Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1472/2024 20.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qаrşı mülki iş üzrə Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2, onların etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə, həmçinin maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qаrşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli 2(021)-1181/2024 nömrəli qətnaməsindən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 20 avqust 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Ərizəçi1, Ərizəçi2, Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış 14 iyul 2023-cü il tarixli, MŞS\MT030\2023-01434 saylı Barışıq Sazişindən görünür ki; 1. Hər iki tərəf, Ərizəçi1 və Ərizəçi2 tərəfindən qarşılıqlı şifahi razılaşma əsasında təqdim edilən divar kağızlarının Maraqlı şəxs1 tərəfindən satışını təşkil etdiyini və bu divar kağızlarının satışı ilə əlaqədar olaraq əsas və qazanc məbləği daxil olmaqla ümumilikdə 86400 (səksən altı min dörd yüz) manat məbləğində pul vəsaitini geri qaytarmamaqla maddi ziyan vurduğunu təsdiq etmişlər. 2. Maraqlı şəxs1 divar kağızlarının satışı ilə əlaqədar olaraq əsas və qazanc məbləği daxil olmaqla ümumilikdə mənimsədiyi 86400 (səksən altı min dörd yüz) manat məbləğində pul vəsaitini 2023-cü ilin sentyabr ayından etibarən 36 (otuz altı) ay müddətində hissə-hissə olmaqla Ərizəçi1 va Ərizəçi2 məxsus kart hesabına ödəyəcəyinə dair öhdəlik götürmüş. 3. Maraqlı şəxs2 və Maraqlı şəxs3, Maraqlı şəxs1 86400 (səksən altı min dörd yüz) manat məbləğində pul vəsaitini, Ərizəçi1 və Ərizəçi2 qaytarmasına maddi köməklik göstərəcəkləri və bu öhdəliyin yerinə yetirilməsi üçün Maraqlı şəxs1 ilə eyni dərəcədə maddi məsuliyyət daşıdıqları barədə öhdəlik götürmüşlər. 3. Tərǝflər bu Saziş üzrə öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar yaranacaq mübahisənin məhkəmə müstəvisində həll olunacağına dair razılıq əldə etmişlər.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, mediasiya prosesi nəticəsində bağlanmış 14 iyul 2023-cü il tarixli, MŞS\MT030\2023-01434 saylı barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xаhiş etmişlər.
3. Ərizəçilər ərizələrini onunla əsaslandırmışlar ki, Maraqlı şəxs1 razılıqları əsasında onlara məxsus divar kağızlarının satışını həyata keçirtmiş, lakin maya dəyəri və qazancı ilə birlikdə 86400 vəsaiti onlara təqdim etməmişdir. Bununla bağlı Maraqlı şəxs1 müraciətlərindən sonra sonuncu onlara olan borcunu etiraf etmiş və daha sonra öz qardaşları Maraqlı şəxs2 və Maraqlı şəxs3 ilə birlikdə öhdəlik götürərək borcu onlara qaytarmağa söz vermişlər. Bununla bağlı Sumqayıt Mediasiya Təşkilatına müraciət edilmiş və aralarında xx.xx.2023-cü il tarixli, MSS/MT030/2023-01434 saylı Barışıq Sazişi bağlanmışdır. Lakin, saziş bağlandığı vaxtdan 6 ay müddət keçməsinə baxmayaraq, bu günədək heç bir ödəniş edilməmiş və öhdəliyin icrasına başlanılmamışdır. Tərəflər öhdəliyin icrası ilə bağlı heç bir addım atmırlar.
4. Bərdə Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli 2(021)-1181/2024 nömrəli qətnaməsi ilə (hakim Qamət Əbilov) ərizə qismən təmin edilərək, X1, Ərizəçi2 Musa oğlu, Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış 14 iyul 2023-cü il tarixli, MŞS\MT030\2023-01434 saylı Barışıq Sazişinin aşağıdakı qaydada təsdiq edilməsi: 1. Hər iki tərəf, Ərizəçi1 və Ərizəçi2 tərəfindən qarşılıqlı şifahi razılaşma əsasında təqdim edilən divar kağızlarının Maraqlı şəxs1 tərəfindən satışını təşkil etdiyini və bu divar kağızlarının satışı ilə əlaqədar olaraq əsas və qazanc məbləği daxil olmaqla ümumilikdə 86400(səksən altı min dörd yüz) manat məbləğində pul vəsaitini geri qaytarmamaqla maddi ziyan vurduğunu təsdiq edilsin. 2. Maraqlı şəxs1 divar kağızlarının satışı ilə əlaqədar olaraq əsas və qazanc məbləği daxil olmaqla ümumilikdə mənimsədiyi 86400 (səksən altı min dörd yüz) manat məbləğində pul vəsaitini 2023-cü ilin sentyabr ayından etibarən 36 (otuz altı) ay müddətində hissə-hissə olmaqla Ərizəçi1 va Ərizəçi2 məxsus kart hesabına ödəyəcəyinə dair öhdəlik götürməsi nəzərə alınsın. 3. Maraqlı şəxs2 və Maraqlı şəxs3, Maraqlı şəxs1 86400 (səksən altı min dörd yüz) manat məbləğində pul vəsaitini, Ərizəçi1 və Ərizəçi2 qaytarmasına maddi köməklik göstərəcəkləri və bu öhdəliyin yerinə yetirilməsi üçün Maraqlı şəxs1 ilə eyni dərəcədə maddi məsuliyyət daşıdıqları barədə öhdəlik götürmüşlər – hissəsində ərizənin təmin olunmaması; İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun ərizəçilərə aid edilməsi qət edilmişdir.
5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 448.2, 1096.1 və 1097.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 355-23.1, 355-23.2, 355-24, 355-25.1 və 355-25.3-cü maddələrinə, həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
6. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ərizənin təmin olunmaması hissədə ləğv olunmasını və həmin hissədə ərizənin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
7. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi ərizənin təmin olunmaması hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Həmin hissədə iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mediasiya prosesində onların nümayəndəsi kimi vəkil Nümayəndə iştirak etmişdir. Maraqlı şəxslər, yəni borclular 300 km məsafəni sərbəst şəkildə evlərində məsləhətləşərək Sumqayıt 1 saylı Medaisiya Təşkilatına gəlmiş, oradan da nümayəndələrinə zəng etmişlər. Tərəflər mediatora könüllü şəkildə müraciət etmişlər. Mediasiya prosesində onların hüquq və vəzifələri onlara izah edilmiş, barşıq sazişi ucadan oxunduqdan sonra imzaları ilə təsdiq edilmiş, bir nüsxəsi hər birinə ayrı-ayrılıqda təqdim edilmiş, məsuliyyətləri izah edilmişdir. Məhkəmə qətnaməsində göstərilir ki, maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 işin mahiyyəti məhkəmə prosesində məlum olub. Məhkəmə araşdırmır ki, maraqlı şəxslər 300 km yol qət edib niyə Mediasiya təşkilatına müraciət etmişlər. Maraqlı şəxs1 ilə qohumluq və tanışlıq münasibətləri olduğu üçün onun barəsində inzibati orqanlara şikayət etməmişlər ki, o, cinayət məsuliyyətinə cəlb edilməsin. Öz aralarında razılaşmışlar ki, borc məbləği könüllü şəkildə ən azı 2 nəfərin zaminliyi ilə qaytarılsın. Maraqlı şəxsləri kimsə nə məcbur edib, nə xahiş edib, nə də təklif edib. Ailələrində məsləhətləşib, razılaşıb gəliblər, qanuni əsaslarla da aramızda müqavilə bağlanılıb. Barışıq sazişinin tələbinə görə sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir. Həmçinin tərəflər sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, sazişin könüllü icrasında boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar. Sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Musa oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Maraqlı şəxs1 razılıqları əsasında onlara məxsus divar kağızlarının satışını həyata keçirtmiş, lakin maya dəyəri və qazancı ilə birlikdə 86400 manat məbləğində pul vəsaitini onlara təqdim etməmişdir. Bununla bağlı Maraqlı şəxs1 müraciətlərindən sonra o, onlara olan borcunu etiraf etmiş və daha sonra öz qardaşları Maraqlı şəxs2 və Maraqlı şəxs3 ilə birlikdə öhdəlik götürərək borcu onlara qaytarmağa söz vermişdir. Bununla bağlı Sumqayıt Mediasiya Təşkilatına müraciət edilmiş və aralarında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən Maraqlı şəxs2 və Maraqlı şəxs3 pulun qaytarılmasında Maraqlı şəxs1 köməklik göstərəcəkləri və bərabər maddi məsuliyyət daşıyacaqları barədə öhdəlik götürmüşlər. Lakin hazırkı tarixədək barışıq sazişi üzrə hər hansı ödəniş həyata keçirilməmişdir. Maraqlı şəxs1 ilə Ərizəçi1 arasında qohumluq münasibətləri olduğu üçün inzibati orqanlara şikayət etməmişlər ki, cinayət məsuliyyətinə cəlb edilməsin. Razılaşmışlar ki, borclu olduğu məbləği könüllü şəkildə ən azı iki nəfərin zaminliyi ilə öhdəsinə götürsün. Onlara bunu kimsə nə məcbur edib, nə xahiş edib, nə də təklif edib. Ailələrində məsləhətləşib, razılaşıb gəliblər, qanuni əsaslarla da saziş bağlanılıb. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, barışıq sazişinin şərtlərinə əsasən iş üzrə maraqlı şəxslər 2023-cü ilin sentyabr ayından etibarən 36 (otuz altı) ay müddətində hissə-hissə olmaqla Ərizəçi1 va Ərizəçi2 məxsus kart hesabına pul ödəyəcəklərinə dair öhdəlik götürmüş olsalar da, lakin hər hansı ödəniş edilməmişdir. Ərizəçilərə maddi ziyan Maraqlı şəxs1 tərəfindən vurulmuş olsa da, digər maraqlı şəxslər onun qardaşlarıdır və onların həmin məsələdən xəbəri olmuşdur. Bu səbəbdən də barışıq sazişində Maraqlı şəxs2 və Maraqlı şəxs3 pulun qaytarılmasında Maraqlı şəxs1 köməklik göstərəcəkləri və ərizəçilər qarşısında bərabər maddi məsuliyyət daşıyacaqları barədə öhdəlik götürmələri qanunvericiliyin tələblərinə uyğundur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ərizənin təmin olunmaması hissədə ləğv olunmasını və həmin hissədə ərizənin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi1 apellyasiya şikayətini müdafiə edərək səlahiyyətli nümayəndəsi və vəkili olan Nümayəndə izahatına əlavəsi olmadığını bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq Ərizəçi1 bildirmişdir ki, Maraqlı şəxs1 baldızının oğludur. Qohumluq münasibətlərinə görə onun barəsində hüquqmühafizə orqanlarına müraciət etməmişdir. Ərizəçi1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ərizənin təmin olunmaması hissədə ləğv olunmasını və həmin hissədə ərizənin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi2 Musa oğlu apellyasiya şikayətini müdafiə edərək səlahiyyətli nümayəndəsi və vəkili olan Nümayəndə verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Ərizəçi2 Musa oğlu sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ərizənin təmin olunmaması hissədə ləğv olunmasını və həmin hissədə ərizənin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, ərizəçilərə məxsus olan divar kağızlarının satışının həyata keçirildiyi mağazada satıcı işləmişdir. Əvvəllər heç bir problem olmasa da, bir müddətdən sonra bəzi problemləri yarandığı üçün satışdan əldə edilən pul məbləğini ərizəçilərə verə bilməmişdir. Etiraf edir ki, ərizəçilərə 86400 manat pul qaytarmalıdır. Lakin iş üzrə ərizəçilərin vəkili olan Nümayəndə onun qardaşlarına hədəqorxu gələrək barışıq sazişini imzalatdırmışdır. Bildirir ki, ərizəçilərə vurduğu ziyanı ödəməlidir, qardaşlarının bununla bağlı hər hansı öhdəliyi yoxdur. Barışıq sazişi bağlamaq üçün mediasiya təşkilatına gedərkən qardaşlarını özü ilə ona görə aparmışdır ki, onlar barışıq sazişinin bağlanmasına şahid olsunlar. Sədrlik edənin sualına cavab olaraq Maraqlı şəxs1 bildirmişdir ki, vəkil Nümayəndə ona hədə-qorxu gələrək barışıq sazişini bağlayarkən qardaşları gəlməzsə, onun üçün problem yaranacağını bildirmişdir. Maraqlı şəxs1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, ərizəçilərin vəkili olan Nümayəndə ona hədə-qorxu gələrək barışıq sazişini imzalamağa və qardaşının vurduğu ziyanın ödənilməsi üçün öhdəlik daşıdığını bəyan etməyə məcbur etmişdir. Lakin, mübahisəli məsələ ərizəçilər ilə qardaşı Maraqlı şəxs1 arasında yaranmışdır, qardaşı Maraqlı şəxs1 da öz növbəsində ərizəçilərə borcunun olduğunu danmır, əksinə bunu etiraf edir. Maraqlı şəxs2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Maraqlı şəxs3 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu
15. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
16. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
18. Maddə 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.
19. Maddə 471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
25. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
26. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
31. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, ərizə qismən təmin olunmuş və maraqlı şəxslər birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişlər. Yalnız ərizəçilər birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməni ərizənin təmin olunmamış hissəsində mübahisələndirmişlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni ərizənin təmin olunmaması hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 razılıqları əsasında Maraqlı şəxs1 divar kağızlarının satışını həyata keçirtmişdir. Tərəflər arasında borcla bağlı mübahisə yarandığından ərizəçilər mediasiya təşkilatına müraciət etmişlər və onlar 14 iyul 2023-cü il tarixdə mediasiya prosesində olmuşlar. Həmçinin, Maraqlı şəxs1 qardaşları Maraqlı şəxs2 və Maraqlı şəxs3 da mediasiya prosesində iştirak etmişlər. Mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişində 3 ədəd məsələ ilə bağlı razılaşma olmuşdur. Maraqlı şəxslər barışıq sazişinin icrasını yerinə yetirmədiyinə görə ərizəçilər hazırkı ərizə ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də ərizəni qismən təmin etmişdir. Bu qətnamənin 31-ci bəndində qeyd olunduğu kimi birinci instansiya məhkəməsinin qətnaməsi ərizənin təmin edilməməsi, yəni barışıq sazişinin 3-cü şərti olan “Maraqlı şəxs2 və Maraqlı şəxs3, Maraqlı şəxs1 86400 (səksən altı min dörd yüz) manat məbləğində pul vəsaitini, Ərizəçi1 və Ərizəçi2 qaytarmasına maddi köməklik göstərəcəkləri və bu öhdəliyin yerinə yetirilməsi üçün Maraqlı şəxs1 ilə eyni dərəcədə maddi məsuliyyət daşıdıqları barədə öhdəlik götürmüşlər” təsdiq edilməməsi hissədə yoxlanılır.
34. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
35. Tərəflər 14 iyul 2023-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesində olmuşlar. Mediasiya prosesi zamanı tərəflər arasında barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinin 3-cü bəndində göstərilmişdir ki, Maraqlı şəxs2 və Maraqlı şəxs3, Maraqlı şəxs1 86400 manat pul vəsaitini Ərizəçi1 və Ərizəçi2 qaytarmasına maddi köməklik göstərəcəkləri və bu öhdəliyin yerinə yetirilməsi üçün Maraqlı şəxs1 ilə eyni dərəcədə maddi məsuliyyət daşıdıqları barədə öhdəlik götürürlər.
36. Ərizəçilər hazırda barışıq sazişinin həmin bəndinin təsdiqlənməsini tələb edir və əsas olaraq göstərir ki, həm onlar, həm də maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 məsələnin həllinə razılıqlarını bildirərək sərbəst iradə ifadə etmişlər.
37. Qeyd edilməlidir ki, mülki prosessual qanunvericilikdə mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi qanunvericiliklə müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçinin barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə müraciət etmək hüququ nəzərdə tutulmuşdur. Bununla yanaşı qanunvericilik barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edilməli olan halların dairəsini də müəyyən etmişdir.
38. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
39. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişinin təsdiq olunubolunmaması məsələsi həll olunarkən ilk növbədə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsinin qanunvericiliyin tələblərinə uyğunluğu araşdırılmalıdır.
40. Tərəflər arasında bağlanmış barışıq sazişinin 3-cü bəndi, yəni maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3, digər Maraqlı şəxs1 borclu olduğu 86400 manat pul vəsaitini Ərizəçi1 və Ərizəçi2 qaytarmasına maddi köməklik göstərəcəkləri və bu öhdəliyin yerinə yetirilməsi üçün Maraqlı şəxs1 ilə eyni dərəcədə maddi məsuliyyət daşıdıqları barədə öhdəliyi üzərinə götürməsi öz-özlüyündə mülki qanunvericiliyin öhdəliklərin icrasının təmin edilməsi üsulu olan zaminlik hüququnun (MM maddə 470) ünsürlərini əhatə edir. Ona görə də, barışıq sazişinin 3-cü bəndinin mülki qanunvericiliyin zaminlik barədə müddəalarına uyğun olub-olmaması aspektində hüquqi dəyərləndirmə aparılmalıdır.
41. Mülki dövriyyənin müdafiəsi məqsədilə qanunverici tərəfindən dispozitiv xarakter daşıyan MM-in 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Sadalanan eyni hüquqi təyinatlı üsullar əsas müqavilələrdən irəli gəlir, mahiyyət və tətbiqi qaydalarına görə isə fərqlənirlər.
42. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik Mülki Məcəllənin 470-477-ci maddələri ilə tənzimlənir.
43. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
44. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir.
45. Zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birtərəfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfindən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır. Zaminlik - əvəzsiz müqavilədir və zaminin əsas borclunun öhdəliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməsi müqabilində kreditor zamin qarşısında heç bir öhdəlik daşımır.
46. Xüsusən diqqət yetirilməli haldır ki, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur (MM-in 471-ci maddəsi).
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu da “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 4 sentyabr 2012-ci il tarixli Qərarında zaminlik müqaviləsinin yazılı formada bağlanması tələbinin hüquqi tənzimetmə baxımından əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, qanunvericilikdə zaminlik müqaviləsinin yazılı formada bağlanması tələbinin nəzərdə tutulması ilə birtərəfli qaydada öhdəlik yaradan zaminlik müqaviləsinin zamin tərəfindən dərk edilmədən bağlanmasının qarşısı alınır və bununla da ilk növbədə zaminin maraqları qorunur.
48. Məhkəmə kollegiyası da işə bu kontekstdə yanaşaraq qeyd edir ki, maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 digər Maraqlı şəxs1 borclu olduğu 86400 manat pul vəsaitini ərizəçilər Ərizəçi1 və Ərizəçi2 qaytarmasına görə öz üzərlərinə məsuliyyət götürmələri barədə yazılı formada zaminlik müqaviləsi bağlamamışlar.
49. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməsi mülki qanunvericiliyin tələblərinə uyğun deyildir və birinci instansiya məhkəməsi haqlı olaraq həmin hissədə ərizəni təmin etməmişdir.
50. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğvi üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli 2(021)-1181/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni ərizənin təmin olunmaması hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.