Məhkəmə qərarları › İş №2(104)-158/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-158/2023

02.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-158/2023 02.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və sair tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(030)-384/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(030)-284/2021 saylı qətnaməsi ilə (hakim A.Əliyev) Torpağa mülkiyyət hüququna dair JN-127 seriaylı KOD 50600028 olan Dövlət Aktına əsasən İddiaçı1, İddiaçı5, İddiaçı3, İddiaçı4 və İddiaçı2 mülkiyyətində olan Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 2,60 ha pay torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 çıxarılması və torpaq sahəsinə girişdə çəkilmiş tor məftilin sökülməklə torpaq sahəsinin boşaldılması, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 həmin torpaq sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 tərəfındən törədilən maneçiliklərə qadağa qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(030)-284/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 yanvar 1998-ci il tarixli 1 nömrəli qərarına əsasən onun, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 birgə mülkiyyətinə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən 2,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və “Torpağa mülkiyyət hüququna dair” JN-127 Seriyalı KOD 50605028 olan Dövlət Aktı yazılmışdır. Cavabdehlər onlara məxsus olan 2,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir hissəsini zəbt edərək fərdi yaşayış evləri və sair yardımçı tikililər inşa etdirmişlər. Eyni zamanda, həmin torpaq sahəsinə girişdə tor məftildən hasar çəkərək onların öz torpaq sahələrinə giribçıxmasına imkan verməmişlər. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdehlər torpaq sahəsindən çıxmaqdan imtina etmişlər. Halbuki cavabdehlər Cavabdeh1 adına Xoşbulaq kəndi ərazisində başqa yerdə 0,58 ha pay torpaq sahəsi olmasına baxmayaraq, onların torpaq sahəsini zəbt edilmişdir. Bu da onların mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmışdır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçılar daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət etmiş və iddia ərizəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və və Cavabdeh6 aid hissədə baxılmamış saxlanılmasını xahiş etmiş, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və və Cavabdeh6 münasibətdə baxılmamış saxlanılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, qətnamənin nəticə hissəsində dövlət rüsumuna dair qeyd yoxdur. Hansı ki, iddıaçılar 20 manat dövlət rüsumunun onlardan alınmasını iddia ərizəsində qeyd etmişlər. Belə olan təqdirdə apellyasıya şikayəti üçün nəzərdə tutulmuş dövlət rüsumunun məbləği 20 manatın 50 faizi, yəni 10 manat ödənilməlidir. Qətnamədə iddiaçılara məxsus seriyası JN-127, KOD-u 50605028 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktındakı 2,60 ha torpaq sahəsinin hansı konturda yerləşdiyinə, zəbt edildiyi iddia olunan torpaq sahəsinin faktiki olaraq onlara məxsus olub-olmamasına aydınlıq gətirilməmişdir. Bu kimi hallara isə Daşkəsən rayon Məhkəməsinin 16 aprel 2015ci il tarixli, 2(030)-12/2015 saylı qətnaməsinə istinadən qiymət verilməsi düzgün olmamışdır. Çünki həmin mülki işdə onlar mübahisə tərəfı, istifadələrində olan torpaq sahəsi isə mübahisə predmeti olmamışdır. Hansı ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilməməsi nəzərdə tutulmuşdur. Məhkəmə burada MPM-nin müvafiq maddəsini düzgün təsvir etməmişdir. Əslində ədalətli qətnamə çıxarılması üçün məhkəmə tərəfindən iş üzrə mütləq məhkəmə tikinti-texniki ekspertizası təyin edilməli idi. Cünki onun istifadə etdiyi torpaq sahəsi onun mülkiyyət topaq şahəsinin kordinatları daxilində olmaya bilərdi. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə yerdə baxış keçirilərkən mübahisəli torpaq sahəsinin sağ və sol tərəfində fərdi yaşayış evlərinin olduğu qeyd edilmişdir. Həmin vaxt mübahisəli ərazinin bilavasitə yaxın məsafədə yerləşən fərdi yaşayış evlərinin arasında olduğu, buradan isə 2.60 ha həcmdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsinin ağlabatan olmadığı məhkəmənin nəzərindən qaçmışdır. Hesab edir ki, məhkəmə yerli baxış təyin etməsi ilə kifayətlənərək, iş üzrə mütəxəssis rəyi almaması və məhkəmə tikinti-texniki ekspertizası təyin etməməsi əsassız və qanunsuz olmuşdur. Bundan başqa onlar tərəfindən zəbt olunduğu iddia edilən torpaq sahəsi əslində torpaq islahatından əvvəl Daşkəsən rayon Zağalı kand XDS İK tərəfindən mərhum qardaşı X4 fərdi yaşayış evi tikməsi üçün verilmiş həyətyanı torpaq sahəsidir. Həmin torpaq sahəsindən mərhum qardaşının ailəsi, sonra isə onların razılığı əsasında torpaqdan istifadə etməkləri qanunsuz və əsassız olmamışdır. Bu isə onların həmin torpaq sahəsini zəbt etməkləri anlamına gəlməməlidir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş İddiaçı1 məhkəmə iclasında iştirak etsə də, digər iddiaçılar və cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası gəlməmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün sayır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb həmin şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçını dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respubilkasının MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, işdə olan “Torpağa mülkiyyət hüququna dair” JN-127 seriyalı KOD 50605028 olan Dövlət Aktının surətindən görünür ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarına əsasən Daşkəsən rayonu Xoşbulaq kənd sakinləri İddiaçı1, İddiaçı5, İddiaçı3, İddiaçı4 və İddiaçı2 mülkiyyətinə Xoşbulaq kənd ərazisindən 2,60 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində 2,2683 ha kənd təsərrüfatı təyinatlı topaq sahəsi İddiaçı1, İddiaçı5, İddiaçı3, İddiaçı4 və İddiaçı2 xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-219 seriaylı KOD 50600028 olan Dövlət Aktının surətindən görünür ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarına əsasən Daşkəsən rayonu Xoşbulaq kənd sakini Cavabdeh1 mülkiyyətinə Xoşbulaq kəndi ərazisindən 0,58 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan Daşkəsən Rayon Məhkəməsinin 16 aprel 2015-ci il traixli 2(030)- 12/2015 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı1 cavabdehlər X2 və X3 qarşı cavabdehlərin özbaşına tikdirdiyi evin və vaqonun öz hesabına sökülüb torpağının zəbtdən azad edilərək torpaq sahəsinin istifadəsinə qaytarılması tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X1 zəbt etdiyi İddiaçı1 mülkiyyətinə verilmiş Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən torpaq sahəsindən çıxarılması, mübahisəli torpaq sahəsində olan cavabdeh B.Tağıyevə məxsus özbaşına tikinti və vaqon isə ona çəkilən xərclərin əvəzi ödənilmədən cavabdehin hesabına sökülməsi, həmin torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsindən alınıb iddiaçıya təhvil verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, tərəflər mütəxəssis rəyinin verilməsi üçün qanunla nəzərdə tutulan dövlət rüsumunu ödəmədiyindən məhkəmə tikintitexniki ekspertizasının keçirilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli ünvanna yerli baxış keçirilmiş, baxış zamanı cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən yay mövsümündə çadır qurmaqla istifadə etdikləri müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir. orada deyilir – “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmçinin İnsan hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinəəsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Yuxarıda istinad olunan daxili və beynəlxalq qanunvericiliyin müddəalarından görünür ki, mülkiyyət hüququ dövət tərəfindən qorunur və ona təminat verilir. Beləliklə də, cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin müəyyən hissəsinin səbt edildiyi məhkəmə iclasında müəyyən edildiyindən kollegiya hesab edir ki. məhkəmə iddia tələbini yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Cavabdeh1 apellyasiya şikayətində mübahisələndirilən torpaq sahəsinin ona məxsus olduğunu, birinci instansiya məhkəməsinin məhkəmə ekspertizası təyin edib müvafiq rəy almadan iddia tələbini qismən təmin etdiyini göstərmiş olsa da, məhkəmə kollegiyası tərəfindən şikayətinin dəlillərinə uyğun olaraq məhkəmə ekspertizası təyin edilərək iş materialları məhkəmə ekspertiza mərkəzinə göndərilməsinə, mütəxəssis rəyinin verilməsi üçün ödənilməli olan vəsaitin ödənilməsi üçün cavabdehə təkliflər verilməsinə baxmayaraq, rüsumun ödənilməsindən imtina edildiyinə görə müvafiq rəyin alınması mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Odur ki, kollegiya apellyasiya şikayətinin dəlillərini cavabdehlərin formal dəliləri kimi qiymətləndirir və hesab edir ki, apellyasiya şikayətinin həmin dəlilləri məhkəmənin şikayətlə mübahisələndirilən qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.3, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(030)-384/2021 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar