Məhkəmə qərarları › İş №2(104)-1821/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1821/2025

06.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1821/2025 06.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2 və Cavabdeh3 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) qarşı iş üzrə Açar sözlər: qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və X1 ibarət tərkibdə, İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1na, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdeh(lər)) (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) qarşı “qanun üzrə vərəsəlik hüququnun haqqında şəhdətnamənin ləğvi, miras əmlakın əvvəlki vəziyyətə qaytarılması və miras əmlaka qanun üzrə vərəsəliyin tanınması” tələbinə dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-1563/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehlərə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) qarşı “qanun üzrə vərəsəlik hüququnun haqqında şəhdətnamənin ləğvi, miras əmlakın əvvəlki vəziyyətə qaytarılması və miras əmlaka qanun üzrə vərəsəliyin tanınması” tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır.

2. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-1563/2025 nömrəli qətnaməsi ilə, iddianın rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qərara alınmışdır.

3. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-1563/2025 nömrəli qətnaməsi “AZEMİS” Elektorn Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən xx.xx.2025-ci il tarixdə, saat 10:05-də iddiaçının “Elektron Məhkəmə” informasiya sistemində mövcud olan elektron kabinetinə yerləşdirilmişdir.

4. Bundan sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1563/2025 nörməli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkillə təmin edilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1563/2025 nömrəli qərardadı ilə, iddiaçının ərizəsi geri qaytarılmış və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-1563/2025 saylı qətnaməsindən şikayət verilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım alınması haqqında ərizə ilə Şəmkir Rayon Vəkil Bürosuna müraciət etməsi izah edilmişdir.

6. Bundan sonra iddiaçı apellyasiya şikayəti və ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin vermə müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-1563/2025 nömrəli qərardadı (hakim Nazlı Heydərova) ilə, İddiaçı tərəfindən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-1563/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina edilmişdir.

8. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsasındırmışdır ki, məhkəmənin qeyd olunan qətnaməsi xx.xx.2025- ci il tarixdə çıxarılmış, qətnamə İddiaçı EMİS-də olan şəxsi kabinetinə xx.xx.2025-ci il tarixdə yüklənmişdir. Lakin, İddiaçı apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Bununla da o, qətnamədən apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Bütün qeyd olunan hallar onu deməyə əsas verir ki, iddiaçı mübahisələndirdiyi qətnamə barədə məlumatı olmasına baxmayaraq, apellyasiya şikayəti vermək üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Müddətin üzürlü səbəbdən ötürülməsi ilə bağlı isə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı vaxtında qətnamədən apellyasiya şikayəti verməməsinə formal şəkildə haqq qazandırmaq niyyətilə ərizədə əsası olmayan halları göstərmişdir.

9. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 133.1, 133.5, 134.1.5, 135.1, 135.3, 135.5 və 360-cu madələrinə istinadən əsaslandırmışdır.

10. Qərardadın dəlilləri ilə razılaşmayan iddiaçı qərardaddan şikayətlə məhkəməyə müraciət etmiş və qərardadın ləğv edilməsini xahiş etmişdir.

11. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-1563/2025 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Qərardaddan şikayətinin və ona qarşı etirazın dəlilləri a) Qərardaddan şikayətinin dəlilləri

12. Qərardad qanunsuz və əsassızdır. Buna görə də apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzürlü səbəbdən buraxılmış hesab olunmalıdır. Belə ki, onun elektron məhkəmə sistemindən, qərarın EMİS-ə yüklənməsindən ümumi anlayışı belə yoxdur, özü ali təhsilli müəllimə olsa da, artıq təqaüdçüdür, İİ qrup əlil, şəkər xəstəliyindən əziyyət çəkir, 73 yaşı var, latın qrafikasını bilmir. Yalnız poçt vasitəsi ilə qərarı aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Ərizəyə baxarkən məhkəmə nəzərə almamışdır ki, onun müdafiəçi tələbinə dair ərizəyə xx.xx.2025-ci ildə baxmış, ərizənin geri qaytarılmasına dair qərardadın surətini ona düz 19 gün sonra göndərmişdir. O qərardadın surətini aldıqdan sonra Vəkil Bürosuna yenidən ərizə ilə müraciət etmiş, ona vəkilin ayrılması, vəkilin işlə tanış olması və şikayəti tərtib etməsi də müəyyən qədər vaxt tələb etmişdir, nəticədə də qanunda nəzərdə tutulmuş müddət üzrlü səbəbdən gecikmişdir. Şikayəti əsaslıdır, ona görə də qərqardad ləğv edilməli və apellyasiya şikayəti baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir.

b) Qərardaddan şikayətə qarşı etirazın dəlilləri

13. Qərardaddan şikayətə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

1 6M . a d d ə 7 2 . Vətəndaşların vəzifələrinin əsası

İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.

18. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

19. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir

20. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

21. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

22. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

23. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

24. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır.

25. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

26. Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir.

27. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

28. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

29. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

30. Maddə 227.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.

31. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

“C.İsmayılzadənin şikayətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarı

32. “Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-in 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.”

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi “AZEMİS” Elektorn Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən xx.xx.2025-ci il tarixdə, saat 10:05-də iddiaçının “Elektron Məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirilmişdir. Bu halda qətnamə iddiaçıya Azərbaycan Respublikası MPM-in 135.3-cü maddəsinə əsasən rəsmən verilmiş sayılır və həmin tarixdən apellyasiya şikayət vermək üçün müəyyən olunmuş bir aylıq müddətin axımı başlanmışdır.

35. Şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər.

36. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır.

37. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikası MPM-in 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

38. Azərbaycan Respublikası MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır.

39. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur.

40. Qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır (26, 29&).

41. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin surəti cavabdehə xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə təqdim olunmuşdur. İddiaçı sözügedən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün əvvəlcə dövlət hesabına vəkillər təmin edilməsini istəmiş, lakin dövlət hesabına vəkilin təmini mümkün olamamış, bu səbəbdən şikayət ona geri qaytarılmış hazırda isə şikayətin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Belə ki, iddiaçı tərəfindən verilmiş ərizə xx.xx.2025-ci il tarixdə geri qaytarılmış və qətnamədən şikayət verilməsi müddəti xx.xx.2025-ci il tarixdə bitmişdir.

42. Buna baxmayaraq iddiaçı xx.xx.2025-xx.xx.2025-ci il tarixləri arasında apellyasiya şikayətini verməmiş və apellyasiya şikayəti ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir ki, bununla da qətnamədən apellyasiya şikayətinin verilməsi müddətini 40 gün ötürmüşdür.

43. Baxmayaraq ki, iddiaçı ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmiş, lakin ərizəsinə ötürülmüş prosessual müddətin üzürlü səbəblərdən olmasını təsdiq edən sübutlar əlavə edilməmişdir.

44. İddiaçının şikayətinin dəlillərində bildirdiyi – elektron məhkəmə sistemindən məlumatının olmamasını və istifadə edə bilməməsi isə üzürlü hal kimi nəzərə alına bilməz.

45. Çünki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin İİİ hisəsində bildirilmişdir ki, qanunu bilməmək məsuliyyətdən azad etmir.

46. Digər tərəfdən isə qeyd edilməlidir ki, sözügedən qətnamənin “qət etdi” hissəsində qətnamədən məhz elektron məhkəmə informasiya sistemi vasitəsilə apellyasiya şikayətinin verilməli olduğu və şikayətin verilməsi müddəti aydın izah olunmuşdur.

47. Belə ki, qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquqi müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. ("xxxx" ASC-nin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 dekabr 2006-cı il tarixli qərar)

48. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələdirilməsinə MPM-in qeyd olunan tərzdə yanaşması ilə növbədə hüquqi müəyyənlik prinsipi ilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 33.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər.

50. Göründüyü kimi, qətnamədən vaxtında xəbərdar olmuş və onu almış şəxs tərəfindən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayətinin verilməməsi, bunun isə heç də məğbul hesab edilməyən səbəblərlə əlaqələndirməsi, müddət keçdikdən sonra apellyasiya şikayətini verməsi halları yalnız həmin şəxsin iradəsindən asılı olan məsələ kimi təzahür edir. İstisna etmək olmaz ki, həmin şəxs sui-istifadəyə yol verib uzun müddət səhlənkarlığı nəticəsində məhkəmə aktından şikayət verməmişdir. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktının taleyi, onun yaratdığı hüquq münasibətləri barəsində uzun müddət sürən belə qeyri-müəyyənlik vəziyyəti həmin qərarlarda şərh edilən hüquqi müəyyənlik prinsipi nöqteyi-nəzərindən məqbul sayıla bilməz.

51. Belə ki, Azərbaycan Respublikası MPM-in 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

52. Həmin Məcəllənin 366.2-ci maddəsində deyilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illuziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığna xələl gətirər. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldar.

54. Şikayət hüququ Avropa Konvensiyasının 6-cı maddəsinin prizması baxımından da mütləq hüquq hesab edilmir. Belə ki, Konvensiya mülki icraat çərçivəsində ümumiyyətlə apelyasiya hüququnu nəzərdə tutmamışdır. Avropa Məhkəməsi formalaşdırdığı presedent hüququ ilə apelyasiya icraatının 6-cı maddədəki təminatlar baxımından qiymətləndirilməsinin mümkünlüyünü daxili qanunvericilikdə apellyasiya hüququnun nəzərdə tutulduğu halla şərtləndirmişdir (Delkur Belçikaya qarşı iş üzrə qərarı).

55. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-1563/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır.

56. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir.

57. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

58. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-1563/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar