Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1382/2025 28.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 06 may 2025-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı ilə cavabdeh arasında bağlanmış 15 sentyabr 2023-ci il tarixli, 1S-418 reyestr nömrəli kredit müqaviləsinə əsasən borc verən(iddiaçı) borc alana(cavabdehə) 70.000 manat məbləğində borc pul vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən borc alan krediti xx.xx.2023-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 70.000 manat məbləğində pulun, həmçinin dövlət rüsumu kimi ödədiyi 300 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və ödənilməli olan borcu qaytarmamışdır. Tərtər Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(061)-486/2025 nömrəli iş üzrə qəbul etdiyi 06 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim K.Rzayev) iddia tələbinin təmin edilməsi, Cavabdeh 70.000 manat məbləğində pulun, ödənilmiş 300 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iş materialları, iddiaçının izahatı və cavabdehin iddiaçıya pul borclu olması ilə bağlı ərizəsi ilə sübut edilir ki, iddia əsaslıdır və təmin edilməlidir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 442, 448.2, 739.1, 739.2, 1091.1, 1091.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 119.1, 217.1, 217.2, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı bildirir ki, cavabdehə 70.000 manat borc pul vermişdir. Cavabdeh həqiqətən iddiaçıdan bu məbləğdə borc almışdır. Ancaq qarşılıqlı razılaşmaya əsasən cavabdeh bu borcu ona xx.xx.2025-ci il tarixə qaytarmalı idi. Razılaşma belə olmuşdur. Burada mübahisə müddətlə bağlıdır. Müqavilədəki müddət doğru deyil. Bu səbəbdən də cavabdeh hazırki qətnamə ilə razı deyil. Məhkəmə cavabdehin digər məhkəmə proseslərində iştirakını təmin etməmişdir. Bu səbəbdən cavabdeh qeyd edilən hallarla bağlı mötəbər sübutları təqdim edə bilməmişdir. Məhkəmə müddətə münasibətdə araşdırmanı kifayət qədər obyektiv aparmamışdır, cavabdehin prosessual hüquqlarını pozmuşdur. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz verməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsi imzalanmış, iddiaçı cavabdehə 70.000 manat pulu borc vermiş, cavabdeh isə həmin pulu 30 noyabr 2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Göstərilənlərə əsasən işin halları kimi müəyyən edilir ki, iş üzrə tərəflər arasında bağlanmış 1S-418 reyestr nömrəli kredit müqaviləsinə əsasən iddiaçı 70.000 manat pulu cavabdehə vermiş, lakin borc sonuncu tərəfindən ödənilməmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə, bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın – cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir. Cavabdeh apellyasiya şikayətində 70.000 manat pulun ona borc olaraq verildiyini etiraf edir, lakin borcu müqavilədə nəzərdə tutulmuş müddətdə deyil, xx.xx.2025-ci il tarixə qaytarmalı olduğunu bildirir. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, Müqavilənin 2-ci bəndinə əsasən borc alan krediti xx.xx.2023-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə bildirir ki, borc məbləğinin 2025-ci ildə ödənilməli olması barədə cavabdehin bildirdikləri iş materialları ilə təsdiq olunmur. Cavabdehin apellyasiya şikayətinin digər dəlili odur ki, işə Rayon Məhkəməsində baxılarkən ona məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməyib. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, cavabdeh 04 aprel 2025-ci il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında iştirak edib və ərizə ilə məhkəməyə müraciət edərək, növbəti proseslərdə iştirak etməyəcəyi təqdirdə işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Tərtər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 may 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1382/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1382/2025
28.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver