Məhkəmə qərarları › İş №2(104)-1637/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1637/2025

05.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1637/2025 05.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasi - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndələri (arvadı) Nümayəndə3 və (vəkil) Nümayəndə1, Cavabdeh1 nümayəndəsi (vəkil) Nümayəndə2 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bu şəhadətnamələr əsasında həmin mübahisəli mülkə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışların ləğv edilməsi, vəsiyyətnamə və anasının payına dair vərəsəlik hüququ nəzərə alınmaqla həmin miras mülkə dair payının müəyyən edilməsi tələblərinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, 2(125)-528/2025 saylı qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-528/2025 saylı qətnaməsi ilə (hakim Ə.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin və “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bu şəhadətnamələr əsasında həmin mübahisəli mülkə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışların ləğv edilməsi, vəsiyyətnamə və anasının payına dair vərəsəlik hüququ nəzərə alınmaqla həmin miras mülkə dair payının müəyyən edilməsi” tələblərinə dair iddiası əsassız olduğundan təmin olunmaması qət edilmişdir. İddiaçı (nümayəndəsi (vəkil) Nümayəndə1) apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-528/2025 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 vasitəsilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, M.ünvan 1 ünvanda yerləşən miras mülkə dair sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında xx.xx.2010-cu il tarixli şəhadətnamənin və qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2010-cu il tarixli şəhadətnamənin ləğv edilməsi, bu şəhadətnamələr əsasında həmin mübahisəli mülk üçün Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2011-ci il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli çıxarışların ləğv edilməsi, rəhmətlik atası X8 həmin mülk haqqındakı xx.xx.2003-cü il tarixli vəsiyyətnaməsi və rəhmətlik anası X6 həmin mülkdəki pay barədə vərəsəlik hüququ da nəzərə alınmaqla Gəncə şəhəri, M.ünvan 1 ünvanda miras qalmış mülkə dair 2/4 hissədə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X7 Gəncə şəhəri, M.ünvan 1 ünvanda yerləşən mülk miras qalmışdır. Atası 08 iyun 2003-cü ildə, anası X12 isə xx.xx.2024-cü ildə rəhmətə getmişdir. Anası rəhmətə gedəndən az sonra evin sənədlərini nəzərdən keçirərkən ona məlum olmuşdur ki, evin sənədi atasının adından anasının və onların adına keçib, 2018-ci il tarixli çıxarış verilib. Çıxarışda onun və cavabdehlərin payının 1/8, anasının payının isə 5/8 olduğunu görmüşlər. Bu çıxarışdan tamamilə xəbərsiz olmuşdur. Ona görə də şübhələnmiş və sorğular verib Notariusdan və Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkə aid sənədləri tələb etmişdir. Sənədlərdən məlum olmuşdur ki, 2003-cü ildə atası onun və anasının adına vəsiyyətnamə verib, 2010cu ildə vərəsəlik əməliyyatı aparılıb, vəsiyyətnamə nəzərə alınmamış, rəhmətlik anasına mülkün 1/2 hissəsi birgə əmlak kimi verilib və mülkün qalan hissəsi də bərabər paylarla bölünmüşdür. Ən maraqlı və ən heyrətləndirici hal isə budur ki, o, ümumiyyətlə bu vərəsəlik işində iştirak etmədiyi halda kimsə onun adından iştirak etmiş və imza atmışdır. Nəticədə üç qanunsuz hal baş vermişdir: əmlak valideynlərin birgə əmlakı olmadığı halda mülkün 1/2 hissəsinə dair anasına şəhadətnamə verilmiş, onun imzası saxtalaşdırılaraq əmlakın digər hissəsinə dair vərəsəlik şəhadətnaməsi verilmiş, vəsiyyətnamə ondan gizlədilmişdir. Cavabdehlər anası ilə birlikdə notariusa müraciət edərək bu şəhadətnamələri almışlar. Onlar vəsiyyətnamənin mövcudluğunu ondan gizlədərək payının az verilməsinə nail olmuşlar. Bununla da anasının payı artıq yazılmış və bu gün də anası dünyasını dəyişdiyinə görə cavabehlər əslində onun hüququ olan hissəyə dair artıq miqdarda paya sahib olurlar. Halbuki bu saxta şəhadətnamələr olmasaydı, vəsiyyətnamə icra edilsəydi, onun və anasının payı hər birində 3/8 olmalı idi. Anası dünyasını dəyişəndən sonra isə onun payı vərəsələr arasında bölünərək cavabdehlərin hər biri yekunda 2/8 paya, o isə 4/8 (2/4) paya sahib olmalı idi. Hazırki vəziyyətdə isə anasının 5/8 payı vərəsəlik olunsa, hər bir vərəsənin payı 8/24 (1/3) olacaq. Cavabdehlərin və anasının müraciətləri əsasında və onun iştirak etmədiyi vərəsəlik işində vəsiyyətnamənin nəzərə alınmaması və anasının birgə əmlakdakı pay kimi pay alması belə bir halın yaranmasına gətirib çıxarmışdır. Cavabdehlər buna göz yumaraq və şərait yaradaraq onun payının hesabına əmlak xeyiri əldə etmişlər. Bununla əlaqədar olaraq həmin qanunsuz şəhadətnamələrin ləğvi, həmçinin yeni vərəsəlik əməliyyatı aparılaraq paylarının müəyyən edilməsi xahişi ilə notariat ofisinə müraciət etmişdir. Notarius məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Gəncə şəhəri, M.ünvan 1 ünvanda yerləşən miras mülkə dair xx.xx.2010-cu il tarixli “Sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında Şəhadətnamənin” və xx.xx.2010-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin”, xx.xx.2017-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin” və xx.xx.2018-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin” etibarsız hesab edilməsi, bu notariat əməliyyatları əsasında həmin mübahisəli mülk üçün Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2010-cu il tarixdən cari tarixədək verilmiş bütün çıxarışların, o cümlədən xx.xx.2011-ci il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli çıxarışların etibarsız hesab edilməsi, rəhmətlik atası X8 həmin mülk haqqındakı xx.xx.2003-cü il tarixli vəsiyyətnaməsi və rəhmətlik anası X6 həmin mülkdəki payı barədə vərəsəlik hüququ da nəzərə alınmaqla Gəncə şəhəri, M.ünvan 1 ünvanda yerləşən miras mülkə dair 2/4 hissə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, ataları ölməmişdən bir müddət əvvəl notariusu evə çağırtdıraraq əmlakına dair vəsiyyətnamə qoymuş, həmin vəsiyyətnamədən bütün vərəsələrin, o cümlədən qardaşı Asimin də məlumatı olmuşdur. Asim 2016-cı ildə həmin evdə müəyyən təmir-tikinti işləri aparmaq istəyirdi, lakin Rauf onun təmir işləri aparmasına etiraz etdiyinə görə müəyyən narazılıqlar yarandığından təmir-tikinti işlərinin aparılması dayandırılmışdı. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri apellyasiya şikayətində də təkrarlamış, əlavə olaraq göstərmişdir ki, məhkəmədə cavabdehlərin heç biri mirası qəbul etməyini mübahisələndirməmişlər. Belə ki, o, anadan olandan bu mülkdə yaşamış, burada qeydiyyatda olmuş, daha sonra işləmək üçün müvəqqəti olaraq Rusiya Federasiyasına getmişdir. İddiaçının həmişə bu mülkdə məqsədi olub, bu mülkə sərmayə qoymuş, tikinti işləri aparmış, valideynlərinin sağlığında onlara maddi və mənəvi dəstək olmuş, atası rəhmətə getməzdən əvvəl evinə gəlmiş, atası rəhmətə gedən vaxtı onun yanında olmuş, o, rəhmətə gedəndən sonra əmlakın idarəçiliyini həyata keçirmiş, açıq-aşkar hamı da görüb ki, mirası faktiki olaraq qəbul etmişdir. Bunu Cavabdeh2 də öz yazılı və şifahi izahatında etiraf etmişdir. Evin kiçik övladı olduğuna görə el adətinə görə də atanın fikri evi məhz ona vermək olub və ailə üzvlərinin hamısı da bunu bu cür bilirdilər. Lakin atasının rəsmi vəsiyyətnamə qoymasından 2024-cü ilin oktyabr ayında xəbər tutmuşdur. Cavabdeh Rasimin atası öləndə evə dair vəsiyyətnamə verməsindən guya onun xəbərinin olmasını deməsi düzgün deyil. Çünki o, şifahi olaraq evi iddiaçıya verəcəyini bilirdi, amma rəsmi vəsiyyətnamə olmasını 2024-cü ilin oktyabrında bilmişdir. Cavabdeh Rasimin sözünə istinad edərək məhkəmənin guya ki, o, 2003-cü ildə atası rəhmətə gedəndə vəsiyyətnamədən xəbəri olmasını qeyd etməsi ilə razı deyil, bu halı qəbul etmir (qətnamənin 3-cü səhifəsi). Mirası faktiki qəbul etmişdir və bu hal cavabdehlər tərəfindən mübahisələndirilməyib, əksinə cavabdeh Rasim bunu təsdiq edib, cavabdeh Raufun nümayəndəsi isə cavabdeh Rasim bu faktı təsdiq edərkən heç bir əks fikir bildirməmişdir. Məhkəmə iclasının video-audio qeydində bunu görmək olar. Vəsiyyətnamə haqqında xəbər tutan kimi şəhadətnamələrin etibarsızlığını, daşınmaz əmlakdakı qeydlərin və çıxarışların ləğvini xahiş etmişdir. Müddəti ötürməmiş və müddətin ötürülməsi haqqında heç bir ərizə də təqdim edilməmişdir. Məhkəmənin guya müddəti ötürməyi barədə mövqeyini qəbul etmir. Həmçinin, evin qeydiyyat kitabında da onun qeydiyyatda olmağı haqqında qeydlər var və qeydiyyatdan çıxmağı haqqında heç bir qeyd yoxdur. Bu kitabı yenicə əldə etmiş və surətini apellyasiya şikayətinə əlavə etmişdir. Məhkəmə işin bu əhəmiyyətli faktiki halını araşdırmamışdır. Ən əsası isə məhkəmə nə üçün vəsiyyətnamənin nəzərə alınmamasını və icra edilməməsi halını da araşdırmamışdır. İşin bu faktiki halının araşdırılması işin düzgün həlli baxımından mühüm əhəmiyyət daşıyırdı. Bundan başqa, məhkəmə maddi hüquq normasını pozaraq atasının qoyduğu vəsiyyətnaməni nəzərə almamışdır. Atasının əmlakının vəsiyyətnamə əsasında keçməsinin qarşısını almaqla məhkəmə bu maddi hüquq normasını pozmuşdur. Məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, atasının vəsiyyət qoymasını və bu vəsiyyətin icra edilməyərək ondan gizlədilməsini bildiyi gündən nəinki iki ay, hətta bir ay ərzində məhkəmədə mübahisə açmışdır. Müddəti ötürmədiyi halda məhkəmə müddəti ötürməyi qənaətinə gəlmişdir. Məhkəmə təqdim etdiyi sübutlara, o cümlədən vəsiyyətnaməyə və digər sənədlərə hərtərəfli və tam baxmamış qiymət vermişdir və ona görə də yanlış nəticəli qərar qəbul etmişdir. Belə ki, həmin sənədlərə hərtərəfli və obyektiv baxılsaydı, məlum olardı ki, onun vəsiyyətnamədən 2024-cü ilin oktyabr ayında xəbəri olub. Məhkəmə vəsiyyətnamənin nə üçün icra edilmədiyini aydınlaşdırmadı. Halbuki, vəsiyyətnamənin icra edilməməsi hazırki iddianın irəli sürülməsinə səbəb olan ən mühüm faktordur. Çünki qanuna əsasən vəsiyyətnamə qoyulubsa, qanun üzrə vərəsəlik qüvvədə olmur. Cavabdehlər məhz vəsiyyətnaməni ondan gizlətməklə əmlak xeyiri əldə etmişlər. Məhkəmə onun vəsiyyətnamənin mövcudluğundan nə zaman xəbər tutmağını da düzgün aydınlaşdırmamışdır. Halbuki, vəsiyyətnamədən xəbər tutan kimi hüquqi hərəkətlərə başlayaraq iddia ilə müraciət etmişdir. Məhkəmənin dediyi kimi iki aylıq kəsici müddəti də heç cür ötürməmişdir. Bir çox sübutları məhkəməyə təqdim etmişdir. Yalnız evin qeydiyyat kitabını (domovoy) məhkəməyə təqdim edə bilməmişdir. Çünki bu kitab digər sübutlarla bilikdə deyildi. Onu yalnız indi ələ gətirə bilmişdir. Həmin kitabçadan görünür ki, iddiaçı həmişə mübahisəli evdə qeydiyyatda olmuş və qeydiyyatdan çıxmamışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən İddiaçı və Cavabdeh1 nümayəndə vasitəsilə təmsil olunsalar da özləri məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndələri (arvadı) Nümayəndə3 və (vəkil) Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdilər. Nümayəndə1 əlavə olaraq izah etdi ki, İddiaçı 2001-ci ildə Rusiyaya getmiş, 2003-cü ildə atasının vəfatı ilə bağlı gəlib yasında iştirak etmiş, bir müddətdən sonra qayıdıb Rusiyaya getmiş, hazırda da orada yaşayır. İddiaçı 2024-cü ilin iyun ayında analarının vəfatı ilə bağlı Gəncəyə gəlmiş, anasının vəfatının 4-cü günü vərəsələr arasında mirasla bağlı söhbət olmuş, Rauf miras payının əvəzi olaraq 50 000 manat pul istəmiş, ona görə də aralarında razılıq əldə olunmamışdır. İddiaçı mirasla bağlı məsələlrin həlli üçün həyat yoldaşı Nümayəndə3 etibarnamə verərək 29 iyun 2024-cü il tarixdə Rusiyaya qayıtmışdır. İddiaçı 2010-cu ildə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasında iştirak etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, atalarının ölümündən sonra qalmış Gəncə şəhəri, M.Füzuli küçəsindəki 2 nömrəli fərdi yaşayış evindən ibarət miras 2010-cu ildə notariat orqanına ərizə verməklə rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsinə etirazının olmadığını bildirdi. Əlavə olaraq göstərdi ki, atasının ölümündən sonra qalmış miras evlə bağlı vərəsəliyin rəsmiləşdirilməsi üçün müraciət etməsi, notariat kontoruna kimlə getməsi yadında qalmayıb, lakin notariat işində olan onun adından yazılmış ərizədəki imza ona məxsusdur. 2005-ci ilədək o, anası ilə birlikdə miras mülkdə yaşamış, 2005-ci ildən isə köçüb başqa ünvanda yaşayır, həmin vaxtdan da anası miras mülkdə tək yaşamışdır. Mərhum anası 2017-ci ildə mübahisəli mülkdəki 5/8 payını ona bağışlamış, anasının ona bağışladığı hissə də daxil olmaqla öz payını satıb özünə minik avtomobili almaq istədiyini anası bildikdən sonra öz payını geri istəmiş, ona görə də o, anasına aid 5/8 hissəni yenidən bağışlama müqaviləsi bağlamaqla onun özünə qaytarmışdır. Həmçinin göstərdi ki, atalarının ölümündən sonra Asim həmin evdə bəzi işlər gördürmüşdür. Anasının vəfatının 4-cü günü vərəsələr arasında mirasın bölünməsi ilə bağlı söhbət olmuş, Rauf miras payının əvəzi olaraq 50 000 manat pul istəmiş, məbləğ yüksək olduğuna görə aralarında razılıq əldə olunmamışdır. O, özü miras əmlakdakı payını qardaşı İddiaçı verir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məhkəmə iclasında iştirak edən proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-528/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Gəncə şəhəri M.Füzuli küçəsindəki 2 nömrəli ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X11 məxsus olmuşdur. İşdə olan evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X6 nikahları 23 aprel 1965-ci il tarixdə 481 saylı akt qeydi ilə bağlanmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X6 birgə nikahlarından xx xxxx 1966-cı il tarixdə Cavabdeh1 anadan olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X6 birgə nikahlarından xx xxxxxx 1968-ci il tarixdə Cavabdeh2 anadan olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X6 birgə nikahlarından xx xxxx 1971-ci il tarixdə İddiaçı anadan olmuşdur. İşdə olan xx.xx.2003-cü il tarixdə Gəncə şəhər 7 saylı notariat ofisində reyestrdə 2V1-74 nömrə ilə qeydə alınmış vəsiyyətnamədən görünür ki, X5 şəhəri, M.ünvan 1 ünvanında olan əmlakını ½ hissəsini arvadı X9, ½ hissəsini İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamnənin surətindən görünür ki, X13 08 iyun 2003-cü ildə ölmüşdür. İşə əlavə edilmiş xx.xx.2010-cu il tarixli vərəsəlik işinin surətindən görünür ki, X12, Cavabdeh1, Cavabdeh2 və İddiaçı xx.xx.2010-cu ildə Gəncə şəhəri 7 saylı Dövlət Notariat Kontoruna müraciət edərək X7 qalmış Gəncə şəhəri, M.ünvan 4 evdən ibarət miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. İşdə olan Gəncə şəhəri 7 saylı notariat kontorunun xx.xx.2010-cu il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, 08 iyun 2003-cü il vəfat etmiş X2 qalmış arvadı X10r. Ümumi birgə əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2010-cu il tarixli 151 saylı arayışına əsasən mərhum X11 məxsus olan ünvan 3 ünvanda yerləşən 0,0577 hektar torpaq sahəsində yerləşən miras evdən ibarətdir. X6 həmin ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. X9 ümumi əmlakdan payın 1/2 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşdə olan Gəncə şəhəri 7 saylı notariat kontorunun xx.xx.2010-cu il tarixli 2V-1-290 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 08 iyun 2003-cü il vəfat etmiş X8 vərəsələri, arvadı X12, uşaqları İddiaçı, Cavabdeh2 və Cavabdeh1 hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Miras əmlak ünvan 3 ünvanda yerləşən 0,0577 hektar torpaq sahəsində yerləşən Tik “A” 24.8 kv.m, yaş sahə, bir otaq, 6.8 kv.m köm. sahədən ibarət miras evdən ibarətdir. İşdə olan xx.xx.2011-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Məhəmməd ünvan 4 ünvanda yerləşən 0,0577 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 1/8 hissəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı, 1/8 hissəsi Cavabdeh1, 1/8 hissəsi Cavabdeh2, 5/8 hissəsi X6 adına mülk kimi qeydə alınmışdır. İşdə olan xx.xx.2016-ci il tarixli, RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Məhəmməd ünvan 4 ünvanda yerləşən 0,0577 hektar torpaq sahəsində yerləşən 106.1 kvadrat metr ərazisi olan fərdi yaşayış evinin 1/8 hissəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı, 1/8 hissəsi Cavabdeh1, 1/8 hissəsi Cavabdeh2, 5/8 hissəsi X6 adına mülk kimi qeydə alınmışdır. İşdə olan Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq olunmuş 15 sentyabr 2017-ci il tarixli, 4Ə-2229 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X3 şəhəri, Məhəmməd ünvan 4 ünvanda yerləşən 0,0577 hektar torpaq sahəsində yerləşən 106.1 kvadrat metr ərazisi olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 5/8 hissəsini Cavabdeh2 bağışlamışdır. İşdə olan xx.xx.2017-ci il tarixli, RX seriyalı1145760 saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Məhəmməd ünvan 4 ünvanda yerləşən 0,0577 hektar torpaq sahəsində yerləşən 106.1 kvadrat metr ərazisi olan fərdi yaşayış evinin 1/8 hissəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı, 1/8 hissəsi Cavabdeh1, 6/8 hissəsi Cavabdeh2 adına mülk kimi qeydə alınmışdır. İşdə olan Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq olunmuş 12 iyul 2018-ci il tarixli, 4Ə-2017 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 Gəncə şəhəri, Məhəmməd ünvan 4 ünvanda yerləşən 0,0577 hektar torpaq sahəsində yerləşən 106.1 kvadrat metr ərazisi olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 6/8 hissəsindən 5/8 hissəsini X9 bağışlamışdır. İşdə olan xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Məhəmməd ünvan 4 ünvanda yerləşən 0,0577 hektar torpaq sahəsində yerləşən 106.1 kvadrat metr ərazisi olan fərdi yaşayış evinin 1/8 hissəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı, 1/8 hissəsi Cavabdeh1, 1/8 hissəsi Cavabdeh2, 5/8 hissəsi X6 adına mülk kimi qeydə alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2024-cü ildə ölmüşdür. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Gəncə şəhəri, M.ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə iddiaçının və cavabdehlərin atası olan X11 məxsus olmuş, sonuncu xx.xx.2003-cü ildə ölmüşdür. X8 ölümündən sonra birinci növbə vərəsələri olaraq arvadı X12 və hazırki işdə tərəflər olan üç övladı - İddiaçı, Cavabdeh2 və Cavabdeh1 qalmışdır. X13 ölümündən qısa müddət əvvəl xx.xx.2003-cü il tarixdə Gəncə şəhər 7 saylı notariat kontorunda reyestrdə 2V-1-74 nömrə ilə qeydə alınmış vəsiyyətnamə ilə Gəncə şəhəri, M.ünvan 1 ünvanında olan əmlakın ½ hissəsini arvadı X9, ½ hissəsini isə oğlu İddiaçı vəsiyyət etmişdir. İş materiallarından və işin hallarından göründüyü kimi anaları X6 ölümünə qədər tərəflər arasında mirasla bağlı hər hansı mübahisə olmamışdır. X1 qalmış qeyd olunan ünvandakı fərdi yaşayış evindən ibarət mirasın qəbul edilməsi ilə bağlı xx.xx.2010-cu il tarixdə notariat kontoruna müraciət edərkən həmin fərdi yaşayış evi ər-arvadın birgə nikah müddətində əldə olunmuş əmlak hesab edilərək, miras qoyanın arvadı X6 adına həmin evin ½ hissəsinə ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə, evin qalan ½ hissəsinə isə ölənin vərəsələri X12, İddiaçı, Cavabdeh2 və Cavabdeh1 hər birinin bərabər miras paylarının olması barədə xx.xx.2010-cu il tarixli 2V-1- 290 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, xx.xx.2011-ci il tarixdə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrində Gəncə şəhəri, Məhəmməd ünvan 4 ünvanda 0,0577 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 1/8 hissəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı, 1/8 hissəsi Cavabdeh1un, 1/8 hissəsi Cavabdeh2, 5/8 hissəsi X6 adına mülk kimi qeydə alınmışdır. Vərəsələr həmin xüsusatı mübahisələndirməmişlər. X4 2017-ci ildə mülkdəki 5/8 payını hazırkı iş üzrə cavabdeh olan oğlanlarından Cavabdeh2 bağışlamış, lakin sonradan sonuncunun öz payını satmaq niyyətində olduğunu bildikdən sonra aralarında narazılıq yaranmış və Cavabdeh2 anasının ona bağışlamış olduğu mübahisəli mülkdəki 5/8 payını yenidən öz anasına bağışlamışdır. X12 xx.xx.2024-cü ildə ölmüşdür. Mirasla bağlı tərəflər arasında mübahisə analarının ölmümün 4-cü günü yaranmışdır. Belə ki, iş üzrə Cavabdeh1 mirasdakı payının əvəzi olaraq ona 50 000 manat ödənilməsini istəmiş, bununla bağlı razılıq əldə olunmamışdır. İddiaçının nümayəndəsi xx.xx.2010-cu il tarixli vərəsəlik işindəki iddiaçının adından yazılmış ərizədəki imzanın iddiaçıya məxsus olmadığını bildirərərk xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmiş, ekspert tərəfindən tədqiqatın aparılması üçün iddiaçıya məxsus eksperimental xətt və sərbəst imza nümunələrinin götürülməsinin vacib olduğu məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə bildirilmiş, lakin iddiaçı məhkəməyə gəlmədiyinə görə həmin nümunələrin götürülməsi mümkün olmamış, iş materialları ekspertizanın aparılması üçün göndərilmiş, ekspertin müvafiq vəsatətinə əsasən iddiaçı nümayəndəsi vasitəsi ilə xətt və imza nümunələrinin götürülməsi üçün dəvət olunmasına baxmayaraq ekspertin vəsatəti təmin edilməmiş, ona görə də ekspert tərəfindən müvafiq tədqiqatın aparılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandımışdır ki, mərhum X7 qalmış miras 2003-cü ildə açılmış, iddiaçı həmin vaxt atasının öldüyünü bilmişdir. İddiaçının özünün məhkəməyə bildirdiklərinə görə, o, miras açıldıqdan sonra, heç vaxt mirasın qəbulu ilə bağlı notariat orqanına ərizə ilə müraciət etməmişdir. Həmçinin, iş materiallarından işin faktiki halı kimi müəyyən edilir ki, iddiaçı vəsiyyətnamənin mövcudluğundan məlumatlı olmuş, ancaq vəsiyyət üzrə vərəsə kimi qanunla müəyyən edilmiş müddət ərzində notariat orqanına müraciət etməmiş, bununla da özünün vəsiyyət üzrə mümkün vərəsəlik hüquqularını gerçəkləşdirməmiş, nəticə etibarı ilə mərhum atasından miras qalmış əmlak barəsində vəsiyyət üzrə vərəsə hüquqlarını itirmiş, həmçinin, Gəncə şəhəri 7 saylı notariat kontorunun xx.xx.2010-cu il tarixli 2V-1-290 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni və Gəncə şəhəri 7 saylı notariat kontorunun xx.xx.2010-cu il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə(arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnaməni mübahisələndirmək üçün qanunla müəyyən edilmiş 2 aylıq müddəti ötürmüşdür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İddiaçının nümayəndəsi iddiaçının atası tərəfindən evin ½ hissəsinin ona vəsiyyət edilməsinə dair vəsiyyətnamədən xəbərsiz olduğunu bildirsə də, məhkəmə kollegiyası onun izahatını inandırıcı saymır. Ona görə ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi olan arvadı Nümayəndə3 izahatında iddiaçının atasının ölümündən sonra yeddi ay miras mülkdə yaşadığını, sonrakı vaxtlarda da həmin evə gəlib getdiyini, evdə müəyyən işlər gördüyünü, anasına həmişə əl tutduğunu göstərdiyi halda, atası tərəfindən onun adına vəsiyyətnamə qoyulmasından xəbərsiz olması, bunu yalnız anasının ölümündən sonra bildiyinə dair izahatı inandırıcı deyildir. Digər tərəfdən Cavabdeh2 birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçının onun adına qoyulmuş vəsiyyətnamə barədə məlumatlı olması, notariusun evə dəvət edilərək vəsiyyətnamənin evdə tərtib olunduğundan hər bir vərəsənin, o cümlədən Asimin həmin vəsiyyətnamə barədə məlumatlı olduğunu izah etmişdir. Həm də ona görə ki, 2017-2018-ci illərdə anaları X12 ilə iş üzrə Cavabdeh2 arasında notariat qaydasında iki dəfə bağışlama müqavilələri bağlanmışdır. Belə ki, əvvəlcə ana özünün mübahisəli mülkdəki 5/8 payını oğlu Cavabdeh2 bağışlayır, lakin bir müddətdən sonra Cavabdeh2 payını bütövlükdə satmaq istədiyini bildiyindən payını geri qaytartdırır. Cavabdeh2 bağışlama müqaviləsi bağlamaqla anasının payını yenidən özünə qaytarır. Anası və qardaşı Cavabdeh2la yaxşı münasibətləri olan (Cavabdeh2 izahatında hazırda da öz payını iddiaçıya verdiyini bildirir) iddiaçının miras əmlaka vərəsəlik şəhadtnaməsinin verilməsindən və ya da onun adına vəsiyyətnamənin qoyulmasından xəbərsiz olması inandırıcı deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarında mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi ilə bağlı qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020ci il 12 mart tarixli Qərar). Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən iddiaçının məlumatı olmuş, lakin bununla belə həmin sənədi yalnız anasının ölümündən sonra, Mülki Məcəllənin 1272-ci maddəsi ilə müıəyyən edilmiş iki aylıq müddəti ötürməklə mübahisələndirdiyinə görə birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, vəsiyyətnamə iddiaçıdan gizlədilmiş və icra edilməmişdir. Cavabdehlər vəsiyyətnamənin mövcudluğunu ondan gizlədərək payının az verilməsinə nail olmuşlar. Kollegiya hesab edir ki, qeyd olunanlar, ancaq iddiaçının mülahizələrindən ibarətdir. Belə ki, həmin faktları təsdiq edəcək heç bir mötəbər sübut kollegiyaya təqdim edilməmişdir. İşdəki notariat işinin materiallarında olan iddiaçının ərizəsinin surətindəngörünür ki, o, mirasın qəbul edilməsi üçün notariat orqanına müraciət etmişdir. İddiaçının nümayəndəsi həmin ərizədəki imzanın iddiaçıya aid olmasını mübahisələndirdiyindən məhkmə tərəfindən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş olsa da, iddiaçı sərbəst imza və eksperimental xətt nümunələrinin ekspertə verilməsini təmin xəbərdarlıq edilməsinə baxmayaraq təmin etməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya şikayətinin ikinci dəlili ondan ibarətdir ki, iddiaçı anadan olandan mübahisəli mülkdə yaşamış, burada qeydiyyatda olmuş, daha sonra işləmək üçün müvəqqəti olaraq Rusiya Federasiyasına getmişdir. İddiaçının həmişə mübahisəli mülkdə məqsədi olmuş, mülkə sərmayə qoymuş, tikinti işləri aparmış, valideynlərinin sağlığında onlara maddi və mənəvi dəstək olmuş, atası rəhmətə getməzdən əvvəl evinə gəlmiş, atası rəhmətə gedən vaxtı onun yanında olmuş, o, rəhmətə gedəndən sonra əmlakın idarəçiliyini həyata keçirmiş, açıq-aşkar hamı da görmüşdür ki, o, mirası faktiki olaraq qəbul etmişdir. Şikayətin qeyd olunan dəlilləri ilə razılaşmayan kollegiya hesab edir ki, qanunvericiliyin tələbinə görə kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. İddiaçı isə bu hüquqdan qanunla müəyyən edilmiş müddətdə istifadə etməmişdir. Apellyasiya şikayətinin üçüncü dəlilində göstərilir ki, iddiaçı məhkəmənin müddəti ötürməyi barədə mövqeyini qəbul etmir. O, müddəti ötürməmiş və müddətin ötürülməsi haqqında heç bir ərizə də təqdim edilməmişdir. Atasının vəsiyyət qoymasını və bu vəsiyyətin icra edilməyərək ondan gizlədilməsini bildiyi gündən nəinki iki ay, hətta bir ay ərzində məhkəmədə mübahisə açmışdır. İşdən göründüyü kimi iddiaçının mərhum atası tərəfindən vəsiyyətnamə ölümündən qısa müddət əvvəl, yəni iddiaçının özünün də valideynlərinin yanında olduğu müddətdə qoyulmuşdur. Cavabdeh2 özü də birinci instansiya məhkəməsində məhkəmə iclasında verdiyi izahatında (i.v.142. məhkəmə iclas protokolu) atasının vəsiyyətnamə barədə bütün uşaqlarına, o cümlədən Asimin özünə də dediyini bildirmişdir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianı təmin etməmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi həmin nəticə işin həqiqi hallarına uyğundur. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-528/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384.0.1, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qətetdi: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-528/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar