdən çıxanda anası qızılları tələb etsə də, lakin qaynanası qızılları verməyəcəyini bildirmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. O, məhkəmə iclasında nümayəndə (qardaşı) vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
18. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
20. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
21. Maddə 666.1 bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
22. Maddə 668.1.3 daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlanma etibarlı sayılır.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
23. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
31. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
32. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
33. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
36. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin apellyasiya şikayətinin məzmunundan müəyyən edilir ki, qətnamə iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Belə olan təqdirdə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni «Cavabdeh 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 8 qr.çəkidə 750 manat dəyərində olan qızıl boyunbağı, 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 6 qr.çəkidə 650 manat dəyərində olan qızıl qolbağı, 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 4 qr.çəkidə 900 manat dəyəri olan brilliant qaşlı nişan üzüyü, 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 5 qr.çəkidə 600 manat dəyərində olan qızıl üzük və 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 6 qr.çəkidə 650 manat dəyəri olan qızıl sırğa, onlar olmadığı təqdirdə dəyəri olan 3550 (üç min beş yüz əlli) manat, 55,50 manat dövlət rüsumu, 50 manat mediasiya xərci və qiymətləndirmə ilə bağlı ödənilmiş 100 manat pul alınaraq İddiaçı verilməsi» hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməməlidir.
38. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər ailə qurmuşlar və İddiaçı Cavabdeh yaşadğı evə gəlin köçmüşdür. Onların toy və nişan mərasimində İddiaçı müxtəlif əşyalar hədiyyə edilmişdir. Sonradan ailə münasibətləri pozulduğundan tərəflər ayrılmışlar. İddiaçı ona məxsus qızıl-zinət və cehiz əşyalarının cavabdehin qanunsuz sahibliyində olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
39. Məhkəmə kollegiyası yoxlanılan hissədə iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
40. İşin hallarından göründüyü kimi, İddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının ona məxsus əmlaklar olduğuna əsaslanaraq Cavabdeh tələb edir. Kollegiya bununla bağlı qanunvericiliyin aşağıdakı normalarını qeyd etməyi zəruri hesab edir.
41. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
42. Bu baxımdan iddiaçıya məxsus qızıl-zinət əşyalarının qaytarılmasına dair tələb, qanunvericiliyin mülkiyyətin müdafiəsini tənzimləyən müddəaları əsasında həll olunmalıdır. İddia ərizəsində göstərilən əşyaların qaytarılması tələbinin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
43. Mülki Məcəllənin qeyd edilən maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə uyğun olaraq mülkiyyətçi, özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.
44. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq ilk növbədə iddia ərizəsində göstərilmiş qızıl-zinət əşyalarının mövcudluğu, habelə iddiaçının mülkiyyətində olub-olmaması barədə araşdırma aparılmalıdır.
45. İşin halları bu aspektdə araşdırıldıqda müəyyən olunur ki, yoxlanılan hissədə mübahisə predmeti olan 5 adda qızıl-zinət əşyası həqiqətən də mövcud olmuş və həmin qızıllar iddiaçının mülkiyyətində olmuşdur.
46. Artıq növbəti araşdırılmalı məsələ və işin həlli üçün mühüm əhəmiyyət kəsb edən hal həmin qızıl-zinət əşyalarının tərəflərin hansının sahibliyində qalmasının müəyyən edilməsidir.
47. Bu kontekstdə kollegiya qeyd edir ki, İddiaçı qızıl-zinət əşyalarının qaytarılması barədə hazırkı iddiasını keçmiş əri Cavabdeh qarşı irəli sürmüş olsa da, lakin o, birinci instansiya məhkəməsində icraat zamanı verdiyi izahatında «qızıllar həmişə qaynanamda olmuşdur» «bir dəfə iyunun 28-i “Min bir gecə” şənlik evinə toya getdiyimiz vaxt qızıllarımı qaynanamdan alıb taxmışam, sonra yenə özünə qaytarmışam» deyə bildirmişdir (bax mülki iş səhifə 46 məhkəmə iclas protokolu). İddiaçı apellyasiya baxışı zamanı da eyni məzmunda izahat verərək qeyd etmişdir ki, «qızıl-zinət əşyaları həmişə qaynanam (cavabdehin analığı) Pəridə olmuşdur. Toya gedəndə qızılları istifadə etmişəm, sonra yenidən ona qaytarmışam. Qızıl-zinət əşyaları cavabdehdə olmamışdır. Qaynanam qızılları öz otağında saxlamışdır. Evdən çıxanda anam qızılları tələb etsə də, lakin qaynanam qızılları verməyəcəyini bildirmişdir».
48. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər; Baxılan işdə Cavabdeh isə İddiaçı qızıl-zinət əşyalarının qaytarılması barədə iddiasına cavab verən şəxs deyildir. Çünki, iddiaçı özü birinci instansiya məhkəməsində icraat zamanı, habelə apellyasiya baxışı zamanı verdiyi izahatında mübahisə predmeti olan qızılların keçmiş qaynanasının sahibliyində olduğunu, habelə qızılların hazırkı Cavabdeh olmadığını göstərmişdir.
49. Mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi).
50. Həmçinin, MPM-nin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə isə, başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
51. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan subyektə qarşı yönəldilmədiyindən təmin edilə bilməz; iddianın əsaslılığı məsələsinə gəldikdə isə, iddiaçıya izah edilməlidir ki, hazırkı iddia ilə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürmək hüququ vardır. Bununla belə, iddiaçının iddia etdiyi qızıl-zinət əşyalarının qaynanasının qanunsuz sahibliyində olub-olmamasının araşdırılması hazırkı iddianın predmetini təşkil etmədiyindən məhkəmə kollegiyası bu xüsusatla bağlı araşdırma aparılmasını zəruri hesab etmir.
52. Kollegiya iddianın cavab verməli olmayan subyektə qarşı yönəldildiyini nəzərə alıb və prosessual qənaət prinsipinə əsaslanaraq qızıl-zinət əşyalarının dəyəri, çəkisi və s. barədə apellyasiya şikayətinin digər dəlillərinə hüquqi qiymət verilməsinə zərurət olmadığını vurğulayır. Çünki, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmışdır və əlavə olaraq irəli sürülən dəlillərin nə araşdırılmasına ehtiyac vardır, nə də ki, işin həlli baxımından bunun əhəmiyyəti qalmamışdır.
53. Birinci instansiya məhkəməsi isə yoxlanılan hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı yanlış nəticəyə gələrək həmin hissədə iddianı təmin etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv edilməli və həmin hisədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməməlidir.
54. Məhkəmə kollegiyası həmçinin izah edir ki, yoxlanılan hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384, 385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 14 aprel 2025-ci il tarixli 2(125)-1867/2025 nömrəli qətnaməsi yoxlanılan, yəni «Cavabdeh 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 8 qr.çəkidə 750 manat dəyərində olan qızıl boyunbağı, 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 6 qr.çəkidə 650 manat dəyərində olan qızıl qolbağı, 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 4 qr.çəkidə 900 manat dəyəri olan brilliant qaşlı nişan üzüyü, 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 5 qr.çəkidə 600 manat dəyərində olan qızıl üzük və 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 6 qr.çəkidə 650 manat dəyəri olan qızıl sırğa, onlar olmadığı təqdirdə dəyəri olan 3550 (üç min beş yüz əlli) manat, 55,50 manat dövlət rüsumu, 50 manat mediasiya xərci və qiymətləndirmə ilə bağlı ödənilmiş 100 manat pul alınaraq İddiaçı verilməsi» hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.