Məhkəmə qərarları › İş №2(104)-174/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-174/2023

15.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-174/2023 15.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: əmlak tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(061)-1677/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 avqust 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 18 sentyabr 2013-cü il tarixli 2(006)-3085/13 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı "xxxx" ASC-in xeyrinə 16614 ABŞ dolları əsas borc, 1574 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə borcu, cəmi 18388 ABŞ dolları borc qətnamə icra olunan vaxt manara uyğun məzənnəsi ilə və dövlət rüsumu kimi ödənmiş 25 manat məbləğində pulun tutulması, tutmanın ipoteka predmeti olan, İddiaçı məxsus “Hyundai Elantra” markalı, ** ML *** dövlət nömrə nişanlı minik avtomobilinə (tip-sedan; buraxılış ili – 2011, mühərrik G4NBBU914620, Ban –KMHDH41EBCU 288455, rəngi -qara) yönəldilməsi, həmin avtomobilin ilkin satış qiyməti 24293 ABŞ dolları müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına cavabdeh İddiaçı "xxxx" ASC-ə olan kredit borcuna ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin İddiaçı verilməsi qət edilmişdir.

2. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS arayışından görünür ki, Cavabdeh xx.xx.1973-cü ildə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş və Tərtər rayon Bəyimsarov kəndində qeydiyyatdadır.

3. İş materiallarında olan “Elektron notariat” avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2012-ci ildə “Hyundai Elantra” markalı, ** ML *** dövlət nömrə nişanlı tip-sedan; buraxılış ili-2011, mühərrik G4NBBU914620, Ban–KMHDH41EBCU 288455, rəngi–qara minik avtomobilini istifadə hüququ əsasında Cavabdeh etibarnamə ilə istifadəsinə vermişdir. Həmin etibarnaməyə xx.xx.2013-cü il tarixdə xitam verilmişdir.

4. İş materiallarında olan Azərbaycan Respublikası DİN Tərtər rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, “Hyundai Elantra” markalı, ** ML *** dövlət nömrə nişanlı avtomaşın Bakı şəhəri Nəsimi rayonu Vidadi küçəsi ev 144, mənzil 5-də qeydiyyatda olan İddiaçı mülkiyyətindədir. Göstərilən nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdə 6 saylı notariat kontoru tərəfindən verilmiş etibarnamə əsasında Tərtər rayonu Bəyimsarov kənd sakini Cavabdeh idarə edilməsinə verilmiş və həmin etibarnamənin müddəti xx.xx.2013-cü il tarixdə bitmişdir. Əlavə olaraq bildirilmişdir ki, həmin avtomaşın Cavabdeh tərəfindən yuxarıda göstərilən notariat kontorunda xx.xx.2012-ci ildə ünvan 1 ünvanında yaşayan X6 və xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Badamdar yolu 86 ünvanında yaşayan X7 idarə etmək üçün etibarnamə vermişdir. Bundan başqa qeyd olunan avtomobili müxtəlif vaxtlarda 6 saylı notariat kontoru tərəfindən verilmiş etibarnamə əsasında ünvan 3 ünvanında qeydiyyatda olan X2, ünvan 4 ünvanında qeydiyyatda olan X3 və ünvan 5 ünvanında qeydiyyatda olan X8 istifadələrində olmuşdur.

5. İş materiallarında olan iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş elektron məlumatdan görünür ki, İddiaçı xx.xx.2011-ci ildə “Hyundai Elantra” markalı, ** ML *** dövlət nömrə nişanlı tip-sedan; buraxılış ili-2011, mühərrik G4NBBU914620, Ban – KMHDH41EBCU 288455, rəngi –qara minik avtomobilini istifadə hüququ əsasında xx.xx.2020-ci il tarixədək ünvan 6 ünvanında qeydiyyatda olan X1 etibar etmişdir. Bundan sonra həmin avtomobil xx.xx.2012-ci il tarixdə etibarnamə ilə Tərtər rayon Bəyimsarov kəndində qeydiyyatda olan Cavabdeh xx.xx.2021-ci il tarixədək etibar etmiş, xx.xx.2013cü ildə xitam verilmişdir. Bundan sonra həmin avtomobil xx.xx.2012-ci ildə ünvan 7 ünvanında qeydiyyatda olan X9 xx.xx.2020-ci il tarixədək etibarnamə ilə verilmişdir. Həmin avtimobil xx.xx.2012-ci il tarixdə Bakı şəhəri, Badamdar yolu 86 ünvanında qeydiyyatda olan X10 xx.xx.2020-ci il tarixədək etibarnamə ilə verilmişdir. Həmin avtomodil xx.xx.2012ci il tarixdə ünvan 8 ünvanında qeydiyyatda olan X4 xx.xx.2022-ci il tarixədək etibarnamə ilə verilmişdir. Həmin avtomobil xx.xx.2013-cü ildə ünvan 4 ünvanında qeydiyyatda olan X5 xx.xx.2022-ci il tarixədək etibarnamə ilə verilmişdir, etibarnaməyə xx.xx.2013-cü ildə xitam verilmişdir. Həmin avtomobil xx.xx.2013-cü ildə ünvan 5 ünvanında qeydiyyatda olan X11 xx.xx.2017-ci il taixədək etibarnamə ilə verilmiş və həmin etibarnaməyə xx.xx.2013-cü ildə xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ** ML *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı minik avtomaşınının Cavabdeh alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı məhkəmə iclasında iddia tələbini əsaslı və qanuni hesab edərək bildirmişdir ki, 24 oktyabr 2011-ci il tarixli 251 saylı Kredit müqaviləsinin əsasən "xxxx" ASD-dən 36 ay müddətinə 20650 manat məbləğində kredit götürmüşdür. Həmin kreditlə ** ML *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı minik avtomobili əldə etmişdir. "xxxx" ASC-də 24 oktyabr 2021-ci il tarixli ipoteka müqaviləsi əsasında mülkiyyətində olan avtomobil ipoteka ilə yüklü edilmişdir. Həmin avtomobillə bağlı cavabdehlə avtomobilin banka olan borc məbləğini hər ay banka ödədikdən sonra avtomobili onun adına sənədləşdirməsi barədə razılaşmışlar. Həmin vaxta qədər cavabdehə avtomobili idarə etmık üçün etibarnamə vermişdir. Nəsimi rayon məhkəməsinin 18 sentyabr 2013-cü il tarixli 2(006)-3085/13 saylı qətnaməsi ilə ondan iddiaçı "xxxx" ASC-in xeyrinə 16614 ABŞ dolları əsas borc, 1574 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə borcu, cəmi 18388 ABŞ dolları borc qətnamə icra olunan vaxt manara uyğun məzənnəsi ilə və dövlət rüsumu kimi ödənmiş 25 manat məbləğində pulun tutulması, tutmanın ipoteka predmeti olan “Hyundai Elantra” markalı, ** ML *** dövlət nömrə nişanlı minik avtomobilinə yönəldilməsi qət edilmişdir. Həmin avtmobilin üzrəinə həbs qoyulmuşdur. Güründüyü kimi cavabdeh tərəfindən banka ödəniş edilməmiş, avtomobili başqa şəxsə satmışdır. Cavabdehə verdiyi etibarnaməni ləğv etdirmişdir. Lakin cavabdeh avtomobili qaytarmamışdır. Bankın həmin avtomobili ondan tələb etdiyini bildirmişdir. Odur ki, bir daha ona məxsus ** ML *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı minik avtomobilinin Cavabdeh alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

9. Tərtər Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(061)-1677/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı ona məxsus ** ML *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı minik avtomobilinin Cavabdeh alınıb ona qaytarılması barədə iddiası təmin edilməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Tərtər Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(061)-1677/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan iddia ərizəsi təmin etməməkdə səhv nəticəyə gəlmişdir. Belə ki, cavabdeh müxtəlif vaxtlarda İddiaçı tərəfindən onun adına nəqliyyat vasitəsini idarə etmək və sərəncam vermək barəsində etibarnamə üzrə səlahiyyətləri vasitəsiz sahiblik hüququ əsasında X9, X7, X4, X5 və X11 ötürülməsini icra etmiş, lakin aralarında olan razılaşmaya əsasən "xxxx" ASC qarşısında kredit ödənişlərinin ona məlum olmayan səbədən icra edilməsindən yanınmışdır. Cavabdeh avtomobilin İddiaçı olmasını təsdiq edən sübut təqdim etməmişdir. Əksinə iddiaçının avtomobilin cavabdehdə olması faktını təsdqi edən DİN-nin BDYPİ-nin rəsmi məlumatına məhəl qoymamışdır. Nəticə etibarilə cavabdeh iddiaçıya məxsus avtomobili özündə saxlayaraq əsassız varlanmaya səbəb olmuşdur. Məhkəmə tərəfindən isə cavabdehin məhkəməyə vermiş olduğu izahat xarakterli ərizələrində minik avtomobilinin mülkiyyətçisi İddiaçı Ağasi oğlunda qalmasını təsdiq edən hər hansı sübut təqdim etmədiyi nəzərə alımnmamışdır. Həmin avtomobilin digər şəxslərə ötürülməsi məsləsinə də hakim tərəfindən hüquqi qiymət verilməmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya məhkəməsində icraat

13. Məhkəmənin əvvəlki iclasında İddiaçı Ağasi oğlu iştirak etmiş, apellyasiya şikayətini müdafiə etmiş, məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, onunla telefon əlaqəsi saxlanılmış, iddiaçı işə onun iştirakl olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası iş materiallarında olan sübutlar əsasında işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır..

15. Maddə 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər..

16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

17. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

18. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

19. Maddə 363.1. Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir.

20. Maddə 365.1. Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 365.1.1. etibarnamənin müddətinin bitməsi; 365.1.2. etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi; 365.1.3. etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi;

21. Maddə 365.2. Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

27. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Apellyasiya baxışının hədləri

28. Maddə 372.1 - apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. Maddə 372.6 - apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Maddə 372.7 - apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Maddə 385.2. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

33. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən qeyd etmişdir ki, iddiaçı mübahisəli avtomobili yalnız idarə etmək üçün etibarnamə verdiyini bildirsə belə bu barədə hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh bu müddət ərzində həmin avtomobili idarə edir. Bu səbəbdən cavabdehə verdiyi etibarnaməni ləğv etdirmişdir. Lakin cavabdeh avtomobili qaytarmır. İddiaçı etibarnaməni ləğv etdirdiyindən, cavabdeh avtomobili satmaq imkanından məhrum edilmışdır. Bütün bunlar iddiaçının səmimi ifadə verməsini şübhə altına almışdır. Həmçinin iddiaçının özünün deməsinə görə həmin avtomobilin üzrərinə həbs qoyulmuşdur. Bunlarla yanaşı məhkəmədə elan olunmuş Nəsimi rayon məhkəməsinin 18 sentyabr 2013-cü il tarixli 2(006)-3085/13 saylı qətnaməsi ilə mübahisəli avtomobilə ilkin qiymət qoyularaq hərraca çıxarılması qət edilmişdir. Belə vəziyyətdə onun cavabdehdən həmin avtomobili tələb etməsinə lüzum qalmır. Belə ki, həmin avtomobil onun adına olmasına baxmayaraq Nəsimi rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə borc mübahisəli avtomobilə yönəltmiş və həmin qətnamədə avtomobnilin ilkin qiyməti müəyyənənləşdirilmiş və hərraca çıxarılmaqla satılması qət edilmişdir. Həmin qətnamədən şikayət verilməmiş, qanuni qüvvəsini almışdır. Bu müddət ərzində iddiaçı həmin qətnamədən apelyasiya şikayəti verməmişdir.

34. Məhkəmə kollegiyası hesab edir ki, irəli sürülən iddianı təmin etməyərkən birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir

35. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 37.İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

38. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

39. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

40. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Kollegiya bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 41.Hazırki işdə cavabdeh məhkəmədə iştirak etməsə də, işə birinci insansiya məhkəməsində baxılarkən məhkəməyə ərizə göndərmiş, ona qarşı irəli sürülən iddiaya etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh tərəfin iddiaya etiraz etdiyi nəzərə alındıqda, iddiaçının məhkəməyə bildirdiklərini təsdiq edə bilən əlaqəli, başqa mötəbər sübutlar da olmalıdır və artıq yuxarıda qeyd edildiyi kimi, iddiaçı bu barədə, yəni iddia etdiyi avtomaşının cavabdehin sahibliyində olduğunu təsdiq edə bilən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

42. Məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə iddiaçının təqdim etdiyi sübutlara əsasən, iddia edilən avtomaşının cavabdehdə olduğu barədə güvənli nəticəyə gəlmək mümkün deyildir.

43. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, irəli sürülən iddianı təmin etməməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qətnamənin ləğvinə əsas vermir.

44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 385.2, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 2(061)-1677/2021 saylı mülki iş üzrə 17 dekabr 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar