Məhkəmə qərarları › İş №2(104)-1464/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1464/2023

22.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1464/2023 22.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: əmlak tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Göygöl Rayon Məhkəməsinin 2(066)-455/2023 saylı mülki iş üzrə 31 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 avqust 2023cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü ildə Xanlar rayonu, Topalhəsənli kəndində doğulmuş, keçmiş Xanlar indiki Göygöl rayonu, Topalhəsənli kəndində qeydiyyatdadır.

2. İşdə olan Gəncə Apelyasiya Məkhəməsinin 2(104)-4017/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh və X1 apelyasiya şikayətinin təmin edilməməsi və Göygöl Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(066)-386/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Hüseynova Dilǝfrus Teymur qızı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sadalanan əşyaların alınmasının, əşyaları vermək istəmədikdə, onların 2342 manat təşkil edən dəyərinin tutulması və ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Göygöl rayonu, Topalhəsənli kəndində xüsusi mülkiyyətində olan yaşayış evi vardır. Həmin ev həmin ünvanda yerləşən "A" və "B" literli 2 evdən biridir. Ev torpaq sahəsi ilə onun övladları arasında bölünəndən sonra iddiaçı "A" literli evin mülkiyyətçisi olsa da, oğlu Elsevər Hüseynovun arvadı olan Cavabdeh onun evini tərk etməmişdir. Məhkəmə mübahisələrindən sonra o, 12.000 manat kompensasiya verməklə cavabdehi evindən çıxara bilmişdir. O, evinə köçən zaman ona məxsus olan yataq dəsti, 4 ədəd-240 (4x60) manat, qǝtfə, 4 ədəd-108 (4x27) manat, satin, 11 metr -66 (11x6) manat, üz dəsmalı, 6 ədəd- 90 (6x15) manat, mələfə, 12 eded -96 (12x8) manat, skatert, 2 ədəd -114 (60+54) manat, tozsoran 190 manat, "Qalaksi" qazan dəsti (4 predmet) 265 manat, "Tefal" qazanlar, 3 ədəd 257 (195+62+40) manat, dörd kiloqramlıq qazanlar, 4 ədəd -52 (13x4) manat, 12-15 kiloluq qazanlar, 4 ədəd -100 (4x25) manat, aşsüzənlər, 4 ədəd -68 (4x17) manat mürəbbə ləyənləri 4 ədəd -80 (4x20) manat, tok- samovar 90 manat, tok-ütü 65 manat, ətçəkən maşın 180 manat, mikser qozçəkən 25 manat, xörək qaşığı 48 ədəd, 48 manat, çəngəl 48 ədəd, 48 manat, çay qaşığı, 24 ədəd, 24 manat, çömçə 12 ədəd 24 manat və mis mecmei 300 manat olmaqla, cəmi 2342 manat məbləğində əmlakının dağıdılmasını və aparılmasını müəyyən etmişdir. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir.

5. Göygöl Rayon Məhkəməsinin 2(066)-455/2023 saylı mülki iş üzrə 31 mart 2023cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası iddianın sübut olunmaması əsası ilə təmin edilməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)- 455/2023 saylı mülki iş üzrə 31 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi araşdırmadan sözügedən qətnaməni çıxarmaqla onun hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, məhkəmə qətnamə qəbul edərkən, cavabdehin izahatını və onun müdafiəsi üçün məhkəmədə iştirak edən oğlu Eşqinin ifadəsini əsas götürmüş, iddianın əsasını təşkil edən sübutlara qiymət vermədən onun iddia tələbini rədd etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya məhkəməsində icraat

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X2 apellyasiya şikayətini müdafiə etmiş, şikayətin dəlilləri ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmədə sual cavab zamanı iddiaçı X2 iddia etdiyi əşyaların məhz Cavabdeh tərəfindən dağıdıldığını və aparıldığını əminliklə söyləyə bilmədiyini, işin bu halını təsdiq edə bilən mötəbər sübutların onda olmadığını, bu barədə güman etdiyini bildirmiş, sonda şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

11. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

12. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

15. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

16. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 17 Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

18. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

19. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

20. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

21. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

22. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlamaq səlahiyyəti vardır.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxsləri dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 28.Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

29. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 30.Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Kollegiya bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırki işdə cavabdeh tərəfin iddiaya etiraz etdiyi nəzərə alındıqda, iddiaçının məhkəməyə bildirdiklərini təsdiq edə bilən əlaqəli, başqa mötəbər sübutlar da olmalıdır və artıq yuxarıda qeyd edildiyi kimi, iddiaçı bu barədə heç bir mötəbər sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının özünün izahatı da irəli sürülən iddianın təmin edilməsinə əsas vermir, belə ki, məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X2 izahat verərkən göstərmişdir ki, iddia etdiyi əşyaların məhz Cavabdeh tərəfindən dağıdıldığını və aparıldığını əminliklə söyləyə bilmir, işin bu halını təsdiq edə bilən mötəbər sübutları yoxdur.Öz növbəsində Cavabdeh ona qarşı irəli sürülən iddiaya etiraz etmiş, iddiaçının evindən heç nə aparmadığını göstərmiş, işə birinci instansiya məhkəməsində baxılarkən ifadə vermiş şahid X4 da cavabdehin məhkəməyə bildirdiklərini təsdiq edən ifadə vermişdir.

31. Məhkəmə kollegiyası tədqiq edilmiş sübutları əlaqəli şəkildə təhlil edərək, belə qənaətə gəlir ki, apellyatorun şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə düzgün nəticəyə gəlmişdir. 32 Ona görə də мəhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarilə haqlı olaraq iddianı təmin etməmişdir.

33. Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, məhkəmə kollegiyası belə qərara gəlir ki, apelyasiya şikayəti təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin 2(066)-455/2023 saylı mülki iş üzrə 31 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 2342 manatdır. Ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-455/2023 saylı mülki iş üzrə 31 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar