Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1700/2025 08.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2(125)-4693/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək cavabdehdən 13.400 manat dəyərində qızıl-zinət əşyalarını naturada, naturada mümkün olmadıqda isə onların dəyərinin, mediasiya xərcinin əvəzi qismində 60 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 71 manat, vəkil xidmət haqqının əvəzi qismində 700 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2(125)-4693/2025 nömrəli qərardadı ilə (hakim C.Quliyev) İddiaçı Cavabdeh qarşı “qızıl zinət əşyaları, həmin əşyalar olmadığı təqdirdə pul” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması; İddiaçı Cavabdeh qarşı qeydiyyatda olduğu yerin məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bilməsinin izah edilməsi və ödənilmiş 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2025, qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılması qərara alınmışdır. İddiaçı qərardaddan şikayət verərək ləğv olunmasını və iddia ərizəsinin icraata qəbul olunmasına dair yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh oğlu X2 ilə 2014-ci ilin avqust ayında faktiki olaraq evlənmişlər, 2021-ci ildə isə Rusiya Federasiyasının Nijni Novqorod şəhərində nikahlarını qeydə aldırmışlar. 2024-cü ilin sentyabr ayına kimi mübahisəsiz olaraq cavabdehlə bir ailədə Rusiya Federasiyasında yaşamış, həmin vaxt pasportunun vaxtı bitdiyi üçün Azərbaycana ata evinə gəlmiş və geri qayıtmamışdır. İddia ərizəsinə əlavə olunmuş arayışdan da göründüyü kimi Cavabdeh Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 50, mənzil 11-də qeydiyyatdadır. Gəncə Şəhər Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, 2(125)-4693/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Nəzərə alınmalıdır ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun M.A.Muradovun şikayəti üzrə 2004-cü il 28 aprel tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarları). Konstitusiyanın norma və prinsiplərini inkişaf etdirən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. Həmin Məcəllənin 34-cü maddəsinə əsasən, məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Həmin Məcəllənin 35.1. maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. İddia ərizəsinə əlavə edilmiş arayışda cavabdehin qeydiyyatda olduğu yer Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 50, mənzil 11 göstərilmişdir. İddia ərizəsi isə 21 iyul 2025-ci il tarixdə məhkəməyə verilmişdir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunmuşdur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsinin verilmə tarixi 15 iyul 2025-ci il göstərilmişdir. Göründüyü kimi iddia ərizəsi məhkəməyə verilərkən cavabdehin qeydiyyatda olduğu yer ünvan 1 olmuşdur və sonuncu hazırda da həmin ünvanda qeydiyyatdadır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytrarmaqda birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir (maddə 402.2.). Hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi həmin maddədə nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 263-264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2(125)-4693/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1700/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1700/2025
08.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver