Məhkəmə qərarları › İş №2(104)-1543/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1543/2025

21.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1543/2025 21.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: mülkiyyət hüququ; mülkiyyətə müdaxilə Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Cavabdeh1 (həmçinin digər Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi) iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 13 may 2025-ci il tarixli 2(125)- 959/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 21 oktyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 28 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X2 şəhəri Gülüstan qəsəbəsi ev 2 35 nömrəli mənzili bacısı İddiaçı bağışlamış və mənzil tam mülkiyyət hüququ üzrə hədiyyə alan İddiaçı mülkiyyətinə verilmişdir;

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1-də yerləşən 35 saylı mənzil İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində 227 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır; 3 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 16 yanvar 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Kirovabad şəhər X8 İcraiyyə Komitəsinin 11 saylı protokolu əsasında verilmiş xx.xx.1982ci il tarixli 335 saylı orderi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Gəncə filialının 21 10.2021-ci il tarixli 1159 (766)/4 saylı arayışı, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyatı haqqında 18 oktyabr 2021-ci il tarixli ******* nömrəli arayışına (qeydiyyatda olanlar: X6) əsasən ünvan 1 ünvanında yerləşən 35 saylı mənzil (ümumi sahəsi 73.9 kv.m, yaşayış sahəsi 45.5 kv.m, 4 yaşayış otağı) X3 adına qeydiyyata alınmışdır və onun adına xx.xx.2021-ci il tarixli **********093030 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2021-ci il tarixli, 4Ə-3353 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu mənzil X6 tərəfindən İddiaçı bağışlanmışdır və sonuncunun adına 24.01,2022-ci il tarixli **********09-05101- 093030 reyestr nömrəli (********** qeydiyyat nömrəli) çıxarış verilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus ünvan 1 mənzil 35dən çıxarılması və onun həmin mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 mənzil 35 ona məxsusdur. Həmin mənzilə Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakı Dövlət Reyestrindən xüsusi mülkiyyətə dair çıxarış almışdır. Hazırda xüsusi mülkiyyətində olan mənzildə cavabdehlərin təqibi üzündən yaşaya bilmir. Belə ki, Cavabdeh1 ilə X1nun rəsmi nikahı Bərdə Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. X1 faktiki olaraq Samux şəhərində yaşayır. Cavabdehlərin qeydiyyat ünvanı Bərdə rayonu Lək kəndindədir. Cavabdehlər onun faktiki xüsusi mülkiyyətində olan evə buraxmır. Cavabdehlərə ünvan 1 mənzil 35-dən dəfələrlə çıxmasını tələb etsə də, əməl etmirlər. Əksinə ona qarşı psixoloji təsir göstərərək dava-dalaş salırlar. Hətta özlərinə xəsarət yetirərək polisə şikayət edirlər. O, iddiaçı kimi xüsusi mülkiyyətində olan evə daxil ola bilmir. Bununla da onun mülkiyyət hüquqları pozulur. O, xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə yaşayış evindən çıxarılma, yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi vermişdir. Lakin, Cavabdeh1 keçmiş həyat yoldaşı X4 qarşı birgə nikah dövründə alınmış əmlakın bölgüsü ilə əlaqədar məhkəmədə iddia qaldırmışdır. Həmin iddia ərizəsinə görə, əsassız olaraq onun iddia tələbinə mahiyyəti üzrə baxılmamışdır. İkinci dəfə o, yenidən xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsində həmin tələblə iddia qaldırmışdır. Hesab edir ki, cavabdehlər əsassız olaraq onun iddia tələbinə mahiyyəti üzrə baxılmasına maneçilik törədirlər. Cavabdehlərin məqsədi həmin evdən çıxarmamaq üçün qəsdən məhkəmənin müddətinin uzadılmasına çalışırlar. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (125)- 4710/2024 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanmışdır. O, yenidən həmin iddia tələbi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən cavabdehlərin ona məxsus mənzildən məhkəmə qaydasında çıxarılmasına zərurət yaranmışdır. Həmçinin cavabdehlər ona məxsus mənzildə ona ailəsi ilə birlikdə yaşamasına imkan vermirlər. Evə yaxın gedən kimi cavabdehlər dava salırlar və onu öz evinə buraxmırlar. Onun həmin mənzilə məhkəmə qaydasında köçürülməsinə zərurət yaranmışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir

6. Gəncə Şəhər Məhkəməsinin 13 may 2025-ci il tarixli 2(125)-959/2025 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) İddiaçı iddia tələbinin qismən təmin edilməsi; İddiaçı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 2 saylı evin, 35 saylı mənzilinə köçürülməsi; Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1-də yerləşən 35 saylı mənzildən çıxarılmalarına dair iddia tələbinin qalan hissəsinin əsassız olduğundan rədd edilməsi; İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manatının cavabdehlərə aid edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50 (əlli) manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarına, 1982-ci il redaksiyalı Mənzil Məcəlləsinin 53.3, 54.1, 54.3 və 123-cü maddələrinə, Mülki Məcəllənin 152.1 və 152.4-cü maddələrinə, həmçinin Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 78.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə qətnaməsi qəbul edilərkən hüquqları pozulmuş, tələbinə düzgün hüquqi qiymət verilməmişdir. Həmin yəni Gəncə şəhər Gülüstan qəsəbəsi 2 saylı evin 35 saylı mənzili əri ilə birgə nikahda olduqları dövrdə əldə etdikləri nəzərə alınmamış, ev onlar arasında barabər paylarla bölünməmişdir. Əfsuslar olsun ki, məhkəmə bu məqamı diqqətdən qaçırmışdır. Məhkəmə qətnaməsində X5 iddiasını qismən təmin etmiş, Gəncə şəhəri Gülüstan qəsəbəsi 2 saylı evin 35 saylı mənzilinə köçürülməsini qət etmiş, iddianı onun və qızı Lalənin həmin mənzildən çıxarılmağına dair hissədə rədd etmişdir. Hesab edir ki, o razı olmadığı halda iddiaçının evə köçürülməsi qanunsuzdur. Hazırda qətnamə üzrə iddianın təmin edilmiş hissəsindən narazıdır. Belə ki, 33 il yaşadığı və təmir, bərpa etdiyim mənzili İddiaçı ilə birlikdə paylaşaraq yaşaya bilməz. Onun həmin evə köçməsinə narazıdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 (həmçinin digər Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi) apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı ona xəsarət yetirmiş, bununla bağlı polis şöbəsinə müraciət etmiş, lakin məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. 6000 manat kompensasiya məbləği verməklə ona evdən çıxmasını təklif edirlər. Axı həmin məbləğlə necə özünə yaşayış sahəsi seçə bilər. İddiaçının mənzilə köçürülməsini istəmir. Ona görə də qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

13. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır

15. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

20. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

25. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin şikayətin məzmunundan müəyyən edilir ki, qətnamə iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Belə olan təqdirdə qətnamənin qanuniliyi və əsaslılığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən 35 saylı mənzil (ümumi sahəsi 73.9 kv.m, yaşayış sahəsi 45.5 kv.m, 4 yaşayış otağı) X3 adına qeydiyyata alınmışdır və onun adına xx.xx.2021-ci il tarixli **********093030 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2021-ci il tarixli 4Ə-3353 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu mənzil X6 tərəfindən İddiaçı bağışlanmışdır və sonuncunun adına 24.01,2022-ci il tarixli **********09-05101- 093030 reyestr nömrəli (********** qeydiyyat nömrəli) çıxarış verilmişdir. Hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildə yaşayırlar və mənzilin mülkiyyətçisi olan İddiaçı həmin mənzilə köçməsinə mane olurlar. Ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

28. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı təmin etmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı hazırda mübahisəli mənzilin mülkiyyətçisi olduğundan onun həmin mənzilə dair qanunla qorunan sahiblik, istifadə və sərəncam hüquqları vardır. Cavabdehlər iddiaçının mübahisəli mənzilə köçüb yaşamasına imkan verməməklə onun hüquqlarını pozurlar.

29. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

30. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilən şəxsin mənzil və digər bu kimi yerlər üzərində hər hansı hüququ olmasın.

31. Baxılan işdə isə iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmaqla, onun həmin əmlaka qanunla müəyyən edilmiş və dövət tərəfindən qorunan sahiblik, istifadə və sərəcnam hüquqları vardır; O isə bu hüquqların ona tanıdığı imkandan istifadə edərək həmin evə köçürülməsini tələb etməkdə haqlıdır. Bir sözlə, cavabdehlər hər hansı qanuni əsas olmadan iddiaçının mülkiyyətində olan evə sahiblik və istifadə hüquqları həyata keçirtməsinə mane olurlar ki, bu da onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır.

32. «Mənzili əri ilə birgə nikahda olduqları dövrdə əldə etdikləri nəzərə alınmamış və onun razılığı olmadan iddiaçı həmin mənzilə köçürülmüşdür» barədə apellyasiya şikayətinin dəlili də kollegiya tərəfindən əsassız sayılmışdır. Ona görə ki, mübahisəli mənzil daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında iddiaçıya hədiyyə edilmiş və mənzil hazırda iddiaçının mülkiyyətindədir. Əmlaka dair iddiaçının adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da hüquqi qüvvəsni saxlayır. Bu halda, əmlakın başqa bir şəxsə, o cümlədən cavabdehlərə məxsusluğundan söhbət gedə bilməz.

33. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı).

34. Əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı («Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» 14 iyun 2022-ci il tarixli qərardad).

35. Şərh edilənlərlə bağlı məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 13 may 2025-ci il tarixli 2(125)-959/2025 nömrəli qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar