Məhkəmə qərarları › İş №2(104)-1560/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1560/2025

25.08.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1560/2025 25.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X4 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7) qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdeh(lər)) qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7) “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)- 2399/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. İddiaçı Gəncə şəhəri, N.Nərimanov prospekti, 3-cü döngədə yerləşən 5 nömrəli evin 25 nömrəli mənzilini X1 alğı-satqı müqaviləsinə əsasən satın almış və alğı-satqı müqaviləsi xx.xx.2017-ci il tarixdə, 4Ə-1373 reyestr nömrəsi ilə Gəncə “ASAN xidmət” mərkəzinin notariat ofisində qeydiyyata alınmışdır.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Gəncə şəhəri, N.Nərimanov prospekti, 3-cü döngədə yerləşən 5 nömrəli evin 25 mənzilinə (Yeni qaydalarla: AZ 2013, Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, 13, M3, m3) iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

3. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2514/2024 nömrəli qətnaməsinə əsasən, İddiaçı ilə üçüncü şəxs X7 arasında olan nikah pozulmuş, xx.xx.2015-ci ildə anadan olmuş X12 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X9 anaları İddiaçı yanında saxlanılması müəyyən edilmiş, X3 həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir.

4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3*21-3-33-4941/2025 nömrəli arayışa əsasən, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 3-cü döngədə yerləşən 5 nömrəli evin 25 nömrəli mənzili Gəncə şəhəri 1 saylı notariat kontorunda 02 sentyabr 1993-cı il tarixli, 2-3-683 reyestr nömrə ilə təsdiq edilmiş mənzilin özəlləşməsinə dair müqaviləyə əsasən X2 adına özəlləşmiş və ona 14 sentyabr 1993-cü il tarixli, 10956 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 1 saylı notariat ofisində bağlanmış 18 aprel 2003-cü il tarixli, 4Ə-1-70 reyestr nömrəli müqaviləyə əsasən X5 10956 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə «ASAN xidmət» mərkəzində notariat ofisində bağlanmış 13 iyun 2017-ci il tarixli, 4Ə-1373 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mənzilə dair iddiaçıya 17 iyun 2017-ci il tarixli, **********98-05101-093041 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 3-cü döngədə yerləşən 5 nömrəli evin 25 nömrəli mənzilə sonuncu dəfə 27 fevral 2024-cü il tarixli, **********52-05101-093002 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı Dövlət reyestrindən çıxarış verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xüsusi mülkiyyətində olan Gəncə şəhəri, N.Nərimanov prospekti, 3-cü döngədə yerləşən 5 nömrəli evin 25 nömrəli mənzildən çıxarılmaları və iddiaçının həmin mənzilə köçürülməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə X8 arasında olan nikah xx.xx.2014-cü il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. İddiaçı ilə E.Cavabdeh1 birgə nikahlarından xx.xx.2015-ci il tarixdə X12 və xx.xx.2018-ci il tarixdə isə X9 adlı iki uşaq anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2514/2024 nömrəli qətnaməsi ilə İddiaçı və E.Cavabdeh1 arasındakı nikah pozulmuş, birgə nikahından doğulmuş uşaqların İddiaçı yanında qalmaları müəyyən edilmişdir. Cavabdeh1 S.Cavabdeh1 sabiq qaynatası, Cavabdeh2 isə sabiq qaynanasıdır. İddiaçı mübahisə predmeti olan Gəncə şəhəri, N.Nərimanov prospekti, 3-cü döngədə yerləşən 5 nömrəli evin 25 nömrəli mənzilini xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Həmin mənzilə İddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və buna dair xx.xx.2024-cü il tarixli, 15245978 qeydiyyat nömrəli çıxarış verilmişdir. Buna baxmayaraq X6 və Cavabdeh2 maneələr yaradaraq, fiziki və psixoloji şiddət tətbiq edərək İddiaçı və onun azyaşlı övladlarını həmin ünvanda yaşamağa imkan vermirlər. İddiaçı azyaşlı uşaqları ilə birlikdə Goranboy rayonu, Nadirkənd kəndində yerləşən öz valideyinlərinə məxsus evə köçmüşdür.

7. Bundan sonra iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin həcmini azaltmış və İddiaçı onun xüsusi mülkiyyətində olan Gəncə şəhəri, N.Nərimanov prospekti, 3-cü döngədə yerləşən 5 nömrəli evin 25 nömrəli mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

9. Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı onun oğlu X8 ilə birgə nikahda olmuş və onlar arasında olan nikah məhkəmə qətnaməsi əsasında pozulmuşdur. İddiaçı onun keçmiş gəlindir. Bununla yanaşı mübahisələndirilən Gəncə şəhəri, N.Nərimanov prospekti, 3-cü döngədə yerləşən 5 nömrəli evin 25 nömrəli mənzil İddiaçı ilə E.Cavabdeh1 birgə nikah dövründə əldə olunmuşdur. Buna görə də həmin mənzil hərracda satılaraq onlar arasında bölünməlidir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

10. Digər Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər.

11. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-2399/2025nömrəli qətnaməsi (hakim C.Quliyev) ilə iddianın təmin edilməsi, İddiaçı Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 3-cü döngədə yerləşən 5 nömrəli evin 25 nömrəli mənzilinə (Yeni qaydalarla: AZ 2013, Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, 13, M3, m3) köçürülməsi qət edilmişdir.

12. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 3-cü döngədə yerləşən 5 nömrəli evin 25 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ 2013, Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, 13, M3, m3) mülkiyyətçisidir. Buna görə də İddiaçı həmin mənzildən istifadə etmək (evdə yaşamaq) və ona sahiblik hüququ vardır. Bu hüquqların həyata keçirilməsinə Cavabdeh1 və Cavabdeh2 maneə yaratdığından, həmin maneə aradan qaldırılmalı və İddiaçı Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 3-cü döngədə yerləşən 5 nömrəli evin 25 nömrəli mənzilinə (Yeni qaydalarla: AZ 2013, Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, 13, M3, m3) köçürülməlidir.

13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə və 43-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.

14. Cavabdeh1 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-2399/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qətnaməsinə diqqət yetridikdə görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş arqumnetlər əsasən onların üzərilərinə öhdəlik qoyulub ki, mənzilə köçürülməsinə maneçilik yaratmasınlar. Bununla bağlı qeyd edirlər ki, həmin mənzilin alınmasında iddiaçının heç bir rolu olmamışdır. Həmin mənizilin alınmasında onun və həyat yoldaşının rolu olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçı, cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

18. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

20. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

21. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

24. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

25. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

28. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

38. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, Cavabdeh1 qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını Cavabdeh1 münasibətdə tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

43. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-2399/2025 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

45. Beləliklə, işin halları ondan ibarətdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 3-cü döngədə yerləşən 5 nömrəli evin 25 nömrəli mənzili (Yeni qaydalarla: AZ 2013, Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, 13, M3, m3) iddiaçının mülkiyyətindədir. Hazırki halda cavabdehlər iddiaçının həmin mənzildən istifadə hüququna və iddiaçının həmin evdə yaşayış hüququnun həyata keçirilməsinə maneə törədirlər.

46. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi, mülkiyyətdən istifadə ilə bağlıdır və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır.

47. Qeyd edilməlidir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).

48. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

49. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

50. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı).

51. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.

52. Məhkəmə mənzilin hüquqi rejimi ilə bağlı qeyd edir ki, iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İddiaçının mülkiyyət hüquqları qorunmalı və cavabdehlər tərəfindən yaradılmış maneələr aradan qaldırılaraq onun mülkiyyətində olan Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 3-cü döngədə yerləşən 5 nömrəli evin 25 nömrəli mənzilə (Yeni qaydalarla: AZ 2013, Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, 13, M3, m3) köçürülməlidir. Çünki iddiaçı hər bir halda mülkiyyətində olan əmlakından maneəsiz istifadə etməlidir.

53. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir.

54. Məhkəmə iş materiallarını göstərilən nomralar əsasında araşdıraraq hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar olmuş və birinci instansiya məhkəməsi iddianı təmin etməklə iddiaçının əmlak üzərində pozulmuş mülkiyyət hüquqlarını haqlı olaraq bərpa etmişdir.

55. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, qeyd edilən əmlak onun oğlu ilə iddiaçının nikahları dövründə əldə edilmiş əmlak olsa da əmlak onun və arvadının vəsaiti hesabına alınmışdır.

56. Qeyd edilməlidir ki, mənzilin ailə münasibətlərində olan şəxslərin birgə nikahları dövründə alınması həmin əmlaka dair ər və arvadın birgə mülkiyyətlərini ehtiva edir. Lakin nikah dövründə əldə edilmiş əmlak üzərində digər qohiumların hüquqlarının olması anlamına gəlmir.

57. Hazırki vəziyyətdə hüquqların dövlət qeydiyyatının həqiqiliyi prezumpsiyası qüvvədədir ki, əksi sübut olunana qədər mənzil iddiaçının mülkiyyətindədir və o, öz əmlakındandan istifadə etmək hüququna malikdir.

58. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

59. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

60. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

61. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilə bilər.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-2399/2025 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar