Məhkəmə qərarları › İş №2(104)-1573/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1573/2024

25.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1573/2024 25.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: qızıl-zinət əşyaları tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı qızıl və əmlak tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-724/2024 nömrəli qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayətinə 25 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 6566/2023 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X4 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı X4 Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən Yataq dəsti: - 1 ədəd güzgülü kamot 500 manat, yataq dəsti, tumba 2 ədəd, sandıq 1 ədəd, 1500 manat, paltar dolabı 1 ədəd 800 manat, xalça 3 ədəd 400 manat, lüstür 1 ədəd 100 manat, saat 2 ədəd 100 manat, pərdə 1 ədəd 300 manat. Qonaq dəsti: - güzgülü termo (kamot) 1 ədəd 500 manat, divan künc 1 ədəd 700 manat, 2 qapılı termo 1 ədəd 400 manat, 1 qapılı termo 1 ədəd 200 manat, stol və 6 ədəd stul 800 manat, jurnal masası 150 manat, lüstür 1 ədəd 180 manat, xalça 1 ədəd 400 manat, pərdə 1 ədəd 400 manat. Mətbəx: - mətbəx mebeli 800 manat, somavar çayniklə 150 manat, Tefal qazan dəsti (5 li) 200 manat, metal rəngli qazan dəsti (5 li) 300 manat, qril aparatı 250 manat, Tefal tava 1 ədəd 80 manat, ət çəkən 1 ədəd 250 manat, tozsoran 1 ədəd 350 manat, soyuducu Samsung markalı 1000 manat, televizor 1 ədəd 350 manat, soba 1 ədəd 350 manat, toster 1 ədəd 80 manat, xalça 1 ədəd 100 manat, servis dəsti ağ rəngli 1 ədəd 800 manat, servis dəsti dörd künc 1 ədəd 300 manat, 2 ədəd şirniyyat qabı 120 manat, 2 ədəd çərəz qabı 120 manat, 2 ədəd meyvə qabı 120 manat, 2 ədəd qənd qabı 120 manat, 1 ədəd güldan 120 manat, 1 ədəd şirəçəkən 200 manat, blender-mikser dəsti 1 ədəd 200 manat, ütü masası 1 ədəd 50 manat, ütü feni 1 ədəd 80 manat, bıçaq dəsti (sandıq) 1 ədəd 180 manat, qaşıq dəsti (sandıq) 1 ədəd 250 manat. Qızıl-zinət əşyaları: - qızıl dəsti sep klonu ilə 1 ədəd sırğa 1 ədəd, üzük 1 ədəd, qolbağı 1 ədəd 2500 manat, nişan üzüyü 1 ədəd 1200 manat, alyans nişan üzüyü 1 ədəd 250 manat, hədiyyə üzük 2 ədəd 500 manat, gümüş üzük-sırğa 1 ədəd 80 manat, telefon “Samsung Galaxy A51” 700 manat, Kompüter noutbuk “Pavilion X360” 1 ədəd 1639 manat olmaqla cəmi 21219 manat dəyərində əmlakların alınaraq ona verilməsi və ya, dəyərinin pulla ödənilməsi, bundan başqa mediyasiya xidməti üçün ödədiyi 61 manat rüsumun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X4 Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə nikaha daxil olmaqla evlənmişlər. Ailə həyatının bərpası mümkün olmadığından cavabdeh ona qarşı nikahın pozulması barədə iddia ərizəsi ilə Sabunçu rayon məhkəməsinə müraciət etmişdir. Cavabdehin yaşadığı ünvanda cehiz əşyaları qalmışdır. Cavabdeh tərəfindən ona məxsus olan 21.219 manat dəyərində olan əmlaklarının geri qaytarılmasını istəyir.

4. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-724/2024 nömrəli qətnaməsi (hakim Rafiq Məmmədov) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh Yataq dəsti: - 1 ədəd güzgülü kamot 500 manat, yataq dəsti, tumba 2 ədəd, sandıq 1 ədəd, 1500 manat, paltar dolabı 1 ədəd 800 manat, xalça 3 ədəd 400 manat, lüstür 1 ədəd 100 manat, saat 2 ədəd 100 manat, pərdə 1 ədəd 300 manat. Qonaq dəsti: - güzgülü termo (kamot) 1 ədəd 500 manat, divan künc 1 ədəd 700 manat, 2 qapılı termo 1 ədəd 400 manat, 1 qapılı termo 1 ədəd 200 manat, stol və 6 ədəd stul 800 manat, jurnal masası 150 manat, lüstür 1 ədəd 180 manat, xalça 1 ədəd 400 manat, pərdə 1 ədəd 400 manat. Mətbəx: - mətbəx mebeli 800 manat, somavar çayniklə 150 manat, Tefal qazan dəsti (5 li) 200 manat, metal rəngli qazan dəsti (5 li) 300 manat, qril aparatı 250 manat, Tefal tava 1 ədəd 80 manat, ət çəkən 1 ədəd 250 manat, tozsoran 1 ədəd 350 manat, soyuducu Samsung markalı 1000 manat, televizor 1 ədəd 350 manat, soba 1 ədəd 350 manat, toster 1 ədəd 80 manat, xalça 1 ədəd 100 manat, servis dəsti ağ rəngli 1 ədəd 800 manat, servis dəsti dörd künc 1 ədəd 300 manat, 2 ədəd şirniyyat qabı 120 manat, 2 ədəd çərəz qabı 120 manat, 2 ədəd meyvə qabı 120 manat, 2 ədəd qənd qabı 120 manat, 1 ədəd güldan 120 manat, 1 ədəd şirəçəkən 200 manat, blender-mikser dəsti 1 ədəd 200 manat, ütü masası 1 ədəd 50 manat, ütü feni 1 ədəd 80 manat, bıçaq dəsti (sandıq) 1 ədəd 180 manat, qaşıq dəsti (sandıq) 1 ədəd 250 manat dəyərində, Telefon Samsunq (Galaxy A51) 700 manat dəyərində və kompyuter nodbuk (Pavilion X360) 1 ədəd 1639 manat dəyərində cehiz əşyaları naturada və ya dəyəri, həmçinin iş üzrə ödənilmiş 61 (altmış bir) manat mediasiya xərci alınaraq iddiaçı X3 verilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin tam həcmdə təmin edilməsinə əsas verə bilən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da, iddiaçı bu barədə məhkəməyə heç bir dəlil-sübut təqdim edə bilməmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2 və 225.2-ci maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216- 220, 227 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı X4 apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(013)-724/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, qətnamənin əsaslandırıcı hissəsindən göründüyü kimi Cavabdeh məhkəmə iclasında tələb olunan ona məxsus qızıl-zinət əşyalarının mövcudluğunu təsdiq etmişdir. Cavabdeh həmin izahatında tələbə qarşı öz etirazını bildirərək həmin qızıl-zinət əşyalarının birgə nikah dövründə satıldığını göstərmişdir. Ancaq, Cavabdeh bu etirazının əsası kimi istinat etdiyi bu halı yəni qızıl-zinnət əşyalarının birgə nigah dövründə satıldığını məhkəmə zamanı sübut edə bilməmişdir. Birinci instasiya məhkəməsi işin bu halına qətnamədə heç bir hüquqi qiymət verməmiş nəticədə qeyd edilən prosessual hüquq normasının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. İşin hallarından görüldüyü kimi birinci instasiya məhkəməsi iş üzrə sübutlara obyektiv, qərəssiz hərtərəfli və tam hüquqi qiymət verməmişdir. Belə ki, Birinci instansiya məhkəməsinin şikayət olunan qətnaməsinin əsaslandırıcı hissəsindən də göründüyü kimi məhkəmə iş üzrə iddia tələbinin qızıl-zinət əşyaları hissəsində təmin edilməməsi, bundan başqa məhkəmə iclasında qızıl-zinət əşyalarının harada saxlamağını, cavabdehin evini hansı şəraitdə tərk etməyini, qızıl-zinət əşyalarını götürərkən ona necə mane olmalarını ətraflı, Cavabdeh məhkəmə iclasında tələb olunan ona məxsus qızıl-zinət əşyalarının mövcudluğunu təsdiq edərək həmin qızıl-zinət əşyalarının birgə nikah dövründə satılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X4 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Bundan sonra ailə münasibətləri tamamilə pozulmuş və ailənin bərpasının mümkün olmadığından aralarında olan nikah Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(008)-6566/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur. Ailə qurub cavabdhein evinə gəlin köçən zaman cehiz və qızıl əşyalarını da özü ilə aparmışdır. Belə ki, apardığı cehiz əşyalarının və ona hədiyyə olunan qızıl-zinət əşyalarının yaşadığı evi tərk edərkən cavabdehə məxsus evdə qalmışdır. Cavabdehin özü də birinci instansiya məhkəməsində qızılların mövcud olduğunu və birgə nikah dövründə satıldığını bildirmişdir. Cavabdeh ilə aralarında daimi münaqişə olduqları üçün evdən çıxmış və əmlaklarını özü ilə apara bilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

11. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

12. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

13. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

14. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

15. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

16. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

17. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

18. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 35.

19. Maddə 34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim,ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvadın kimin istifadəsində olubsa, ona məxsusdur.

20. Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

29. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

31. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

32. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

33. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

34. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

37. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh qətnamənin ləğvini xahiş etsə də, şikayətində yalnız iddianın təmin edilməmiş hissəsini, iddianın qızıl-zinətin qaytarılması hissələrini mübahisələndirir. İddianın təmin edilmiş hissəsi isə onun mənafeyinə toxunmur. Ona görə də qətnamənin əsaslılığı yalnız iddianın təmin edilməmiş hissəsi üzrə yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

39. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da mübahisələndirilən hissədə qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

40. İşin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı X4 Cavabdeh ilə 2001-ci il tarixdə el adəti ilə ailə münasibətləri quraraq xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə ailə münasibətlərindən uşaqları doğulmamışdır. İddiaçı ailə quran zaman cavabdehə məxsus evə gəlin köçmüşdür. Bu zaman mübahisəli qızıl-zinət əşyaları iddiaçıya toy zamanı hədiyyə edilmiş, ailədaxili münaqişələr zəmnində iddiaçı məcbur qalıb evdən çıxmışdır. Evdən çıxan zaman iddiaçının qızıl-zinət əşyaları cavabdehə məxsus evdə qalmışdır.

41. İşin hallarından göründüyü kimi, iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının ona məxsus əmlaklar olduğuna əsaslanaraq cavabdehdən tələb edir. Məhkəmə kollegiyası bununla bağlı işin hallarının qanunvericliyin aşağıda qeyd olunan normaları əsasında təhlil olunmasını zəruri hesab edir.

42. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

43. Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

44. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

45. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

46. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması.

47. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır.

48. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

49. Bu baxımdan həmin əşyaların alınmasına dair tələb, qanunvericiliyin mülkiyyətin müdafiəsini tənzimləyən müddəaları əsasında həll olunmalıdır. İddia ərizəsində göstərilən qızıl-zinət əşyaları tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

50. Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur:

1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır;

2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır;

3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır.

51. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

52. İşin halları Azərbaycan Respublikasının Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun araşdırılarkən görünür ki, iş materiallarında qızıl-zinət əşyalarının həqiqətən iddiaçıya məxsus olması sübut olunur. Belə ki, bu hal tərəflərin izahatları ilə sübut olunur. Cavabdeh tərəfindən isə qızıl-zinət əşyalarının mövcudluğu mübahisələndirilməmişdir.

53. İş materiallarından görünür ki, iddiaçı tələb etdiyi qızıl dəsti sep klonu ilə 1 ədəd sırğa 1 ədəd, üzük 1 ədəd, qolbağı 1 ədəd cəmi 2500 manat, nişan üzüyü 1 ədəd 1200 manat, alyans nişan üzüyü 1 ədəd 250 manat, hədiyyə üzük 2 ədəd 500 manat, 1 ədəd gümüş üzük-sırğa 80 manat dəyərində olan qızıl-zinət əşyalarının cavabdehdə qalmasını sübuta yetirə bilməmişdir. Doğrudur ki, tələb olunan qızılların mövcudluğu mübahisə edilmir və cavabdeh də bunu inkar etməməklə yanaşı qızılların iddiaçıda olmasını bildirməmişdir.

54. Belə ki, Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatda bildirmişdir ki, “iddiaçı Z.İbadovaya məxsus bütün cehiz əşyalarının ona məxsus evdə olduğunu və nə zaman istəsə gəlib götürə bilcəyini, lakin tələb etdiyi qızıl-zinət əşyalarının iddiaçının özünün razılığı ilə birgə nikah dövründə onun tərəfindən satıldığını, ümumiyyətlə onun yaşadığı evdə heç bir qızıl-zinət əşyalarının olmadığını bildirmişdir.”

55. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan halları araşdırmadan iddia tələbinin qızıl-zinət hissəsinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır.

56. Göstərilənlər, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına, nəticə etibarilə yuxarıda sadalanan maddi hüquq normaları ilə işin faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmadığına dəlalət edir.

57. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

58. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

59. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak edən mübahisə predmeti olan qızıl-zinət əşyalarının mövcud olduğunu və birgə təsərrüfat zaman satılaraq xərcləndiyini bildirmişdir.

60. Qeyd olunmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

61. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

62. Göründüyü kimi, iddiaçı tərəfindən tələb olunan qızıl-zinət əşyaları həqiqətən mövcud olmuş və cavabdeh tərəfindən birgə nikah dövründə satılmışdır.

63. Lakin, cavabdeh həmin qızılların satılaraq ailənin xərclərini sərf olunduğunu bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

65. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

66. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

67. Buna görə də birinci instansiya məhkəməsinin iddianın həmin hissəsində gəldiyi mövqey əsaslı və qanuni olmamışdır.

68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

69. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

70. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamənin mübahisələndirilən hissələrində göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

71. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

72. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

73. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

74. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

77. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

78. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş qızıl-zinət əşyaları hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

79. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın mübahisələndirilən hissəsində iddianın qiyməti (qızıl-zinət əşyalarının) 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

80. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-724/2024 nömrəli qətnaməsi qismən, iddianın qızıl-zinət əşyalarının qaytarılması hissəsində ləğv edilsin və həmin hissə üzrə yeni qətnamə çıxarılsın. Həmin hissədə iddia təmin edilsin. Cavabdeh Xalıq oğlundan qızıl dəsti sep klonu ilə 1 ədəd sırğa 1 ədəd, üzük 1 ədəd, qolbağı 1 ədəd cəmi 2500 manat, nişan üzüyü 1 ədəd 1200 manat, alyans nişan üzüyü 1 ədəd 250 manat, hədiyyə üzük 2 ədəd 500 manat, 1 ədəd gümüş üzük-sırğa 80 manat, cəmi 4530 (dörd min beş yüz otuz) manat dəyərində əmlaklar natura şəklində, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyaların dəyəri alınıb iddiaçı X3 verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlansın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar