Məhkəmə qərarları › İş №2(104)-1491/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1491/2025

08.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1491/2025 08.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-479/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsində görünür ki, Cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə borca 20.000 manat pul götürmüşdür.

2. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2025-ci il tarixli yazılı ərizədən məlum olur ki, o, İddiaçı xx.xx.2024-cü ildə notarial qayda müqavilə bağlayaraq 20.000 manat məbləğində kredit götürdüyünü, eləcə də həmin kredit müqaviləsi bağlamamışdan iki ay əvvəl İddiaçı bankdan 30.000 manat kredit götürüb ondan 15.000 manatını borc olaraq ona verdiyini və həmin məbləğləri ödəməyə razı olduğunu, ona başqa hər hansı bir borcunun olmadığını qeyd etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borca görə 81000 manat, ödənilmiş dövlət rüsumuna görə 333.50 manat pulun alınıb ona verilməsi barədə alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə ailəvi dost olmuşlar. Sonuncu ondan bir neçə dəfə borca pul istəmiş və aralarında inam etibar olduğu üçün kömək məqsədi ilə xx.xx.2024-cü ildə bankdan 30.000 manat kredit götürüb cavabdehə vermişdir. Razılaşmaya əsasən kreditin və faizlərin ödənişini, yəni banka əsas kredit və hesablanmış faizlərə görə ümulikdə qaytarılmalı olan 44.000 manat pulun ödənişini cavabdeh həyata keçirtməli idi. Lakin cavabdeh vədinə əməl etməmişdir. Bundan başqa iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə əlavə 20.000 manat borc vermiş və bu barədə onların arasında həmin tarixdə notarial qaydada müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh həmin məbləği xx.xx.2024-cü tarixinədək qaytarmalı idi. Lakin cavabdeh həmin borcunu qaytarmamışdır. Bundan başqa cavabdeh iddiaçıdan 3-cü dəfə borca pul istəyərək 7000 manat dəyərində qızıllarını götürüb girov qoyaraq pul götürəcəyini, sonra həmin qızıllarını qaytaracağını bildirərək qızılları almış, lakin sonra nə qızılları, nə də ki, onun dəyəri olan 7.000 manat pulu qaytarmamışdır. Bundan əlavə cavabdeh iddiaçıdan 5000+5000=10.000 manat borca pul götürmüş lakin həmin borcunu da qaytarmamışdır. Beləliklə, cavabdehin iddiaçıya 81.000 manat məbləğində borcu vardır, iddiaçı həmin borcun qaytarılmasını tələb etsə də, cavabdeh borclarını qaytarmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-479/2025 nömrəli qətnaməsi ilə (hakim T.Qubadov) iddia qismən təmin edilərək, Cavabdeh borca görə 35000 manat pul tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmə xərcinə görə ödənilmiş 333,50 (dövlət rüsumuna görə 333 manat, bank xidmət haqqına görə 0,50 manat) pulun 144 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, məhkəmə xərcinin qalan hissədə iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1 və 739.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2, 191.3 və 76.1 və 106.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh götürdüyü pulun xüsusən də 20000 və 30000 manatın ona aid olduğunu, ona görə götürüldüyünü bildirmişdir. 50000 manat məbləğində pulu rəsmən etiraf edir, ancaq həmin məbləğin guya 5000 manatını ona verdiyini bildirərək geri qalan məbləği götürdüyünü qeyd edir. Digər məsələ zinət əşyalarına olan münasibətdə isə həmin zinət əşyasının götürüldüyünü qeyd etsə də, guya bu əşyaları pul götürmək üçün aldığını bildirərək, nəticədə zinət əşyasının guya ona qaytardığını bildirir. Məhkəmə qismən etiraf olsa belə, tələbin o hissəsini təmin etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, iddiaçı ondan əvvəlcə 10000 manat borc pul almış, lakin həmin borcun verilməsinə dair heç bir sənəd yoxdur. Bundan sonra cavabdehlə aralarında inam və etibar olduğu üçün o, kömək məqsədi ilə xx.xx.2024-cü ildə bankdan 30.000 manat kredit götürüb cavabdehə vermişdir. Razılaşmaya əsasən kreditin və faizlərin ödənişini, yəni banka əsas kredit və hesablanmış faizlərə görə ümumilikdə qaytarılmalı olan 44.000 manat pulun ödənişini cavabdeh həyata keçirməli idi. Daha sonra isə cavabdeh üçüncü dəfə onun qızından 20000 manat məbləğində borc pul almış, lakin qızının ayağı sındığı üçün notariat kontorunda müqavilə onunla bağlanmışdır. Qızıl-zinət əşyalarına gəldikdə isə həmin qızıl-zinət əşyalarını o, cavabdehlə birlikdə lombarda qoyub əvəzində pul götürüb cavabdehə vermişdir. Yəni 20000 manat ilə qızıl əşyaların bir-birinə aidiyyəti yoxdur.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPMin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

16. Məhkəmə kollegiyası MPM-in 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli notarial qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə borca 20.000 manat pul götürmüşdür.

17. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək cavabdehə ümumilikdə 81000 manat borc pul verdiyini, lakin sonuncunun borcu qaytarmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən əsaslı hesab edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iddiada sübut etmə yükü iddiaçı tərəfin üzərinə düşür. Lakin, iddiaçı cavabdehə qarşı 81.000 manat məbləğində pul tələbinə dair iddia irəli sürsə də, borc məbləğinin məhz həmin məbləğdə olmasını məhkəmə iclasında sübuta yetirə bilməmişdir. İddiaçı yalnız 20.000 manata dair hissədə məhkəməyə mötəbər sübut, yəni notarial qaydada bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsini təqdim etmişdir. İddia olunan qalan məbləğə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı borc münasibətinə girərkən cavabdehlə yazılı müqavilə bağlamadan, hüquq və vəzifələrini dəqiq müəyyənləşdirmədən şifahi razılaşmaya əsasən hərəkət edərkən öz riski ilə hərəkət etmişdir. Ona görə də, o, iddia olunan qalan borc məbləği ilə bağlı öz riski ilə də məsuliyyət daşımalıdır. İddiaçının nümayəndəsinin iddianın qalan məbləğinin müdafiəsinə dair məhkəmə iclasında verdiyi izahatı cavabdehin məhkəmə iclasında verdiyi izahatla birmənalı şəkildə təkzib edilmiş və hər hansı bir digər sübutla möhkəmləndirilməmişdir. Bununla belə cavabdeh məhkəmə iclasında xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü 20.000 manat borcdan əlavə iddia olunan 81.000 manat borc məbləğindən 15.000 manat hissəsini də yazılı ərizə verməklə etiraf etmişdir.

18. Məhkəmə kollegiyası iş üzrə gəlinən nəticə ilə razılaşır və qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının müəyyən edilməsindən və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

19. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının tələblərinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin borc müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, “borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

20. Bununla yanaşı nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

21. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında yaranmış hüquq münasibəti müqavilədən irəli gələn, həm də üç min manatdan çox olan borc münasibəti olsa da, tərəflər arasında 20.000 manat borca dair xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən başqa yerdə qalan iddia olunan borc məbləğləri ilə bağlı yazılı müqavilə mövcud deyildir. İddiaçı borcun qalan hissəsinə dair məhkəməyə hər hansı bir müqavilə təqdim etməmişdir.

22. Birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, iddiaçıdan xx.xx.2024-cü il tarixli kredit müqaviləsi əsasında 20.000 manat borc pul almışdır. Bundan əlavə həmin müqavilə bağlanmazdan əvvəl təxminən iki ay əvvəl iddiaçı bankdan 30.000 manat kredit götürüb 15.000 manatını borc olaraq ona vermişdir. Qalan 15000 manatdan isə iddiaçı banka olan kredit borcunu ödəmiş, iddiaçıya bankdan pul götürdüyü üçün 5000 manat hədiyyə vermişdir. Həmin 20.000+15.000=35.000 manat borcu iddiaçıya ödəməyə razıdır. İddia tələbində göstərilən qızıl-zinət əşyalarını isə iddiaçı lombarda qoymuş, onun müqabilində xx.xx.2024-cü il tarixli kredit müqaviləsi əsasında 20.000 manat borc pul götürmüşlər. Onun iddiaçıya başqa hər hansı bir borcu, nə də ki, iddiaçının dediyi kreditinin ona heç bir aidiyyəti yoxdur.

23. Bu kontekstdə kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır, çünki hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbinin digər hissələri ilə bağlı cavabdehə borc pul vermiş olduğuna dair ümumiyyətlə heç bir sübut təqdim etməmişdir. Cavabdeh tərəf də öz növbəsində iddiaçının qeyd olunan məbləğdə borc pul vermədiyini, yalnız 35000 manat borc pul aldığını bildirmişdir.

24. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfin təqdim etdiyi səs yazıları dinlənilmişdir. Təqdim edilən səs yazılarında aralarında sələm münasibətlərinin olması təsdiq edilsə də, cavabdehin qalıq borcunun 81000 manat olmasını etiraf etməsi təsdiq olunmamışdır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq,

Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-479/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar