Məhkəmə qərarları › İş №2(104)-1381/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1381/2025

28.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1381/2025 28.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “alğısatqı müqaviləsi üzrə pul tələbinə” dair mülki işi üzrə Tərtər Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı bildirir ki, 2024-cü ilin noyabr ayında bir qutusu 4 manat olmaqla 116 qutu xurmanı və bir qutusu 8 manat olmaqla 199 qutu “şişburun” xurmanı cavabdehə satmışdır. Həmin alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya 1680 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi məhkəməyə müraciət edərək, 1680 manat məbləğində pulun və 37 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəsini dolandırmaq məqsədi ilə xurma meyvəsinin satışı ilə məşğul olur. 2024-cü ilin noyabr ayının əvvəllərində 1 qutusu 4 manat olmaqla 116 qutu xurma, 1 qutusu 8 manat olmaqla 199 qutu “şişburun” xurma meyvəsini cavabdehə satmışdır. Həmin vaxt Ceyhun ona aldığı meyvələrə görə 1800 manat pul verməli olmuşdur. Lakin cavabdeh xurmaya görə borclu olduğu puldan yalnız 120 manatını qaytarmış, qalan 1680 manat məbləğində pulu qaytarmamışdır. Dəfələrlə cavabdehdən qalan pulunu tələb etsə də, hər dəfə müxtəlif bəhanələr gətirməklə pulu qaytarmaqdan yayınmışdır. O, əvvəlcə pul tələbi ilə bağlı Tərtər rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis şöbəsində aparılmış araşdırma nəticəsində Tərtər rayon X3 Bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş və ona məhkəməyə müraciət etmək bildirilmişdir. Tərtər Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(061)-143/2025 nömrəli iş üzrə qəbul etdiyi 15 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim K.Rzayev) iddia tələbinin təmin edilməsi, Cavabdeh 1680 manat məbləğində pulun və 37 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan razılaşmaya əsasən, cavabdeh iddiaçıdan xurma meyvəsini nisyə olaraq almışdır. Məhkəmə iclasında izahat vermiş iddiaçı göstərmişdir ki, cavabdehə ümumilikdə 1800 manat dəyərində xurma meyvəsi vermişdir. Həmin puldan cavabdeh yalnız ona 120 manat pul vermişdir. İddiaçı qalan pulunu cavabdehdən ala bilməmişdir. Bu səbəbdən əvvəl şikayət ərizəsi ilə polis şöbəsinə, sonra isə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ifadə vermiş şahidlər X1 və X2 ifadələrində İddiaçı yanında xurma meyvəsi yığımı ilə məşğul olduqlarını, Cavabdeh cəmi 1800 manat dəyərində xurma meyvəsi təhvil verildiyini, Cavabdeh İddiaçı cəmi 120 manat pul verdiyini, qalan pulu vermədiyini, zəhmət haqqlarını İddiaçı tələb etdikləri üçün, həmin pulun alınması məqsədi ilə Cavabdeh obyektinə getdiklərini, lakin Cavabdeh pulu vermədiyini bir daha təsdiqləmişlər. Məhkəmə şahidlərin səmimi ifadə verdiklərini hesab edərək, həmin ifadələrin sübut növü kimi qəbul edilməsini məqsədmüvafiq hesab etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla da cavabdehin iddiaçıya 1680 manat borcu yaranmışdır. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 386.1, 442, 406.1, 448.2, 600.1, 600.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 119.1, 217.1, 217.2, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə nə rəsmi, nə şifahi məlumat verilməmişdir, bu səbəbdən də cavabdeh məhkəmədə iştirak edə bilməmişdir. İşə baxan məhkəmə isə yalnız iddiaçının izahatına və yaxınlarının şahid ifadələrinə əsasən heç bir sübut və fakt olmadan işə birtərəfli baxaraq iddia tələbini təmin etmişdir. Cavabdeh iddiaçıdan ümumi dəyəri olan 1150 manat olan xurma meyvəsi almışdır. Həmin pulun 1000 manat hissəsini ilk dəfə, daha sonra yerdə qalan 150 manat hissəsini isə polis şöbəsində izahat verərəkən polis əməkdaşlarının yanında təqdim etmişdir. İddiaçının iddia etdiyi kimi cavabdehin ona borcu1680 manat olmamış, ümumilikdə 1150 manat olmuşdur. Həmin pulu isə şahidlərin yanında iddiaçıya ödəmişdir. Cavabdehin iddiaçıya hər-hansı bir borcu yoxdur. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etirazını iddia tələbinin dəlillərinə uyğun əsaslandırmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, o “şişburun” xurma meyvəsini cavabdehə 1 qutusu 8 manata, adi xurma meyvəsini isə bir qutusu 4 manata satmışdır. Həmin meyvələrin dəyərindən cavabdeh yalnız 376 manat ödəniş etmişdir. Qalan 1680 manatı cavabdehdən tələb edir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən Məhkəmə qətnaməni tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Ööhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərdən və tərəflərin verdikləri məlumatlardan görünür ki, 2024-cü ilin noyabr ayında xurma meyvəsinin alğı-satqısı barədə hazırki iş üzrə tərəflər arasında şifahi razılaşma olub. İddiaçı bildirir ki, bir qutusu 4 manat olmaqla 116 qutu xurmanı və bir qutusu 8 manat olmaqla 199 qutu şişburun xurmanı cavabdehə satmışdır. Həmin alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya 1680 manat borcu yaranmışdır. Cavabdeh isə bildirir ki, iddiaçıdan cəmi 1150 manat dəyərində xurma meyvəsi almış və həmin məbləği tam olaraq iddiaçıya ödəmişdir və onun iddiaçıya borcu yoxdur. Bununla bağlı Məhkəmə bildirir ki, cavabdehin yuxarıda qeyd edilən məbləğdə iddiaçıya borcunun olması şahid ifadələri ilə təsdiq edildiyindən, həmin şahid ifadələrinin etibarsız hesab edilməsi üçün əsasların mövcudluğu məhkəmə baxışı zamanı müəyyən edilmədiyindən, bu kimi əsasların mövcud olmasını təsdiq edə biləcək sübutlar isə cavabdeh tərəfindən Məhkəməyə təqdim edilmədiyindən hesab edilməlidir ki, hazırki işdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Sübutetmə yükünü daşımasına baxmayaraq, cavabdeh, iddianın əsassız olmasını təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Bu baxımdan hesab edilməlidir ki, cavabdehin iddiaçı qarşısında üzərinə götürdüyü və icra etmədiyi öhdəlik mövcuddur; cavabdehin iddiaçıya 1680 manat məbləğində borcu var və o, həmin borcu iddiaçıya ödəməlidir. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddiaçının iddiası əsaslıldır. Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Tərtər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar