Məhkəmə qərarları › İş №2(104)-1402/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1402/2024

23.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1402/2024 23.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-627/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

2. İş materiallarında olan Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, 17 avqust 2021-ci il tarixdə Cavabdeh nümayəndəsi Cəfərov R. tərəfindən DAF FAR XF 105 YÜK markalı ** DK *** dövlət qeydiyyat nişanlı yük avtomobil İddiaçı satılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan buraxılış ili 2008-ci il olan, DAF FAR XF 105 YÜK markalı ** DK *** dövlət qeydiyyat nişanlı yük avtomobilin cavabdehin qeyri-qanuni sahibliyindən alınaraq ona qaytarılması və məhkəməyə iddia qaldırılması üçün ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə, yaxın tanışı vasitəsilə Cavabdeh 40 000 manat dəyərində olan “DAF FAR XF 105” yük markalı, ** DK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili alqı-satqı müqaviləsi bağlayaraq aldığını, daha sonra Cavabdeh ona müraciət edərək maşınla bir neçə günlük işi olduğunu, işlərini həll edən kimi maşını ona qaytaracağını söylədiyini, özünün bununla razlaşmadığını, lakin vasitəçi olan tanışının onu sakitləşdirdiyini, lakin aradan 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də avtomobili ala bilmədiyini, bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəldiyini bildirmişdir və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-627/2024 saylı qətnaməsi ilə (hakim Rafiq Məmmədov) İddiaçı Cavabdeh qarşı xüsusi mülkiyyətində olan buraxılış ili 2008-ci il olan, DAF FAR XF 105 YÜK markalı ** DK *** dövlət qeydiyyat nişanlı yük avtomobilin cavabdehin qeyri-qanuni sahibliyindən alınaraq ona qaytarılması və məhkəməyə iddia qaldırılması üçün ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə iddia ərizəsi təmin edilməməsini qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı iddianın təmin edilməsinə əsas verə bilən, yəni ona məxsus avtomobilə cavabdehin qanunsuz yiyələnməsini təsdiq edən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da İddiaçı məhkəməyə heç bir dəlil-sübut təqdim edə bilməmişdir.

6. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 157.2-ci, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 , 119.1 , 216, 217.4 , 220, 227 və 360-cı maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

7. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-627/2024 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, Ağdam rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-627/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə, yaxın tanışı vasitəsilə Cavabdeh 40 000 manat dəyərində olan “DAF FAR XF 105” yük markalı, ** DK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili alqı-satqı müqaviləsi bağlayaraq aldığını, daha sonra Cavabdeh ona müraciət edərək maşınla bir neçə günlük işi olduğunu, işlərini həll edən kimi maşını ona qaytaracağını söylədiyini, özünün bununla razlaşmadığını, lakin vasitəçi olan tanışının onu sakitləşdirdiyini, lakin aradan 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də avtomobili ala bilmədiyini, bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə MPM-in tələblərinə zidd olaraq cavabdehin izahatına və mülki işin araşdırılmasına formal yanaşmış, sübutlara və izahatlara əvvəlcədən müəyyən edilən qüvvə vermişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Tərəflər məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

11. Bununla yanaşı əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirmişdir ki, onun özünə məxsus “DAF FAR XF 105” markalı, ** DK *** dövlət qeydiyyat nömrə nişanlı yük maşını olmuş, lakin, həmin yük avtomobilinin mühərrəiki yararsız vəziyyətə düşdüyündən onu satmaq qərarına gəlmiş, həmin yük avtomobilini Xırdalan şəhərində yerləşən “Of Baron” adlanan ərazidə fəaliyyət göstərən ehtiyyat hissələri satan X1 və ona etibarnamə vermişdir. İş üzrə İddiaçı sonradan tanımışdır. Onda olan məlumata görə, idiaçının dostu olan Azad adlı şəxs İddiaçı yük avtomobili tapmasını, həmin yük avtomobilini alacağı təqdirdə aylıq yaxşı qazanc əldə edəcəyini bildirmiş, İddiaçı isə razılaşaraq 40000 manat pulu dostu Azad adlı şəxsə verərək bu işlə məşğul olmağı ona həvalə etmişdir. Daha sonra isə həmin yük avtomobilinin İddiaçı hansı şəraitdə satılması barədə onun məlumatı olmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

16. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

17. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

18. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

20. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

21. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Hazırkı apelyasya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)- 627/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. İddianı təmin etməyən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı iddianın təmin edilməsinə əsas verə bilən, yəni ona məxsus avtomobilə cavabdehin qanunsuz yiyələnməsini təsdiq edən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da, İddiaçı məhkəməyə heç bir dəlil-sübut təqdim edə bilməmişdir.

26. Belə ki, işin hallarından müəyyən edilmişdir ki, 17 avqust 2021-cü il tarixdə Cavabdeh Rivan oğlu “DAF FAR XF 105” yük markalı, ** DK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini İddiaçı satmışdır. Lakin, İddiaçı ona məxsus avtomobilin 3 ilə yaxın müddət ərzində cavabdehin qanunsuz sahibliyində qalmasını iddia etsə də, bunu təsdiq edən mötəbər sübutları təqdim edə bilməmişdir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin “Sübutlar” adlanan 7-ci fəslində əks olunmuş 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi iş üzrə tərəflərin izahatları da sübut hesab olunmaqla, iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Cavabdehin izahatına əsasən “DAF FAR XF 105” markalı, ** DK *** dövlət qeydiyyat nömrə nişanlı yük maşınını X1 və onun adına etibarnamə vermişdir. Həmin yük avtomobilinin İddiaçı hansı şəraitdə satılması barədə məlumatı olmamışdır. İddiaçı isə apellyasiya instansiyasında keçirilən məhkəmə iclaslarına gəlməmiş, cavabdehin izahatına münasibət bildirməmiş, mübahisə predmeti olan yük avtomobilinin cavabdehin qanunsuz sahilibliyində qalmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

28. Belə ki, iş materiallarında olan 17 avqust 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, alqı-satqı müqaviləsi cavabdehlə deyil, cavabdehin əvəzindən imza edən Cəfərov soyadlı şəxslə bağlanmışdır. Bu baxımdan iddiaçının mübahisəli yük avtomobilini bilavasitə cavabdehdən alması iddiaçının özünün təqdim etdiyi sübutla təkzib olunur.

29. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-627/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 384, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-627/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-627/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar