Məhkəmə qərarları › İş №2(104)-1826/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1826/2024

09.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1826/2024 09.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-1342/2024 nömrəli qərardadından Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası Müəyyənetdi: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, daşınmaz əşyanın təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Fətəli xan Xoyski, Nizami, X3 (indiki Heydər Əliyev) və İsrafil Məmmədov küçələrinin əhatəsində inşa edilən yeni 1 bloklu 13 mərtəbəli yaşayış binasının giriş A blokunda, 11-ci mərtəbədə, ümumi sahəsi 155,4 kv.m. olan, 4 otaqlı, A 11-3 saylı mənzilə dair 18 oktyabr 2019-cu il tarixli müqavilə üzrə öhdəliyin icra edilməsinin Cavabdeh MTK– nın üzərinə qoyulmasına, həmin mənzilin ona təhvil verilməklə sahiblik və istifadəsinə verilməsinə, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(044)-965/2022 nömrəli qiyabi qətnaməsi ilə, iddia təmin edilmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativinin ərizəsi üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1342/2024 nömrəli qərardadına əsasən qeyd olunan qiyabi qətnamə ləğv edilərək işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1342/2024 nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verməklə, eyni zamanda prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-1342/2024 nömrəli qərardadı (hakim Cavid Tağıyev) ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1342/2024 nömrəli mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş ərizənin təmin olunmaması qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1342/2024 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə əsasən işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət Azərbaycan Respublikasının MPM-in 361-ci maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi şikayət yoxlanılarkən cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş elektron formada tərtib edilmiş şikayətin Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinin tələblərinə riayət olunmamaqla, Həmin Məcəlləsinin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı Azərbaycan Respublikasının MPM-in 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş elektron formada tərtib olunmuş şikayətdə “işin halları” hissəsində mövqeyini aydın ifadə etməmiş, işin materiallarına istinad edilməklə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməmiş, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların birinci instansiya məhkəməsi tərəfindən araşdırılmadığını dəqiq bildirməmişdir. İşin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməlidir. Belə ki, iddiaçı tərəfindən “işin halları” hissəsində elektron formada tərtib edilmiş şikayət yüklənmişdir ki, bu da forma və məzmun baxımından düzgün olmamışdır. Həmçinin, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər, birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər göstərilməmiş və yaxud müvafiq qeydiyyatlar aparılmamışdır (2 saylı Əlavənin 5, 6, 7, 8, 9 və 11-ci hissələr). Cavabdeh tərəf apellyasiya şikayətində yalnız maddi və prosessual hüquq normalarını sadalamaqla kifayətlənmiş, lakin həmin normaların nə üçün pozulmasını və işin faktiki halları ilə əlaqəli şəkildə şərh etməmişdir. Göründüyü kimi, şikayət qanunvericiliyin tələb etdiyi formada, yəni MPM-nin 2 saylı Əlavəsinə uyğun olmadan verilmişdir. Lakin, birinci instansiya məhkəməsi şikayətin mümkünlüyü məsələsinə baxan zaman qeyd olunan hallara diqqət yetirməmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş elektron formada tərtib olunmuş şikayət Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada tərtib edilməmiş, birinci instansiya məhkəməsi isə şikayəti Azərbaycan Respublikasının MPM-in 361-ci və 363.1.1- 1-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də şikayət Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikasının MPM-in 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10, 263, 264, 361, 363.1.1-1 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-1342/2024 nömrəli qərardadından Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar