Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1409/2025 19.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Niftaliyev Rəsul Fərrux oğlunun katibliyi, Ərizəçi prosessual hüquq varisi X4, qətnamə hüquq və maraqlarına toxunan şəxs Maraqlı şəxs2 və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, Mirbəşir (hazırkı Tərtər Rayon Məhkəməsi) Rayon Xalq Məhkəməsinin xx.xx.1987-ci il tarixli 2-55/1987 nömrəli qətnaməsindən qətnamə hüquq və maraqlarına toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə Mirbəşir rayon Xalq Məhkəməsinə (hazırki Tərtər Rayon Məhkəməsi) müraciət edərək, qızı Maraqlı şəxs2 ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mirbəşir Rayon Xalq Məhkəməsi tərəfindən xx.xx.1987-ci il tarixli, 2-55/1987 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir. Ərizəçi 27 noyabr 2019-cu il tarixdə vəfat etmişdir. Qətnamədən hüquq və maraqlarına toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamə hüquq və maraqlarına toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, xx.xx.1969-cu il tarixdə Tərtər rayonu Qapanlı kəndində doğulmuşdur. Bu barədə Tərtər rayon Qarağacı kənd icra nümayəndəliyində xx.xx.1969-cu il tarixli 84 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Həmin akt qeydinə əsasında tərtib edilmiş doğum haqqında şəhadətnamədən (surəti şikayətə əlavə edilir) görünür ki, Maraqlı şəxs2 xx.xx.1969-cu il tarixdə doğulmuş, ata qrafasında X5, ana qrafasında Ərizəçi qeyd edilmişdir. Orta təhsil haqqında attestatdan (surəti şikayətə əlavə edilir) görünür ki, orta məktəbi 1987-ci ildə bitirmişdir. Həmçinin bildirir ki, şəxsiyyət vəsiqəsi xx.xx.2029-cu il tarixə qədər etibarlıdır. Ona sonradan məlum olmuşdur ki, mərhum anası - Ərizəçi pensiya hüququndan istifadə ilə əlaqədar hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Tərtər Rayon Məhkəməsinin xx.xx.1987-ci il tarixli 2(061)-55/1987 nömrəli qətnaməsi ilə ərizə təmin edilərək, onun ölüm faktı müəyyən edilmişdir. Tərtər Rayon Məhkəməsinin həmin qətnaməsi əsasında Maraqlı şəxs1ndə onun xx.xx.1983-cü il tarixdə ölməyinə dair xx.xx.1987-ci il tarixli 15 nömrəli ölüm bərpa haqqında akt qeydi tərtib edilmişdir. Aydındır ki, sağ olduğum halda barəmdə qəbul edilmiş və ölüm faktımı müəyyən edən həmin əsassız qətnamə mənim hüquqlarıma toxunur, hüquqlarımı kobud şəkildə pozur. Sözügedən məhkəmə aktının əsassızlığı, işin mahiyyət üzrə düzgün həll edilməməsi, məhkəmənin səhv qənaətə gəlməsi onun sağ olmağı faktı ilə öz təsdiqini tapır. Belə ki, yuxarıda qeyd etdiyi kimi, həmin qətnamə əsasında Maraqlı şəxs1 tərəfindən barəsində ölüm qeydi tərtib edilmişdir. Qeydiyyat şöbəsi həmin qeydi silməkdən imtina edir, hüquqlarının bərpası üçün Gəncə İnzibati Məhkəməsində və Tərtər Rayon Məhkəməsində iddia qaldırsa da, iddiaları müvafiq olaraq mümkün sayılmamış və geri qaytarılmışdır. Hesab edir ki, hazırda son çarəsi və mübahisənin kökündən həll edilməsi üçün yeganə yol Tərtər Rayon Məhkəməsinin xx.xx.1987-ci il tarixli 2(061)-55/1987 nömrəli qətnaməsinin ləğv edilməsidir. Belə ki, hazırda müxtəlif məlumat bazalarında ölmüş şəxs kimi görünür, bu səbəbdən hüquqlarımı həyata keçirə bilmir. Hazırda əmək müqavilələrinin bağlanması, dəyişikliklər edilməsi işçinin X14 Sistemində (ƏMAS) şəxsi hesabına onlayn imza ilə daxil olaraq “Təsdiq gözləyən Onlayn əmək müqaviləsi bildirişləri” bölməsinə daxil olaraq təsdiqləməsi vasitəsilə həyata keçirilsə də, barəsində ölüm qeydi olduğundan, müvafiq sistemdə ölmüş şəxs kimi əks olunur, bu səbəbdən SİMA və digər rəqəmsal imza vasitələrindən istifadə edə bilmir, əmək müqaviləsini təsdiq edə bilmir. Buna görə də iş yerində problem yaranır, hazırda işini itirmək təhlükəsi ilə üz-üzədir. Tək yaşayan yaşlı qadındır, heç bir pensiya və ya digər ödəniş almır, yeganə dolanışıq mənbəyi olan işini itirmək istəmir. Vətəndaş olaraq dövlət qarşısında vəzifələrini daim layiqincə yerinə yetirmiş, hazırda da heç nədən yayınmır. Hesab edir ki, dövlət, məhkəmələr də çarəsiz, çıxılmaz vəziyyətini başa düşməli, heç bir təqsiri olmadan, ona məlum olmayan səbəblərdən sağ ola-ola barəsində qəbul edilmiş sözügedən qətnamənin ləğvində, hüquqlarının bərpasında maraqlı olmalıdır. Əksi təqdirdə hüquq və azadlıqlarının məhkəmə təminatı (Azərbaycan Respublikası Konstitusiyasının 60, 65, 71-cı maddələri) pozular. Həmçinin nəzərə alınmalıdır ki, Konstitusiyaya əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Ölüm faktı müəyyən edilmiş şəxsin sağ olmasının nəticəsi qanunvericiliklə tənzimlənmədiyindən Mülki Məcəllənin hazırki situasiyaya analoji sayıla biləcək məsələləri tənzimləyən 42.1-ci maddəsinin tələblərini məhkəmə kollegiyasının diqqətinə çatdırmağı zəruri hesab edir. Belə ki, həmin maddəyə əsasən ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Eyni zamanda əvvəllər qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Mülki Məcəllənin 22-ci maddəsinə əsasən ölmüş elan edilən vətəndaş gəldiyi və ya onun olduğu yer aşkar edildiyi halda müvafiq qətnamə (bu Məcəllənin 21-ci maddəsi) məhkəmə tərəfindən ləğv edilir. Hazırki iş üzrə ölüm faktının təsdiqinin ərizəçinin pensiya hüququndan istifadə edə bilməsi ilə bağlı olduğu qeyd edilsə də, konkret olaraq ərizəçinin pensiya hüququna hansı aspektdə təsir etdiyi, pensiya hüququnun məhz ölüm faktının təsdiqindən asılı olduğu məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Həmçinin lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməmişdir. İş üzrə müvafiq qeydiyyat şöbəsi maraqlı şəxs kimi icraata cəlb edilməmişdir. Halbuki, qətnamə ilə həll edilən məsələ qeydiyyat orqanın maraqlarına toxunur və qətnamənin qanuni qüvvəyə minməsi ilə onun müvafiq hərəkəti – ölüm barədə akt qeydi tərtib etmək vəzifəsi yaranır. Mərhum Ərizəçi vəfat etdiyindən oğlu X4 prosessual hüquq varisi qismində işə cəlb edilmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin deməsinə görə sonuncunun anası bilə-bilə pensiya düzəltmək məqsədilə onun məhkəmə qaydasında ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsi təmin edilmişdir. Əslində isə o sağdır, şəxsiyyət vəsiqəsi də mövcuddur, hətta etibarlılıq müddəti keçdikdən sonra yeni şəxsiyyət vəsiqəsi də verilmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, Maraqlı şəxs2 əmək müqaviləsi bağlamaq üçün Sima imzadan istifadə edərkən hazırkı qətnamənin mövcudluğundan məlumatı olmuşdur. Mərhum ərizəçinin övladlarından heç biri vəfat etməmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən qətnamə hüquq və maraqlarına toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mərhum anası 2019-cu ildə vəfat etmişdir. Birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul edilmiş qətnaməsi ilə onun hüquqları pozulmuşdur. Əmək müqaviləsi bağlamaq üçün Sima imzadan istifadə edərkən hazırkı qətnamənin mövcudluğundan məlumatı olmuşdur. Sədrlik edənin suallarına cavab olaraq Maraqlı şəxs2 bildirmişdir ki, ailədə dörd uşaq olmuşlar. 1990-cı illərdə atası da sağ olmuşdur. Maraqlı şəxs2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən qətnamə hüquq və maraqlarına toxunan şəxs Maraqlı şəxs2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən mərhum Ərizəçi prosessual hüquq varisi X4 izahatında bildirmişdir ki, ailədə dörd uşaq olmuşlar, əlavə bacı və ya qardaşı olmamışdır. Ola bilər ki, beş uşaqlı ailə kimi dövlətdən pensiya almaq məqsədilə mərhum anası ərizə ilə məhkəməyə müraciət edib. X1 məhkəmə kollegiyasından qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan: Maraqlı şəxs1 tərəfindən 2023-cü ilin fevral ayında verilmiş məktubdan görünür ki, Maraqlı şəxs2 xx.xx.1969-cu il tarixdə doğulmuş və bu barədə Tərtər rayon Qaraağacı kənd icra nümayəndəliyində tərtib edilmiş xx.xx.1969-cu il tarixli 84 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.1987-ci il tarixli qətnaməsinə əsasən xx.xx.1987-ci il tarixli 15 nömrəli ölüm bərpa haqqında akt qeydi tərtib edilmiş və qeydə görə Maraqlı şəxs2 xx.xx.1983-cü il tarixdə ölmüşdür; Tərtər rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba xx.xx.1969-cu il təvəllüdlü Maraqlı şəxs2 məxsus şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin surəti əlavə edilmişdir. Həmin sənədlər içərisindəki fərdi uçot kartoçkasından görünür ki, Maraqlı şəxs2 xx.xx.1969-cu il tarixdə Tərtər rayonu Qapanlı kəndində doğulmuşdur, ailə vəziyyəti subay, atası X5, anası Ərizəçidır, şəxsin fərdi identifikasiya nömrəsi xxxxxxx. Şəxsə xx.xx.2005-ci il tarixdə Seriya AZE 03929103 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir; Verilmiş sorğuya cavab əsasında Tərtər rayon İcra Hakimiyyətindən Tərtər rayonu Qaraağacı kəndinin Qapanlı kənd sakini X3 və Ərizəçi birgə nikahlarından doğulmuş uşaqlar, habelə mərhum X3 qeydiyyatda olduğu kəndin təsərrüfatbaşına kitabında 1965- 1983-cü illərdə kimlərin qeydiyyatda olması barədə və təsərrüfata aid məlumatlar əldə edilmişdir. Müəyyən edilmişdir ki, 1977-1985-ci illərdə X3 ailə tərkibi arxiv arayışına əsasən aşağıdakı tərkibdə olmuşdur: 1977-1979-cu illərdə özü, arvadı - Ərizəçi, oğlu – X12, oğlu – X6, qızı – Maraqlı şəxs2 Usub qızı, oğlu - X7, oğlu – X13. 1980-1985-ci illərdə özü, arvadı - Ərizəçi, oğlu – X6, qızı – Maraqlı şəxs2 Usub qızı, oğlu - X7, oğlu – X13 (qeyd X3 adı 1963-1965-ci illərdə təsərrüfatbaşına kitabda Yusif, sonrakı illərdə isə Usub kimi yazılmışdır, X2 Yusif Məhəmməd oğlu ilə Ərizəçi Salman qızının birgə nikahından doğulmamışdır, 1966-1976-cı illərə aid arxivdən heç bir məlumat aşkar edilməmişdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. MPM-nin 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Həmin Məcəllənin 3.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yeri faktının müəyyən barədə işlərə baxır. İşin müəyyən olunmuş və faktiki hallarından görünür ki, mərhum Ərizəçi sağlığında X5 ilə ailə qurmuş və onların birgə ailə münasibətlərindən xx.xx.1969-cu il təvəllüdlü Maraqlı şəxs2 adlı uşaqları doğulmuşdur. Həmin şəxs hazırda Azərbaycan Respublikası vətəndaşı olmaqla sağdır. Buna baxmayaraq, Ərizəçi ərizə ilə Mirbəşir rayon Xalq Məhkəməsinə (hazırki Tərtər Rayon Məhkəməsi) müraciət edərək, qızı Maraqlı şəxs2 ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Mirbəşir Rayon Xalq Məhkəməsi tərəfindən xx.xx.1987-ci il tarixli, 2-55/1987 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir. Maraqlı şəxs2 apellyasiya şikayətinin dəlillərindən isə görünür ki, maraqlı şəxs tərəfindən məhkəmənin müəyyən etdiyi hüquqi əhəmiyyətli fakt mübahisələndirilir. Məlumdur ki, hüquqi əhəmiyyət fakt, məhkəmə qaydasında müəyyən oluna bilər. Lakin, MPM-nin 259.0.10-cu maddəsinin tələbinə görə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barəsində ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Analoji qayda MPM-nin 306.4-cü maddəsində də müəyyən edilməklə göstərilmişdir ki, xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Ərizəçi tərəfindən verilmiş hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barəsində ərizəyə baxıldıqda hüquq haqqında mübahisə olmasının müəyyən edildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Mülki Prosessual Məcəllənin 259.0.10 və 306.4-cü maddələrinin tələblərinə görə ərizə baxılmamış saxlanılmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalıdır. Eyni zamanda ərizəçinin hüquq varisinə izah olunmalıdır ki, o, ümumi əsaslarla iddia vermək hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki tələb üzrə hüquq haqqında mübahisə olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ərizə baxılmamış saxlanmalıdır. MPM-nin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 391-ci maddəsində göstərilir ki, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və MPM-nin 259.0.10, 263-264, 384.0.5 və 402.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Qətnamə hüquq və maraqlarına toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mirbəşir (hazırkı Tərtər Rayon Məhkəməsi) Rayon Xalq Məhkəməsinin xx.xx.1987-ci il tarixli 2-55/1987 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. Mərhum Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1409/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1409/2025
19.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver