Məhkəmə qərarları › İş №2(104)-1360/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1360/2023

01.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1360/2023 01.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-540/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəyəri 30.000 manat olan, Ağdam Rayon Mirəşəlli kəndində yerləşən, ümumi sahəsi 121 kv/m, yaşayış sahəsi 76 kv/m olan yaşayış evinin yarı dəyəri kimi 15.000 manat pulun, mediasiya tiçün ödədiyi 50 manat pulun, dövlət rüsumu kimi ödədiyi 130 manat pulun, cəmi 15.180 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-540/2023 saylı qətnaməsi ilə (hakim Elşad Bayramov) iddiaçı X2 Cavabdeh qarşı dəyəri 30.000 manat olan, 2013-cü ildə Ağdam rayonu Mirəşəlli kəndində yerləşən ümumi sahəsi 121 kv/m, yaşayış sahəsi olan yaşayış evinin yarı dəyəri olaraq 15.000 manat pul, mediasiya xidməti üçün ödənilmiş 50 manat, dövlət rüsumu kimi ödənilmiş 130 manat, cəmi 15.180 (on beş min bir yüz səksən) manat pul tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı X5 həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-540/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 28 noyabr 2003-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahlarından 2005-ci il təvəllüdlü Elminaz, 2006-cı il təvəllüdlü Nahid adlı uşaqları anadan olmuşlar. Cavabdehlə ər-arvad olduqları dövrdə, yəni 2013-cü ildə Ağdam Rayon Mirəşəlli kəndində ümumi sahəsi 121 kv/m, yaşayış sahəsi 76 kv/m olan yaşayış evi tikdirmişlər. Həmin evin inşa edilməsi 30.000 manata başa gəlmişdir. Aralarında olan münasibət pozulduğuna görə, nikahları Ağdam Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(013)- 1242/2019 saylı qətnaməsinə əsasən pozulmuşdur. 2022-ci ilin oktyabr ayına kimi həmin evdə yaşamış, 3-4 aydır ki, uşaqlarını da götürüb atası evində yaşayır. Evin çıxarışı olmadığına görə payların müəyyən edilməsi barədə iddia qaldıra bilməmişdir. Cavabdehdən birgə nikah dövründə tikdirdikləri evə çəkdikləri xərclərin yarı dəyərini tələb etsə də, cavabdeh onunla razılaşmır. Ona görə də, hesab edir ki, Cavabdeh dəyəri 30.000 manat olan, 2013cü ildə Ağdam rayon Mirəşəlli kəndində yerləşən, ümumi sahəsi 121 kv/m, yaşayış sahəsi 76 kv/m olan yaşayış evinin yarı dəyəri olaraq 15.000 manat pul, mediasiya xərci kimi ödədiyi 50 manat pul, dövlət rüsumu kimi ödədiyi 130 manat pul cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmalıdır. İddiaçı X3 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, iddiaçı X5 ilə 28 noyabr 2003-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və Ağdam Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(013)-1242/2019 saylı qətnaməsi ilə onların arasında qeydə alınmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü Elminaz və xx.xx.2006-cı il təvəllüdlü Nahid adlı uşaqlar anasının himayəsində saxlanılmışdır. O, 2- ci qrup əlildir, işləmir, gündəlik çörək pulunu çətinliklə tapır. X2 göstərdiyi evi dövlətin kasıb ailələrə göstərdiyi dəstəklə sənədi olmayan torpaq sahəsində tikilmişdir. Ehtibar evdə yaşamayaraq, öz təşəbbüsü ilə uşaqları da götürüb atası evinə getmişdir. X1 və uşaqlarının gəlib evdə yaşamalarına heç bir etirazı yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-540/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-540/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Ağdam Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(013)-1242/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında xx.xx.2003-cü ildə Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Quzanlı Ərazi Nümayəndəliyində 40 sayla qeydə alınmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü Elminaz və xx.xx.2006-cı il təvəllüdlü Nahid adlı uşaqlar anasının himayəsində saxlanılmışdır. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahlarının pozulması 24 noyabr 2022-ci ildə Ağdam Rayon Qeydiyyat Şöbəsində qeydiyyata alınmışdır. “X6” MMC tərəfindən 21 dekabr 2022-ci il tarixdə verilmiş mütəxəssis rəyindən görünür ki, Ağdam rayon Mirəşəlli kəndində 110 kv.m olan fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə 30000 manat qiymətləndirilmişdir. Ağdam Rayon Əhmədağalı Kənd İƏD üzrə İcra Nümayəndəliyinin 06 saylı, 09 yanvar 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan ev təsərrüfatı 2013-cü ildə tikilmiş, ümmi sahəsi 121 kv.m, o cümlədən yaşayış sahəsi 76 kv.metrdir. Ağdam Rayon Əhmədağalı Kənd İƏD üzrə İcra Nümayəndəliyinin 88 saylı, 07 fevral 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ailə üzvləri nəzərə alınmaqla, 2013-cü ildə Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən 2 otaqlı yaşayış evinin tikinti materialları ilə tam təmin edilmiş, ailənin öz maddi vəsaiti hesabına yaşayış evi inşa edilmişdir. X4 sonra prosesin davam etdirilməsi barədə 19 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, hazırki mübahisə həmin orqanda öz həllini tapmamışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçı X5 ilə Cavabdeh 28 noyabr 2003-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Ağdam Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(013)-1242/2019 saylı qətnaməsi ilə onların arasında qeydə alınmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü Elminaz və xx.xx.2006-cı il təvəllüdlü Nahid adlı uşaqlar anasının himayəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsi ilə, paylı mülkiyyətdə olan əşyanın bölünmsəi və ondan payın ayrılması qaydaları müəyyən edilmişdir. Ailə və mülki qanunvericiliyinin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir, lakin bu zaman həmin əmlakın mülkiyyət kimi müvafiq orqanda hüquqi qeydiyyatının olması zəruri şərt kimi nəzərəd tutulmuşdur. Hazırkı iş üzrə mübahisə edilən Ağdam rayonu, Mirəşəlli kəndində yerləşən torpaq sahəsi qanuni əsaslarla ayrılmış torpaq sahəsi deyildir və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi özbaşına tikili olmaqla, Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən verilmiş tikinti materialları hesabına inşa edilmişdir. Bu isə o deməkdir ki, iddiaçı zəbt edilmiş sahədə qanunsuz tikilidə payının dəyərini tələb etməkdə haqlı olmamışdır. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, tərəflər həmin fərdi yaşayış evi ilə bağlı bərabər hüquqlara malik olmaqla, iddiaçı X5 həmin evə köçüb, orada yaşaya bilər və cavabdeh özü də, iddiaçının gəlib həmin evdə yaşamasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-540/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-540/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar