Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1570/2023 16.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, Cavabdeh, etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, «əmlak» tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(062)-206/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. İİ-AZ 019770 seriya və nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə İddiaçı 21 avqust 2002-ci il tarixdə nikaha daxil olmuşlar.
2. İİ-AZ 066985 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 17 mart 2020-ci il tarixdə ölmüşdür.
3. Apellyasiya icraatı zamanı təqdim edilən aktdan görünür ki, X1 (AA 0090446), X5 (AZE ********), X2 (AZE ********), X3 (AZE ********) imzaları ilə təsdiq edərək İddiaçı gəlin köçərkən yüksək səviyyədə, qiymətli cehiz əşyaları gətirməsini təsdiq etmişlər.
4. Apellyasiya icraatı zamanı təqdim edilən fotoşəkillərdən iddia predmetlərinin olan cehiz əşyalarının, qızıl-zinyət əşyalarının mövcudluğu ilə bağlı hər hansı dəlil müəyyən etmək mümkün olmamışdır.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Cavabdeh qarşı «əşyalarının və ya dəyərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus dəyəri 2500 manat olan stol və stullar, dəyəri 2700 manat olan divan dəsti, dəyəri 2350 manat olan şkaf və sfoner dəsti, dəyəri 2280 manat olan qoşa çarpayı, dəyəri 840 manat olan pərdə, dəyəri 3600 manat olan iki ədəd iri ölçülü “Belgiya” xalçası, cəmi dəyəri 1780 manat olan üç ədəd müxtəlifölçülü xalça, dəyəri 1350 manat olan serviz dastləri, dəyəri 1000 manat olan qabqacaq dəstiləri, dəyəri 1500 manat olan sırğa və üçük dəsti,dəyəri 850 manat olan tək qədimi üzük, dəyəri 2975 manat olan 35 qramlıq biləzik, cəmi dəyəri 430 manat olan qoşa çarpayı üçün dəst, dəyəri 180 manat olan 6 ədəd yorğan, dəyəri 400 manat olan 5 ədəd döşək, dəyəri 180 manat olan 6 ədəd yastıq, cəmi dəyəri 24,915 manat olan əşyaların özləri, özləri olmadıqda dəyərinin pulla və ödənilmiş dövlət rüsumu kimi ödənilmiş 165 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 21 avqust 2022-ci il tarixdə rəsmi nikah bağlamışlar. Həyat yoldaşı, yəni cavabdehin oğlu X7 17 mart 2020-ci il tarixdə vəfat etmişdir. Toy günü cavabdehin evinə gəlmiş və orada uzun müddət yaşamışdır. Cavabdeh nə ona, nə ailələrinə gün işığı verməmişdir. Ağır həyat yaşamışlar, həyat yoldaşı vəfat etdikdən sonra isə zülüm daha böyümüşdür. Cavabdehə məxsus evdən çıxsalar da, əşyaları onda qalmışdır.
7. Tovuz Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(062)-206/2023 nömrəli qətnaməsi ilə (hakim Z.Hümbətov) iddia qismən təmin edilmiş, dəyəri 2500 manat olan stol və stullar, dəyəri 2700 manat olan divan dəsti, dəyəri 2350 manat olan şkaf və paltar dolabı dəsti, dəyəri 2280 manat olan qoşa çarpayı, dəyəri 840 manat olan pərdə, dəyəri 180 manat olan 6 ədəd yorğan, dəyəri 400 manat olan 5 ədəd döşək, dəyəri 180 manat olan 6 ədəd yastıq, həmin əşyalar naturada mövcud olmadıqda isə onların dəyəri və 124,29 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Məhəməd qızına ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cehiz əşyalarının mövcudluğu qismən sübut olunmuş, iddiaçı qızıl-zinyət əşyalarının cavabdehdə olmasına dair hər hansı sübut təqdim etməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları.
9. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, həmin evdən ayrılarkən cehiz əşyalarını götürməmiş, sonradan həmin əşyaların götürülməsinə cavabdeh tərəfindən şərait yaradılmamışdır. Ailə qurduqdan sonra mərhum həyat yoldaşı ilə Bakı şəhərinə köçüb yaşasalarda, sonradan Tovuz rayonunda olan gəlin köçdüyü evə qayıtmış, əri öldükdən sonra isə cavabdeh onu evdən qovmuşdur. Ona görə də nə cehiz əşyalarını, nədə ki qızılzinət əşyalarını götürmək imkanı olmamışdır.
13. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinə etiraz edərək əlavə olaraq bildirdi ki, iddia predmeti olan cehiz əşyalarının bir hissəsinin mövcudluğunu inkar etmir və buna dair birinci instansiya məhkəməsində də ərizə təqdim etmişdir. İddia tələbində olan “Belgiya” xalçaları mövcud olsa da, iddiaçı sonradan onları yumaq adı altında bacısı ilə gəlib aparmışdır. Hazırda xalçaların iddiaçı tərəfindən aparılmasına dair sübutu yoxdur. Bundan başqa hazırda evdə bir kutu servis dəstidə vardır. İddiaçı ilə oğlu ailə qurduqdan sonra Bakı şəhərinə köçmüş, oğlu öldükdən sonra iddiaçı özü evdən çıxıb getmişdir və bacısının evində yaşayır. İddiaçıya verilən qızıllar daim onun özündə olmuşdur və onun həmin əşyalardan məlumatı olmamışdır.
14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək cavabdehlə eyni məzmunlu izahat verdi, şikayətin təmin olunmamasına xahiş etdi.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Konstitusiyası:
26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgənin sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
17. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
18. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyin müddəalarına əsasən hüquqi qiymət verərək nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
19. İşin hallarından müəyyən olunur ki, İddiaçı ilə X7 21 avqust 2002-ci il tarixdə nikaha daxil olmuş, İddiaçı Tovuz rayonu, Abulbəyli kəndində yerləşən qaynatası- hazırki iş üzrə Cavabdeh məxsus fərdi yaşayış evinə, daha sonra Bakı şəhərinə köçmüşdür. Bir müddət Bakı şəhərinə yaşadıqdan sonra Cavabdeh məxsus fərdi yaşayış evinə köçməklə əri vəfat edənədək yaşamış, daha sonra həmin evdən çıxmışdır.
20. Hazırki iddia cehiz və qızıl-zinət əşyaları olmaqla iki hissədən ibarətdir və iddiaçının tələbinin əsasını əri Cavabdeh öldükdən sonra qaynatası tərəfindən evdən məcburi çıxarılması nəticəsində cehiz əşyalarının və qızıl-zinət əşyalarının özü ilə götürə bilməməsi olmuşdur.
21. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı hesab etmiş, qızıl-zinət əşyaları hissəsində iddianı tamamilə, cehiz əşyaları hissəsində isə qismən rədd etmişdir.
22. Apellyasiya şikayətində iddiaçı tələbinin -dəyəri 3600 manat olan iki ədəd iri ölçülü “Belgiya” xalçası, cəmi dəyəri 1780 manat olan üç ədəd müxtəlif ölçülü xalça, dəyəri 1350 manat olan serviz dəstləri, dəyəri 1000 manat olan qab-qacaq dəstləri, dəyəri 430 manat olan qoşa çarpayı üçün dəst, dəyəri 1500 manat olan sırğa və üçük dəsti, dəyəri 850 manat olan tək qədimi üzük, dəyəri 2975 manat olan 35 qramlıq biləzik hissəsində təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Məhkəmə tərkibi ilkin olaraq qeyd edir ki, istər birinci instansiya məhkəməsində toplanan materiallarda, istərsə də apellyasiya icraatı zamanı iddiaçı tərəfindən qızıl-zinət əşyalarının mövcudluğu ilə bağlı bir sıra foto şəkillər təqdim olunsa da həmin əşyaların cavabdehdə olmasını və iddiaçının cavabdehə məxsus evdən məcburi çıxarılmasını, əşyalarını götürmək imkanının olmamasını təsdiq edən hər hansı bir sübut təqdim edilməmiş, cavabdeh isə qeyd olunan qızıl-zinət əşyalarının olmadığını, iddiaçının oğlu ilə ailə qurduqdan sonra Bakı şəhərində yaşadığını, oğlu öldükdən sonra könüllü olaraq evdən çıxıb getdiyini bildirmişdir.
24. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd edilən fərdi yaşayış evini tərk etməsindən kifayət qədər zaman keçmiş, bu zaman kəsiyində qızıl əşyalarının olduğu yer mübahisələndirilməmiş, iddiaçı qızıl əşyalarının cavabdehdə olmasına dair sübutu istər birinci, istərsə də apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir.
25. Belə olan halda məhəkəmə kollegiyası hesab edir ki, qızıl-zinət əşyalarının cavabdehdə olmasına dair iddiaçı tərəfindən heç bir sübut təqdim olunmadığından iddianın həmin hissədə rədd edilməsi qanuni və əsaslıdır.
26. Cehiz əşyaları ilə bağlı tələbə qiymət verərkən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya icraatı zamanı cavabdeh özü də bilavasitə cehiz əşyalarından iddia predmetinə aid olan və birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin edilməyən dəyəri 3600 manat olan 2 ədəd iri ölçülü “Belgiya” xalçasının və dəyəri 1350 manat olan serviz dəstinin olmasını etiraf etmiş, dəyəri 430 manat olan qoşa çarpayı üçün dəstin və dəyəri 1000 manat olan qab-qacaq dəstlərinin olmadığını bildirmişdir.
27. Belə ki, cavabdeh izahatında 2 ədəd “Belgiya” xalçasının olmasını etiraf etmiş, xalçaların iddiaçı tərəfindən yuyulmaq üçün aparıldığını bildirmiş, lakin qeyd olunan halı təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa izahatında dəyəri 1350 manat olan serviz dəstinin də hazırda evdə olmasını bildirmişdir. İddiaçı isə tələbində dəyəri 1000 manat olan qab-qacaq dəstinin olmasını qeyd etsə də həmin əşyanın nədən ibarət olmasını, xüsusiyyətlərini qeyd etməmişdir.
28. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
29. Göründüyü kimi iddia tələbinin cehiz əşyalarına dair hissəsi üzrə cavabdeh qeyd olunan əşyaların ona məxsus evdə olmasını bilavasitə etiraf etmiş, həmin əşyaların iddiaçı tərəfindən aparılmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
31. Odur ki, iddia tələbini qeyd olunan hissədə rədd edən birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(062)-206/2023 nömrəli qətnaməsi qismən- “dəyəri 3600 manat olan 2 ədəd iri ölçülü “Belgiya” xalçası, dəyəri 1350 manat olan serviz dəstinin rədd edilməsi hissəsində” ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. Dəyəri 3600 manat olan 2 ədəd iri ölçülü “Belgiya” xalçası və dəyəri 1350 manat olan serviz dəsti, həmin əşyalar naturada mövcud olmadıqda isə onların dəyəri Cavabdeh alınaraq İddiaçı Məhəməd qızına verilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, İddiaçı Məhəməd qızı tərəfindən verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet ilə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Ədil Məmmədov