Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1389/2023 06.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Niftaliyev Rəsul Fərrux oğlunun katibliyi, İddiaçı X4 və Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyaları tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(013)-286/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, 3280 manat dəyərində iddia ərizəsində adları göstərilmiş qızıl-zinət əşyalarının və 237.50 manat dəyərində cehiz əşyalarının naturada və ya onların dəyəri olan 3517.50 manatın, mediasiya xərci kimi ödənilmiş 50 manat və işə baxılması ilə əlaqədar ödənilmiş 56 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(013)-286/2023 nömrəli (hakim: R.Məmmədov) qətnaməsi iddia təmin edilərək, Cavabdeh qızıl-zinət əşyaları olaraq - 2800 manat dəyərində 35 qram, 585 əyar sırğa, üzük boyunbağı və qolbağdan ibarət komplekt və 480 manat dəyərində 06 qram çəkidə 585 əyarlı 01 ədəd üzük, 6.50 manat dəyərində çaynik, 05 manat dəyərində nəlbəki, 28 manat dəyərində 02 ədəd can məhrəbası, 2 ədəd əl-üz məhrəbası, 30 manat dəyərində jaronnik, 20 manat dəyərində güldan, 48 manat dəyərində boşqab dəsti, 06 manat dəyərində 03 ədəd fincan, 25 manat dəyərində süfrə, 02 manat dəyərində paltar şpilkası, 7 manat dəyərində 02 ədəd duz qabı, 30 manat dəyərində 03 dəst geyimlər, 10 manat dəyərində meyvə vazı, 20 manat dəyərində 02 ədəd pərdə yığması olan cehiz əşyalarının naturada, həmin qızılzinət və cehiz əşyaları olmadıqda isə onların cəmi dəyəri olan 3517.50 manat, 50 (əlli) manat mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 56 manatın alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin qismən təmin edilərək 2 ədəd can məhrabası və 1 ədəd güldanın ondan alınaraq iddiaçıya verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı X4 tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 02 iyul 2020-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar və birgə nikahlarından 21 oktyabr 2020-ci il tarixdə Yəhya adlı uşaqları anadan olmuşdur. Sonradan ailə münasibətləri pozulduğundan faktiki ayrılmışlar. Toy hədiyyəsi kimi ona alınmış 2800 manat dəyərində 35 qram çəkidə 585 əyarlı sırğa, üzük boyunbağ və qolbağıdan ibarət komplekt, eləcə də 480 manat dəyərində bir ədəd 6 qram çəkidə 585 əyarlı üzük Cavabdehlə birlikdə yaşadıqları evdən gedərkən orada qalmışdır. Həmçinin ona məxsus 6.50 manat dəyərində çaynik, 5 manat dəyərində nəlbəki, 28 manat dəyərində 2 ədəd can məhrabası, 2 ədəd əl-üz məhrabası, 30 manat dəyərində tava, 20 manat dəyərində güldan, 48 manat dəyərində boşqab dəsti, 6 manat dəyərində 3 ədəd fincan, 25 manat dəyərində süfrə, 2 manat dəyərində paltar şpilkası, 7 manat dəyərində 2 ədəd duz qabı, 30 manat dəyərində 3 dəst geyimlər, 10 manat dəyərində meyvə vazı, 20 manat dəyərində 2 ədəd pərdə yığması adlı cehiz əşyaları da cavabdehlə birlikdə yaşadıqları evdən gedərkən orada qalmışdır. Cavabdeh qeyd olunan cehiz və qızıl-zinət əşyalarını tələb etsə də, lakin sonuncu həmin əşyaları ona qaytarmaqdan imtina etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi qızıl-zinət əşyalarının dəyərini iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 19 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən etmişdir. Halbuki həmin rəy qızılzinıət əşyalarına baxış keçirilmədən verilmişdir. İddiaçı X4 ilə ailə quran zaman sonuncuya üzük, sırğa, boyunbağ və qolbağıdan ibarət 1120 manat dəyərində komplekt almışdır və birgə nikahda olduqları vaxt iddiaçının razılığı ilə həmin komplekti satıb ailə ehtiyaclarına sərf etmişlər. Bundan əlavə, iddiaçı birlikdə yaşadıqları evdən gedərkən özünə məxsus bütün cehiz əşyalarını aparmışdır. Yalnız iki ədəd can məhrabası və bir ədəd güldan onun evində qalmışdır. Həmçinin birinci instansiya məhkəməsində icraat zamanı şahid dindirilməsi üçün vəsatət versə də, lakin vəsatəti təmin edilməmişdir. Belə ki, qızıl-zinət əşyalarını 1120 manata alarkən Niyazi Əliyev, həmin qızılları iddiaçı Gülanə Quliyeva ilə birlikdə satarkən isə Anar İsmayılov adlı şəxslər yanlarında olmuşlar. Qızıl-zinət əşyalarını satarkən komplektin dəyəri 800 manat, onun özünə məxsus üzüyün dəyəri isə 400 manat qiymətləndirilmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 2020-ci ilin mart ayında iddiaçı X4 ilə faktiki ailə qurmuşlar və həmin ilin iyul ayında nikahları qeydə alınmışdır. İddiaçıya məxsus olmuş qızıl-zinət əşyaları 1220 manata alınmışdır və 2020-ci ildə təxminən toydan 5 ay sonra iddiaçının razılığı ilə qızıllar satılaraq ailə məsrəflərinə xərclənmişdir. Belə ki, toydan qabaq 2000-3000 manat borcu olmuş və həmin borcları ödəmək üçün iddiaçıya məxsus komplekti və özünə məxsus üzüyü ümumilikdə 1200 manata satmışdır. İddiaçıya məxsus qızıl-zinət əşyaları yalnız 1 ədəd komplektdən ibarət olub, ona 420 manat dəyərində üzük alınmamışdır. İddiaçı X3 məxsus cehiz əşyaları mövcud olub, lakin sonuncu birlikdə yaşadıqları evdən gedərkən cehiz əşyalarını özü ilə aparmışdır, lakin bəzi cehiz əşyaları onun evində qalmışdır və evdə qalan əşyaları iddiaçı nə vaxt istəsə götürə bilər. İddiaçı ilə ailə münasibətləri pozulduğundan 2022-ci ilin may ayında ayrılmışlar. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin qismən təmin edilərək 2 ədəd can məhrabası və 1 ədəd güldanın ondan alınaraq iddiaçıya verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X4 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, Cavabdeh ilə aralarında mübahisə olmuş və birlikdə yaşadıqları evdən küsüb getmişdir. Ona məxsus qızıllar həmişə cavabdehlə yaşadıqları evdə mücrünün içində olmuş və harasa gedən vaxt qızılları özü ilə aparmamışdır. Qızıllar satılmayıb və o Cavabdeh belə bir razılıq verməmişdir. Onun cavabdehə məxsus evi birdəfəlik tərk etmək fikiri olmamışdır. O, fikirləşmişdir ki, Elvinlə sonradan barışaraq evə geri qayıdacaq. Lakin barışmaları üçün cavabdeh tərəf heç bir müsbət addım atmamışdır. İddiaçı X1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq iddiaçı həmçinin bildirmişdir ki, cavabdehdən tələb etdiyi üzük anası tərəfindən ona hədiyyə edilmişdir, lakin həmin üzüklə bağlı hər hansı sübutu təqdim edə bilmir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Bərdə Regional “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 397093 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında 02 iyul 2020-ci il tarixdə, 527 nömrə ilə nikahı bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Quliyev”, arvada “Quliyeva” soyadı verilmişdir; “X6” MMC tərəfindən X2 yazılı müraciətinə əsasən verilmiş 19 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 35 qram, 585 əyar sırğa, üzük boyunbağı və qolbağıdan ibarət komplektin ümumi dəyəri 2800 manat, 6 qram çəkidə, 585 əyar, 1 ədəd üzüyün dəyəri 480 manat olmaqla ümumilikdə 3280 manat qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1 və Mülki Məcəllənin 225.2 və 157.2-ci maddələrinə istinadən hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, X4 ilə Cavabdeh faktiki ailə qurmuşlar, 02 iyul 2020-ci il tarixdə isə nikahları qeydə alınmışdır. Tərəflərin birgə nikahlarından 21 oktyabr 2020-ci il tarixdə Yəhya adlı uşaqları anadan olmuşdur. Sonradan onların ailə münasibətləri pozulduğundan ayrılmışlar. X4 toy hədiyyəsi kimi ona alınmış 2800 manat dəyərində 35 qram çəkidə 585 əyarlı sırğa, üzük boyunbağ və qolbağıdan ibarət komplekt, eləcə də 480 manat dəyərində bir ədəd 6 qram çəkidə 585 əyarlı üzüyün, həmçinin ona məxsus 6.50 manat dəyərində çaynik, 5 manat dəyərində nəlbəki, 28 manat dəyərində 2 ədəd can məhrabası, 2 ədəd əl-üz məhrabası, 30 manat dəyərində tava, 20 manat dəyərində güldan, 48 manat dəyərində boşqab dəsti, 6 manat dəyərində 3 ədəd fincan, 25 manat dəyərində süfrə, 2 manat dəyərində paltar şpilkası, 7 manat dəyərində 2 ədəd duz qabı, 30 manat dəyərində 3 dəst geyimlər, 10 manat dəyərində meyvə vazı, 20 manat dəyərində 2 ədəd pərdə yığması adlı cehiz əşyalarının cavabdehlə birlikdə yaşadıqları evdən gedərkən orada qaldığını, Cavabdeh qeyd olunan cehiz və qızıl-zinət əşyalarını tələb etsə də, lakin sonuncunun həmin əşyaları ona qaytarmaqdan imtina etdiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, 6.50 manat dəyərində çaynik, 5 manat dəyərində nəlbəki, 28 manat dəyərində 2 ədəd can məhrabası, 2 ədəd əl-üz məhrabası, 30 manat dəyərində tava, 20 manat dəyərində güldan, 48 manat dəyərində boşqab dəsti, 6 manat dəyərində 3 ədəd fincan, 25 manat dəyərində süfrə, 2 manat dəyərində paltar şpilkası, 7 manat dəyərində 2 ədəd duz qabı, 30 manat dəyərində 3 dəst geyimlər, 10 manat dəyərində meyvə vazı, 20 manat dəyərində 2 ədəd pərdə yığması adlı cehiz əşyalarının mövcudluğu və iddiaçıya məxsus olması işin mübahisə olunmayan tərəfidir. İşin qeyd olunan halı cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri, habelə məhkəmə kollegiyasının iclasında vermiş olduğu izahatı ilə sübut olunur. Belə ki, cavabdeh X7 məhkəmə kollegiyasının iclasında vermiş olduğu izahatında, habelə apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, iddiaçı X3 məxsus cehiz əşyaları mövcud olub, lakin sonuncu birlikdə yaşadıqları evdən gedərkən cehiz əşyalarını özü ilə aparmışdır, lakin bəzi cehiz əşyaları, yəni iki ədəd can məhrəbası və bir ədəd güldan onun evində qalmışdır və evdə qalan əşyaları iddiaçı nə vaxt istəsə götürə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı X2 cavabdehdən tələb etdiyi cehiz əşyalarının mövcudluğu, habelə həmin əşyaların iddiaçıya məxsus olması işin mübahisə olunmayan tərəfidir. İşin mübahisə olunan tərəfi (apellyasiya şikayəti üzrə) iddiaçının cavabdehlə birlikdə yaşadıqları evdən gedərkən həmin cehiz əşyalarını özü ilə aparıb-aparmamasının müəyyən edilməsidir. Buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh iddiaçının ona məxsus cehiz əşyalarını apardığını bildirsə də, lakin bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı X4 məhkəmə kollegiyasının iclasında vermiş olduğu izahatında cavabdehə məxsus evdən birdəfəlik çıxıb getmək fikirində olmadığını bildirmişdir. Məhkəmə kollegiyası işin qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh ilə birgə yaşadıqları evdən birdəfəlik getmək niyyəti olmayan iddiaçı Gülanə Quliyevanın cehiz əşyalarını özü ilə aparması inandırıcı və ağlabatan hal deyil. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cehiz əşyalarının naturada, bu mümkün olmadıqda isə dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissədə düzgün nəticəyə gəlmişdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cehiz əşyalarının dəyəri cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi cehiz əşyalarının dəyərini iddiaçı tərəfindən göstərilən məbləğdə müəyyən etməkdə haqlı olmuşdur. Həmçinin məhkəmə kollegiyası iddia tələbinin qızıl-zinət hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi həmin hissədə qismən düzgün nəticəyə gəlmişdir. Belə ki, işin halları Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun araşdırılarkən görünür ki, iş materialları ilə komplekt dəst olan 2800 manat dəyərində 35 qram, 585 əyar sırğa, üzük boyunbağı və qolbağdan ibarət qızıl zinət əşyalarının həqiqətən mövcud olması və iddiaçıya məxsus olması sübut olunur. Belə ki, bu hal tərəflərin izahatları ilə, cavabdehin şikayətinin dəlilləri ilə sübut olunur. Eyni zamanda cavabdeh tərəfindən həmin qızılların mövcudluğu və iddiaçının mülkiyyətində olması mübahisələndirilmir. Qeyd olunan hallar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı Gülanə Quliyeva tərəfindən qeyd olunan qızıl-zinət əşyalarına dair göstərilənlər onun tərəfindən sübut edilmiş və məhkəmə iclası zamanı öz təsdiqini tapmışdır. Artıq müəyyən edilməli olan ikinci hal və mübahisənin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələ dəyəri 2800 manat olan konplekt dəst qızılların tərəflərdən hansının sahibliyində qalmasının müəyyən edilməsidir. Bu aspektdən işin halları araşdırılarkən komplekt dəst olan 2800 manat dəyərində 35 qram, 585 əyar sırğa, üzük boyunbağı və qolbağdan ibarət qızıl zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olması müəyyən olunur. Belə ki, cavabdeh izahatında və şikayətində iddiaçıya məxsus 2800 manat dəyərində 35 qram çəkidə 585 əyarlı sırğa, üzük boyunbağı və qolbağıdan ibarət komplektin onun tərəfindən satılaraq ailə məsrəflərinə sərf edilməsini və iddiaçı X2 da buna razılıq verdiyini göstərsə də, lakin o bununla bağlı məhkəməyə mötəbər sübut tədqim etməmişdir. Əksinə məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Quliyeva Gülanə cavabdehin həmin dəlilini təkzib edərək həmin qızılların satılmadığını və o cavabdehə belə bir razılıq vermədiyini bildirmişdir. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin “iddiaçıya məxsus olan sırğa, üzük boyunbağı və qolbağıdan ibarət komplektin dəyərinin 1120 manata olması”dəlili ilə bağlı qeyd edir ki, iş materiallarında olan “X6” MMC tərəfindən verilmiş 19 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyində 35 qram, 585 əyar sırğa, üzük boyunbağı və qolbağıdan ibarət komplektin ümumi dəyəri 2800 manat təşkil edtiyi müəyyən edilmişdir. iddiaçıya məxsus olan sırğa, üzük boyunbağı və qolbağıdan ibarət komplektin dəyəri mütəxəssis tərəfindən qiymətləndirilmişdir və həmin rəyin mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı hal müəyyən olunmamışdır. Ona görədə kollegiya tərəfindən cavabdehin bu dəlili əsassız hesab edilir. Həmçinin məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi 480 manat dəyərində bir ədəd 6 qram çəkidə 585 əyarlı üzüyün naturada, bu mümkün olmadıqda isə dəyərinin Cavabdeh alınaraq iddiaçı X3 verilməsi hissədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı X4 ona məxsus 480 manat dəyərində bir ədəd 6 qram çəkidə 585 əyarlı üzük olduğunu və həmin üzüyün cavabdehdə qaldığını iddia etsə də, lakin bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə həmin hissədə qeyd olunan hallara düzgün hüquqi qiymət vermədən iddianı həmin hissədə də təmin olunması barədə yanlış nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, “480 manat dəyərində bir ədəd 6 qram çəkidə 585 əyarlı üzüyün naturada, bu mümkün olmadıqda isə dəyərinin Cavabdeh alınaraq iddiaçı X3 verilməsi” hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(013)-286/2023 nömrəli qətnaməsi “480 manat dəyərində bir ədəd 6 qram çəkidə 585 əyarlı üzüyün naturada, bu mümkün olmadıqda isə dəyərinin Cavabdeh alınaraq iddiaçı X3 verilməsi” hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1389/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1389/2023
06.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver